Bazar, 20 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Hacı Qamət: “Bu addım qadınları qorumaq üçün atılmışdı”


“Mən inanmıram ki, hansısa müsəlman ölkəsi Qüdsün tərəfində durmasın”
“ Hədd var və bu həddi keçməmək şərti ilə islamda yumşalma mümkündür”.


PİA.AZ teleqraf.com-a istinadən  “Əbu-Bəkir” dini icmasının imamı Hacı Qamət Süleymanovla müsahibəni təqdim edir:

- Son zamanlar fəaliyyətiniz hiss olunmur. Mətbuatda və ictimai müzakirələrdə iştirak etməməyinizə səbəb nədir?

- Fəaliyyətimiz var, amma məscid indiyə qədər məhdud fəaliyyət göstərir. Hələlik gözləyirik görək necə olacaq.

- İmamı olduğunuz məscidi partlatmaq istəyənlərin məhkəməsi çoxdan yekunlaşıb...

- Bəli, məhkəmə olub, amma hələlik bizim məsələmiz qalıb. Gözləyirik görək sonda hansı qərar veriləcək.

- Səudiyyə Ərəbistanında dində müəyyən islahatlar aparılır. Buna münasibətiniz necədir?

- Mənim fikrim əsas deyil. Səudiyyə Ərəbistanında güclü alimlər, hakimlər var. Sözsüz ki, onlarla məsləhət edirlər. Şəriətə əks olmayan həddə qədər irəliləyiş olacaq.

- Sizin islamda belə yumşalmalara münasibətiniz necədir?

- Bilirsinizmi, elə məsələlər var ki, yumşalma aparmaq mümkündür. Mən də onun tərəfindəyəm ki, çox sərtlik lazım deyil. Hədd var və bu həddi keçməmək şərti ilə islamda yumşalma mümkündür. Şəriətin özünün qayda-qanunu, məhdud hesab etdiyi məqamlar var. Qanunları tapdalamadan hədd qoymaq olar. Ümumən mən bu addımları normal və təbii qarşılayıram.

- Məsələn, xanımların kinoteatrlara getmək hüququ verilməsinə münasibətiniz maraqlıdır...

- Əvvəla, sizə deyim ki, Səudiyyə Ərəbistanında kinoteatrlar mövcud idi. Səhv etmirəmsə, şahzadələrin birinin dövründə kinoteatrları qadağan etdilər. Ona qədər qadınlar da kino izləyə bilirdi. Bilirsinizmi, orada ab-hava bir qədər fərqlidir. Səudiyyədə kişilərin öz, xanımların da öz yeri var.

İkincisi, orada qadınların sürücülük vəsiqəsi alması, avtomobil sürməsi son zamanlar ciddi müzakirə edildi. Əslində, orada xanımların avtomobil sürməsinə əsasən ehtiyatlılıq nöqteyi-nəzərdən yanaşılırdı. Şəriətlə qadının avtomobil sürməsi qadağan deyil. Sadəcə qadını qorumaq üçün, ehtiyatlılıq baxımından düşünülürdü ki, qadınlar avtomobil idarə etməsə yaxşı olar. İndi deyilir ki, hansı xanım istəsə, avtomobil sürə bilər. Yəni bu da qadağan deyil. Qadına iş vermək də olar. Buna normal yanaşılmalıdır.

- İran və Səudiyyə Ərəbistanında yaşanan gərginliyi necə şərh etmək olar?

- Mən siyasi məsələlərə çox da toxunmaq istəmirəm.

- Qüds məsələsi haqda fikirləriniz nədən ibarətdir?

- Biz bu mövzuda danışır, fikirlərimizi bildiririk. Təbii ki, ABŞ-ın Qüdsdə səfirlik açması lazımsız addım idi. Bu addım sadəcə vəziyyəti gərginləşdirməkdir. Suriyada proseslər sanki ləng getdi və zəiflədi. Bundan dərhal sonra Qüdsdə təzə oyunlar başladı. Əlbəttə, bütün bunlar müsəlmanların üzərində həyata keçirirlər.

- Sizcə, Yaxın Şərqdə baş verən proseslər nə qədər davam edəcək?

- Fələstin məsələsi, məncə, uzun çəkəcək. Suriyada isə Allah bilir sonda nə olacaq... Ola bilər, digər ölkələrdə də yeni ocaqlar yaransın.

- Mediada iddia olunur ki, Səudiyyə Ərəbistanı Qüds məsələsində ABŞ-la birgə hərəkət edir. Bu nə dərəcədə doğrudur?

- Hər yazılanın hansı təsir altında hazırlandığını Allah bilir. Mən inanmıram ki, hansısa müsəlman ölkəsi Qüdsün tərəfində durmasın.

- Müsəlmanları bəlkə də birləşdirəcək yeganə güclü amil Qüds hadisələri idi, amma birləşdirə bilmədi. Sizcə, niyə?

- Qüds məsələsi ümumən müsəlmanları birləşdirir. Amma ola bilsin ki, hansısa həddə qədər. Müəyyən məqamlarda isə ixtilaflar yaranır. Müəyyən nüanslar var... Mümkündür ki, bəzi hökumətlər istəmir addımlar atsın, burada dövlətlərin bir-birinə münasibəti də rol oynayır. Amma ümumilikdə Qüds müsəlmanlara məxsusdur və orada sülh olmalıdır. BMT-nin qərarı var. Qərbi Qüds İsrailə, Şərqi Qüds Fələstinə aiddir. Məncə, tərəflər bu məqamda dayanmalıdır. Problem ondadır ki, İsrail və ABŞ bunu da qəbul etmir.

- ABŞ İrana münasibətdə sərt ritorikaya üstünlük verir. Hətta Tehranla imzalanan nüvə razılaşmasından birtərəfli çıxdığını elan etdi. İran ətrafında baş verənlərə münasibətiniz necədir, burada gərginlik ocağı, çaxnaşma yarana bilərmi?

- Əslində mən bu məsələyə çox toxunmaq istəmirəm. Siyasəti siyasətçilər şərh etsin. Ölkələrin işlərinə qarışmaq istəməzdim. Qısaca onu deyim ki, hər şey ola bilər...

- Son zamanlar Suriyada İrana məxsus hərbi hissələrin və obyektlərin məhv edilməsi nədən xəbər verir?

- Bunu İsrail edir. Nəzərə almaq lazımdır ki, Suriyada müharibə gedir. Tərəflər bir-birinə qarşı vuruşur.

- Hazırda İraqda, Suriyada çoxlu sayda azərbaycanlı uşaqlar saxlanılır. Onların valideynləri cihad adı altında Azərbaycandan gediblər, bəziləri ölüb, bəziləri itkin düşüb. Bu barədə sizdə hansı informasiyalar var?

- Ora getməklə bağlı axın artıq dayanıb. Cihad fikrində olanların çoxu zamanında gediblər. Sizə deyim ki, çoxu da orada ölüb. Bir qismi geri qayıdaraq burada saxlanılıb. Geri qayıda bilməyənlər də oturublar Türkiyədə.

- Cihad məqsədi ilə Azərbaycandan Suriyaya çox adam getmişdi?

- Mən konkret say deyə bilməyəcəyəm. Amma düşünürəm ki, sayları 300-500 olardı. Problem ondadır ki, buradan gedənlərin bəziləri ailələrini, azyaşlı uşaqlarını da özləri ilə aparmışdı. Ora gedənlər cürbəcür adamlar olub. Çoxu düşünüb ki, İŞİD onların arzuladığı kimidir. Ancaq gedib reallıqda görüblər ki, İŞİD onların arzu etdiyi dəyər deyil. Hətta buradan gedənlərdən İŞİD-i kafir kimi görənlər də olub və onların çoxunu İŞİD-çilər öldürüb. Yəni belə hallar da olub. Onlardan müdafiəsiz ailələri, övladları qalıb.

pia.az
Etiket:
loading...