Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günahkar şiəlikmi...


Ekspert: “Şiəlik terrora qarşıdır”


Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı törədilən sui-qəsd hadisəsindən artıq bir həftə keçir. Bu günə qədər hadisənin motivi barədə müxtəlif versiyalar səslənməkdədir. Son olaraq isə hadisənin İranın, şiəliyin üzərinə gətirildiyinin şahidi oluruq.

Artıq mediada icra başçısına sui-qəsdi birmənalı olaraq şiəliklə bağlayan iddialar, ittihamlar var. Buna əsas yaradan səbəblərdən biri də hadisədən bir qədər sonra “Youtube” kanalında sui-qəsdi törədən Yunis Səfərovun həyat yoldaşı olduğu iddia edilən bir qadının videoyazısının yayılması oldu. Qeyd edək ki,  həmin səs yazısında qadın iddia edir ki, icra başçısının Y.Səfərov tərəfindən atəşə tutulması onun müsəlmanların dini inanclarını təhqir edən hərəkətlərə yol verməsi ilə əlaqədar olub. Hətta iddia olunurdu ki, Yunis Səfərov Elmar Vəliyevi müsəlmanları, İmam Hüseyni təhqir etdiyi, Aşura günü şərab festivalı keçirdiyi üçün öldürmək istəyib.

Sonradan yayılan rəsmi məlumata görə, Yunis Səfərov 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib. Beləliklə, bir çoxları bu faktları əsas gətirərək, hadisənin dini motivlər əsasında baş verdiyini iddia edir, olayı şiəliyin üzərinə gətirir.

Bəs günahkar şiəlikmi?

Mövzu ilə bağlı dini ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a danışıb: “Bu hadisə ilk başlayanda da qeyd etmişdim ki, bir hadisənin dini motivli olması üçün müəyyən bir səbəblər, əsas olmalıdır. İlk növbədə dini çağırış, fətva olmalıdır. Gəncə hadisəsi ilə bağlı elə bir çağırış yoxdur. Üstəlik, qrup cinayəti də yoxdur. Yəni hansısa dini qrup ardıcıl provokasiya hadisələri planlaşdırır, bununla da mövcud ictimai-siyasi sistemlərə zərbə vursun. Belə bir motivlər yoxdur. Bir nəfər hələlik dəqiq bəlli olmayan motivlərlə icra başçısını vurub. Nə sui-qəsd zamanı, nə də ondan əvvəl Yunis Səfərovun bu hadisə ilə bağlı çıxışı, çağırışı, dini qisas haqda bir açıqlaması yoxdur. Adətən dini motivli olanda Yaxın Şərqdən də bildiyimiz kimi, bunun videosu çəkilir, əvvəlcədən müraciəti yayılır, prosesin özü bir teatrlaşdırılır. Amma Gəncədə bu olmayıb. Sadəcə, qətldən sonra bu adamın dindar olduğu, ziyarətgahlara getdiyi, sonra isə həyat yoldaşının onun dini təəssübünün olması haqda çıxışı yayıldı. Amma bu açıqlamalar qətlin məhz din uğrunda, dini çağırışlar olduğunu deməyə əsas vermir. Ümumilikdə şiəlikdə bu cür kripto cinayət qrupları təcrübəsi yoxdur. Qətl isə konkret iki halda verilə bilər. Birincisi mühakimə ilə - bu edamdır. İkincisi isə xüsusi hallarda dini liderlər qətl fətvası verə bilərlər. Məsələn, 30 il əvvəl Ayətullah Xomeyni hindli yazıçı Salman Rüşdi barəsində belə bir fətva vermişdi. Ancaq indiki halda Gəncə hadisəsini dini motivli adlandırmaq üçün nə fətva, nə də bir çağırış yoxdur”.

Siyası şərhçi Azər Rəşidoğlu da qeyd edib ki, hadisənin şiə məzhəbi ilə heç bir əlaqəsi yoxdur: “İslam dini insanı qətlə yetirməyi qadağan edir və bir insanın qətlini bütün insanların qətli qədər günah hesab edir. Şiə məzhəbi radikal çağırışlardan uzaqdır. Bir imam Hüseyn aşiqi eşqindən göz yaşı tökə bilər, amma insanı məhkəmənin hökmü olmadan qətlə yetirə bilməz. Azərbaycan əhalisinin yarıdan çoxu şiədir. İndiyə qədər Azərbaycanda hansısa şiə terror törədibmi? Şiəlik terrora qarşıdır. Məhz buna görə də radikal dini cərəyanlara qarşı çıxır. Əminəm ki, istintaq sübuta yetirəcək ki, Gəncənin icra başçısı Elmar Vəliyevin vurulmasının şiəliklə heç bir əlaqəsi yoxdur.

Əgər Yunis bir şiə olaraq, Vəliyevə qarşı sui-qəsd edibsə, bunu özbaşına edə bilməzdi, iqtida etdiyi müctəhidin fətvasını gözləməli idi. Hansı mərceyi-təqlid belə bir fətva verib? Belə fətva olmayıb, deməli, Yunisin şiə terrorçusu olduğu barədə deyilənlər də həqiqətə uyğun deyil.

Əslində Elmar Vəliyevin güllələnməsinə verilən reaksiyalar göstərdi ki, insanlar Gəncənin icra başçısının zülmündən boğaza yığılıb. Vəliyev insanlarla kobud və qeyri-əxlaqi hərəkətləri ilə seçilirdi. Elə bu səbəbə də onu vurdular. Ona qarşı hərəkəti pisləyirəm. Qanunsuzluğa qarşı qanunsuzluqla çıxmaq olmaz. Amma bu hadisə səbəb deyil, nəticə idi. Vəliyevdən narazı olanlar yalnız Gəncə dindarları deyildi. Baş vermiş hadisəyə dini çalar vermək, dövlət çevrilişi rəngini qatmaq hədəfi yayındıra bilər. İsmayıllı və Qubada da eyni hadisələr baş verdi. Ümumiyyətlə, təklif edərdim ki, bələdiyyələrin statusu artırılsın və əhali öz başçısını özü seçsin".

AXP lideri Pənah Hüseyn isə sualımıza bu cür şərh bildirdi:

“Məsələni şiəliyə yönəltmək doğru deyil. Mətbuatda məlumatlar yayılır ki, Elmar Vəliyev dindarların yanında  İmam Hüseyn və onun ailəsini nə vaxtsa təhqir edib, məscidi təhqir edib, Allah barəsində nümayişkarcasına küfr edib. Bu faktlar təkzib olunmayıb. Belə çıxır ki, deyilənlər həqiqətən baş verib. Buna görə də prinsipcə ona qarşı sui-qəsdə onun bu cür  davranışlarının səbəb olduğunu istisna etmirəm. Baxmayaraq ki, hüquqi baxımından istənilən motiv qətl və cinayət hadisəsinə haqq qazandırmır.

Beləliklə, bu hadisədə dini motivlər ola bilər. Lakin hadisəni konkret olaraq şiəliklə əlaqələndirmək doğru deyil".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar