Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gözlənilən qonaqlar


İlqar Rəsul yazır


Mən bura təzə köçmüşəm. Heç bir il olmaz. Yaxşıdır buralar. Havası təmiz, sakinləri sakit. Gəlib-gedənlər də səs-küyü heç sevməzlər. Hətta bayramda-filanda, qonaq-qaranın çox olduğu vaxtlar da sakitlikdir buralar. Amma bura köçəndən heç sevmirəm bayramları, əlamətdar günləri. Çünki belə günlərin axşamları qonşular yaman çox danışırlar. Əslində pis şeylər danışmırlar, yaxşı şeylər. Ümidverən sözlər yəni. Amma yenə cansıxıcı olur. Yanbayan bir qonşum var, əlamətdar günlərdə yaxınları ona heç baş çəkmirlər. Ona görə də həmin günlərin qələbəliyi səngiyəndə hamı yığışıb ona təsəlli verir. Bu, məni çox sıxır. Hər dəfə mənə dəyməyə gələn olanda da fikrim onda qalır. "Kaş, bu dəfə ona da kimsə gəlsin", - deyirəm öz-özümə. - "Lap elə yad adam, lap elə təsadüfən, lap elə səhv salıb gəlsin. Amma gəlsin".
 
Yoxsa bilirəm ki, yenə bir azdan tökülüb başlayacaqlar, təsəlli verməyə. "Darıxma, səninkilər də sənə dəyməyə gələcəklər tezliklə. Bu gün olmasın, sabah olsun. Gələcəklər. Yəqin başları qarışıqdır", - daha nə bilim nələr deyib ovutmağa çalışacaqlar onu qonşular. Amma hər dəfə belə olanda gözucu ona baxıram. Heç fikir də eləmir sanki...
 
Axı niyə kimin qonağı gəlirsə, gedəndən sonra ona təsəlli verməyə başlayır. "Darıxma, gələcəklər" - deyir. Bəlkə belə etməklə dərdini təzələyir. Bəlkə heç kimi yoxdur bu zavallının. Bəlkə...
 
Amma necə heç kimi yoxdur. Bəs bu boyda cah-cəlalı, dəm-dəsgahı kim qurub-yaradıb onunçün? Yox, yəqin doğrudan da yaxınlarının başları qarışıqdır. Yoxsa arada niyə gəlib dəyməsinlər ki? Kim belə edər ki? Heç kim etməz...
 
Amma bu vaxtadək niyə gəlmirlər ki? Hamıya dəyməyə gələn olub mən bura köçəndən. Özü də təkrar-təkrar. Ona yox. Baş nə qədər qarışıq olar ki?...
 
Mən ona təsəlli vermirəm heç vaxt. Hamı ilə birlikdə təsəlli verməyi xoşlamıram. Adi günlərdə, heç kim təsəlli verməyəndə də - "bəlkə yadına salıb dərdini təzələmiş olacam, bəlkə barı indi bir az rahat qalsın" - deyib söhbəti açmıram. Amma öz-özümə deyirəm ki, yəqin başları qarışıqdır, gələcəklər səninkilər də. Həmişə demirəm. Mənim yanıma gələn olanda yəni. Gəlib dəyirlər, bir az qalırlar, gedirlər. Həmin ərəfədə ona tərəf heç baxmıram. Utanıram. Bilirəm ki, mənə baxır. Həmişə mənə baxır o. Heç kim gəlməyəndə də. Amma gələn olanda elə bilirəm lap diqqətlə baxır mənə. Ona görə də gələnlər gedən kimi tez öz-özümə - "gələcəklər, darıxma, yəqin başları qarışıqdır, tezliklə gələcəklər" - deyirəm. Özümü ovutmaq üçün deyirəm bunları əslində.
 
Əvvəllər öz dediyimə inanırdım. Yəni onun yaxınlarının tezliklə gələcəklərinə. Amma indi daha yox. Çünki çoxdan oldu onun yanına heç kim gəlməyəni. Mən heç onun yaxınlarının necə biriləri olduqlarını da bilmirəm. Heç görməmişəm. Gəlməyiblər axı mən bura köçəndən. Haradan bilim necədirlər? Amma bilirəm ki, gec-tez gələcəklər onlar da. Həm də gəlmədiklərinə görə çox peşman olacaqlar. Yəqin xəcalət də çəkəcəklər. Hə, əlbəttə, gələcəklər. Axı hamının yaxınları gəlir. Onunkular niyə gəlməsinlər ki... Gələcəklər. O özü də bilir ki, mütləq gələcəklər. Təmkinli baxışlarından anlayıram bunu. Hə, bilir ki, gec-tez gələcəklər. Çünki yanında hələ dörd qəbirlik boş yer var...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Professor: “Təhdid etdilər, dedilər, baş akademikin ideallarına sadiq olmalısan”

Ən çox oxunanalar