Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Görəsən, Azərbaycan ədəbiyyatının alın yazısını kim yazıb?


Kəramət Böyükçöl yazır


Yadıma gəlir, məni bir verilişə dəvət etmişdilər, mövzu belə idi: cəmiyyətimizdə fikir azadlığı var, yoxsa yoxdu? Əvvəl getmək istəmədim, ancaq sonradan mövzunun ciddiliyi məni sanki ovsunladı. O biri qonağın kim olduğunu soruşanda isə dedilər ki, çox ciddi adamdı.

– Kim?
– Nadir Qafarzadə və Nüşabə Ələsgərli.
Təbii ki, belə ciddi adamla bir ortamda görünmək mənim üçün çox xoşdu. Həm də Nadir Qafarzadə kimi tanınmış bir simanın gəldiyi verilişə Kəramət Böyükçölün getməməsi özündənrazılıq kimi çıxar deyə dəvəti qəbul etdim.

Yəqin verilişlərdə iştirak eləyənlər yaxşı bilir ki, qonaqlar əvvəlcə gözləmə zalına yığışır, sonra efirə dəvət olunurlar. Qısa müddət ərzində adamlar bir-birinə isnişir, mehriban, şən əhval-ruhiyyə yaranır, gözləmə zalında xoş ovqata köklənirlər.

İçəri girəndə gördüm ki, mifoloji və fəlsəfi fikir tarixi insanın mənəvi həyatı ilə bağlı nümunələrlə zəngin olan Azərbaycan xalqının çox ciddi simaları – Nadir Qafarzadə və Nüşabə Ələsgərli oturub bir-biriylə zarafatlaşır. Fikirləşdim ki, əgər bunlar ciddi adamdırsa deməli, mən verilişə qeyri-ciddi qonaq kimi dəvət olunmuşam və aydın məsələdir ki, məqsəd tamaşaçının gözündə balansı qorumaqdı.

Gözləmə zalına girən kimi Nadir Qafarzadə Nüşabə Ələsgərlinin sözünü kəsib yüksək səslə məndən soruşdu:
– Sən kimsən?
Bir anlıq hiss elədim ki, Nadir Qafarzadə hamıya öz fanatı kimi baxır. Kimliyimi elə biədəb soruşdu ki, istər-istəməz pis təsir elədi.
Əvvəlcə istədim belə deyəm:
– Mən Brus Liyəm! Bəs sən kimsən?
Sonra düşündüm ki, birdən Brus Lini tanıyıb-eləyər, biabır olaram.
Əsas odur ki, özümü itirmədim, çox mədəni bir formada cavab verdim:
– Mən İsa Muğannayam!
Nadir Qafarzadə:
– Nə işlə məşğulsan?
– Nəsr yazıram!
Qəfil Nüşabə xanım Ələsgərli üzünü mənə tutdu:
– Deyəsən, sənin adını eşitmişəm.
Nadir Qafarzadə:
– Hə... Mən də bu cavan oğlanı haradansa tanıyıram, amma dəqiq yadıma gəlmir.

Nadir Qafarzadə verilişdə fikir azadlığından danışdıqca mənə elə gəlirdi ki, Rafiq Tağı qəbri qarışıq yerindən qalxıb üzü bizə sarı yeriyir. Siz Allah, Nadir Qafarzadə əxlaqının və mənəviyyatının mövcudluğu Azərbaycanda fikir azadlığına ən böyük ironiya deyilmi? Təsəvvür eləyin, içi azadlıq eşqi ilə alışıb-yanan insanların gözünün qabağında Nadir burcuda-burcuda fikir azadlığından danışır və Azərbaycanda azad sözün hansı səviyyədə olduğuna qiymət verir. Adamın ürəyi dayanar, yoxsa dayanmaz?
Artıq Nadir Qafarzadəylə şəxsən tanış olduğum üçün həmin verilişdən bir neçə ay sonra ona zəng elədim, çox arxayın və ürəklə dedim:
– Nadir müəllim, salam.
– Salam!
– Sizi narahat edən İsa Muğannadı. Yadınızdadırmı bir verilişdə qonaq olmuşduq?
– Hə, tanıdım. Buyurun.
– Sizdən müsahibə almaq istəyirəm.
– Mən sabah Türkiyəyə uçuram, vaxtım yoxdu.
– Olarmı Türkiyədən gələndən sonra zəng edim?
– Türkiyədən də Almaniyaya uçacam.
– Almaniyadan qayıdandan sonra əlaqə saxlamaq olar?
– Almaniyadan da İtaliyaya uçacam.
– İtaliyadan gələndən sonra necə, görüşə bilərikmi?
– Ordan da Amerikaya uçmalıyam, vacib işlərim var.
Əlim-ayağım yerdən-göydən üzüldü, telefonun arxasında quruyub qaldım. Düşündüm ki, bu necə cəmiyyətdi ki, şairi acından şeirlər yazır, amma çox bayağı bir müğənnisi Fransadan İtaliyaya, İtaliyadan Amerikaya, Amerikadan da nə bilim, hansı cəhənnəmə asanlıqla gedib-gələ bilir.
Nadir Qafarzadəylə bağlı bir konsert reklamı yadınızdadırmı? Bu necə cəmiyətdi ki, Nadir Qafarzadə böyük bir səhnəni məşğul eləyib öz arvadına konsert verir? Təsəvvür eləyin, min nəfərlik zaldı, o zalın ortasında Nadir Qafarzadənin arvadı təkcə oturub, Nadir də oxuyur.
Ömür boyu kasıbçılıq içində yaşayan, axırda isə əsəbdən beyninə qan sızan yazıçı Eyvaz Əlləzoğlunun intihar eləyən həyat yoldaşı yadıma düşəndə gözlərim dolur. Necə olur ki, bu cəmiyyətdə yoxsulluqdan beyninə qan sızan yazıçının arvadı, yenə də yoxsulluğa və ərinin yoxluğuna dözə bilməyib intihar eləyir, üç övladı kimsəsiz qalır, amma Nadir Qafarzadə arvadının şərəfinə konsert verir, hər gün efirlərdə nə qədər pul qazanmağından danışır?

Necə olur ki, Azərbaycanda bir mənzil dörd şair arasında bölünür, amma Nadir Qafarzadənin dörd milyon dollarlıq bağ evi var? Necə olur ki, Adil Mirseyid müalicəsi üçün pul tapa bilmir, dünyasını dəyişir, amma Nadir Qafarzadənin itinin qiyməti beş min manatdı?

Bütün bunlara şərait yaradan kimdi, kimlərdi, nədi, nələrdi?
Niyə Nadir Qafarzadələr bu cəmiyyətdə həmişə xoşbəxt olur, amma Adil Mirseyidlər, Şaiq Vəlilər, Eyvaz Əlləzoğlular iynəylə gor eşə-eşə yaşayır, axırda isə ürəkləri partlayır, sonra da unudulub gedirlər?
Görəsən, Azərbaycan ədəbiyyatının alın yazısını kim yazıb?

Kəramət BÖYÜKÇÖL
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

"Əlimdə 100 manat qalmışdı, ona da xiyar aldım" - Kəramət Böyükçöl

Kəramət Böyükçöl: “Azərbaycanı özümə oxşadıram”

“Gənclərə göstərirlər ki, qəhrəmanınız Namiq Qaraçuxurludur, Pərviz Bülbülədir...”

Görəsən, Azərbaycan ədəbiyyatının alın yazısını kim yazıb?

“Liftdə söydüyüm” Ağabəy Əsgərova açıq məktub

Ən çox oxunanalar