Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Geosiyasi xaosun anatomiyası - II yazı


Putinin savaşı əslində ABŞ dollarının gücünə qarşıdır


İndi Putin Suriyada, Ukraynada və bütün beynəlxalq məsələlərdə ABŞ dollarına qarşı özünün nüvə potensialını masaya qoyur və bu doğurdan Rusiyanın nə qədər aciz və fəlakətli durumda olmasının açıq nümunəsidir.

Qüdrətli rubl olmadan Rusiyanın qüdrətli ölkəyə çevrilməsi imkansızdır

22 iyul 1944-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatında, Bretton-Vuds kurortunda Millətlər Liqasının konfransı keçirildi. Demək olar ki, iki dünya müharibəsi nəzərə alınmazsa, bu konfrans 20-ci əsrin əsas hadisələrindən biri, bəlkə də birincisi oldu. Çünki həmin konfrans dünya maliyyə sistemini tamamilə dəyişdi və dünyanın bütün valyutalarını ABŞ dollarına, dolları isə qızıla bağladı. Yəni faktiki olaraq  Bretton-Vuds sistemi 35 dolları 1 unsiya qızıla bərabərləşdirildi, eyni zamanda bütün ölkələrin milli valyutalarının kursunu dollarla nisbətdə dəyərləndirdi. Bu isə ABŞ-ın bütün dünya üzərində maliyyə hegemoniyasının yaranmasına yol açdı. Konfransda həmçinin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı kimi qlobal maliyyə qurumları yaradıldı.

Qeyd edək ki, SSRİ 1944-cü ildə Bretton-Vuds konfransının yekun sənədlərini imzalasa da, sonradan həmin sənədləri ratifikasiya etmədi. Buna baxmayaraq dollar dünyanın əsas valyutası oldu və SSRİ rəhbərliyi də bu reallığa qarşı heç bir addım atmadılar.

1971-ci ildə Fransa başda olmaqla Avropa ölkələrinin etirazları nəticəsində, həmçinin dolların qızıla bağlı olmasına görə ABŞ-ın qızıl ehtiyatının sürətlə tükənməsi nəticəsində yaranan böhran sonrası, Bretton-Vuds sistemi ləğv olundu. Buna baxmayaraq  artıq ABŞ bir dünya maliyyə imperiyasına çevrilmişdi və ABŞ dolları bütün dünyaya hakim kəsilmişdi. Yəni faktiki olaraq İkinci Dünya savaşından sonra dağılan Avropanı yenidənquran ABŞ paralel olaraq dünyada iqtisadiyyatının əsas ekvivalentinə çevrilən bir valyutanın sahibi olaraq dünyanın maliyyə «boss»una çevrilə bilmişdi.

1971-ci ildə bütün ölkələrin valyutaları sərbəst buraxılırkən və dollardan asılılğı ortadan qalxarkən ABŞ doğurdan bir maliyyə imperiyası olduğunu bir daha isbatladı. Çünki Vaşinqton bir daha öz valyutasını dünya valyutası olaraq təsdiqləyə bildi. Vaşinqton bunu OPEK vasitəsi ilə həyata keçirdi. 

1973-cü ilin oktyabrında OPEK neft satışını dollar üzərindən həyata keçirmək haqqında qərar qəbul etdi. Yəni faktiki olaraq ABŞ dolların qızıla bağlılığından imtina edərək öz pul vahidini daha dəyərli olan bir xammala, dünyanın əsas enerji mənbəyinə bağladı. Və nəticədə dolların dünya maliyyə sistemi üzərində və dünya bazarında hakimiyyəti daha da böyüdü. 

Son 100 ilin geosiyasi hesabları birbaşa iqtisadi və maliyyə resurslarına bağlı olduğuna görə əslində dünyaya hakim olan valyutaya sahib olan ölkə bir mənalı olaraq dünyanı yönəldən ölkədir. Bu anlamda liderlik və bütün cilovlar ABŞ-da toplanmış durumdadır. ABŞ dollarını bu düzəndə Avropa Birliyinin avrosu və Britaniyanın funtsterlinqi təqib edərkən, yapon yeni də onların təqibindədir. Nəhayət Çinin pul vahidi yuan yalnız 2016-cı ilin sonlarında dünya valyutası ünvanına sahiblənmək iddiasındadır.

Bəs dünyanın ikinci fövqəldövləti olduğunu iddia edən rus rublunun qüdrəti hansı səviyyədədir. Açıq demək lazımsa, dollar və avro ilə müqayisədə sıfırın altında. Çin yuanının isə 70 faiz gerisində. Açığı bu gün heç bir ağılı üstündə olan bir adam öz valyuta ehtiyatlarını rus rublunda saxlamaq istəməz. Rus rublunun Rusiyadan kənar nüfuzu və təsir imkanları isə sıfırın altındadır. Yəni bu gün kimsə rus rublunun dünya maliyyə sistemində hansısa nüfuza sahib olduğunu iddia edə bilməz. 

Lakin bu da bir faktdır ki, dünya bazarında ekvialent dəyəri olmayan bir valyutaya sahib olmayan ölkə supergüc olaraq çıxış edə bilməz. Elə buna görə də qüdrətli və bütün dünyada sayılan valyutaya sahib olmadan Rusiya qüdrətli ölkə ola bilməz. Çünki hər bir ölkənin qüdrəti həmin ölkənin iqtisadi qüdrətinə ekvivalentdir və bu məsələdə Rusiyanın vəziyyəti doğurdan bərbad dərəcədə ağlamalıdır. 

«Putinin planı isə çox sadə idi. Neftin və qazın qiymətinin dollara olan bağlılığını ortadan qaldırmaq... Bunun üçün Qəzzafi və Mübarək qurban verildi. Əsəd isə hələ də dirənir».


2000-ci ilin əvvəlindən, daha doğrusu 1998-ci ildə Boris Yelçinin ətrafında rus neoimperalistləri və Hərbi Sənaye Kompleksinin nümayəndələri güc qazandıqdan sonra Rusiyanın siyasətində kəskin dönüş baş verdi. Məhz bu dönüş Putini Yelçinin varisi olaraq hakimiyyətə daşıdı. Neoimperalistlərin ilk hədəfi Rusyianın SSRİ zamanıdakı qüdrətini bərpa etməkdi. Lakin SSRİ-nin qatarı bir anlamda getdidiyi kimi, Rusiyanın da iqtisadi imkanları heç də super dövlət olmaq üçün yetərli deyildi. Həm də 1998-ci ildə Rusiya dövlət faktiki olaraq defolt elan olunduqdan sonra ABŞ-a və Avropa Birliyinə qarşı iqtisadi cəhətdən boy tutması belə ağlasığmazdı. Ona görə də Kreml 2010-cu ilə qədər demək olar ki, öz xəzinəsini qızılla və dollarla doldurmağa başladı. Bu Rusiysa iqtisadiyyatının tamamilə asılı olduğu neft və qaz satışından əldə olunan gəlirlə həyata keçirilirdi. 

Amma neft və qaz satışından asan yolla böyük gəlirlər əldə etməsinə baxmayaraq, korrupsiya neoimperalistlərin həm əsas zəif yeri, həm də əsas prolbemləri olaraq ortaya çıxdı. Ən əsası neft və qazın doğurdan fantastik qiymətə olduğu zamanlar Putin Rusiya sənaye infrastrukturunu yeniləmədi və ən əsası ölkə texnoloji inkişaf sahəsində ABŞ və onun müttəfiqlərinə nisbətən «daş dövründə» qalmaqda davam etdi. Bu gün rus texnologiyası bir mənalı olaraq ancaq hərbi sahədə nisbətən inkişaf etsə də, Qərbdə və Sakit Okean hövzəsi ölkələrində bu texnoloji inkişaf bütün sahələri əhatə etməkdədir. Bu da Qərb iqtisadiyyatının və qərbin nəzarəti altında olan Sakit Okean hövzəsi ölkələrinin hərtərəfli inkişafını təmin edir. Lakin Rusiyada hərbi sahədə əldə olunan azacıq inkişaf dövlət xəzinəsi üçün heç də ucuz başa gəlmir və karbohidrogen xammalının satışı xaricində digər sahələrdə olan geriləmə Rusiya iqtisadiyyatının gələcəyini bir superdövlət olaraq doğurdan heçə endirir.

Kremlin dollara qarşı «geopolitik  inqilab» planı «Ərəb baharı»nı tətiklədi

2008-ci ildə Gürcüstan böhranından sonra Putin bu gün dünyada geosiyasi xaosa yol açan bir avantüraya baş vurdu. Bu avantüra Yaxın və Orta Şərqdə «Ərəb baharı»nı tətiklədiyi kimi, neftin qiymətinin də aşağı salınmasına səbəb olu. Yəni faktiki olaraq Kremlin dollara qarşı açdığı böyük savaş bumeranqa dönərək əsas zərbəni elə Rusiyaya vurdu. Və bir də inqilab çəmbərinə düşən Yaxın Şərq ölkələrinə.

2010-cu ilə qədər demək olar ki, Avropanı rus qazından asılı vəziyyətə gətirən Putin dolların beynəlxalq gücünü sarsıtmaq üçün addımlar atdı. Putinin planı OPEK-in neft-qaz bazarındakı qiymət monopoliyasını ortadan qaldırmaq və Rusiyanın bu bazarda söz sahibi olmasını təmin etməkdi. Plan isə çox sadə idi. Neftin və qazın qiymətinin dollara olan bağlılığını ortadan qaldırmaq. 

Bunun üçün Putin bir sıra ərəb ölkələri ilə gizli danışıqlar apardı. Putin Liviya başda olmaqla Misir, Suriya, İraq, Sudan kimi dövlətlərə ərəb dövlətlərinin vahid valyutasını yaratmağı və nefti «dinar» adlanacaq bu vahid valyuta ilə satmağı təklif etdi. Putinin diplomatları ikinci mərhələdə Səudiyyə Ərəbistanı, Küveyt, Qatar, İran, Venesula kimi OPEK-in aparcı üzvlərin də bu layihəyə qoşulacaqlarını irəli sürürdülər. 

«Ukraynada baş verənlər əslində Qərbin Rusiyaya qarşı kəsdiyi cəza idi və bu cəzanının cavabını Putin Krımı ilhaq etmək, həmçinin rus ordusunu Donbasa soxmaqla verdi».


Hər zaman ərəb dünyasında liderlik iddiası ilə yaşayan, ABŞ-ı dünya imperalizminin başı olaraq görən, panərəbizm ideyasının daşıyıcısı olan  Liviya lideri Müəmmər Qəzzafi bu ideyaya ilk baxışdan çox isti yanaşdı. Qəzzafi qədər panərəbizm ideyasına bağlı olan Misir prezidenti Hüsnü MübarəkSuriya prezidenti Bəşər Əsəd də Kremlin ideyasını bəyəndikdən sonra yeni Ərəb Birliynin təməlini inşa edəcək olan ərəb dövlətlərinin vahid valyutası ideyasının reallaşdırılması üçün addımlar atıldı. «Ərəb baharı» öncəsində demək olar ki, ərəb dövlətlərinin ümumi valyutası olacaq «qızıl dinar»ın Liviya, Misir, Suriya, Tunis və bir sıra digər ölkələrdə dövriyyəyə buraxılması üçün hazırlıqlar aparılırdı və bu hazırlıqlar demək olar ki, son mərhələdə idi. İlkin mərhələdə «qızıl dinar» bir zamanlar SSRİ-nin yardımı ilə sosialist yönlü diktator rejimlərin olduğu və sosialist ideyalara bağlı olduqları qədər də panərəbizm ideyalardan çıxış edən ölkələrdə nəzərdə tutulurdu. 

Putinin yaratdığı bu yeni vəziyyət həm dünyanın geosiyasi vəziyyətini, həm də iqtisadi sistemini kəskin şəkildə dəyişməyə hesablanmışdı və faktiki olaraq ABŞ-ın dünyadakı geosiyasi və iqtisadi dominatlığına qarşı yönəlmişdi. Putinin planı baş tutsaydı, o zaman doğurdan ABŞ-ın dünya iqtisadiyyatındakı dominatlığı ortadan qalxacaq, Rusiyanın hərbi potensialının dəstəyi ilə dünya yenidən iki qütbə ayrılacaqdı. Bu istər Çinin, istərsə də, İranın maraqlarına uyğundu. 

Elə ona görə də Putinin yeni «dünya inqilabı» planı əngəllənməliydi. Bu ABŞ və onun əsas müttəfiqləri olan Avropa Birliyi, Səudiyyə Ərəbistanı, digər monarxiyanın mövcud olduğu ərəb ölkələri üçün ölüm-dirim məsələsi idi. Bu durumda İsrailin bitərəf mövqeyi də diqqətçəkicidir və Putinin planı ortaya çıxdıqdan sonra İsraillə ABŞ arasında soyuq küləklərin əsməsi də maraqlı nüanslardan xəbər verməkdədir. Qeyd edək ki, 2010-cu ildə rus rublu neftin yüksək qiyməti sayəsində kifayət qədər möhkəmlənmişdi və bu da Kremldə belə bir ümid yaradırdı ki, rus rublu «qızıl dinar» dövriyyəyə girdikdən sonra paralel olaraq beynəlxalq valyutuyu çevriləcək. Lakin sən saydığını say…

«Ərəb baharı», iki dəfə ucuzlaşan neft və darmadağın rus rublu

Elə 2010-cu ildə də ABŞ öz müttəfiqləri ilə Putinin planlarını əngəlləmək üçün düyməyə basdı. Və nəticədə 2011-ci ildə «Ərəb baharı» meydana çıxdı. Daha çox islamçı qüvvələrin aparıcı rol aldığı inqilablar nəticəsində Putinin planının qarşısı alındı. (Qeyd edək ki, «Ərəb baharı»nın əsas aparıcı qüvvəsi olan «Müsəlman qardaşları» təşkilatı uzun illər boyu ABŞ-da bəslənib və bu hərəkat elə indi də ordan idarə olunmaqdadır). Daha doğrusu Putinin planı Rusiyanın gələcəyini məhv edəcək bir faktora çevrildi.  Demək olar ki, bütün ərəb ölkələrində 100 il boyunca təşkilatlanan «Müsəlman qardaşları»nın həyata keçirdikləri inqilablar nəticəsində Liviya lideri Müəmmər Qəzzafi küçə sərgərdanı kimi öldürüldü, Misir prezidenti Hüsnü Mübarək devrildi və həbs olundu. Tunis prezidenti ölkədən qaçdı. «Müsəlman qardaşları»nın Misirdə hakimiyyəti tam olaraq götürməsi isə İsrailin strateji maraqlarını tamamilə alt-üst etdiyinə görə sonradan bu ölkədə ABŞ-ın da verdiyi dəstək nəticəsində Məhəmməd Mursi hərbiçilər tərəfindən devrilidi və Yaxın Şərq ənənəsinə uyğun olaraq ordu hakimiyyəti tamamilə ələ keçirdi. Suriyada və Yəməndə vətəndaş müharibəsi başladı. 

«Putinin yeni «dünya inqilabı» planı əngəllənməliydi. Bu ABŞ və onun əsas müttəfiqləri olan Avropa Birliyi, Səudiyyə Ərəbistanı və monarxiyanın mövcud olduğu digər ərəb ölkələri üçün ölüm-dirim məsələsi idi». 


Suriyadakı vəziyyət özü-özlüyündən aydındır. Hazırda bu ölkə beynəlxalq terrorizmin mərkəzi halına gələrək dünya siyasətinin bir nömrəli məsələsinə çevrilməklə yanaşı Qərblə Rusiya arasında əsas geosiyasi problem olaraq görülməkdədir. 

Rusiya təcrid edilib və Putin doğurdan təklənib

Putinin vəziyyəti xilas etmək üçün atdığı addımlar isə faktiki olaraq heç bir bəhrə vermir. Kremlin Çinlə, Hindistanla, Braziyliya, İran və Türkiyə ilə Qərbə qarşı strateji ittifaq yaratmaq imkanları demək olar ki, yoxdur və hesab etmək olar ki, Putin boşu-boşuna bu ittifaqlar üçün əmək verməkdədir. Və deyəsən artıq özüdə bunu anlayraq hətta Çinlə belə ittifaq yaratmaq fikrindən vaz keçməməkdədir. Çünki Çində yaxşı anlayırlar ki, onlar Rusiya ilə ittifaqda olmadan və Rusiyanın savaşını aparmadan yeni geopolitk savaşdan daha böyük qazanclarla çıxacaqlar. 

Türkiyə ilə ittifaqa gəlincə isə Putinin Suriyaya girməsindən və Türkiyənin rus təyarəsini vurmasından sonra hansısa ittifaqdan xəyal belə etmək mümükün deyil. Hələlik Putinin müvəqqəti müttəfiqi Suriya məsələsində maraqları birləşən İrandır. Lakin İranın da uzun müddət Rusiyi ilə əməkdaşlıq etməsi heç də inandırıcı görünmür.

Hindistan və Braziliyaya gəlincə isə, bu şlkələrin maraqları demək olar ki, Rusiyanın maraqları ilə üst-üstə düşmür və bu ölkələri Rusiya ilə münasibətdə geosiyasi maraqlar deyil, ticari əlaqələr daha çox maraqlandırır ki, bu maraq da daha çox hərbi sahəni əhatə edir. Ümumilikdə isə Hindistan və Braziliya ilə ticari əlaqələrə daha çox   sanksiyalar çəmbərində olan Rusiya möhtacdır.

Ona görə də Putin artıq bir neçə aydır ki, israrla Qərbin qapısını döyməkdədir. Lakin Ukrayna və Suriya məsələsində Kreml konstruktiv davranış ortaya qoymadığı müddətdə Qərdin Putiən qarşı mövqyeinin dəyişməsi inandırıcı deyil. Bəzi Qərb liderlərin, xüsusən də, Avropa siyasətçilərinin Rusiyaya önəm verən bəyanatları isə, sadəcə Putini güzəştlərə həvəsləndirmək məqsədi daşıyır.

Qərb Rusiya üçün fəlakətin qapısını açdı və Putin nüvə silahını dollara qarşı qoydu

«Ərəb baharı»ndan sonra Putin dalbadal sarsıdıcı zərbələr almağa başladı. «Qızıl dinar» avantürasının acınacaqlı nəticəsindən sonra Qərb onunla eyni müstəvidə hərəkət etmək istəməyən və mövcud nizamı pozmağa çalışan Kremli cəzalandırmağa qərar verdi. Çünki Rusiya gücünü saxladığı təqdirdə yeni cəhdlər edəcəyi heç kimdə şübhə doğurmurdu və hələ də bu narahatlıq tam olaraq özünü qorumaqdadır. Çünki Putin öz aqressyasını hər gün artırır. 

Ukraynada etiraz aksiyalarının başlaması və bu etirazlar sonucunda Rusiya üçün həyati əhəmiyyətli bu ölkədə, Kremlin marionetkası olaraq bilinən Yanukoviçin devrilməsi ilə nəticələnməsi, əslində Rusiya rəsmilərinin də dəfələrlə dedikləri kimi Qərbin Rusiyaya qarşı kəsdiyi cəza idi. Və bu cəzanının cavabını Putin Krımı ilhaq etmək, həmçinin rus ordusunu Donbasa soxmaqla verdi. 

Lakin Ukraynada baş verənlər Putinə kəsilən cəzanın ancaq kiçik bir hissəsi idi. Ukraynda baş verənlərlə paralel olaraq tamamilə neftdən asılı olan Rusiya iqtisadiyyatını  zəiflətmək və rus rublunu tamamilə puç etmək məqsədi ilə Qərb və iri neft istehsalçıları olan ərəb şeyxləri (Putin icazəsiz olaraq ərəb dünyasına soxularaq onların, ərəblərin ümumi evinin nizamını dağıtmışdı), neftin qiymətini birdən-birə iki dəfə aşağı saldılar. Bu doğurdan Kreml üçün fəlakətin qapısının açılması deməkdi. Çünki Putin heç bir hədəfinə çatmadan hər şeyini itirən birinə çevrilmişdi. Elə Rusiyada onunla birlikdə.

İndi Putin Suriyada, Ukraynada və bütün beynəlxalq məsələlərdə ABŞ dollarına qarşı özünün nüvə potensialını masaya qoyur və bu doğurdan Rusiyanın nə qədər aciz və fəlakətli durumda olmasının açıq nümunəsidir. 

Ardı var…

Azər QARMANLI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar