Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Formalaşan 21-ci əsr və “Böyük Qaz Savaşı“

Son aylar Rusiya ətrafında, daha doğrusu, böyük siyasətdə yaşananlar baş dolandırıcı olduğu kimi, həmçinin şaşırdıcı təsir bağışlayır...

Sanki böyük siyasətin aparıcı aktyorları ssenarini bir tərəfə tullayıb və hər kəs öz havasını oynayır. Amma yenə də böyük siyasətdə dönənləri diqqətlə izlədikdə bütün böyük aktyorların hədəflərinə doğru sürətlə və tələsik qaçdıqlarını müşahidə eləmək olur. 
 
Bu marafonda artıq bəziləri təngənəfəs görünür, amma hədəfə çatmaq üçün bütün güclər səfərbər olunub və əsəblər tarıma çəkilib. Çünki hazırda 21-ci əsrin və bəlkə də, 22-ci əsrin yarsına qədər olan bir zaman kəsiyinin siyasi-iqtisadi parametrləri məhz bu gün yazılır və bu yeni parametrlərin müəllifləri içində yer alanlar təbii ki, 21-ci əsrə hakim olacaqlar. Yəni faktiki olaraq bu gün dünyanın yenidən bölüşdürülməsi prossesi gedir və bu prosses 20-ci əsrdə Birinci və İkinci Dünya savaşlarını yaradan səbəblər qədər ağır possesdir. Əgər 20-ci əsrin birinci və ikinci on illiyində bütün prosseslər Osmanlı imperiyasının mirasını paylaşmaq üzərində gedirdisə, hazırda bütün proseslər Rusiya imperiyasının sərvətlərini paylaşmaq üzərində gedir və Rusiya bütün gücü ilə sıxışdırıldığı küncdən çıxaraq yeni siyasi-iqtisadi platforma formalaşdırmağa çalışır.
 
Böyük ehtimalla bir neçə on illikdən sonra bu gün baş verənlər tarixə «Böyük Qaz Savaşı» adıyla (ya da «Böyük Enerji Savaşı»), düşəcək. Amma məsələ ondadır ki, bu savaş artıq çoxdan başlayıb və hazırda pik nöqtədədir. Enerji ixrac edən ölkə kimi Azərbaycanın da bu savaşın içində olması təbiidir və bundan qaçmaq imkansızdır. Böyük şahmat taxtasındakı böyük oyunda Azərbaycanın taleyi təbii ki, bizim üçün hər şeyin üzərindədir və bizim kiçik bir dövlət olaraq məhkumluğumuz oyunçusu olmadığımız bu oyundan böyük itkilər vermədən çıxmaqdır. Amma itki verməyimiz qaçınılmazdır. Çünki böyük şahmat taxtasının oyunçularının hamısının Azərbaycanı qurbanlıq olaraq seçmək imkanları var və onların bu imkanı ayrı-ayrılıqda necə dəyərləndirmək istəmələri bizim tək çıxış yolumuz olaraq görünür.
 
Putin Türkiyədə «at gedişi» edir...
 
Əslində şərti olaraq «Böyük Qaz Savaşı» alandırdığımız geosiyasi savaş 2000-ci illərin əvvəlində başlayıb. Hazırda bu savaş Ukraynada «qaynar savaş»a çevrilib və savaşın miqyası hər gün daha da böyüyərək yeni coğrafiyaları əhatə etməkdədir. Savaş bütövlükdə Avropanın böyük qaz bazarı uğrunda getsə də, əsil hədəf Rusiyanı iqtisadi cəhətdən çökdürmək və imperiyanı parçalayaraq bölüşməkdir. Hər tərəfdən küncə sıxışdırılan Rusiya isə yeni siyasi-iqtisadi müttəfiqlər əldə etməklə vəziyyəti öz xeyrinə dəyişdirməyə can atır. Bu, Rusiya prezidentinin dekabrın 1-də Türkiyəyə etdiyi səfərdə özünü açıq şəkildə göstərdi. Putinin bu səfərini "tarixi səfər" adlandırmaq olar, çünki rus prezident ilk dəfə ölkəsinin strateji maraqlarının dəyişməsi barədə məhz Ankarada bəyanat verdi. Putinin verdiyi bəyanat isə «Cənub axını» layihəsinin dayandırılması və ciddi əhəmiyyət daşıyan bu layihəni Türkiyə üzərindən reallaşdırmaq istəyindən ibarət oldu. Putinin Ankaradakı bu bəyanatı «böyük şahmat taxtası»ndakı oyun qaydalarında yeni şərtlər oluşdurdu. «Böyük şahmat taxtası»nın əsas oyunçuları olan ABŞAvropa Birliyi isə Putinin «at gedişinə» uyğun olaraq yeni şərtlər oluşdurmaq zərurəti ilə üzləşdi.
 
Qeyd edək ki, «Cənub axını» layihəsi rus qazını Ukrayna və Türkiyənin Avropaya qaz nəqli üzərində inhisarını ortadan qaldırmaq məqsədi ilə nəzərdə tutulmuşdu və bu layihə «Nabucco» layihəsinə qarşı əsas alternativ olaraq görülürdü. Bu marşurutla Avropanın qaza olan ehtiyacının 35 faizini reallaşdırmaq planlaşdırılırdı və marşurut Qara dənizin altından keçməklə Bolqariyadan Balkan ölkələrinin, həmçinin İtaliya və Avstriyanın qaza olan təlabatını ödəmək məqsədi daşıyırdı. Avropa Birliynin layihəyə isti baxmamsına rəğmən 2012-ci ildə layihənin tikintisinə start verildi və layihəyə əsasən 2015-ci ilin dekabrında kəmər ilk qazı Bolqarıstanın Varna limanından Avropaya daxil  olmalıydı.
 
«Qazprom»un layihəyə milyardlarla manat vəsait xərcləməsinə baxmayaraq, Putinin layihəni dayandırması haqqında qərar verməsi və həmçinin bunu Ankarada bəyan etməsi Kremlin strateji maraqlarının və tərəfdaşlarının dəyşməsinin göstəricisi olaraq açıqlandı. Bu, doğurdan da, geosiyasi savaşda Kremlin məcburən etdiyi «at gedişi»ydi.
 
«Cənub axını» layihəsini ləğv edərək bu layihəni Türkiyə üzərindən həyata keçirməyə qərar vermək, doğurdan, ilk anda gözlənilməz və anlaşımaz göründü. Çünki layihənin əsas məqsədlərindən biri Ukraynanın və Türkiyənin Avropaya qaz nəqli üzərində inhisarını ortadan qaldırmaq idi. Hazırda Putin verdiyi qərarla faktiki olaraq Türkiyəni Avropaya qaz nəqli üzərində əsas inhisarçı ölkəyə çevirmiş oldu. 
 
Putinin bu gözlənilməz qərarı verməsi üçün isə əsas məqsədi sıxışdırıldığı küncdən çıxmaq üçün yeni strateji müttəfiq qazanmaq niyyətidir. Uzun illər boyu Rusiyanın və həmçinin SSRİ-nin Avropadakı əsas strateji müttəfiqləri Bolqariya və Serbiya (Yuqoslaviya) hesab olunurdu. Lakin Avropa Birliyi tərəfindən tətbiq olunan sanksiyalardan sonra faktiki olaraq Rusiyanın bu ölkələrlə strateji müttəfiqliyi sona çatdı. Bolqariya ilə bu strateji müttəfiqlik daha əvvəldən laxlasa da, Serbiya ilə bu müttəfiqlik Kremlin Qərbə qarşı kartlarından biri hesab olunurdu. Lakin AB üzvü olmayan Serbiyaya qarşı Brüsseldən Rusiyaya qarşı sanksiyalara qoşulmaq haqqında ultimatium verdikdən sonra Kremldə yaxşı başa düşdülər ki, artıq onun Avropada heç bir strateji müttəfiqi qalmayıb. Rusiyanın ən yaxın və tarixi müttəfiqi olan Serbiya belə ancaq bir müddət Qərbin təzyiqləri qarşısında davam gətirə bilər.
 
Ona görə də yeni strateji müttəfiq qazanmaq Kreml üçün "həyat-ölüm" məsələsinə çevrilib. Rusiya üçün hazırkı geosiyasi məkanda təbii müttəfiq rolunda Çin, Hindistan və Türkiyə çıxış edir. Hazırda Qərb tərəfində izolyasiyaya alınan İran da bu ittifaqda yer aldıqdan sonra Qərbin vəziyyəti doğurdan, da, yaxşı görünmür. Bu coğrafiya həmçinin Orta Asiyada daxil olmaqla «Böyük Çöl»ün əsas hissəsini özündə birləşdirir. Daha doğrusu, «Böyük Çöl» hazırda məhz bu coğrafiyada mövcudluğunu qoruyub saxlamaqdadır. 
 
Onu da qeyd edək ki, məhz bu ölkələrin yer aldığı bir strateji ittifaqın yaradılması 90-cı illərin sonlarında Türkiyə Baş Qərargahının hazırladığı hərbi-siyasi doktrinada yer almışdı. 
 
Rusiya bu coğrafiyanın qüdrətli dövlətləri olan Çin, Hindistan,Türkiyə və İranda daxil olmaqla strateji ittifaq yarada biləcəyi şəraitdə özünü böyük təhlükənin ağuşundan çıxarmış olacaq. Buna görə də Putinin Ankarada etdiyi «at gedişi» Kreml analitiklərinin dəqiqliklə işləyib hazıladıqları geosiyasi bir hesablamaydı. Kreml «Cənub axını»nı Türkiyəyə yönəltməklə, əslində, "bir güllə ilə bir neçə dovşan vurmuş" oldu. 
 
1. Putinin Ankara bəyannaməsindən sonra «Qazprom»un rəhbəri Aleksey Miller bəyan elədi ki, «Qazprom» Ukrayna ərazisindən Avropaya qaz nəqlini tamamilə dayandıracaq. Bu faktiki olaraq Qərblə Rusiya arasında geosiyasi savaşın mərkəzi halına gələn Ukraynanı «Böyük Qaz Savaşı»ndan kənarda qoymaqdı. Yəni Ukraynanın Avropaya gedən qaz dəhlizi olmaq şansını itirməsi istər Avropanın, istərsə də, Ukraynanın maraqlarına tamailə ziddir. Bu məsələninin masada müzakirəyə çıxarılması Rusiyanın Donbasdakı mövqelərini birmənalı olarpaq möhkəmləndirəcək və Rusiya Donbas münaqişəsinin onun şərtləri ilə sona çatdırılması üçün əlverişli atmosfer əldə etmiş oldu.
 
2. Rusiya bu addımı ilə Türkiyəni faktiki olaraq Avropaya qaz nəqli üzərində əsas inhisarçıya çevirmiş oldu. Bu da Rusiya üçün Qərbə qarşı istədiyi strateji ittifaqı yarada bilmək üçün yeni stimul və siyasi-iqtisadi platforma formalaşdırdı.
 
3. Putinin dünən axşam Özbəkistana etdyi səfər isə bu platformanı və stimulu genişləndirmək üçün həyata keçirilən əsas addım kimi qəbul olunmalıdır. Çünki Özbəkistan Rusiyanın Hindistana açılan qapısıdır və səfərdən əvvəl Putinin Hindistanın baş naziri telefonda danışaraq iki ölkə arasında mal dövriyyəsini milli valyuta ilə reallaşdırmaq planlarını müzakirə etməsi bu məsələdə rəsmi Moskvanın nə qədər ciddi olduğundan xəbər verir.
 
4. Türkiyənin geosiyasi kartlarını gücləndirən Rusiya faktiki olaraq Avropa Birliyini Ankaradan asılı vəziyyətə gətirmiş oldu. Halbuki bir müddət əvvəl Brüssel Ankaranın ona tərəf uzadılan əlini nümayişkaranə şəkildə rədd etmişdi. Bu isə hazırda Rusiyanın maraqlarını təmin edir. Çünki AB-yə qarşı ikinci bir cəbhə açmış oldu.
 
Türkiyə «böyük şahmat taxtası»nın əsas oyunçularından birinə çevrilir...
 
Türkiyə sürətlə 21-ci əsri formalaşdıran «Böyük Qaz Savaşı»nın əsas oyunçularından birinə çevrilir. İranın və Rusiyanın Qərb tərəfindən izolyasiya olunması Türkiyənin geosiyasi maraqları üçün çox önəmlidir. Hazırkı geosiyasi durum bütün tərəflər üçün Türkiyəni vaz keçilməz ölkə halına gətirdiyinə görə, Türkiyə öz vəziyyətindən ancaq məmnun ola bilər. 2000-ci illərin əvvəlində Türkiyədə hakimiyyətə gələn Ərdoğan və hakim partiya olan AKP tam beş il Brüssel qapılarında duraraq AB üzvü olmaq üçün ricada bulundular. Ərdoğan faktiki olaraq bunun üçün Brüsselə və Avropa ölkələrinin liderlərinə yalvarırdı. Lakin Avropa Birliyi özünün rasist mahiyyətini nümayiş etdirərək Ankaranın onlara uzanan əlini rədd etdilər. Hətta bəzi siyasətçilər açıq şəkildə AB-nin bir xristian klubu olduğunu dilə gətirməkdən belə çəkinmədilər. Bu dünya dəyərlərini təyin edən əsas qurumlardan biri olan AB-də əslində rasist düşüncəninin hakim olduğunun göstərgəsi idi.
 
İndii isə şərtlər dəyişib. Uzun müddət Brüssel qapılarında dayanaraq ricada bulunan Ankara srağagün, yəni Putinin Ankara səfərindən sonra Avropa Gömrük Birliyindən çıxa biləcəklərinin siqnalını verdi. Və bu baş verərsə, Avropa Birliynə ağır zərbə olar və təbii ki, Brüsseldə, həmçinin Avropanın digər siyasi mərkəzlərində və okeanın tayında hadisələrin bu şəkildə inkişafına yol verə bilməzlər. Yəni artıq Qərb və Avropa Ankaraya əlini uzadıb rica etmək zorundadır və ricanın qəbul olunması üçün bütün imkanlarını zorlamalıdırlar. Bunu Ankarada yaxşı anladıqlarına görə, Ərdoğan Türkiyəsi sürətlə yeni şəraitə uyğunlaşmağa çalışır. 
 
Hazırki beynəlxalq geosiyasi vəziyyət elədir ki, Putin «Cənub axını» layihəsini Türkiyəyə yönləndirdikdən sonra və bu layihə reallaşdığı təqdirdə Türkiyə Avrasiyanın neft və qaz bazarının "əsas qapı" ölkəsinə çevrilir. «Soyuq savaş»dan sonrakı ağır məğlubiyyətini incələyən Ankara bu gün faktiki olaraq «Böyük Qaz Savaşı»nın aparıcı oyunçusuna çevrilmək üçün bütün geosiyasi, siyasi və iqtisadi imkanlarını səfərbər edib. Bu gün Türkiyə Avropaya gelə bütün enerji layihələrini öz ərazisinə yönləndirməklə buna nail olur. Azərbaycan neftini və qazını öz ərazisindən Avropa bazarına yönləndirməklə yetinməyən Ankara son 15 ildə qeyri-müəyyən geosiyasi vəziyyətdə bu sahədə ciddi uğurlara imza atıb. Hazırda Azərbaycandan başqa İran, Türkmənistan, İraq və Əlcəzair qazıda Tütkiyədən keçməklə Avropaya doğru yol almaqdadır. Bu isə doğurdan da, yeni dönəmdə, daha doğrusu formalaşmaqda olan 21 əsrin siyasi-iqtisadi vitrinində Türkiyəni önə çıxaran faktora çevrilir.
 
İstər Rusiya, istər ABŞ, istərsə də Avropa Birliyi dövlətləri hələ də Türkiyəyə qarşı kürd faktorundan istifadə etməkdədirlər. Lakin artıq yaranmış vəziyyət Ankaranı bu gücləri PKK-nı dəstəkləməkdən vaz keçməyə zorlamaq qədər güclü vəziyyətə gətirib. Ankaranın öz daxilində kürdlərdə dialoqa girməsi isə Türkiyənin bölgədəki vəziyyətini daha da gücləndirən faktora çevrilir. 
 
Hazırkı durumda isə Türkiyənin geosiyasi xəritədə artan nüfuzu «böyük siyasətin bütün böyük aktyorlarını» bir suala cavab axtarmağa zorlayır: Türkiyə 5 ildən sonra kimin strateji müttəfiqi olacaq?
 
II Yazı
 
ABŞ artıq dünyaya demokratiya deyil, xaos dağıdır
 
ABŞ şist qazı vasitəsi ilə Rusiyanı çökdürür
 
Avropanın qaz bazarı uğrunda böyük savaşda Rusiyanın əsas konkurenti heç də Azərbaycan, İran, İraq və yaxud da Türkmənistan deyil. Faktiki olaraq «Böyük Qaz Savaşı»nda vuruşan iki tərəf mövcuddur və Rusiyanın qarşısına aldığı tərəf məhz bu bazarı ələ keçirmək istəyən ABŞ və AB özüdür. 
 
Söhbət təbii ki, şist qazından (slants) gedir. Məlumdur ki, şist qazı yataqları dünyanın hər yerində var. Ən böyük şist qazı yataqları isə hazırda ABŞAvropa ölkələrində (Almaniya, Avstriya, İngiltərə, İsveç, Macarıstan, Polşa və Ukraynada ) mövcuddur. Bu qazın əleyhdarları həm şist qazının maya dəyərinin baha başa gəlməsini, həm ekologiyaya ziyan vurulması faktorunu irəli sürürlər. Əslində isə maye qazın istehsalının qarşısının alınması bir çox iri transmilli neft-qaz şirkətlərinin mənafelərinə uyğun olub. Amma indi dünyanın geosiyasi vəziyyətinin dəyişdiyi bu günlərdə artıq bu mənafelər arxa planda qalıb.
 
Hər şeydən əvvəl şist qazın maya dəyərinin daha baha olması indiki enerji qiymtələri ilə müqayisədə mifə çevrilib. Müqayisə üçün qeyd edək ki, Rusiyada min kubmetr qazın maya dəyəri 50 dollardan aşağı başa gəlir. Amma Rusiya qazı Avropa ölkələrinə ortalama 380-400 dollara satır. Avropa dövlətləri arasında ən ucuz Rusiya qazını Almaniya və İngiltərə alır. (təqribən 350 dollar) Rus qazını isə ən baha alan ölkələr arasında Balkan ölkələri gəlir. (Misal üçün Makedoniya min kubmetr üçün 563 dollar ödəyir). Brüsseldə keçirilən ağır danışıqlardan sonra isə, Rusiya Ukraynaya qazı 378 dollara satmağa razılıq verdi. 
 
Göründyüyü kimi mavi yanacağın maya dəyəri ilə satış qiyməti arasında fərq həddindən artıq yüksəkdir və bu da təbii ki, AB ölkələrini narazı salmaya bilməz. Müqayisə üçün bildirək ki, şist qazın maya dəyəri təqribən 150 dollardır. ABŞ bu qazı Alyaskadan Avropaya demək olar ki, rusların təyin etdikləri qiymətdən daha aşağı qiymətə nəql etməyə hazırdır. Digər tərəfdən artıq ekoloqlarda şist qazının istehsalı zamanı ciddi ekoloji problemlərin yaranmayacağını bildirirlər ki, bu da Avropada şist qazın istehsalına başlamaq üçün imkanlar yaradır. Yəni faktiki olaraq 5 ildən sonra Avropanın təbii qaza olan ehtiyacı minimuma enəcək ki, bu da artıq enerji istehsal edən ölkələr üçün ciddi problemə çevrilir.
 
Əslində bu gün dünya enerji bazarında böyük böhran süni şəkildə yaradılır. Faktiki olaraq dünya bazarında əsas neft və qaz alıcıları olan ABŞ və AB qiymətləri süni şəkildə aşağı salırlar. Hətta OPEK gündəlik hasilatı aşağı salsa belə enerji bazarında qiymətlər aşağı düşməyə davam edəcək. Çünki bunu ABŞ və AB-nin geosiyasi maraqları tələb edir. Bu geosiyasi maraq isə hər şeydən əvvəl Rus İmperiyasının parçalanmasını və imperiyanın nəzarət etdiyi torpaqların xammal sərvətlərinin nəzarətini ələ keçirilməsini tələb edir. 
 
Kreml can atdığı yeni güc mərkəzini yarada biləcəkmi?
 
Türkiyədə və bütün Avrasiya xəritəsində yaxşı anlayırlar ki, Rusiyanın tam olaraq sıradan çıxarılması dünyanın geosiyasi xəritəsini tamam dəyişəcək. Avrasiya üzərində Qərbin birmənalı hegemoniyası hökm edəcək və hazırda ABŞ və AB-nin qarşılarına qoyduqları strateji hədəf də məhz budur. Lakin Rusiyanın bir imperiya olaraq ortadan qalxmasının qarşısının alınması nə Türkiyənin, nə də Avrasiyadakı digər regional güclərin qüdrəti daxilində deyil. Hər şeydən əvvəl Rusiyanı dağıdan artıq çürümüş və heç bir şeyə yaramayan sistemidir. Elə buna görə də regional güclər daha çox özlərini Qərb hegemoniyasından qorumağa kilidləniblər. Bu son zamanlar regionda Türkiyənin yürütdyü siyasətdə açıq hiss olunur. 
 
Rusiyanın imperiya olaraq ortadan qalxması dünyada siyasi-iqtisadi vəziyyəti o qədər dəyişəcək ki, buna hazır olmayanlar sadəcə böyük selin qarşısında məhv ola bilərlər. Elə bu üzdən də Rusiyanın yeni ittifaq yaratmaq cəhdi Çin və Hindistan, həmçinin Türkiyə üçün göydəndüşmə fürsətdir. Onlar bu fürsəti dəyərləndirərək Rusiya ilə bir çox iqtisadi layihələrdə iştirak etməyə çalışacaqlar. Bu gələcəkdə rusların çıxdıqları və yaxud da zəiflədikləri yerlərdə möhkəmlənmək üçün və ən azından ABŞ və AB ilə kartları paylaşa bilmək üçün lazımdır. 
 
Ona görə də Putinin yeni ittifaq, daha doğrusu Qərbə qarşı yeni güc mərkəzi yaratmaq cəhdi bütün hallarda yəqin ki, iflasa uğrayacaq. Bunu Kremldə də yəqin başa düşürlər. Başa düşürlər ki, Ankaranın, Pekinin, Dehlinin və Tehranın maraqları Qərbə qarşı yeni güc mərkəzinin yaradılması üçün üst-üstə düşmür. Rusiyanın güclənməsi isə regionda onların daha aktiv fəaliyyətlərinə manne olur. Amma Kreml hazırda saman çöpündən yapışmaqdan belə çəkinmir. Bunun üçünsə, təbii ki, əsas alver predmeti olaraq Sibir qazını masaya qoyur. Bu Rusiya üçün ölüm-dirim məsələsidir. Çünki Qərb bazarının üzünə bağlandığı şəraitdə Rusiya üçün ən optimal bazar məhz Hindistan və Çin bazarıdır. Elə Putinin Türkiyədən sonra Hindistana yola düşməsi də, Rusiyanın yeni ittifaqa nə qədər möhtac olduğunun göstəricisidir.
 
Amma iş orasındadır ki, Rusiya yeni ittifaqı yaratmaq üçün xeyli gecikib. İndi isə seytnota düşdüyü üçün tələm-tələsik Qərb qarşı yeni ittifaq yaratmağa çalışır. Əslində Rusiya yeni ittifaqı qurmaq üçün Yeltsin tərəfindən demokratlar Kremldən qovulduqdan həmən sonra qolları çırmalamalıydı. Rusiya iqtisadiyyatı daha çox Çin, Hindistan, Türkiyə iqtisadiyyatı ilə müxtəlif bağlarla bağlanmalıydı. Bunun əvəzinə isə Putin keçmiş SSRİ-nin coğrafiyasını bərpa etmək kimi, ətrafda olan hər kəsi qorxudan hürküdücü avantüraya baş vurdu. Bu isə Kreml analitiklərinin (Duqin və digərlərinin) imperiya ambitsiyalarına tabe olaraq geosiyasi vəziyyəti düzgün qiymətləndirməmələrinin nəticəsi idi. Ən adi tarixi analiz bir imperiya olaraq Rusiyanın yola davam etməsinin imkansız olduğunu ortaya qoyurdu. Amma Kreml analitikləri bu həqiqəti yaxına qoymadılar və bilərəkdən ambitsiyalarının dalınca yürüməkdə davam etdilər. 
 
Hazırda Rusiya iqtisadiyyatının ən kiçik təzyiqlərə davam gətirməyərək sürətlə çökməsi də göstərir ki, Rusiya son 20 ildə heç də doğru yol seçməyib. Keçmiş SSRİ-dən ilham alaraq ABŞ-a qarşı «savaş açan» rus siyasətçiləri adi bir həqiqəti unudurlar ki, Rusiyanın bütün iqtisadiyyatı ABŞ-ın Federal Ehtiyat Sisteminin hardasa ancaq 10 faizini təşkil edir. Bu durumda isə Rusiyanın iqtisadi cəhətdən ABŞ-a meydan oxumasını Azərbaycanın, ya da elə Gürcüstanın Rusiyaya meydan oxuması ilə müqayisə etmək olar. Bunu Kremldə oturan siyasətçilər görə bilməsələr də, ayrı-ayrı regional güclər görməkdədirlər. Ona görə də Rusiya ilə strateji ittifaq onlara böyük gələcək vəd etmir. Bu üzdən də Rusiyaya daha çox yaxın olub, onun mirasında pay qoparmaq imkanı əldə etmək daha cəlb edicidir.
 
Faktiki olaraq Putin 15 il müddətində sovet dönəmindən qalan sistemin islahatı üçün heç bir şey etməyib. Bunun müqabilində isə ötən əsrin 90-cı illərindən fərqli olaraq Avropa Birliynin siyasi sistemində ciddi dəyişikliklər baş verib. ABŞ-da isə müəyyən qədər siyasi sistem təkmilləşdirilib. Əgər Kremlin analitikləri doğurdanda realist olsaydılar, Putinin qarşısına dövlətin həm iqtisadi cəhətdən, həm də siyasi cəhətdən tam olaraq islahat planı qoyardılar və bu Rusiyanı xilas edəcək əsas faktora çevrilə bilərdi. Etiraf etmək lazımdır ki, birinci hakimiyyəti dönəmində Putinin Rusiyada islahatları uğurla həyata keçirmək üçün həm resursları, həm vaxtı, həm də siyasi şərtləri mövcuddu. İndiki şəraitdə isə aparılan hər hansı bir islahat bütün hallarda Putinin hakimiyyətinin sona çatması və Rus imperiyasının bir mənalı olaraq süqutu ilə nəticələnəcək. Bu gün Rusiyada aparılacaq hər hansı bir islahat Qorbaçovun apardığı islahatlardan daha dəhşətli iflas yaradacaq. Ona görə də Putinin yeni ittifaq yaratmaq cəhdləri illuziyadan başqa bir şey deyil.
 
ABŞ artıq dünyaya demokratiya deyil, xaos dağıdır
 
Dünya hegemonu olaraq ABŞ-ın geosiyasi maraqları təkcə Rus imperiyasının parçalamaq üzərində formalaşmayıb. Bu gün dünyanın tam hüquqlu supergücü olaraq ABŞ Avropa Birliyini də yanına alaraq Rusiya ilə yanaşı Yaxın və Orta Şərqi, həmçinin Mərkəzi Asiyanı, yəni bütün «Böyük Çölü» tam nəzarətə götürməyi hədəfləyir. Yəni kiçik axsaqlıqlar olmazsa, ABŞ demək olar ki, hədəfinə çatmaq üzrədir və artıq 2000-ci illərin başlanğıcından başlayaraq Vaşinqton dünyaya demokratiya deyil, xaos dağıdır. Bu dünyanı idarə etmək üçün daha asan və daha sərfəli vasitədir.
 
Nə qədər acınacaqlı olsa da, ABŞ İsrailin də yardımı ilə dünyaya xaosu məhz müsəlmanların əliylə yayır. O yerlərdə ki, ABŞ-ın nəzarət etməsi azacıq da olsa təhlükə altına girir, həmin ərazilərdə radikal islamçılar peyda olur və ABŞ və İsraili özlərinin bir nömrəli düşmənləri elan edirlər. Sonrası isə istər Əfqanıstandan, istər İraqdan, istərsə də Suriyadan oxuculara yaxşı məlumdur. 
 
Daha əvvəllər amerikan əsgərlərinin həyatını Vyetnamda, İraqda, Əfqanıstanda təhlükə altına atan Pentaqonda indi daha əlverişli üsul tapıblar: fanatik müsəlmanları qurban vermək. 
 
Bu gün artıq bir çoxları üçün sirr deyil ki, İŞİD bölgədə Türkiyənin artan nüfuzuna, Rusiyanın böyük ambitsiyalarına və İranın «qalın gön» nümayiş etdrməsinin əleyhinə olaraq yaradılıb. İŞİD-in əsas komandirləri və nüvə kadrları Pentaqonun Səudiyyə Ərəbistanındakı düşərgəsində formalaşıb. Bütün muzdlu baş kəsənlər də məhz Səudiyyə Ərəbistanının maliyyəsi ilə Suriyaİraqa toplanılıb. 
 
 
Suriya da ərəb inqilabını uğurla başa çatdırmaq mümkün olmadıqda Ağ Evdə elə hesab edirdilər ki, Ərdoğan Əsəd rejimini ortadan qaldırmaq üçün türk ordusunu Suriyaya soxacaq. Bu baş vermədikdə isə bütün dünyada baş kəsənləri toplayıb müsəlman adıyla Suriyaya və İraqa yolladılar. Bunda məqsəd bütün əraziyə xaos yayaraq ərazini nəzarət altında saxlamaqdır. Həmçinin Türkiyə, İranRusiya sərhədlərində xaos yaradaraq onları bu probləmlərlə məşğul etməkdir.
 
Təqribən iki həftə əvvəl İŞİD qarşı mübarizədən danışan ABŞ-ın dövlət katibi Con Kerri özünü xilafət elan edən bu başıpozuqlara qarşı mübarizəninin 10 ildən artıq sürə biləcəyini bildirdi. Dövlət Katibinin bu gülünc açıqlaması ancaq bir mənada açıqlana bilərdi: Biz İŞİD-i bombalayrıq, amma İŞİD bizə hələ lazımdır.
 
Gələn il ABŞ ordusunun Əfqanısatandan çıxarılması haqqında qərar isə Orta Asiyada və Yaxın Şərqdə xaosu daha böyüdəcək. Artıq Rusiya bunun fərqindədir. Yəni faktiki olaraq ABŞ Əfqanıstandan çıxmaqla xaosu Orta Asiyadan Rusiya ərazilərinə sıçradacaq ki, bu da Rusiyanı doğurdan ağır vəziyyətə salacaq. ABŞ İraqdan çıxmaqla faktiki olaraq İraqSuriyanı İŞİD-in nəzarətinə verdiyi kimi, Hindistan sərhədlərindən Sibirə qədər olan əraziləri də Taliban və «əl-Qaidə»nin nəzarəti altına verəcək.
 
Bunula ABŞ hər şeydən əvvəl onun olmadığı yerlərdə xaosun hökm sürdüyünü bütün dünyaya göstərmiş olacaq, həm də öz rəqiblərini rəzil bir şəkildə zəiflədib yox etmək üçün yeni platformalar yaradacaq.
 
 
III Yazı
 
"Böyük xaos" dönəmi: Üçünçü Dünya Savaşı
 
Kataklizmlər zamanı
 
Hazırda dünyada baş verənlər dünyanın mövcud siyasi, iqtisadi və sosial sistemində yaxın illərdə ciddi kataklizmlərin baş verəcəyinin göstəricisidir. Əslində kataklizmlər artıq ortadadır. İstər neftin qiymətinin sürətlə iki dəfə düşməsi, istər İŞİD-in İraqSuriyanın bəlli ərazilərini öz işğalı altına alması, istərsə də, Rusiyanın Krımı ilhaq edərək, cənub-şərqi Ukraynanı da terrorisit qruplaşmalar vasitəsi ilə öz nəzarəti altına götürməsi bu kataklizmaların artıq baş verdiyini göstərir. Amma getdikcə kataklizmalar daha da böyüyəcək və daha qlobal xarakter alacaq. 
 
20-ci əsri formalaşdıran və Avropada təhlükəsizliyin təminatını dünya siyasətinin bir nömrəli məsələsi halına gətirən 1-ci və 2-ci dünya savaşları qədər qlobal və dəhşətli kataklizmalar gözlənilməsə də, hazırda yaşadığımız 21-əsrin kataklizmaları da dünyada ciddi geosiyasi dəyişikliklə başa çatacaq. Üçüncü Dünya Savaşı ona görə baş verməyəcək ki, bu gun bir qütblü dünya sistemində yaşamaqdayıq və bu sistem hələ çox cavan və aktivdir. Ona görə də ABŞ və AB koalisiyasının geosiyasi savaşı qazanacağı çox az adamlarda şübhə doğurur və əslində hər kəs özünün alt şüuru və altıncı hissi ilə Qərb koalisiasının qalib gələcəyini bilir.
 
Bu gün yaşadığımız və 21-ci əsri formalaşdıracaq olan kataklizmalar daha çox siyasi-iqtisadi və sosial xarakterli olacaq. Siyasi-hərbi xarakterli kataklizmalar lokal xarakterli olacaq, amma buna baxmayaraq bu lokal hərbi kataklizmaların ciddi insan təlafatına, zorakılıqlara və xaosa yol açmasını istisna etmək olmaz. Ən azından İŞİD tipli böyük terrorist qruplşmaların bütün Orta Şərq və Mərkəzi Asiya coğrafiyasında təsəvvür edərsək, (bunun baş verməsini istisna etmək olmaz), o zaman zorakılığını və xaosun miqyasını da təsəvvür etmək mümkündür.
 
ABŞ-ın dünyaya yaydığı xaos tək siyasətlə kifayətlənməyəcək. Artıq son bir neçə ay ərzində neftin qiymətinin iki dəfə aşağı düşməsi dünyada iqtisadi xaosun başlanğıcı kimi qəbul olunmalıdır. Söhbət heç də neftin satış qiymətinin öz maya dəyərini ödəyə bilməməsindən getmir. Neftin qiymətinin 50 dollardan aşağı düşməsi gözlənilmədiyinə görə neft qazancla işləyən sektor olaraq qalacaq. Amma bir çox sektorlar maliyyə böhranı nəticəsində iflas edəcək. "Blomberq"in ötən həftənin şənbə günü yayımladığı hesablamalara görə son bir neçə həftə ərzində dünya birjalarında neftin qiymətinin aşağı düşməsi səbəbindən neft ixrac edən ölkələr 1,7 trilyon ziyan edib. Buna baxmayaraq OPEK-in dünən, bazar günü, yaydığı açıqlamada bildirildi ki, dünya neft bazarında böyük ağırlığı olan bu təşkilat neftin qiyməti 40 dollardan aşağı düşdüyü halda belə hasilatı azaltmayacaq. Bu isə o anlama gəlir ki, OPEK-in aparıcı ölkələri olan ərəb dövlətləri neftin qiymətinin aşağı salınmasında ABŞ-la tamamilə həmrəydirlər və onlar buna daha əvvəldən hazırlanıblar. Hədəf isə təbii ki, qeyd etdiyimiz kimi, Rusiya iqtisadiyyatıdır. Bu isə yaxın bir neçə il müddətində Rusiyanın aktiv olduğu və Azərbaycanın da daxil olduğu MDB məkanında iqtisadi xaosu pik vəziyyətə gətirəcək. 
 
Rusiyanın iqtisadiyyatının neftin qiymətindən asılı olması hazırda bu supergücü çökərtmək üçün ən asan yoldur. Və hazırda neftin qiymətinin bu qədər aşağı düşməsini və düşməkdə davam etməsini Üçüncü Dünya Savaşı olaraq dəyərləndirmək olar. Yəni iqtisadi gücünü sürətlə qeyb edən və həmçinin sanksiyalar nəticəsində, (bu sanksiyaların davamlı olması daha çox ehtimal olunur), Rusiya həm gəlirlərini itirəcək, həm də strateji bazarlarını itirəcək. Putinin isə hazırda manevr etmək üçün imkanları və coğrafiyası demək olar ki, hər gün daralır. Son olaraq iki gün əvvəl Ağ Evin dünya dövlətlərinə Rusiya ilə iqtisadi əlaqələr qurmaqdan çəkinmələri haqqında xəbərdarlıq etməsi də bunu açıqca göstərir ki, artıq geosiyasi savaş həlledici mərhələyə qədəm qoyub və Vaşinqton heç bir vəchlə öz planlarından vaz keçməyi düşünmür.
 
Rusiyada iqtisadi xaosu isə, sosial xaos əvəz edəcək. O zaman yaranan anarxiya isə, Rus imperiyasının parçalanması üçün əsas stimul olacaq ki, ABŞ və AB rahatlıqla Rus İmperiyasının mirasına çökərək "Böyük Xaos" zamanı üzləşdikləri iqtisadi ziyanlarını artıqlaması ilə bərpa edəcəklər. Həmçinin Ağ Evin müttəfiqləri olan ərəb şeyxləri də öz paylarını alaraq dünya enerji bazarında öz mövqelərini daha möhkəmləndirməyə nail olacaqlar.
 
Yalnız Rusiya bir imperiya və super güc olaraq ortadan qalxdıqdan sonra şərti olaraq "Böyük Qaz savaşı", ya da "Böyük Xaos" adlandırdığımız Üçüncü Dünya Savaşı sona çatacaq və dünya sistemində yeni geosiyasi platfoma formalaşacaq. Təbii ki, bu bu yeni geosiyasi platformada Qərbin təhlükəsizlik sərhədləri Ural dağlarını aşaraq Sibirə və Orta Asiyaya qədər ulaşacaq.
 
"Böyük Xaos"da Azərbaycan nə olacaq?
 
Azərbaycan hazırda özünün geosiyasi əhəmiyyəti ilə Qərb üçün Ukraynadan daha böyük əhəmiyyət daşıyır və Rusiya ilə başlanan böyük savaşda bu əhəmiyyət hər gün daha da böyüyür. Ancaq Ukraynadan fərqli olaraq Azərbaycan Qərb yönümlü siyasət yürütmür və daha çox tərəflərin arasında qalmamaq üçün əlindən gələn hər şeyi edir. Əslində isə son bir ildə Qərblə rəsmi Bakı arasında münasibətlər kifayət qədər korlanıb. Bu hər şeydən əvvəl tərəflərin biri-birilərinə etimadsızlıq nümayiş etdirmələrində və bu etimadsızlıqdan doğan müxtəlif bəyanatlarda özünü göstərir. 
 
Azərbaycan Qərblə əməkdaşlıq etməyə məhkumdur və bu əməkdaşlığın heç bir alternativi yoxdur. Amma Azərbaycan hakimiyyətinin Qərblə əsas problemi siyasi sistemi ilə bağlıdır. Rəsmi Bakı heç bir halda Qərbin ölkəsinin siyasi sisteminə müdaxilə etməsini istəmir və bu mudaxilə olduğu zaman qəzəbini nümayiş etdirməkdən çəkinmir. Hakimiyyəti qəzəbləndirən əsas məsələ isə Qərbin Azərbaycanda "rəngli inqilab" etmək niyyətindən ehtiyatlanmasıdır. Ümumiyyətlə isə "rəngli inqilab" Azərbaycan hakimiyyəti ilə Qərb arasında əsas etimadsızlıq faktoru olaraq çıxış edir. 
 
Qərbi isə Azərbaycana qarşı qoyan bir çox faktorlar var. Birinci və ən əsası psixoloji faktordur. Qərblilərin psixoloji dərklərinə görə Azərbaycan bir müsəlman ölkəsi olaraq Qərb dəyərləri ilə yaşaya bilməz və bu dəfərlər Azərbaycan üçün yaddır. Qeyd edək ki, Türkiyənin AB-yə üzlüyə qəbul olunmamasının tək səbəbi bu ölkəninin müsəlman ölkəsi olmasıydı və Qərb hələ də bu psixoloji baryeri keçə bilməyib. Qərblilərdə müsəlmanlardan və şərqlilərdən fərqli olaraq bu psixoloji baryerin olması hər şeydən əvvəl qərblilərin alt şüurunda rasizmin hələ də güclü olması ilə bağlıdır. Hər nə qədər demokratiyanın və liberial dəyərlərin fundamental daşıyıcıları olsalar da, qərb sivilizasiyasının alt qatında güclü rasizm gizlənib və bu rasizm bir mənalı olaraq dünyada siyasi kataklizmləri körükləyən əsas faktor olaraq çıxış edir.
 
İkincisi Qərb Azərbaycan hakimiyyətinə daha çox ruspərəst və Qərb dəyərlərini həzm edə bilməyən bir hakimiyyət kimi baxır. Halbuki Ermənistandan fərqli olaraq rəsmi Bakı öz maraqlarını müdafiə etdiyini hər fürsətdə ortaya qoyur və buna baxmayaraq Qərbin Azərbaycana olan mövqeyi daha kəskin və daha qeyri-obyektivdir. Bunu isə təbii ki, Ermənistanın xristian dövləti olması ilə əlaqələndirmək mümkündür. Yəni ilkin baxışda şərtlər Qərblə Azərbaycan arasında zorən əməkdaşlıq şəraiti formalaşdırıb və əməkdaşlıq ortada olan buzu əritmir. Tərəflər sadəcə biri-birilərinə dözürlər və bu zaman qarşılıqlı etimadsızlıq uzaqdan hiss olunur.
 
Yaranmış vəziyyət Azərbaycan üçün təhlükəli xarakter daşıyır. Hər şeydən əvvəl Rusiyaya qarşı enerji müharibəsi Azərbaycan iqtisadiyyatına sarsıdıcı zərbələr vurur. Bir neft ölkəsi olaraq neftin qiymətinin iki dəfə ucuzlaşması faktiki olaraq Qərbin Rusiyaya qarşı olan savaşını Azərbaycan qarşı da çevirib. Və bu məsələdə heç bir şeyi dəyişmək mümkünü deyil. Azərbaycanın ehtiyatları isə ərəb dövlətləri qədər böyük deyil və bu ehtiyatlar bir neçə ildən sonra tükənə bilər. Yəni faktiki olaraq Qərbin Rusiyaya qarşı savaşı Azərbaycan dövlətini iflasa qədər götürə bilər. Bu durumda Azərbaycan üçün tək çıxış yolu ABŞ və AB ilə münasibətlərini daha sağlama alması və tranzit ölkə olaraq vəziyyətdən maksimum öz xeyrinə istifadə edərək geosiyasi əhəmiyyətini daha da möhkəmləndirməkdir.
 
Lakin son aylar Qərblə Azərbaycanın münasibətləri getdikcə daha da gərginləşir. Bu gərginliyin davam etməsi şəraitində Azərbaycanda ciddi siyasi, iqtisadi və sosial kataklizmlərin yaşanması qaçınılmaz ola bilər. Azərbaycan üçün tək yol isə «Böyük Xaos»un Cənubi Qafşaza daxil olmasının bütün imkanlarla qarşısının alınmasıdır. Yəni Rusiya ilə yaşanan «Böyük Qaz Savaşı»ında tranzit ölkə olaraq Azərbaycanda və bütövlükdə bütün Cənubi Qafqazda sabitliyin qorunması əsas proritet olaraq ortaya qoyulmalıdır. Azərbaycanın bir nömrəli məsələsi məhz bölgədə sabitliyin təminatçısı olaraq çıxış etməsi və buna nail olmasıdır.
 
İlham Əliyev Cənubi Qafqazda sabitliyin qarantıdır
 
Qərblə Azərbaycan hakimiyyəti arasında gərginliyi yaradan əsas səbələrdən biri rəsmi Bakının Qərbin ölkədə rəngli inqilab etmək niyyətindən çəkinməsidir. Son zamanlar Qərbə bağlı olan QHT rəhbərlərinə qarşı aparılan həbslər də məhz bundan doğur və bu həbslər hər nə qədər siyasi xarakterli olsa da, doğru atılmış addımlardır. Azərbaycan hakimiyyəti bu addımlarla faktiki olaraq Qərbin nəzərinə çatdırmağa can atır ki, bütün hallarda Azərbaycanda hakimiyyətin alternativi yoxdur və Qərbin bu alternativləri axtarması mənasızdır.
 
Əslində isə bu həqiqətdir. Bu gün bir mənalı olaraq İlham Əliyev Azərbaycanda və bütün Cənubi Qafqazda sabitliyin tək qarantı olaraq çıxış edir və bu qarantın doğurdan da alternativi yoxdur. Bu sözlər heç də boğazdan yuxarı söylənilən və kimlərəsə xoş gəlmək üçün deyil. Bu reallıqdır və hazırda Cənubi Qafqazda bu reallığı dəyişdirəcək heç bir faktor yoxdur.
 
İlham Əliyevi Azərbaycan prezidenti kimi Cənubi Qafqazda sabitliyin qarantına çevirən faktor isə birmənalı olaraq Azərbaycandakı siyasi sistemdir. Bu siyasi sistem son on ildə İlham Əliyevin şəxsiyyəti üzərində formalaşıb və bir mənalı olaraq prezident ölkədə və bütün bölgədə sabitliyin qarantına çevrilən faktora çevrilib. 
 
Azərbaycandakı siyasi sistemi İlham Əliyevdən kənarda təsəvvür etmək mümkün deyil. Əgər təsəvvür edə bilərsək belə, bu zaman ortaya 90-cı illərin əvvəllərindən daha dəhşətli və qorxunc bir xaos çıxır. Təsəvvür edin, hazırda ölkədə hakim komandanı bir-birinə bağlayan yeganə faktor prezidentdir. Bu olmadıqda məmur-oliqarxların savaşı Azərbaycanı yerlə bir etmək üçün yetərlidir. Nəzərə alınmalıdır ki, böyük maliyə resurslarına sahib olan oliqarxlara qarşı ölkədə bir-birlərinin boğazını hər gün çeynəyən, vahid platformaya heç bir halda ölkənin talyeini çiyinlərinə almaq gücünə sahib olmayan gücsüz, siyasi, iqtisadi və sosial resursları və eyni zamanda gücü olmayan xaotik bir müxalifət var. Bu müxalifət məmur-oliqarxların yaratdığı xaosu daha da böyüdəcək və ölkə idarəolunmaz bir fəlakətlə üz-üzə qalacaq. Bu iki üstə gəl ikidir.
 
Əsas təhlükə isə başqa yerdə gizlənib. Azərbaycan hakimiyyətinin əsas müxalifəti heç də 23 il tarixə sahib olan indiki müxalifət deyil. Əsas müxalifət son 10 il müddətində məscidlərdə yetişən dini kəsimdir və ölkədə hər hansı bir siyasi çalxalanma olduğu zaman bu müxalifət əlinə silah alaraq ortaya çıxacaq. Ən əsası ölkə birdəfəlik iki cəbhəyə, şiə və sünni-vəhabi cəbhələrinə bölünəcək. Bu isə sonucda Azərbaycanda daha dəhşətli Suriya yarada bilər. 
 
Ona görə də hər hansı bir halda indiki siyasi sistemdə ən kiçik bir çalxantı ölkəyə böyük fəlakətin qapısını açmaq üçün yetərli olacaq. Azərbaycanda baş verən kataklizmlər həmçinin çox böyük sürətlə Gürcüstana və Ermənistana sirayət edəcək və bölgə qan çanağına dönəcək. Azərbaycandakı siyasi sistemin əsas gücü isə ondadır ki, Gürcüstanda və Ermənistanda baş verən kataklizmlər Azərbaycana sirayət edə bilmir. 
 
Ölkəmizin və bölgənin gələcəyi bir mənalı olaraq Azərbaycanda sabitliyin qorunub saxlanılmasıdır. Yəni dolayısı ilə indiki hakimiyyətin 21-ci əsrin formalaşma prossesi sona çatana qədər mövcud olması bütün aspektlərdə hər kəsin maraqları daxilində olmalıdır. Bu Qərbin də maraqları daxilində olmalıdır. Olmazsa belə Azərbaycanın bütün resursları məhz bu marağın təmin olunmasına yönləndirilməlidir.
 
Azər QARAMNLI
pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar