Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəzail Ağamalıdan İsa Qəmbərin yazılarına reaksiya


Deputat: “Əslində Xalq Cəbhəsi iki qanada deyil, bir neçə qanada bölünmüşdü...”


Milli Məclisin və Müsavat Partiyasının keçmiş rəhbəri, MSDM başqanı İsa Qəmbər 28 il öncə AXC-nin III konfransı ilə bağlı 3-cü məqaləsini facebook səhifəsində paylaşıb. 

6-7 yanvar tarixli məqalələri kimi bu yazısı da kifayət qədər maraq doğurub. Yanvarın 29-na qədər bu tipli yazılarını davam etdirəcəyini bildirən İsa bəy son yazısında kifayət qədər maraqlı faktları sadalayıb, hər kəsin marağına səbəb olan məqamlara toxunub.

Əvvəlcə sabiq spiker əvvəlki iki məqaləsinin böyük maraq doğurduğunu, açıqladığı faktların əksəriyyət tərəfindən təsdiqləndiyini və mövzunun davam etdirilməsini istəyənlərin kifayət qədər çox olduğunu vurğulayıb. Daha sonra “Yeni Müsavat”da ilk məqaləsinə münasibət bildirən Hikmət Hacızadə və Nemət Pənahlıya təşəkkür edən İ.Qəmbər N.Pənahlının səsləndirdiyi bir ittihama toxunub: “Hər zaman olduğu kimi yalan-palan danışmaqdan özünü saxlamayıb. Məsələn, deyir ki, ”AXC-nin Təşəbbüs Qrupuna adım Əbülfəz bəy tərəfindən salınmışdı". Belə deyil. Etiraf edim ki, N.Pənahlının AXC Təşəbbüs Mərkəzinə daxil edilməsini mən təklif və təkid etmişdim, ondan Lex Valensa düzəltmək fikrindəydim. Alınmadı".

Ardınca İsa Qəmbər yazır: “Toplantıda iştirak etmədiyim üçün bu yazım daha qısa olacaq. Evdə idim, heç yerə çıxmadım, istirahət etdim. Doğrusu, Məclisdə nə baş verdiyi ilə də xüsusi maraqlanmadım. Düşünürdüm ki, İH-yə namizədliyimizi verməmişik, bizi seçməyəcəklər. Artıq xalq hərəkatına rəhbərlik edən AXC-nin sıravi üzvü olacağam və tarixi qərarlara görə də məsuliyyət daşımayacam. Fikirləşirdim ki, bir neçə gündən sonra dostlarla görüşərəm, qurmaq istədiyimiz təşkilat barədə məsləhətləşmələri davam etdirərik. Hesab edirdim ki, quracağımız təşkilat AXC-yə alternativ və ya rəqib olmamalıdır. Amma necə deyərlər, sən saydığnı say, gör fələk nə sayır...”

Daha sonra sabiq başqan yazır: “Axşam hardasa saat 11-də ev telefonuma zəng gəldi. Zəng edən Fəzail Ağamalı idi. Fəzail müəllim məni təbrik etdi, dedi ki, ən yüksək səslə İH-yə seçilmişəm. Doğrusu, təəccübləndim, dedim ki, ”necə yəni seçiblər, axı mən namizədliyimi irəli sürməmişəm və heç kimə belə bir səlahiyyət verməmişəm". Dedi ki, Məclisin qərarı belə oldu. Sonra da Ə.Tahirzadənin qeydlərində adıçəkilən hər kəsin neçə səslə seçildiyini, seçilməyənlərin də neçə səslə İH-dən kənarda qaldığını bir-bir diktə etdi, mən də kağız-qələm götürüb qeydiyyat apardım. F.Ağamalı özünün də namizəd olduğunu, amma seçilmədiyini qeyd etdi. Bu zəngdən 30-40 dəqiqə sonra Pənah Hüseyn və Arif Hacılı bizə evə gəldilər. Məclisin nəticələrindən xəbərdar olduğumu bilib bu dəfə onlar təəccübləndi. Fəzail Ağamalının zəngini deyəndə güldülər və onun Məclisə rəhbərlik etmək cəhdinin qarşısının necə alındığını danışdılar..."

Yazıda adı keçən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı həmin konfransı detallarına qədər xatırladığını bildirdi: “Mandat Komissiyasının sədri kimi konfransda funksiyamı yerinə yetirirdim. Rayonlardan kimlər gəlməli, kimlər konfransda iştirak etməlidir kimi siyahı əlimdə var idi. O zaman konfransın keçirildiyi yerin giriş qapısında fəal cəbhəçilər yer alıb, heç kimi buraxmaq istəmirdilər. Məhz əlimdə olan siyahıya əsasən, insanlar zala daxil ola bilirdilər. Konfrans kifayət qədər ziddiyyətli, gərgin keçmişdi. Orada İsa Qəmbərin rəhbərlik etdiyi ”liberal" qanad var idi. Bunu onun özü də etiraf edir. Əbülfəz Elçibəyin barışdırıcı mövqe tutan mövqeyi var idi. Nemət Pənahlı, Etibar Məmmədov, Rəhim Qazıyev tamam fərqli, Zərdüşt Əlizadə, Leyla Yunus və Ələkrəm Hümmətov də tam başqa  mövqedə idilər. Onların əksəriyyəti AXC-nin İdarə Heyətində təmsil olunurdular. Əslində Xalq Cəbhəsi iki qanada deyil, bir neçə qanada bölünmüşdü. Elçibəy daha çox barışdırıcı mövqe tutmağa çalışırdı. Elçibəylə Nemət Pənahlı arasındakı qarşıdurmanı da xatırlayıram. Mənə elə gəlir ki, məhz bundan sonra Nemət bəy artıq Xalq Cəbhəsindən aralanmış oldu. Sonradan Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahlının yaratdıqları Milli Şura buna sübutdur. İsa bəyin qeyd etdiyi həmin konfrans başa çatmadı, təxirə salındı. Konfrans başqa məkana keçirildi və orada idarə heyətinin formalaşması məsələsi ortaya qoyuldu. Namizədlərin adı səsləndirildi. Həmin vaxt AXC-nin Səbayel üzrə əlaqələndiricisi idim, Məclisdə təmsil olunurdum, Xalq Cəbhəsinin təsisçilərindən biri idim. Namizədliyim irəli sürüldü. 

Konfrans günü yaxşı yadımdadır ki, həmin gün İsa bəyə və Etibara bəyə zəng vurdum, onlar arasında ortaq nöqtənin tapılması arzumu ifadə etdim. Onları İsa Qəmbərin evində görüşdürdüm. Həmin vaxt evdə İsa Qəmbər və rəhmətlik Nəcəf Nəcəfov var idi. Onlar arasında söhbət çox gərgin keçdi və onları eyni mövqeyə gətirmək arzumu reallaşdıra bilmədim. Demək olar, bu görüş nəticəsiz bitdi. Namizədliyim idarə heyətinə səsvermədə keçmədi, cəmi 2-3 səsim çatmadı. Lakin AXC-nin Məclis üzvü olaraq qaldım. Konfrans bundan sonra başa çatdı və idarə heyəti tam formalaşdı. Həmin günlərdə Azərbaycan qaynayırdı. Bakıya xəbər çatırdı ki, sovet qoşunları ətraflardan Bakıya toplaşır. Yanvarın 11-də Bakıda mitinq keçirilən zaman Tofiq bəy və Elxan bəyin dəvəti ilə Tovuza getdim. Yanvarın 12-də Tovuzun mərkəzində biz mitinq keçirdik. Həmin gün mənə məlumat çatdı ki, Xanlara (indiki Göygöl) ermənilər hücum etdilər. Elçibəylə danışıb, ora getdim. Yanvarın 22-nə qədər orada oldum. 

Cəbhənin yerli sədri ilə birlikdə könüllülərə rəhbərlik edib, Xanların iki kəndini ermənilərdən təmizlədik, bizdən itki olmadı, ermənilərdən 15-16 nəfər, eyni zamanda ruslardan iki əsgər qətlə yetirildi. Bunları ona görə deyirəm ki, orada olanda 20 Yanvar faciəsi Bakıda törədildi. Faciədən sonra AXC-də qütbləşmə daha da dərinləşdi. Radikallarla liberallar arasında münasibət daha kəskin xarakter aldı. O vaxt məsələlərə öz müstəqil yanaşmaları olanlar var idi ki, mən onların içərisində idim. O vaxt Məclisin katibliyi funksiyası meydana çıxdı və bunu mən öz üzərimə götürdüm. Bölgələrdə konfransların stenoqramlarını kitab kimi dərc etdirdim. Mövqeyim artıq liberalları qane etmirdi. Etiraf edim ki, Heydər Əliyevə olan simpatiyamı dilə gətirib önə çəkməyim Hikmət Hacızadə səviyyəsində dilə gətirildi ki, bu Heydər Əliyevin adamıdır. Onların tərəfdarları mənə qarşı haqsız hücuma keçdilər. Bu səbəbdən Məclis üzvlüyündən istefa verdim. İyun ayında keçirilən iclasda və İsa Qəmbərin rəhbərlik etdiyi qrupun, Tamerlan Qarayevin ciddi səyləri ilə AXC Məclisinin katibi seçilmədim. Bundan sonra AXC-dən istefa verdim və partiya yaratmaq haqqında düşündüm. Yaratdığım partiyada etiraf edim ki, Qabil Hüseynlinin çox böyük əməyi oldu. Elçibəyin də belə bir partiyanın yaradılmasına marağı var idi və partiyamızın yaranmasına xoş münasibət sərgilədi. Çox güman ki, İsa bəy bu məsələləri nəzərdə tutub. Dəqiq yadımda olmasa da, ola bilər ki, İsa bəyə zəng edim, onu idarə heyətinə seçilməsi münasibətilə təbrik edim. Onu təbrik etməyim mümkündür. İsa bəy düz deyir, konfransda iştirak etmirdi". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar