Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əyri


Baxırsan ki, bütün həyatın ancaq özünə bir ev tikməyə bəs eləyir


Gənclik illərindən başlayıb, ömrün sonlarına qədər güclə bir daxma qaraldırsan. Evin əl-ayağını başına yığandan sonra ən böyük otaqların birinə sənin tabutunu qoyurlar. Bununla da iş tamamlanır.
 
Mən də evi belə tikdim. Bakıda aldığım torpaq sahəsində evin özülünü qoyanda betonu əyri tökdülər. Ustalara etiraz etdim. Dedilər, müəllim, narahat olma. Daş hörüləndə əyrilik düzələcək. Nəhayət, hörgü zamanı gəldi. Gördüm ki, hörgü də əyilir, yenə etiraz etdim, daha doğrusu ustalara – “işi dayandırın” - dedim, - “belə getsə evim yıxılacaq”. İki usta, iki fəhlə iki saata  and içib məni inandırdılar ki, suvaq vurulanda ev düzələcək və o əyrilik itəcək. Mən də inandım. Suvaq vuruldu, gördüm ev daha da əyridir. Dedim, dedilər ki, biz neyləyək, divar əyridir. Amma ümid var ki, evin banı vurulanda əyrilik düzəlsin. Nə isə...Tavan  əyri, pəncərə əyri, pəncərədə pərdə əyri. Beləliklə, evim əyri tikildi.
 
Gənclik illərində bir şeir yazmışdım, özüm də bilirdim ki, şeirin axırıncı bəndinin birinci misrasında bir əyrilik var, vəzn sınır. Dedim, qoy hələ qalsın, çapa verəndə düzəldərəm. Şeir çap olundu, əyri də öz yerində. Dedim, eybi yoxdur, kitabımda düzəldərəm. Kitab çap olundu, gördüm  ki, həmin əyri, yəni vəzn sınıqlığı öz yerini daha da möhkəmləndirib. İndi o şeirə nəğmə bəstələyiblər. Mahnı da əyri. Mahnını da gözəl bir xanım oxuyur, mavi ekranda xanımın da ağzı əyri.
 
Qonşumuzda bir oğlan uşağı vardı. Bizim toyuq hinindən yumurta oğurlayırdı. Nənəsi deyirdi, nəvəm fərasətlidir. Anası deyirdi ki, uşaqdı dana, eybi yox, məktəbə gedəndə düzələcək. Məktəbə getdi, mənim qələmimi oğurladı, yenə anası dedi ki, universitetə girəndə düzələcək, universitetdə dostunun telefonunu oğurladı, dedilər işləyəndə düzələcək. İndi işləyir. Bütün işləri əyridir. Bir əyri qonşu yaşayır bizim həyətdə.
 
Əyrilərlə doludur həyat. Bəzən görürsən ki, düz olanı da əlimiz əyri tutur. Bir şeirdə deyildiyi kimi: “əyri tutmusan əllərində həyatı”. Necə deyərlər, yük əyiləndə daş uzağa düşür. Nənəmin dahiyanə bir söz vardı. Eltilər haqqında. Elti qayın arvadına deyirlər, yəni bir qardaşın arvadı o bir qardaşın arvadıyla eltidir. Gələk nənəmin məşhur sözünə: “Balta əyrisi, elti əyrisi.” O deməkdir ki, baltanın əyrisi düzələ bilərsə, eltinin əyrisi də düzələr.
 
Dost-tanış, qohum-əqrəba arasında məşhur bir misal var. Adətən arada narazılıq, umu-küsü olanda bu misalı çəkirlər: “Xiyar ona görə əyri bitir...” Demək, xiyarın da dərdi var. Özü də bioloji. Biz bunu öyrənə bilmərik. Xalq  xiyarın əyriliyinə sosial məna verib, bir növ xiyarın əyriliyini gətirib öz işlərinə bağlayıb.
 
“Əyri” məsələsi hər bir işdə var. Elə Qarabağ problemi. Kimsə, nə vaxtsa Qarabağ məsələsini əyib. İndi bütün siyasətçilər yığışıb bu əyrliyi düzəldə bilmirlər. Ya da düzəltmək istəyəndə başqa bir tərəfə əyirlər.
 
Suriya, İraq, Fələstin, İran, Amerika, Rusiya əyriliyi bu saat bütün münasibətlərə təsir göstərir. İstər siyasi olsun, istər iqtisadi, fərqi yoxdur, hər şeyə təsir göstərir. Hətta  mənim evimin, şeirimin əyriliyinə. Və beləliklə, yük əyilir.

Qəşəm Nəcəfzadə(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar