Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb ölkələri üzrə ekspert Fərda Əsədov: “Artıq növbə İrana çatıb”

Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov müsahibəsində ABŞ-İran böhranını şərh edib


PİA.AZ müsahibəni oxucularına təqdim edir.

– Fərda müəllim, dünya mediası, analitiklər ABŞ prezidentinin birtərəfli qaydada İranla imzalanan nüvə sazişindən çıxması və bunun mümkün nəticələri barədə danışır. Siz, Donald Trampın addımını necə şərh edirsiniz?

– Hesab edirəm ki, biz, Trampın bu qərarını onun əvvəllər bəzən təəccüb, bəzən anlaşılmazlıq yaradan digər qərarları ilə bir sıraya qoymalıyıq. Məsələn, ABŞ səfirliyinin Qüdsə köçürülməsi, Səudiyyə Ərəbistanı ilə açıq şəkildə silah müqavilələri, Şimali Koreya ilə münasibətdə sərt mövqe tutması və digər qərarları əslində açıq biznes yönlü düşüncə sahibi olan siyasətçinin addımlarıdır. Biz beynəlxalq münasibətlərin məntiqinə baxsaq, bu qərarları qanunauyğun mərhələ kimi qiymətləndirmək olar. Nəzərə alın ki, beynəlxalq münasibətlərdə ciddi yorğunluq var, illərlə yığılıb qalan problemlər həllini tapmır. Uzun müddətdir ki, ABŞ-ın ikili münasibət sərgiləməsi, konkret münasibət ortaya qoyaraq, onun üzərində dayanmasını görmürük. Əksinə, ABŞ-ın ortaya bir mövqe qoyub başqa cür hərəkət etməsinin də şahidi oluruq. İndisə Trampın simasında açıqcasına ölkənin maraqlarını rəhbər tutaraq, onu həyata keçirmək üçün ortaya qətiyyətli mövqe qoymasına şahidik. Digər tərəfdən, biz anlamalıyıq ki, beynəlxalq münasibətlər biznes, konkret sərmayə qoyuluşu və gəlir götürmək sahəsi deyil. Burada böyük insanlar, kollektivlər, ölkələr, tarixi düşüncə kimi incə məsələləri var və onları nəzərə alaraq vəziyyəti gərginləşdirməkdənsə, yaxşılığa doğru aparmağa ehtiyac var. Bax, bu düşüncəni Donald Tramp a görmürük. Təəssüflər olsun ki, bu amil əlavə gərginlik yarada bilər. Eyni zamanda biz sanki ABŞ-ın Yaxın Şərqdəki siyasətinə tam dəstək verməyən, amma ABŞ-la birgə siyasət aparmaq məcburiyyətində qalan Avropa ölkələrinin qərar vermə həddinə çatdığını görürük. Əslində buna müsbət baxmaq lazımdır. Yəni Tramp belə addım atmaqla sanki Avropa ölkələri qarşısında onların Yaxın Şərqdə müstəqil siyasət aparmaq qətiyyətinin olub-olmadığı məsələsini aydın qoyur. Əslində indiyə qədər Yaxın Şərqdə problem yarananda beynəlxalq münasibətlərdə bu məqam ortaya çıxırdı, amma öz sonluğunu tapmırdı. Trampın İranla bağlı qərarından sonra bu məqam artıq yetişmiş kimi görünür. Qalır Avropanın mövqeyini dəqiqləşdirmək və konkretləşdirməyi.

– Trampın məlum qərarından dərhal sonra İsrail ordusu Suriyada İrana məxsus hərbi bazalara zərbələr endirməyə start verib. İsrailin bu addımları ilə Trampın qərarı arasında bağlılıq varmı?

– Trampın məlum qərarı və bundan sonra İsrailin Suriyada İrana məxsus hərbi hissələrə zərbələr endirməsi arasında əlaqə var. Hətta bu, eyni zamanda İsrail-ABŞ münasibətlərinin xüsusi səviyyədə olması ilə bağlıdır. Biz indiyə qədər Trampın İsrail siyasətinə dəstək verdiyini onun ardıcıl addımları ilə görmüşük. İsrail özü bu məqama qədər Fələstin dairəsindən kənarda olan ərəb ölkələri və Yaxın Şərq məsələlərində bilavasitə öz iştirakını göstərmirdi. Hətta bəzən İsrail siyasətçiləri tərəfinfən belə fikirlər səsləndirilirdi ki, biz neytral mövqedəyik, bunun sonu necə olacaq və s. Amma ABŞ qətiyyətli addımlar atanda onun müttəfiqləri də qətiyyətli addımlar atmalı olur. İsrail də ABŞ-ın hədəf götürdüyü İrana qarşı öz resursları ilə təzyiq göstərmək yolunu seçib.

– Sizə elə gəlmir ki, İsrail bu addımları ilə sanki ABŞİranla müharibəyə sövq etməyə cəhd edir?

– Biz Yaxın Şərqdə İsrailin münasibətlərinə baxanda görürük ki, Türkiyə ilə bir müddət yaxınlıq etsə də, indi bu yaxınlıq gözə dəymir. Düzdür, tərəflər qəti konfrontasiya həddinə də çatmayıb, amma sanki bu müttəfiqlik aradan çıxır. Ancaq İsrailə münasibətdə İran qədər sərt mövqe tutan ölkə heç ərəb dövlətləri arasında da yoxdur. İranın da hərbi potensialı və siyasi sisteminin sabitliyi İsrail üçün ciddi təhlükədir. Onu da nəzərə almaq lazımdır ki, İran nəinki öz dairəsində olan ölkələrə, o cümlədən bütün islam dünyasına rəhbərlik etmək, beynəlxalq münasibətlərdə də özünü göstərmək istəyir. Bu da İranı İsrailin gözünə ciddi təhlükə kimi göstərir. Artıq növbə İrana çatıb. İsrail və ABŞ bu mərhələdə İranın siyasətində köklü dəyişikliklər etməyə, Tehranı iddialı siyasətindən geriyə addım atmağa məcbur etmək niyyətindədir.

İran bu təzyiqlərin qarşısında geri çəkilərək ABŞ-ın şərtlərini qəbul edəcəkmi?

– Bu, olduqca çətin məsələdir. Biz bu problemə İran, İsrail və ABŞ arasında deyil, daha geniş müstəvidə baxmalıyıq. Aydın məsələdir ki, İran geri çəkilərsə, Suriyada Rusiyanın mövqeyi xeyli zəifləmiş olar. Bu halda Rusiya qəti addımlar atmaq məcburiyyətində qalar. İndiki halda İranı dəstəkləyən Rusiyadır. Hazırda məsələ Rusiyanın mövqeyi və qətiyyətindən, Tehran-Moskva münasibətlərinin nə dərəcədə sabit olacağından asılıdır. Mən düşünmürəm ki, İran asanlıqla geri çəkilə bilər.

Trampın siyasəti əvvəlki tendensiyaların bariz təzahürü olsa da, ABŞ-ın müttəfiqləri arasında anlaşılmazlığa səbəb olur. Avropa haqqında danışdıq. ABŞ-ın özündə də Trampın siyasətinin əleyhinə çıxan nüfuzlu siyasətçilər və təşkilatlar var. Söhbət ondan gedir ki, Trampın İran siyasəti uğursuz olarsa, qarşıdan gələn seçkilərə təsirini göstərər və başqa nəticənin ortaya çıxmasına səbəb ola bilər. Yox, əgər Tramp qətiyyət göstərərək İranın geri addım atmasına nail olarsa, bu halda seçkilərdə onun üstünlüyü ortaya çıxa bilər. Tramp çox riskli və özünəməxsus qaydada siyasət aparır.

– Faktiki olaraq, İsrail və İran Suriyada bir-birinə zərbələr endirir. Bu genişmiqyaslı müharibəyə səbəb ola bilərmi?

– Mən düşünmürəm ki, iri miqyaslı müharibə olsun. İri miqyaslı müharibə o deməkdir ki, ya Rusiya çəkilməlidir, ya da müharibəyə girişməlidir. Düşünmürəm ki, Rusiya ilə müharibə etmək kiminsə məqsədi olsun. Rusiyanı indiki potensialı ilə müharibəyə çəkmək məqsədi yoxdursa, deməli hərbə aparan yolda “qırmızı xətt”i keçmək ehtimalı azdır.

İranla başlanan bu qarşıdurmanın həlli yolları barədə nə düşünürsüz?

– Konkret proqnoz vermək məsuliyyətini üzərimə götürmək istəmirəm. Düşünürəm ki, kompromis olmalıdır. Özü də bu kompromis Yaxın Şərq siyasətində deyil, beynəlxalq münasibətlərdə ümumi anlaşma mövqeyinə gətirilməlidir. Əlbəttə, burada köklü problemlər var. Məsələn, Avropa siyasəti, Rusiya-Avropa münasibətləri, Yaxın Şərq prosesləri, İran məsələsində qlobal kompromis olmalıdır. Amma konkret nələrin baş verəcəyini deməkdə çətinlik çəkirəm.

– İndiki mərhələdə gərginlik artan xətt üzrə davam edəcək, yoxsa nisbətən sabitləşmə meylləri müşahidə olunacaq?

-Düşünürəm ki, məsələ hələ gərginləşmənin tam qaynaq nöqtəsinə gəlib çatmayıb, amma buna az qalıb.

– Faktiki olaraq ABŞ prezidentinin son qərarı Avropada dəstəklənmədi. Avropanın dəstəyi olmadan Donald Tramp regional və qlobal problemlərin həllinə nail ola bilərmi?

– Mən bunu mümkün hesab etmirəm. Bu durum ilk olaraq ABŞ daxilində böyük problemlər yaradacaq. İndiyə qədər ABŞ-ın Avropaya qarşı, Avropada narazılığa səbəb olan siyasət aparmasını müşahidə etməmişik. Düşünmürəm ki, indiki vəziyyətdə bu mümkün olsun. Ola bilsin ki, Avropanın müstəqil siyasət aparmasına ABŞ-da maraq azdır. Lakin bir şey var. Uzun əsirlər boyu siyasətdə güc tətbiq etməklə uğur qazanmaq prinsipi əsas qanunauyğunluq idi. Mən düşünürəm ki, artıq ictimai fikirdə, o cümlədən beynəlxalq siyasətdə fəaliyyət göstərən düşüncə sahiblərində daha çox humanizm və sülhün mütləq dəyər olması prinsipləri üstünlük qazanır. Bu mənada biz beynəlxalq münasibətlərin humanistləşməsini gözləməliyik. Mən bu dəyərin tədricən beynəlxalq siyasətdə özünə yer tutacağına ümid edirəm.(teleqraf.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar