Cümə, 22 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Əməl dəftəri № 24061938

Əbülfəz Elçibəyin ruhuna ithaf olunur


“…Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar (şad olarlar). Onlara tük (xurma çəyirdəyinin yarığındakı tel) qədər haqsızlıq edilməz”.

(Qurani-kərim, əl-İsra surəsi, 17/71)

Qiyamət günü idi. Uca Allah müqəddəs kitablarda xəbər verdiyi kimi, İsrafilin surunun orqan səsi tək hökmlü, qulaqbatıran və tükürpədici sədasını cəmi-məxluqata dinlətdikdən sonra bir neçə milyard il öncə öz əli ilə yaratdığı, bu qədər uzun ömür sürüb ahıllaşan, beli bükülüb taqətdən düşən füsunkar Yer kürəsinin əcəlini tamamlayaraq dəhşətli zəlzələlərlə bu planeti və onun sakinlərini məhv etmiş, bir müddət sonra da, çox qəribədir ki, bu məxluqatı elə eyni sədaların müşayiəti ilə diriltmiş və məhşərə toplamışdı. Bəli, bəşəriyyətin özü qədər qədim olan bu vəd, nəhayət, gerçəkləşmiş, haqq-hesab günü gəlib çatmış və bəndələr öz əməllərinin qarşılığını görmək üçün Ərəsat meydanına toplaşmışdılar. Kənardan izdihamlı mitinqi xatırladan bu ilahi məhkəmədə müttəhimlər – bəndələr və onların şahidləri mələklər tərəfindən bir-bir hakimlər hakimi olan Allahın hüzuruna çağırılır, günlərlə sorğu-sual edilir, nəhayət, əməl dəftərləri verilərək hökm oxunur və bəndələrin aqibəti müəyyənləşir; ya cənnətə, ya da cəhənnəmə göndərilirdi.

Bir neçə gün öncə bəndələrdən Əbülfəz Elçibəyin məhkəməsi başlandı. Bu arıq, çəlimsiz, sufi mürşidisayağı ağ saçlı, ağ saqqallı, nur camallı, ürəyitəmiz, gülümsər qoca çox sevdiyi İslam peyğəmbəri ilə eyni yaşda ömrünü başa vurub, dirildilərək ömrünün dəyərli illərini xərclədiyi “Azadlıq” meydanını andıran bu qarmaqarışıq və usandırıcı Ərəsatda aylarla gözləyəndən sonra növbəsi çatınca ilahi hüzura çağırılaraq sorğu-sual edildi, şahidlər onun haqqında öz ifadələrini verdilər. Şahidlərin əksəriyyəti onun cəbhədaşları, partiyadaşları və İkinci Cümhuriyyətin vətəndaşlarından ibarət müasirləri olsa da, az bir qismi vəfatından sonra doğulan, haqqında oxuyub öyrənən, əxlaqını və məfkurəsini sevən, görmədən, bilmədən ona aşiq olan bəndələr idi. Hər iki qisimdən olan şahidlərin çoxu Bəyin lehinə və əleyhinə ənənəvi ifadələri səsləndirsə də, onlardan biri maraqlı və orijinal ifadə verməklə Hakim və müttəhimin diqqətini cəlb etməyə, hətta Rəbbinin onunla dialoqa girməsinə nail oldu:

− Məndən öncəkilərin ifadələrini dinlədim. Əziz Allah və Bəy, gəlin etiraf edək ki, bu ifadələr, əsasən, öyrəşdiyimiz, Yer üzündə yaşayarkən qulaqlarımızın eşitməkdən qabar olduğu usandırıcı cümlələrdən ibarətdi. Mən bəndeyi-həqir isə çalışıb bər-bəzəkdən uzaq, səmimi ifadəmi ərz edəcəm. İzin verirsənmi, ya Rəbb? – deyə üzünü camalı olduqca parlaq və gözqamaşdırıcı nur haləsi içində itib-batan, beləcə, məhşərdə də gözəgörünməzliyinə davam edən Allaha tutaraq, təvazökar və fağıryana baxışlarını Ona zilləyib icazə aldı.

− Əlbəttə! Buyur, Mənim əziz qulum, səni eşidirik! – deyə Allah dini filmlərdə olduğu kimi bariton səsi ilə şahidə xitab etdi.

− Doğrusu, mən Bəydən fərqli olaraq türkçü deyiləm, türkçülüyün və ümumən millətçiliyin istənilən təzahürünü dəstəkləməkdən tamamilə uzağam, − deyə şahid baxışlarını tribunaya endirib ifadəsini dilə gətirməyə başladı.

− Maraqlıdı, niyə?

− Sadəcə, hər hansı bir etnosa mənsub olub, onu digər etnoslardan üstün tutmaq və təəssübünü çəkmək hissi, əsasən, mənə yaddı. Bir yandan da, millətçiliyi sağlam məntiq və fitrətə zidd hesab edirəm, − deyə şahid yanındakı bir qədəh Zəmzəm suyundan içib tribunaya yaslanaraq çıxışına davam etdi. – Baxın, cümlə bəşəriyyət ilk insan olan Adəmdən törənməyibmi, əsrlər sonra xalqlara, millətlərə bölünməyibmi və Sən bunu nazil etdiyin son müqəddəs kitabda – Quranda bəyan etməmisənmi, İlahi?

− Düzdü, bəyan etmişəm. Nəzərinə çatdırım ki, Mən buyuruqlarımı unutmaqdan uzağam və Qurani-şərif daim Mənim əzəli yaddaşımda – Lövhi-Məhfuzdadı.

− Həmd olsun Sənə, Allahım! Madam ki Sənin buyruqlarında xəta ola bilməz və xalqlaşma, bir növ, dinlərdəki bidətlər kimi sonradan meydana gəlib, deməli, millətçiliyin adı və əsası yoxdu, deyilmi?

− Elədi, amma bu binəva qulum Elçibəy axı şovinizmə yuvarlanmamışdı. O, sadəcə, öz xalqını sevir və onun inkişafına çalışırdı. Bir özün fikirləş; əgər o, şovinist olsaydı, ölkəsində yaşayan azsaylı xalqlar və etnik qruplar haqqında fərman verməz, nəşr etdikləri qəzetlərə maliyyə yardımı ayırmaz, onlara radio və televiziyadan istifadə etmək imkanı yaratmaz və beləliklə, onları ölkəsinin ana etnosu olan azərilərlə bərabərhüquqlu hesab etməzdi. Razısan?

− Bəli! Amma Elçibəyin bir sözü var: “Mən bütün insanları sevirəm, türk millətini isə daha çox sevirəm!”

− Belə söz demisənmi, Bəy?

− Bəli, Tanrım, demişəm, − deyə Elçibəy oturduğu kətildən yorğun nəzərlərlə üzünü Allaha sarı çevirib cavab verdi, amma təqribən günəş kimi parlayan nur haləsinə baxmağa davam gətirməyən nəzərləri sınıb yerə, sonra da şahidə dikildi.

− Olsun. Sevmək şovinizm deyil. Çünki sevmək ayrı, üstün tutub xüsusi imtiyazlar vermək ayrı, − deyə Rəbbi öz Elçisini müdafiə etdi. – Buyur, davam elə, şahid qulum!

− İlahi, mən türkçülüyün təzahürlərindən olan ortaq türk dili və əlifbasına, yəni İstanbul türkcəsinə və Göytürk əlifbasına keçilməsinin, ortaq valyutanın dövriyyəyə buraxılmasının, Turan dövlətinin yaradılmasının və İstanbulun ona paytaxt qılınmasının da əleyhdarıyam, − deyə şahid Hakim və müttəhimi heyrətləndirməyə davam etdi.

− Niyə, inadkar qulum?

− Çünki bu islahatlar həyata keçirildiyi təqdirdə, nəticələri yazıq xalqın başında çatlayacaqdı. Təsəvvür edin, illərlə kiril və latın əlifbasına öyrəşmiş bir xalqı başqa bir əlifbada yazmağa məcbur edirsən, özü də Göytürk əlifbası kimi ibtidai və əndrəbadi hərflərdən ibarət bir əlifbada, – Elçibəyin xəfif acıqlı nəzərlərinə əhəmiyyət vermədən səsinin tonunu qaldıraraq davam etdi. – Əlifba cəhənnəmə, hələ dili demirəm! Azəri türkcəsinə, müəyyən bir ləhcəyə öyrəşmiş xalq niyə İstanbul türkcəsində danışmağa məcbur edilməlidi ki? Məgər istanbulluların ləhcəsi bizimkindən artıqdı? Axı bu, ana dilimizə qarşı hörmətsizlik və xalqa zülmdü! Allahım, iki ay öncə sorğu-sual etdiyin türkçü qulun Əli bəy Hüseynzadəni məhz “Füyuzat” dərgisini adı çəkilən ləhcədə tərtib etdiyinə görə qınayan mən, Səncə, Elçibəyi bu baxımdan dəstəkləyə bilərəmmi?

− Səsini çox qaldırma, dil-dil ötən qulum! – Allah müdrikyana əda ilə dedi. – Sənin görüşlərinlə müəyyən mənada razıyam.

− Bağışla, Allahım! Əstəğfirukə və ətubu ileyk!

− Mənimlə ərəbcə danışma. Bayaqdan türkcə danışırdın, anlamırdımmı? Mənim ana dilim yoxdu. Mən dillərin, dinlərin və cümlə bəşəri xüsusiyyətlərin fövqündə dayanan əziz və cəlil Allaham! İndi isə de görüm, bütün bunlarla nə demək istəyirsən? İfadən elə bundan ibarətdi? Yekunlaşdır, Mən də, nəhayət, hökmü verim; Bəy yaman yorğundu.

− Baş üstə, ya Rəbb! Bütün bunlarla demək istəyirəm ki, Elçibəyin türkçülüyünü sevmirəm. Mən Bəyi xalqını təmənnasız sevərək ona xidmət edən, son dərəcə cəsur, qürurlu, əyilməz, dürüst, əqidəli, gözəl əxlaqlı, sufitəbiət bir insan, qurduğu dövlətin tam müstəqilliyinə çalışan, büdcədən zərrəcə mənimsəməyən ədalətli bir prezident və böyük demokrat kimi sevirəm! Mən onun Yeltsin və Tetçerə yönəlik qətiyyəti ilə, nəfsini yenərək neftimizin − dünyanın dörd bir tərəfinin ehtirasla tamahsılandığı bu qara mayenin bütünlüklə xalqın ixtiyarına verilməsi uğrunda göstərdiyi fədakar səylə, nəhayət, Makiavellinin “Hökmdar”ına yox, məhz fitrətinin diktə etdiyi “Allah”a və “Xalq”a əməl edib, hökmdarların qəzəbini, Allahın və xalqın isə sevgisini qazanması ilə fəxr edirəm! Onun fəzilətləri çoxdu. Bu arada, o özü də bilir ki, adının ərəbcədən tərcüməsi “fəzilət atası”dı. Amma, məncə, o, fəzilətlər atasıdı!.. Məndən öncəki şahidlər onun fəzilət və nöqsanlarını sadaladılar, lehinə və əleyhinə ifadələr verdilər, müxtəlif arqumentlər dilə gətirdilər. Amma bu arqumentlərə əks-arqumentlərlə cavab vermək mümkündü. Odu ki, mən onların hallandırmadığı parlaq və təkzibedilməz bir dəlil gətirməklə Bəyimizin prezidentliyinin, necə deyərlər, batinini xarakterizə etməyə çalışacam, İlahi!

− Buyur, − deyə Hakim və müttəhimin heyrət dolu baxışları odlu-alovlu şahidə yönəldi.

− Əgər Elçibəy zəif və uğursuz bir prezident olsaydı, onda hakimiyyətinin altı ayı tamam olar-olmaz Rusiyanın Bakıdakı səfiri Moskvaya belə bir şifroqram göndərməzdi: “Azərbaycan bu yüksəlişlə gedərsə, yaxın üç ilə Rusiyanın nüfuz dairəsindən tamamilə çıxacaq, digər respublikalara da nümunə olacaq, sonra biz onların heç birini saxlaya bilməyəcəyik. Təcili tədbir görmək lazımdır”. Bəlkə, düz demirəm? Yoxsa qara camaat və duyğusal zahirpərəstlər Bəyimizin bir illik hakimiyyətini bu səfir kimi peşəkar şəkildə dəyərləndirə bilərlər? Xeyr, onlar bunu bacarmazlar!

− Afərin! Doğrudan da, təkzibedilməz dəlil gətirdin. Bax, indi səndən xoşum gəldi və bu dəfə səs tonunu qaldırmağından həzz aldım! Buyur, ifadəni tamamla, keçək mətləbə, yəni hökmə.

− Təşəkkürlər, İlahi! – deyə sevincini izhar edən şahid quruyan boğazını Zəmzəmlə yaşlayıb, Elçibəyin ona yönələn gülümsər və həyəcanlı nəzərləri altında, – mən Elçibəyi, nəhayət, Sənin övliyalarından hesab edib, dünyada yaşadığım müddətcə onu sevmişəm və indi də sevirəm! − deyə ifadəsini şövqlə sonlandırdı.

− Eşq olsun, əziz qulum! Məni də təsirləndirdin. Deyim ki, Elçibəyi bunca sevdiyinə görə, çox güman, onunla eyni aqibəti bölüşməli olacaqsan. Amma sənin sorğu-sual vaxtına hələ bir xeyli var. Gedə bilərsən.

Şahid Allaha və Elçibəyə təbəssüm saçaraq ilahi hüzuru tərk etdi. Elə bil, muradına çatıb cənnətə qovuşmuşdu.

− İndisə hökm verməyin vaxtıdı. Amma əvvəlcə, əziz mələyim Rizvan, günlərlə sorğu-sual etdiyim bu qulumun əməl dəftərini gətirib ona təqdim elə, − deyə Allah cənnətin gözətçi mələyinə əmr etdi.

Siması ulduz kimi işıq saçan Rizvan Elçibəyin əməl dəftərini gətirib onun sağ əlinə verdi.

Allah buyurdu:

− Əməl dəftərini aç, oxu, gözlərin işıqlansın. Xoş halına, əziz qulum!

Elçibəy üzərinə “Əməl dəftəri № 24061938” yazılan və üz qabığı mavi, al və yaşıl rənglərə bürünmüş iri bloknotu intizarla açıb oxudu; orda onun həddi-büluğ çağından ta ölənədək işlədiyi əməllər qeyd edilmiş və onların mütləq əksəriyyəti saleh əməllər kateqoriyasından olub, qırmızı rənglə, çox az qismi isə günahlar kateqoriyasından olub, qara rənglə verilmişdi. Bloknota ötəri nəzər salan Elçibəy hökmü dinləmək üçün ayağa qalxıb üzünü Allaha çevirdi.

Allah buyurdu:

− Beləliklə, miladi təqvimlə 1938-ci ildə Yer planetində doğulub, 2000-ci ildə elə ordaca vəfat edən qulum Əbülfəz Qədirqulu oğlu Elçibəy haqda hökm verirəm: “Əməl dəftərində qeyd olunan saysız-hesabsız saleh əməlləri və tutduğu pak-mübarək yol nəzərə alınaraq, sevimli peyğəmbərim Məhəmmədi çox sevdiyi və sevdirdiyi, onun gözəl əxlaqına büründüyü, Meydan hərəkatına rəhbərlik edərkən Hüseyn kimi qorxmaz, cəsur və cihadpərvər olduğu, hakimiyyətdə olarkən xalqla Əli kimi ədalətli və təqvalı rəftar etdiyi, ən nəhayət, vətəndaş müharibəsinin qarşısını almaq məqsədilə hakimiyyətini güzəştə getməkdə ümmətin qanı tökülməsin deyə, xəlifəlikdən imtina edən Həsən kimi davrandığı üçün əziz və möhtərəm qulum, əvvəl-axır sözü Azərbaycan olan Elçibəy adı çəkilən müqəddəslərin məskunlaşdığı cənnətül-əlaya daxil edilsin!”

Hökmü eşidən və həyəcan dolu sevincdən ehtizaza gələn Elçibəy Rəbbi qarşısında səcdəyə qapılıb ağlaya-ağlaya dedi: “Həmd olsun Sənə, Tanrım! Dünyada ikən daim Sənə səmimi-qəlbdən iman gətirmiş, Səni sevmiş, uca tutmuş, yoluna sadiq qalmağa çalışmış və məni mükafatlandıracağına inanmışdım. Budur inamımın bəhrəsi!”

− Rizvan, Elçibəyin himnini səsləndir, ona xələt və tac gətir, geyindir və cənnətə apar, − deyə Allah Rizvana ikinci əmrini verdi.

Bu dəm Elçibəyin himni səsləndirildi:

“Sənə bir daş atar yerindən duran,

Səni sevdiklərin daş-qalaq eylər.

Bir əlində daş var, birində Quran;

Daş atan bilirmi nə günah eylər?!”

Rizvan himnin sədaları altında mavi, al və yaşıl rəngli saplardan toxunmuş qiymətli xələti və hər üç rəngdə qaşlarla bəzənmiş tacı gətirdi, xələti Elçibəyə geyindirdi, tacı başına taxıb onu cənnətə apardı.

Tural Türksoy

“Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir

pia.az

Etiket:
loading...