Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar artist: “Evimə çörək ala bilmirdim”

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Kazım Abdullayevin müsahibəsini təqdim edirik


- Kazım müəllim, iki gün sonra 65 illik yubileyinizi qeyd edəcəksiniz. Həmişə düşünmüşəm ki, insan 70-dən sonra yaşlaşmağa başlayır. Səhər indi açılıb, amma simanızda, yerişinizdə bir ağırlıq, bir yorğunluq görürəm...

- İşlərim çoxdur. Sən deyirsən, yaşlanmaq 70-dən sonra başlayır, amma 65-ə qədər də yaş özünü göstərir. Adam təngnəfəs olur, ürək ağrıyır, baş ağrıyır... Yəni adam yavaş-yavaş sıradan çıxır. (Gülür).Zarafat etməyimə baxma, şükür, sağlamlıqla bağlı ciddi problemim heç vaxt olmayıb. Üç-dörd il əvvəl poliklinikaya getdim, dedilər, şəkər var. Bir az mənə pis təsir elədi. Sonra dedim, əşşi, harada qırıldı-qırıldı...

- Belə baxanda, yükünüz də az deyil. Teatrdakı rollarınız, seriallar, dublyaj...

- Gündəlik seriallarda çəkilmək çox ağırdır. Ona görə də bir illik fasilə götürdüm. Bəzən gündə 20-25 epizod çəkirlər. Dözmək olmur. Mən son beş ildə hər gün seriallarda çəkilirdim.

Demək olar, ekrandan düşmürdüm. Teatrda da məşqlərim çox oldu. “Ölülər”, “Almaz”, “Şah Qacar”, “Qarabağnamə” və başqa tamaşalarda rollarım var. Ayda ən azı on tamaşa oynayıram. Gördüm, çox yorulmuşam, ona görə seriallardan bir il istirahət götürdüm. Bu il ərzində dörd-beş serialdan imtina etmişəm. Dublyajda, teatrda isə iş həmişə var.

- Bir ildə beş serialdan imtina etmisinizsə, deməli, tələb olunan aktyorsunuz.

- Hələ ki, tələb olunan aktyoram. Aktyorun hər gün telefonuna zəng gəlmədi, onu harasa dəvət etmədilər, gərək işdən çıxıb bulvarda domino oynasın.

- Dörd-beş serialdan imtina etmək sizə rahatdırsa, deməli, maddi məsələlər qaydasındadır.

- Hə, dolanışıqdan sıxıntım yoxdur. Çünki teatrdan məvacib alıram, pensiyadayam, fəxri adıma görə əlavə pul verirlər, prezident mükafatına layiq görülmüşəm. Yəni dolana bilirəm.

Amma elə vaxtlar olub ki, siqaret almağa da pulum olmayıb. 90-cı illərdə sən uşaq olardın, çox çətin vaxtlar idi. Elə günlərim olub, ayıb olmasın, yerdən siqaret kötüyü yığıb çəkmişəm.

- Amma həmin illərdə artıq tanınırdınız...

- Ələttə! Artıq 20 il idi Sumqayıt teatrında işləyirdim, tanınırdım. Neçə filmlərə çəkilmişdim.

1976-cı ildən 1996-ya qədər Sumqayıt Teatrında işləmişəm. Düz 20 il... Elə günlər olub, Sumqayıta getməyə pul tapa bilmirdim, evə çörək almağa qəpik-quruşum olmurdu. Biz belə günlər yaşamışıq. Allah sizə və bütün indiki uşaqlara göstərməsin. O vaxt uşaqlarım da balaca idi. Məktəbdə oxuyurdular. İndi maşallah, uşaqlar böyüyüblər, universitet bitiriblər, işləri də yaxşıdır. Mənə də kömək etmək istəyirlər, deyirəm, özünüzü saxlayın, bu mənim üçün hər şeydir. Qızım aeroportda işləyir, stüardessadır, oğlum da iqtisadiyyatı bitirib, amma bizim sənətdədir, rejissor-montajçıdır. İstəmirdim bu sahəyə gəlsin, ancaq görünür, qan çəkir. Dram dərnəyini də saysaq, artıq 50 ildir səhnədəyəm. Yaxşı bilirəm ki, bu nə qədər çətin sənətdir.

- Amma bu sənət sizə şöhrət gətirib, həyatınızı qurmusunuz...

- Orası elədir, əlbəttə. Çətinliyi ordadır ki, bizim sənətin anormal qrafiki var. Sumqayıtda işləyəndə səhər doqquzda evdən çıxırdım, axşam 12-də qayıdırdım. Demək olar, uşaqların necə böyüdüyünü də ağıllı-başlı görmədim. İkinci çətinliyi odur ki, həmişə teatrda məvacib az olub. Cavanlar beş manat pul qazanmaq üçün gərək səhərdən-axşama qədər ora-bura qaçalar. Mənim o mənada bəxtim gətirib ki, iş çox olur, tez-tez dəvətlər olur. Amma dediyim kimi cavan vaxtımda mənim də çətinliyim çox olub. 120 manat pul alırdım, 70 manatı yolpuluna gedirdi. Bütün bunlara baxmayaraq, uşaqlarımı oxutdum.

Bir şeydən razıyam ki, uşaqlarım birinci kursdan işləməyə başladılar. Oğlum instituta girən ili Futbol Federasiyasında ingilis dili tərcüməçisi işinə düzəldi. Sonra qızım Xarici Dillər Universitetini bitirdi.

- Səhv etmirəmsə, dublyajla institut illərindən məşğulsunuz...

- 1972-ci ildən. Bizim kurs rəhbərimiz Ədil İsgəndərov idi. 12 nəfər Ədil müəllimin kursunda oxuyurduq. Ədil müəllim tapşırmışdı ki, uşaqlar kinostudiyaya gəlsinlər, baxıb öyrənsinlər. Biz də boş vaxtımız olan kimi qaçırdıq kinostudiyaya. İki il keçdi, diplom tamaşası oynayan günü Ədil müəllimi kinostudiyanın direktoru vəzifəsindən çıxardılar. Gözlədik, gözlədik, gəlib tamaşaya baxdı, hamımızı təbrik elədi. Sonra heç vaxt unutmayacağım bir cümlə işlətdi... (Sükut). Dedi, “bağışlayın, uşaqlar, sizin üçün heç nə edə bilmədim”.

Çünki bizim təyinatımızı Gənc Tamaşaçılar Teatrına vermək istəyirdilər, Ədil müəllim demişdi, onlar kinostudiyada işləyəcəklər. Görünür, rektorumuz Rahib Hüseynov Ədil müəllimin işdən çıxarılacağını bilirdi, ona görə razı olmurdu ki, biz kinostudiyada işləyək. O mənada ki, taleyimiz müəmmalı qalar. Amma Ədil müəllim bizi doğrudan da işə götürdü. Diplom tamaşamız günü məlum oldu, vəzifədən azad olunub. Hətta dedi, bilsəydim, əmrinizi əvvəldən verərdim. Kinostudiyanın təzə müdiri gəldi ki, Ədil müəllim razılıq verib, mənim ehtiyacım yoxdur. İki nəfər işə düzəldi, mən əsgərliyə getdim. Gələndən sonra nazirlikdə Vaqif Şərifovla görüşdüm. Məni Sumqayıt teatrına dəvət elədi və taleyimi 20 il bu teatra bağladım.

- Hansı ailədə böyümüsünüz? Ailənizdə sənət adamı olub?

- Yox, ailəmizdə sənət adamı olmayıb. Mən Balaxanıda doğulmuşam, atam fəhlə, anam evdar qadın idi. Sənətə gəlməyim təsadüfi olub. O dövrün uşaqları kimi hamımız kosmonavt olmaq istəyirdik.

Belə oldu ki, komsomolun 50 illiyində müəlliməmiz bizi yığdı ki, kompozisiya hazırlamaq lazımdır. Həmin tədbirdən sonra məni dram dərnəyinə dəvət etdilər. Daha sonra Xalq Teatrına yazıldım. O vaxt bizim üçün əlçatmaz aktyorlar var idi. Məsələn, Əli Zeynalov, Leyla Bədirbəyli... İkinci kursda Müxlis Cənizadə mənə dərs deyib. Qəbulda imtahanı Rza Təhmasib, Mehdi Məmmədov, Ədil İsgəndərov, Müxlis Cənizadəyə vermişəm. Aktyor karyeramda demək olar, Azərbaycanda olan bütün rejissorlarla işləmişəm.

- Tələb olunan aktyor olmaq bir yana, amma görünür, xaraktercə problemsiz olmağınızın da bu məsələdə rolu olub...

- Şübhəsiz. Çalışmışam, heç vaxt problem yaratmayım. Çünki bu sənəti sevirəm və sevib gəlmişəm. Rejissor dostum-qardaşım da olsa, deməmişəm, mənə filan rolu verin. Əgər rejissor məni o rolda görürsə, deməli, dəvət edəcək. Rejissorla təmənnalı münasibət saxlamaq, rol almaq üçün onun xeyrinə-şərinə yaramaq mənim təbiətimə, xarakterimə yaddır. Görünür, hamı məni ona görə çox istəyir ki, heç kimdən təmənnam olmayıb. Sadəcə, insanlara hörmət etmişəm, hörmət qazanmışam, hamı məni çox istəyib. Və indiyə qədər heç kimin qapısını döyməmişəm ki, mənə filan şeyi elə. Bizim binamızda vəzifəli adamlar da yaşayır. Neçə dəfə istəyiblər ki, hörmət eləsinlər, cibimə pul qoysunlar, heç kimdən heç nə götürməmişəm.  

- Niyə heç vaxt dərs deyib təcrübənizi tələbələrlə bölüşməmisiniz?

- İnstituta gərək hazır olub gedəsən. Mən həmişə öz sənətimlə məşğul olmuşam. İnstitutu qurtarıb, orda qalıb dərs deyənlərdən tələbələr nə götürəcəklər? Bir dəfə səhnə görməyən, bir dəfə kamera qarşısında dayanmayan adamlar institutda dərs deyirlər. Sənə bir hadisəni danışım. 1972-ci ildə SSRİ-nin 50 illiyi idi. Moskvada təntənəli yığıncaqda iştirak etmək üçün Azərbaycandan dörd nəfəri göndərmişdilər, biri də mən idim. Bir kursda oxuduğum Mehin Səfərova da bizimlə idi. Ay yarım “Bolşoy Teatr”da məşq elədik. Teatrın baş rejissoru məni bütün ölkələrdən gələn aktyorlara göstərdi ki, görün, o necə işləyir, siz də o cür edin. Bunu heç vaxt deməmişəm, indi yeri gəldi, xatırladım. Təntənəli tədbirdə SSRİ-nin ən məşhur insanları orda idi. Sonra bizə saat bağışladılar. Təəssüf ki, o saatı qardaşım itirdi. İndi həmin tədbirdən ancaq 3-4 şəkil qalıb. Belə şeylərə qarşı çox diqqətsizəm. İndi soruşsan ki, Sumqayıt Teatrında hansı tamaşalarda oynamısan, bilməyəcəm. Dünən “Vikipediya”ya baxdım, sən demə, indiyə qədər 50 filmə, on beş seriala çəkilmişəm, xəbərim yoxdur. (Gülür). Amma buna baxmayaraq, teatrı çox sevirəm. Bakı Bələdiyyə Teatrından işdən çıxandan sonra iki il işsiz qaldım. “Azdrama”ya gələndə Əlabbas Qədirov məni yaxşı qarşıladı, amma dedi, ştatda yerim yoxdur, hələlik müqavilə ilə işlə. İki il müqavilə ilə tamaşalar oynadım. Sonra yer boşaldı, ştata düşdüm.


10 ildə “Azdrama”da 45 tamaşada oynamışam. Akademik Milli Dram Teatrının səhnəsi elə bir səhnədir, hər adamı qəbul eləmir. Neçə-neçə aktyor gəlib, heç nə edə bilməyiblər. Bəziləri var, burdan çıxırlar, qışqır-bağır salırlar. Sadəcə, gəlib gördülər, onlar girən kol deyil. Pişiyin ağzı ətə çatmayanda, deyir, iy verir. İndi o adamlarınkı da belədir. Qalıblar uzaqda, başlayırlar səhv axtarmağa. Amma “Azdrama” onlar üçün hər şeyi eləmişdi. Bu gün Azər Paşa müəllim Akademik Milli Dram Teatrında yaradıcı atmosfer yaradıb, qızğın məşqlər gedir. Azər Paşa Nemətov aktyorları çox sevir. Bu sevgi tamaşalarda da, həyatda da hiss olunur. Kollektivi bir yerə yığıb, hamı işləyir. O, çoxdan burdan olsaydı, yaxşı tamaşaların sayı da artıq olardı. Aktyorlar işləmək istəyirlər. Bu yaxınlarda Abbas Mirzə Şərifzadə adına kiçik səhnədə Əlif Cahangirlinin iki gözəl tamaşasının premyerası oldu. İnanıram ki, bundan sonra daha yaxşı olacaq. Bunları ona görə dedim ki, haqsız olaraq “Azdrama” haqqında artıq-əskik nələrsə danışılanda, mənə çox pis təsir edir, əsəbiləşirəm.

- Kazım müəllim, məşhur olmağın müsbət tərəfləri öz yerində, qayğılarını necə yaşayırsınız?

- Açığı, tanınmaq əlbəttə, bir tərəfdən xoşdur. Başqa tərəfdən də özümü pis hiss edirəm ki, sərbəst ola bilmirəm. “Seçilən” filmində erməni generalı rolunda oynamışam. O filmdən sonra daha çox yaxınlaşırdılar. 90-cı illərdə Rövşən Almuradlı “Bəsdir, ağlama” adlı film çəkmişdi.

Orda da erməni rolunu oynamışdım. Sonra rəhmətlik Ceyhun Mirzəyev “Fəryad” filmini çəkəndə məni erməni obrazına dəvət elədi, getmədim. Bilsəydim, Ceyhunun sonuncu filmidir, gedərdim. Nə bilərdim, həyat belə gətirəcək, Ceyhun rəhmətə gedəcək. Bax belə... Bilirsən ki, seriallar adamı tez məşhurlaşdırır. Kimsə şəhərdə mənə baxanda, özümü pis hiss edirəm. Fəvvarələr meydanının yanında oluram. İllərdir bulvara çıxa bilmirəm. O qədər camaatın içinə çıxmamışam, tünlük olanda, başım hərlənir.

- Hansı rollarda görünmək ürəyinizdən keçir?

- Yenə deyirəm, heç vaxt heç kimdən rol istəməmişəm. Sadəcə, yaxşı bir tarixi filmə çəkilmək istərdim. Azərbaycan qəhrəmanlarından birinin obrazında at çapmaq, qılınc oynatmaq yaxşı olardı.

- Oxumaqla aranız necədir? Son vaxtlar nə oxuyursunuz?

- Cavanlıqda çox oxumuşam. Mənə rol veriləndə çalışıram, həmin dövrə aid materialları çox oxuyum. Son vaxtlar əlimə maraqlı kitab keçməyib. Bəlkə də bizim maraqlı yazıçılarımız var. Amma görünmürlər. Bu dəqiqə pyes qıtlığıdır, rejissor qıtlığıdır. Bu qədər problemlərimiz var, onları əks etdirən pyes yoxdur. Hüseynbala Mirələmov “Xəcalət”i yazdı. Bununla bitmir, başqaları da yazmalıdır. Çox istərdim, gənc yazıçılar pyeslər yazsın. Sonra deyirlər, teatr qocalır. Klassiklər yaxşıdır, amma elələri var ki, onların vaxtı keçib. Biz “Almaz”ı oynadıq, yaxşı da qarşılandı. Sağ olsun, Azər Paşa müəllim və Əli Əmirli ki, əsəri müasirləşdirdi, bu günümüzlə səsləşir. Nə qədər oradan-burada götürmək olar?

Özümüzünkülər yaxşı pyeslər yazsın, oynayaq də. Filmlərimiz də belədir, eyni problemlər orda da var. Prodakşnlar filmlər çəkirlər, amma onlara kino demək olmaz. Bilmirəm, vallah, adam qalır ki, nə desin. Keçən il “Nar bağı” filminə çəkildim. Mənim kimi təcrübəli aktyor bədii film üçün o qədər darıxmışdım ki, çaşıb qalmışdım, özümü itirmişdim. İndi çəkilən komediyaların premyerasına dəvət edirlər, on beş dəqiqədən artıq baxa bilmirəm. Bəsdir də, nə qədər gülmək olar? Bu qədər dərd-sər var, onlardan çəkmirlər. Yaxşı ki, “Azərbaycanfilm” kinostudiyası “Dolu”, “Yarımçıq xatirələr” və “Nabatı” çəkdi. Çox gözəl filmlərdir.

- Yubiley yaşı ilə bağlı nə gözləntiniz var?

- Kimdən? (Gülür). Heç nə, nə gözlənti? Vacib olan sağlamlıqdır. Canımız sağ olsun, nə isə olar, lap yaxşı, olmaz da ki, dərd etmirəm. Heç vaxt düşünməmişəm ki, filan rolu oynayım, mənə xalq artisti adını versinlər. Fəhlə zavodda işini görürsə, orden-medal haqqında düşünmür. Bura da mənim iş yerimdir, mən öz bacardığım işlə məşğulam. Yəni məvacib alıb, ailəmi dolandırıram.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar