Etibar Pirverdiyevin dostu vətəndaşın torpağını zəbt edib
“Şəki Regional Elektrik Şəbəkə” MMC-nin rəhbəri Elşad Məmmədovun əməlləri ilə bağlı dövrü mətbuatda kifayət qədər tənqidi yazılar dərc olunub. Qısaca bildirək ki, Elşad müəllimin çörəyi, özü də yağlı çörəyi adamların, sahibkarların, iş adamlarının işığını kəsməkdən çıxır. Ümumiyyətlə, yol kəsmək, su kəsmək, işıq kəsmək dədə-babadan çox pis əməl sayılır.
Elşad Məmmədov müxtəlif bəhanələrlə müəssisələrin işığını kəsməklə iş adamlarına xeyli ziyan vurur. Sonra da özünə lazım olanı alıb təzədən öz dədəsinin işığı kimi adamlara minnətlə işıq verir. Elşad Məmmədov işıq kəsməklə o qədər pul qazanıb ki, indi özünü ölkənin ən imkanlı fermerlərindən biri hesab edir.
Elşad Məmmədov Şəkidə qazandığı milyonları doğulduğu Qazax rayonunda iri heyvandarlıq təsərrüfatına yönəldir. Son illər Şəkinin “baş işıqçı”sı Qazax rayonunda, öz doğma kəndi Xanlıqlarda xeyli torpaq sahəsi alıb. Həmin sahələrdə ferma tikir, öz mal-qarası üçün örüş yerləri yaradır. Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) bölgə müxbiri Qürbət Yusubovun verdiyi məlumata görə Elşad Məmmədov Nəsibova Sədaqət Teymuraz qızına və onun ailəsinə məxsus təxminən 1 ha torpaq sahəsini zorla zəbt edərək orada heyvandarlıq təsərrüfatı yaradıb. Torpaq sahibi dəfələrlə məhkəmələrə müraciət etsə də Elşad Məmmədov sanki hakimlərin ağzını tikib, heç bir hakim onun əleyhinə səsini çıxarda bilmir. Onu da nəzərə alaq ki, Elşad Məmmədov “Azərenerji”ASC-nin sədri Etibar Pirverdiyevin ən yaxın dostudur.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.(dia.az)