Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elnur Məhərrəmli deputat-baş redaktoru yıxdı-sürüdü


Azərbaycan mediasının bir neçə tanınmış nümayəndəsinin təsis etdikləri Media Klubu son ay yarımda iki toplantısını keçirib


Mayın 4-də baş tutan ilk toplantı media qanunvericiliyinə edilən dəyişikliklərə, iyunun 9-dakı müzakirələr isə onlayn medianın problemlərinə həsr olunmuşdu.

Hər iki toplantıda, necə deyərlər, “çağırıldığın yeri ar, çağırılmadığın yeri dar eləmə” prinsipini əsas tutaraq, “AzPolitika.info” saytının rəhbəri qismində mən də iştirak etmişəm. Növbəti toplantılarına da dəvət etsələr, üzrlü bir səbəb olmasa, yenə də iştirak edib, birinci toplantıda olduğu kimi, mövzuya dair fikirlərimi də bildirəcəyəm. Niyə?

Əvvəla, ona görə ki, Media Klubunun müzakirəyə çıxardığı mövzuların bizə bilavasitə aidiyyəti var.

İkincisi, Media Klubunun təsisçiləri arasında mənim şəxsi dostlarım və hörmət etdiyim insanlar var. Onların dəvətlərinə laqeyid qala bilmərəm.

Üçüncüsü və ən əsası – Media Klubunun təsisçiləri və onların sırasındakı dostlarımız əmin ediblər ki, bu klub konkret şəxslərlə mübarizə məqsədilə təsis edilməyib, onun toplantıları şəxsi qisasçılıq xarakteri daşımayacaq və hətta, onlar medianın problemlərini hakimiyyətin media siyasətinə məsul şəxslərlə də müzakirə etməyə hazırdırlar. Yəni həm də dialoq tərəfdarlarıdır. Bu vədlər pozulmayacağı halda heç bir problem yoxdur. Yox, əgər görsək ki, Media Klubu konkret şəxslərə qarşı mübarizə müstəvisinə çevrilir, bu halda, əlbəttə ki, bir daha düşünməli olacağıq.

İlk toplantıdan sonrakı günlərdə hakimiyyətin media siyasətini tənzimləyən şəxslərin də Media Klubunun təşkil etdiyi müzakirələrə normal yanaşdıqları, hətta dəvət olarsa, bu toplantılarda iştiraka və dialoqa hazır olduqları istiqamətində də məlumatlar verildi…

Bütün bunlara baxmayaraq, iyunun 9-da təşkil olunan diskussiyadan sonra Media Klubuna hücumlar başladı. O səbəbdən ki, bu toplantıda hökumətin media siyasəti sərt şəkildə qamçılanmış, bu siyasəti həyata keçirən şəxslər, xüsusən də Prezidentin köməkçisi Əli Həsənov hədəfə götürülmüşdü. “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin çıxışında bu xətt daha qabarıq göründü. Təbii olaraq, buna cavab da özünü çox gözlətmədi. Hökumətin media siyasətini dəstəkləyən jurnalistlər, baş redaktorlar Media Klubunu, onun konkret təsisçilərini hədəfə götürdülər və onların yazıları əksər hökumət və hökumətyönlü KİV-lərdə yayımlandı.

Kim haqlı, kim haqsızdır – bu haqda nə şəxsi fikrimizi bildirmək niyyətimiz var, nə də bu yazının mövzusu bunu aydınlaşdırmağa həsr olunub. Buna oxucu özü qərar verəcək. Elə fikir toqquşması, mübahisə, müzakirə də məhz kimin hansı ideya, fikirlə silahlandığını və haqlı olduğunu nümayiş etdirmək məqsədini daşımırmı? Bu baxımdan, Media Klubunun ittihamlarına qarşı tərəfin reaksiyası tam təbiidir. Lakin həmişəki kimi, yenə də Yalıncıq xislətli bəzi adamlar – normal müzakirə aparmaq, fikir toqquşdurmaq və ideya ilə çıxış etmək iqtidarında olmayanlar, tərbiyəsi buna yol verməyənlər – mahiyyəti buraxaraq, böhtançılıqla “irəli çıxmağa”, özlərini ağalarının gözünə soxmağa çalışırlar.

Belələri Media Klubunun ittihamlarını cavablandırmaq, normal, tutarlı arqumentlərlə onları təkzib etmək, lap elə hücuma keçmək, əldə əsas varsa – ifşa etmək əvəzinə, Media Klubunun toplantılarında iştirak edənləri aşağılamaq, təhqir etmək, təşkilatçıları bu kontekstdə “vurmaq” yolunu tutublar. Belə “Yastı Salman”lardan (Yaltaqlığı həyat tərzinə, “yüksəlmək” vasitəsinə çevirərək layiq olmadığı mövqelərə irəliləyənlər, paralel olaraq xəyanət içində olanların ümumiləşmiş obrazı – E.M.) biri isə mənim və tədbirdə iştirak edən daha bir neçə nəfərin adını çəkməklə, Media Klubunun təsisçilərini “ifşa etməyə” cəhd göstərib.



Hakim partiyanın rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu ““Soros”un uşaqları yeni tapşırıq alıblar, yaxud köhnə xaossevərlər yeni libasda” adlı, mən tanış olarkən qəzetin internet versiyasında yayımlandığı 2 sutkadan artıq müddətdə cəmi 600 baxış sayı almış (Elə bu statistika Hikmət Babaoğlunun özünün qabiliyyəti, ictimai nüfuzu və saytının sambalı haqda fikir yürütməyə tam yetərlidir – E.M.) yazısında iddia edib ki, mənim rəhbərlik etdiyim saytı (AzPolitika.info) heç media orqanı hesab etmək belə doğru deyil, bu saytda təhqir olunmayan məmur qalmayıb və hətta bizim hər yazımız “cinayət məsuliyyəti” doğurur.

Deputat, “dostunu göstər, deyim kimsən” məsələni xatırladaraq, bizi Mehman və Arif Əliyevlərin dostu adlandırıb, bu “dostluğu” isə onların az qala cinayət əməli kimi sırımağa cəhd edib.

Əlbəttə, mən onun fikirlərini “adam dilinə” salaraq təkrarlayıram. Əslində isə o, çox daha sərt ifadələr seçib və beləliklə, həm də onu sübut edib ki, rəzil böhtançı olduğu üçün təhqir olunmağı da haqq edir, amma biz yenə də bu üslubdan istifadə etməyəcəyik – həm tərzimiz olmadığına, həm də bu zatın yaxasında daşıdığı deputat nişanının üzərində Azərbaycan dövlətinin rəmzlərinin təsviri olduğuna görə…

Bizim yeganə “cinayətimiz” isə, bir daha qeyd edirəm ki, yalnız və yalnız Media Klubunun tədbirində iştirak etməkdən ibarətdir. Hikmət Babaoğlunun hikmətdən uzaq məntiqinə görə, həmin tədbirdə iştirak edənlərin hamısı bir-birinin dostu, əqidədaşı, həmfikiri və eyni zamanda da hamısı eyni MƏNƏVİYYATIN DAŞIYICILARIDIR! Psixi vəziyyəti bu qədər kəskinləşmiş, qeyri-ciddiliyin lap dibinə yuvarlanmış birinə ciddi-ciddi cavab verməyə, bəlkə də, ehtiyac yox idi. Lakin bu adam təkcə bir qəzetin baş redaktoru olmayıb, həm də cibində deputat mandatı, yaxasında nişanı daşıdığına görə, cavab vermək məcburiyyəti yaranır. Özü də faktlarla.

Eyni masa ətrafında oturduğumuza görə Mehman Əliyevlə “cinayət ortağı”, Arif Əliyevlə həmfikir, Media Klubundakıların cəmi ilə eyni mənəviyyat sahibi olan mən, təsadüfə baxın ki, Media Klubunun tədbirindən cəmi 8 gün əvvəl – iyunun 1-də bu Yastı Salmanın özü ilə bir masa ətrafında əyləşmişdim. Həmin gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Mətbuat Şurası, “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirə dəvətlilər arasında, H. Babaoğlu kimi, mən də var idim. O, həmişəki kimi keçib layiq olmadığı yerdə – masanın başında oturdu, söz sırası gələndə isə ən yaxşı bacardığı sahədə məharətini bir daha göstərdi, mən isə tədbiri işıqlandıracaq gənc jurnalistlərlə bir sırada oturmağı seçsəm də, təşkilatçıların israrı üzərinə dəyirmi masanın ətrafına keçməli oldum. İndi belə çıxır ki, eyni masanın ətrafında əyləşdiyimizə görə Hikmət Babaoğlu ilə mən həm dost, həmfikir, həm də eyni əqidənin və mənəviyyatın daşıyıcılarıyıq?!

Yaxud, əksəriyyətin yadındadır, sonradan müzakirə mövzusu da oldu – 2014-cü ildə cəbhədə avqust toqquşmalarından bir qədər sonra Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev KİV rəhbərləri ilə müşavirə keçirdi. H.Babaoğlunun vaxtilə qorxudan adlarını belə çəkə bilmədiyi “Reket jurnalistika”nın sonradan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunan 2 “kralı” həmin müşavirədə ön sıralarda əyləşmişdi. İndi belə çıxır ki, akademik Ramiz Mehdiyev, məsələn, Habil Vəliyevlə dost, həmfikir, eyni mənəvi dəyərlərin daşıyıcısı olduğu üçün o, həmin müşavirəyə dəvət almış və ön sıralarda əyləşdirilmişdi?

Bu xəstə məntiqi sizə hansı məktəbdə, hansı bədnam müəllimlər öyrədib, yoldaş Hikmət?

Bəla həm də ondadır ki, bizim bu gözəl məmləkətimizdə atı itin quyruğuna bağlamaq tendensiyası illər keçdikcə daha da kütləvi xarakter almaqdadır… Media Klubunu yaradanların əsl məqsədləri nədir, bunu həqiqətən də bilmirəm və hal-hazırda əlimdə bunu dəqiqliklə təyin edə biləcək aparat da yoxdur. İstisna deyil ki, bu qurumun üzərinə qılınc çəkənlər şübhələrində haqlıdırlar – Media Klubunun bəzi üzvləri  kənar təsir altındadırlar və hansısa maraqlara xidmət edirlər. Xüsusən də “niyə həbs olundu-niyə buraxıldı” sualı hələ də açıq qalan Mehman Əliyevin son toplantıdakı çıxışını heç mən də təqdir etmirəm. Amma yenə də abır-həya yaxşı şeydir! Birini ən nalayiq formada təhqir və ittiham etməzdən əvvəl, abırlı insan öz qabına, keçmişinə, mənəviyyatına ötəri də olsa, bir nəzər salar!

Yastısalmansayağı boş, mənasız və məzmunsuz, yaltaqlıq elementləri ilə zəngin zəhlətökən çıxışlarından başqa heç nə ilə diqqəti çəkməyən, sırf bəlli şəxsə yaxınlığına görə irəli çəkilən və yaxasına deputat nişanı taxılan Hikmət Babaoğlu, hansı mənəvi haqla, məsələn, Qulu Məhərrəmli kimi bir ziyalı ilə özünü bir tərəziyə qoyur!? Axı bu adam həmin tərəzinin elə həmin gözünə özünü 1 kilometr hündürlükdən tullasa da, tərəzinin o biri gözündə oturan Qulu Məhərrəmlinin heç tükünü də yerindən tərpədə bilməz! Qulu müəllim özünün cəsarətli və səviyyəli ziyalı mövqeyi ilə Azərbaycan jurnalistikasına və xalqına xidmət edib, elə həmin xalqın, dərs dediyi minlərlə tələbənin təqdirini və hörmətini qazananda, Hikmət Babaoğlu orta məktəb attestatı ilə “Çinar” adlı hansısa divar qəzetində müxbirbaşı (!) vəzifəsində, bir Allah bilir ki, hansı oyunlardan çıxırdı! İndi camaata və Qulu Məhərrəmliyə jurnalistika və əxlaq dərsi keçən olub?!

Yeri gəlmişkən, bu möhtərəmin Vikipediyadan tanış olduğum tərcümeyi-halı qəribəliklər və suallarla doludur! Hazırda bir dəvə yükü ağırlığında titullara sahib olan (Baş redaktor, deputat, fəlsəfə doktoru, “Qızıl Qələm” mükafatı laureatı və sairə) bu zati-möhtərəm, orta məktəbi bitirdikdən düz 10 il sonra – 1992-ci ildə ali məktəbə qəbul olunub. Yəni testin ilk ilində tələbə adını qazana bilib və buna görə də, şübhəsiz ki, rəhmətlik Elçibəyə borcludur, o, qəbul imtahanlarında testi tətbiq etməsəydi, bəlkə də “Çinar” qəzetində baş müxbirlik H.Babaoğlunun bu həyatda qazandığı ən yüksək vəzifə olacaqdı.

Orta məktəbi qurtarmaqla tələbə adını qazana bildiyi dövr arasındakı 10 ilin 2 ilini hərbi xidmətdə olub, yazdıqlarına inansaq, 1989-1993-cü illərdə isə orta məktəb attestatı ilə hansısa “Çinar” qəzetində müxbir, baş müxbir vəzifələrində çalışıb. Yerdə qalan 5 ildə hansı fəaliyyətlə məşğul olub, bu barədə məlumat yoxdur. Amma bu dəqiqdir ki, Qərbi Azərbaycanda – Amasya rayonunun Göllü kəndində anadan olan H.Babaoğlu, Qarabağ müharibəsinin ən qızğın vaxtlarında 27-28 yaşlı gənc olmasına baxmayaraq, əlinə silah alıb erməniyə bir güllə də atmayıb! Öz adı ilə çağırsaq, yəni fərarilik edib, heç olmasa ata-baba yurdundan qovulmasının qisasını almaq istəməyib. İndi hansı telekanala çevirsən, orda müdrik görkəmdə yastı-yastı vətənpərvərlikdən, Qarabağdan, uğurlardan zəhlətökən və ikrah doğuran çıxışlar etməyinə aldanmayın…

Yenə də tərcümeyi-halından oxuyuruq ki, 1998-2008-ci illərdə bu böhtançı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mətbuat Xidmətinə rəhbərlik edib. Bunu yaxından tanıyanların dediklərinə inansaq, cənabın Mı-Xı rəhbəri kimi fəaliyyəti də, mahiyyətcə, yastısalmanlıqdan uzağa getməyib – indi Avropada yaşayan məşhur mühacir jurnalistlərdən birinə tez-tez Komitənin rəhbəri Qərib Məmmədovun əleyhinə kompromatlar buraxır, sonra isə həmin məlumatların qəzetlərə çıxmaması üçün dövriyyəyə girir və bu yolla öz şefindən yaxşı pul çəkirmiş. İndi dəbdə olan və H.Babaoğlunun gen-bol istifadə etdiyi ifadə ilə desək, REKETLİYİN TƏMƏLİNİ ATMAQLA məşğul imiş! Həm də öz müdirinə, el dili ilə desək, çörəkverəninə qarşı – adı üstündədir axı, YASTI SALMAN!

Əldə olunan məlumatlar, sənəd-sübutlar isə ondan xəbər verir ki, bu cür fəaliyyətlər Yastı Salmana pis qazandırmayıb – Bakının dörd bir tərəfinə yayılmış mənzillər, Xızıda villa, şirkətlər və daha nələr… (Bunlar haqda yerli-yataqlı bir sonrakı yazıda-E.M.)

Nəhayət, 2008-ci ildə – 15 ildən sonra H.Babaoğlu “Çinar” adlı divar qəzetindən başlayan “jurnalistika fəaliyyətinə” geri dönüb – YAP-ın rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinə baş redaktor təyin olunub. Amma çox çəkməyib ki, “Yeni Azərbaycan”ı da elə “Çinar”ın gününə salıb – 600 min üzvü olan hakim partiyanın rəsmi orqanını özünün şəxsi gəlir mənbəyinə, korrupsiya, saxtakarlıq yuvasına çevirib ki, bu barədə bu gün və ya ən geci sabah “AzPolitika”da faktlara, sənəd-sübutlara əsaslanan araşdırma yazısı təqdim olunacağından indi üzərində çox da dayanmaq istəmirəm.

Hələlik təkcə onu xatırladım ki, Hikmət Babaoğlunadək “Yeni Azərbaycan” qəzetinə YAP-ın qurucularından olan Alqış Həsənoğlu rəhbərlik edirdi. Birilərindən fərqli olaraq, öz sözü, mövqeyi olan və yeri gələndə bu mövqeyini müdafiə etməyə cəsarəti də çatan Alqış Həsənoğlu, son vaxtlar tez-tez “AzPolitika”da müəllif yazılarilə çıxış edir. Təvazökarlıqdan uzaq olsa da, işimizi yüksək qiymətləndirənlərdəndir. Bu Yastı Salmanın azca obyektivliyi, siyasi mədəniyyəti və əxlaqı, eyni zamanda öz qəzetinin keçmişinə hörməti olsaydı, təkcə bu fakta görə “AzPolitika” barəsində böhtan danışmaz, məsuliyyətini dərk edərdi…

Lakin dərk etmədi və mən məcburam ki, bu Yastı Salmana – mandatı şübhəliyə, saxta vətənpərvərə və müxbirbaşına burdan çağırış edəm:eeeyyyy millətindən xəbərsiz millət vəkili, ADAM BALASISAN AXI, SÖZÜN VARSA, SÖZ DE! Mənliyin varsa, deputat toxunulmazlığı arxasında gizlənmə, məhkəməyə gəl, dediklərini sübut elə!

Elnur MƏHƏRRƏMLİ, “AzPolitika.info” saytının baş redaktoru


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar