Cümə axşamı, 17 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Elnarə təkcə Anarın itkisi deyil...

O təkcə Anarı gözüyaşlı, iki körpəsini anasız buraxıb getmədi...



Elnarə təkcə Anarın itkisi deyil...

O təkcə Anarı gözüyaşlı, iki körpəsini anasız buraxıb getmədi... 

Elnarə ədəbiyyatı eşsiz, ədəbi arzuları üzərində yetişəcək yeni ədəbi nəsli yetim qoyub getdi.

Elnarə Tofiqqızı hər kəsin susduğu, ürək edib deyə bilmədiyi bir vaxtda danışardı, yazardı... 

O, çağdaş ədəbiyyatın cilalanmış dili, ədəbi tənqidin vicdanı idi. 

Bəlkə, ilk baxışdan bir az yersiz görünə bilər, amma bir həqiqəti də gördük: Azərbaycanın yararsız səhiyyəsi küt cərrah aləti ilə ədəbi tənqidin danışan dilini kəsdi. 

Bundan sonra da yeni əsərlər yazılacaq, amma Elnarə onlar haqqında yazmayacaq, danışmayacaq... 

***

Bir neçə gün öncə Anarın facebookda paylaşdığı şəklə hər kəs belə şərh yazırdı: "Gülmək sizə yaraşır".

Amma heç kəsin ağlına belə gəlmirdi ki, Anara bir gün ağlamaq da yaraşacaq...

O gün havada da nəsə bir boşluq hiss olunurdu. Bəli, taleyin ağır sınağı Anarı həyatını həmin gün imtahana çəkdi. Sanki heç vaxt ailə həyatı qurmayan Hadi "İnsanların tarixi faciələri"ni yazanda Anarla Elnarənin yarıyolda qırılacaq həyatını da təsvir etmişdi: "Həyatın səsləri guşumda həp fəryad şəklində..."

***

Mən Zahir Əzəmətlə xəstəxanaya çatanda Anar öz itirilmiş taleyinə, bir daha dönə bilməyəcək arzularına ağlayırdı. O arzulara ki, ancaq Elnarəli günlərin yadigarı kimi yalnız Anarın xəyallarında yaşayacaqdı. 

Anar bir şeyi həzm edə bilmirdi, bir şey ona yuxu kimi görünürdü ki, 10 ildə qazandığı bir həyatı öz əlləri ilə dəfn edəcək... 

Bunları düşünüb ağlayırdı, həm də yanıqlı-yanıqlı ağlayırdı, Anar. Faiq Balabəyli isə onu ovutmağa çalışırdı. 

Faiqə yaxınlaşıb: "Mane olma, qoy ağlasın. O təkcə ürəyini boşatmır, ağlamaq həm də ona yaraşır", - dedim. 

Faiq də kövrəldi, dayana bilməyib çölə çıxdı... 

***

Məhəmməd Peyğəmbərin məşhur bir kəlamı var: "Hər cəsur kişinin arxasında əzəmətli bir qadın dayanır".

Bax Anar arxasında duran o əzəmətli qadını, ədəbi tənqid isə boz, bulanıq bir zamanda öz saflığını bir qadının simasında qoruyub saxlaya bilmiş təravətini itirmişdi. 

Axı Elnarə ədəbiyyatın övladı idi. Gəlin, bir az da doğma balasını itirmiş ədəbiyyata ağlayaq. Qoy Elnarənin də ruhu şad olsun. 

Qəzan mübarək, bacım!

Şəmşad AĞA
Etiket:
loading...