Cümə, 22 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Elçibəy – Qaranlığı yenməyin yolu


Yazı müsabiqəsi


Elçibəy İstiqlal Müjdəsi, İşıqlı Sabaha Ümidimizdir

Yay artıq başlayıb, iyun öz istisini Abşeron yarımadasında da bütün gücüylə hiss etdirir – havada, ağaclarda, heyvanlarda və bizdə, bir sözlə, bütün təbiətdə, hər yerdə. Açığı, deməliyəm ki, ölkəmizdə havanın temperatur göstəricisinin “celsius” şkalasıyla dəqiq neçə göstərdiyini bilmirəm, lakin “iyunlar” gözəl məmləkətimdə hər zaman hərarətli olub əzəldən. Azərbaycanda, Gəncədəki “körpə” Cümhuriyyətimiz Göyçay döyüşündə erməni bolşeviklərə qalib gələndə də, 23 ay sonra bolşeviklər o həmin Cümhuriyətimizin son ümid közü Gəncə üsyanını qəddarlıqla yatıranda da, onillər sonra Cümhuriyyətin ilk paytaxtı, “Difai”nin milli qərargahı Gəncədən Milli Cümhuriyyətə qarşı “fitnə” bayraqları qalxanda da, “iyun” isti idi, “iyun” qaynar idi, “iyun” hərarətli idi və çox ibrətamizdir ki, “iyunlar”ın bu hərarəti hər zaman Gəncədən yüksəlmiş, bəzən bir günəş olub bütün ölkəni isitmiş, ümid vermiş, bəzən də qorxunc bir yanğına çevrilib yandırıb-yaxmışdır bütün ümidlərimizi, arzularımızı. Bu, taleyin bir işvəsimi, yoxsa tarixin dönə-dönə təkərrür edən bir işarəsimidir bizlərə? Bəlkə də…

Amma qızğın , isti iyun ayı bunlardan başqa bir hadisəylə də əlamətdardır. İyun ayı həm də onun doğum günüdür. İyunlar, iki fərqli iyun, biri Əbülfəz Əliyevi bizlərə ərməğan edərkən bir digəri Elçibəyi mərhəmətsizcə, namərdcə uzaqlaşdırdı bizdən. İyunun 24-ü onun doğum günü idi və bizə azadlığı, demokratiyanı bəxş etmək üçün ömrünü imperiyayla savaşa fəda edən liderə, nə qədər acı, nə qədər istehzalı olsa da, həmin imperiyanın hiyləsi və oyunuyla doğum günündə səlahiyyətlərini əlindən almaqla təşəkkür etdilər. Əlbəttə, onun siyasi həyatını anladan, tarixdəki Əbülfəz Əliyevi izah edən yetəri qədər yazılar, mənbələr var. Amma biz onu görmədən əfsanələşdirən, sevən nəslin nümayəndələri Əbülfəzdən çox Elçibəyə aşina olduq, dinlədikcə ağızlardan, pıçıltılı səslərdən, oxuduqca vərəqələrdən, seyr etdikcə videoyazılardan və gözümüzə gəlir o ağır günlərdən, “iyun”un ağır, “qaynar”lığıyla soyuq tərlər axıtdığı o günlərə aid bir görüntü…

Parlamentdəki yerində oturmuş, mübahisələrin, qışqırıqların, səs-küyün, bəzən həyasızlıqların fonunda siqaretinı yandırıb sakitcə seyr edən bir Adam, soyuq, “qırmızı” divarların arasında ssenariləşdirilib. İsti Bakıda səhnəyə qoyulan tamaşa tam peşəkarlıqla davam edərkən, o gözlər sanki görmürdü onları, sanki bütün bu çirkinlikləri, əxlaqsızlıqları, alver mənbəyi olmuş, alınıb-satılmağa adət olmuşların məharətlə oynadığı bu teatr səhnəciyi maraqlandırmırdı elə bil onu. Aramla tüstüdən içinə çəkir, dərin, ağır baxışlarıyla o uğruna tamaşalar təşkil olunub, canfəşanlıq edildiyi “kreslolardan” daha uzağa baxırdı. Oturduğu ən yüksək kreslodan hiss edirdi sanki altındakı parçadan, taxtadan olan şeyin ondan ayrılacağını. Amma o deyəsən, bunu da düşünmürdü. Daha dərinlərə baxırdı. Bu günlərəmi baxırdı görəsən, yoxsa bizdən daha sonrasınımı düşünürdü? Bir millətin taleyini, istiqbalını, hətta istiqlaliyyətini çiyinlərinə yükləmiş, onların ağırlığından yox, başqa layiq olmayan çiyinlərə yüklənməyindən, bəlkə də ümumiyyətlə pis əllərin, laqeyd kimsələrin bu müqəddəs əmanətlərə lazımı ehtiramı göstərə bilməyəcəyindən, xalqın, millətin min bir əziyyəti hesabına başa gəlmiş bu “yük”lərin bir gün yerlərə atılmağından, yadlara satılmağından qorxurdu. Onlardan fərqli olaraq O, bu müqəddəs əmanəti, yada satmağı rədd etdiyi kimi, itə atmağa da razı olmurdu. Etiraz edirdi səssizcə ətrafda qurulmuş, ədalətsiz oyunlara. İçində mərdlik, qürur olmayan bu kirli planlara qürur dolu duruşuyla cavab verirdi o günlərdə aramla içinə çəkdiyi tüstüylə. Millət olaraq bəlkə də ən ortaq xüsusiyyətlərimizdən biridir, başqasının olana qibtə etmək, qardaşda, dostda olana tərif yağdırıb özününkünü adiləşdirib unutmaq, özününkünü dəyərdən salmaq.

Sosyal media son zamanlar Uruqvayın keçmiş prezidentini təkrar-təkrar xəbərləşdirib gətirir gözümüzün önünə, qibtəylə baxırıq ağsaqqal Jose Mujicaya və bizə onun çox namuslu olduğunu, bizə onun buna görə kasıb olduğunu, bizə onun xalqdan biri olduğunu elə şirin-şirin izah edirlər ki və bizi inandırırlar, inandırmaq istəyirlər, biz də inanırıq, biz qibtə edirik, biz həsəd aparırıq Mujicaya. Sadəliyinə “heyran”oluruq, başda dediyim kimi bizim olan bizim üçün adiləşir, unudulur həmişə.

Okeanların bizi ayırdığı Uruqvaylı Mujicaya “aşiq“ olarkən, bizlər bizdən olanı çoxdan unutmuş kimiyik. İnsan övladı əli çatdığına, ona gülənə adi baxır hər zaman, təbiəti budur, o, ondan uzaqda olana heyrandır, ona aşiq olana yox, ondan yuxarıda gəzənə aşiqdir. Biz də bizə – Azərbaycana, Azərbaycan Türkünə aşiq olanı unutduq, uruqvaylı Mujicalara, almanyalı hansısa nazirə qibtə etdik. Axı bizim Elçibəyimiz var, davranışı, danışığıyla, hər mimikasıyla bizə bizdən olduğunu xatırladan bir Elçibəy. Hər şeyiylə bizim olan bir lider, bir ideolog, bir rəhbər. Görəsən xalqlara tarixlərində belə fürsət bir yüz ildə neçə dəfə verilir? Dünyada ulusumuzun tarixində də böyük hökmdarlar, böyük rəhbərlər var, ancaq tarix bütün millətlərə, şanlı millətimiz də daxil, xalqından yetişmiş, xəmiri də, mayası da, buğdası da xalqından olan, milli olan, onun qəlbinə, damarlardan axan qana, fikirlərinə “Elçi” ola biləcək “Bəy”ləri bəxş etməkdə o qədər də səxavətli deyil. Onlar az gəlir,  ancaq çox izlər buraxırlar. Kiçik bir dövrü əhatə etsələr belə, böyük fikirləriylə xalqlarının yollarına işıqlar salır, onun önünü aydınladırlar. Elçibəy keçən əsrin əvvəlindəki Böyük mütəfəkkirimizin  sözləriylə ifadə etsək, bu millət üçün “Qırmızı Qaranlıqlar içindəki Yaşıl işıq” idi. Bu gün ondan “sonralar”, onu bəyənməyənlər, sanki görməyənlər, o olmamış, heç yaşamamış kimi davrananlar belə onun ayaq izləriylə yeriməyə, onun mübarizəsini verdiyi bayrağın altında addımlamağa məcburdurlar. O qədər böyük idi ki, beyinlərdə, qəlblərdə qorxusunu sındırıb yerlə bir etdiyi imperiyanın “Qırmızı məmur”larını belə özünü təqlidə məcbur etdi, məğlubiyyətiylə onlara qalib gəldi Elçibəy.

Onlar ona tələlər qurduqca yerişiylə, duruşuyla – sonda gedişiylə belə onu unutdurmaq istəyənlərin qorxulu yuxusuna çevrildi. İllərlə Cümhuriyyətə, Müstəqil Azərbaycana qarşı mübarizə aparanları belə onunla rəqabət aparmaq üçün, ona çatmaq üçün Üçrəngli Bayrağa “sarılmağ”a, müstəqilliyimizə iman etməyə məcbur etdi. Onu unutdurmağa çalışarkən, bizi ondan uzaqlaşdırmağa çalışanlar istəmədən belə onu təqlidə məcbur idilər, onun kəlamlarını, onun bayramlarını sahiblənərkən bir gerçəyi unutdular ki, təqlid ancaq əslini ucaldar. Və baltalamağa çalışarkən hər keçən gün bir az daha ucaltdılar onu gözümüzdə, zamanla maddi olaraq ondan uzaqlaşarkən, onu daha da yaxşı dərk etməyə başladıq.

Deyirlər, yunan əfsanəsi Anteyi hər dəfə məğlub etmək üçün yerə vurduqlarında o, anası olan torpaqdan güc alır, daha da böyüyür, daha da əzəmətli olurmuş. Elçibəy də ona hücumlar olduqca güclənəcək, Anteyin “Torpaq Ana”dan aldığı gücü, o, Ana Vətənindən, sevdalısı, doğması olan Millətindən alacaqdır. Həqiqət hücum olduqca güclənən bir məfhumdur. Necə ki, gözünü hakimiyyət tutmuş qüvvələrin yüzillər əvvəl Peyğəmbər ailəsinə, Həsənə və Hüseynə etdikləri zülümlər, qurulan tələlər maddi mənada uğurlu olsa da, tarix Kərbəlada Hüseyni qalib saydı və saymağa da davam edəcəkdir. Bəyin timsalında onun Elçisi olduğu xalqa qarşı imperiyanın ssenariləşdirdiyi “İyun” fitnəsində könüllü aktyorluğa, rejissorluğa razı olanlar, hər xatırlandıqlarında bu lənət üzərlərində olacaqdır. Bu yalnızca dini bir bənzətmə deyil, bu, Haqq və Batilin mübarizəsi, Əzəldən Əbədədək davam edəcək ölüm-dirim savaşıdır. Xalqın Elçisinə qarşı “fitnə” bayrağı qaldıranlar, mən əminəm ki, hər zaman Bəyi xatırlayanda içlərindəki o sancını hiss edəcəklər. Zaman keçdikcə Elçibəy böyüyür, yüksəlir, doğrularıyla, yanlışlarıyla xalq üçün əfsanələşərkən, onlar kiçilir, alçalır və ləkəli keçmişlərindən utanırlar, utanacaqlar.

Bu il – 2018-ci il onun bu dünyaya gəlişindən 80 il keçir. Qanlı imperiyanın qılıncının arxası da, önü də kəsdiyi bir ildə dünyaya gəlmişdi Bəy. 1938-ci ildə Müşfiqlər, Cavidlər, Cavadlar, Yusif Vəzirlər bu xalqdan bir gecənin qaranlığında oğurlanarkən, Tanrı sanki o dəhşətli gecələri aydınlığa qovuşdurub xalqına bu dalğalı, qaranlıq sularda yüksələn bir Dəniz Fənəri olmaq üçün hədiyə etmişdi Onu. O, həmin qəddar günlərdə represiyanın qılıncının hər iki tərəfinin kəsdiyi günlərdə göz açmış, həmin xain qılıncdan xalqının başını qurtarmaq üçün öz sinəsini qabağa vermişdi. Və bacarmışdı. “Qırmızı qaranlıqlar” yavaş-yavaş yerini aydınlığa buraxarkən, nə yazıq ki, arxası da, önü də kəsən qılınc yavaş-yavaş kütləşərkən, özgələrin əlində “qılınc” olanlar onu yaralamağı bacardılar, məğlubiyyətlərinin bir ulusun istibdaddan istiqlaliyyətə aparmağın “cəza”sını ona kəsdilər. O, yaralanmışdı, amma xalqın zehnində bir imperiyanın dəhşətini öz qanıyla yuyub aparmışdı. Gedişi maddi bir məğlubiyyət olsa da, bizlərə nə zamansa qələbənin mümkünlüyünü xatırladır hər dəfə. Elçibəy sadə bir siyasətçi, ya da bir prezidentdən daha çox şeydir biz gənclər üçün, xalq üçün. Elçibəy Qələbə ümidi, Elçibəy ömrünü Millətə fəda edə bilmək, Elçibəy gedişi ilə qalanları məğlub etmək, xəyanətin həyasız üzünə susqunluqla şillə çəkməkdir. Elçibəy güzgüdür – ona baxanda tarixi və həqiqəti gördüyümüz. Elçibəy bir nəfər deyil, böyük bir silsilənin davamıdır. Elçibəy yerə düşən döyüş bayrağını nizələrin, oxların ortasından götürüb öz sinəsinə sancmaqdır. Elçibəy bir əsr öncə Ulu Atamız  Rəsulzadə tərəfindən müjdələnən “Bir kərə yüksələn Bayraq bir daha enməzdir” fəlsəfəsini yaşadandır. Elçibəy o bir dəfə  yüksələn və enməyən, 70 il sonra təkrar dalğalanan Üçrəngli İstiqlaliyyət, Azadlıq və Millət Bayrağıdır.

Elçibəy Qaranlığı yenməyin yolu, Elçibəy İşıqlı Sabaha olan Ümidimizdir. (xural.com)

Sabir Mirzəzadə

pia.az
Etiket:
loading...