Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

El bilirmi sən kiminsən?...


Aqşin Yenisey


"Rus dilində danışaqmı, danışmayaqmı?", "Qadınların məhrəminə burun soxaqmı, soxmayaqmı?" “Pedofilləri axtalayaqmı, axtalayamaqmı?”

Bu cür praktik əhəmiyyətli suallar ictimai təfəkkürümüzün “Qordi düyünləridir” və Böyük İskəndərdən fərqli olaraq qarşılarında aciz-avara qalmağımızın, milli, bəşəri olana şəxsi mənafeyə uyğun cavablar axtarmağa çalışmağımızın səbəbi şüurumuzun kortəbii bünövrəsidir. Nədir kortəbii bünövrə? Əvvəlcə onu deyək ki, şüur dediyimiz şey dini məzmunludur, yəni şüurun təbiətini yaradan ilk emosiyalar dini hiss və həyəcanlardır, yerdə qalan bütün şüur formaları ondan budaqlanır və elmi şüurun ən mükəmməl təmsilçisi Eynşteyn də, fəlsəfi şüurun ən radikal “mücahidi” Nitsşe də vaxtaşırı kökə, dini məzmuna münasibət bildirməyə, məşhur əsərdə deyildiyi kimi, “Azğın oğlun qayıtması” şəklində də olsa, ona qayıtmağa ehtiyac hiss edirlər.

Xristianlıq Pyotrla Pavelin mübahisələrindən çıxandan sonra yerin kürə formasında olması kimi elmi bir iddia ilə qarşılaşdı. İslama tapınan bəzi ölkələrdə isə hələ də buna şəkk edən din alimləri tapılır. Çünki islam elmlə konfliktə girmədi, onun düşmənləri mənəvi ideyaları başqa formada təqdim edən digər dini düşüncələr idi; məsələn, zərdüştçülük, sufilik, hürufilik və islamın özündən çıxıb allaha fərqli yollarla yaxınlaşmağı iddia edən təriqətlər. Həllac, Nəsimi və s. kimi insanmərkəzli düşünən mistiklərin özlərinin də insana yanaşması çox qəddar metodlar üzərində qurulmuşdu. Məsələn, bəzi sufi təriqətlər allaha yaxınlaşmaq üçün başlıca olaraq cinsi nəfsdən, qadından uzaq durmağı, (mütəssəvilər hətta cinsiyyət orqanlarını dibindən kəsirdilər), bəziləri isə şəhidliyi təklif edirdilər. O, başqa məsələ ki, bu cür qəddarlıqlar qədim hind dinlərindən islamdan çox-çox əvvəl xristianlığa keçmişdi. İnsanmərkəzli elmi təfəkkürün sualları, intellektual gərgin araşdırmalar, analiz, təcrübə və kəşf ardıcıllığı nəticəsində formalaşan obyektiv ictiami şüur islam cəmiyyətlərində yalnız lokal səviyyədə inkişaf etdi və bu, günümüzdə də belədir. Hətta bu gün də islam dünyasından çıxan Oşo kimi filosoflar emprik təcrübələrdən çıxış edirlər. İnkvizisiyadan sonrakı ağıl çağında Avropa intellektualları dini vəhşiliklərin bir də baş verməməsi üçün hissi-emosional, mistik mənşəli hər bir yaradıcılıq növünü tənqid edirdilər, ələ salırdılar. Yunan rasionalizmini öyürdülər. Platonçuluğa, şairlərə, şeirlər gülürdülər. Və bu rasional “qisas” elmi inkişafın XX əsrdə iki Dünya müharibəsi ilə nəticələnməsinə qədər davam etdi. Müharibələrdən sonra Qərbdə metafizikaya münasibət bir az yumşaldı. Amma islam dünyasında Avropada 3-4 əsr davam edən rasional mühakimələr heç vaxt olmayıb. Ona görə bizim milli şüurumuz kortəbii, emprik qənaətləri ümumiləşdirmək, zora düşəndə də candərdi Qurana, yaxud mənəvi təcrübələrin tör-töküntüsü olan əxlaq təlimlərinə istinad etməklə öz suallarına cavab axtarır. Araşdırma ədəbiyyatı yox, məntiqi təhlil yox, fakt yox, təcrübə yox və aydındır ki, bunlar olmasa, praktik əhəmiyyətli heç bir suala gərəkən cavabı verə bilməzsən, ona görə də şəxsi fəhmə söykənən, ən uzağı, şişirdilmiş tarixi uydurmalara əsaslanan, heç bir təsir dairəsi olmayan cavablar tapa bilərsən ki, bu da özündən başqa hamıya gülünc görünər. Ona görə ki, bizdə "pedofilləri axtalayaqmı, axtalayamaqmı?", "Rus dilində danışaqmı, danışmayaqmı?", "Qadınların məhrəminə burun soxaqmı, soxmayaqmı?" kimi ictimai suallara cavab verə, izah edə bilən elm adamları, universitetlər yoxdur və mətbuat dörd qızını öldürən kişi ilə qarşılaşdıqda, yaxud rus dilində danışan uşaqlara əsəbiləşən milli təəssübkeş gördükdə “ştuçnı” siqareti son anda gəncliyinin başına caxacağı güllə kimi döş cibində gəzidirən şair-şüürə, müğənniyə zada üz tutur. Televiziyalar Nadir Qafarzadəni, mətbuat Hacı Şahinlə, Elşad Mirini “peyğəmbərləşdirir”. Bu illər ərzində kütləvi informasiya vasitələrində yönləndirici nüfuzuna, evlərə girə bilmə rahatlığına görə populyarlığı bu şəxslərlə müqayisə oluna biləcək bircə elm adamı, universitet müəllimi göstərməkdə çətinlik çəkirəm.

Ona görə də bizim ictimai şüurumuz anlayışmərkəzli deyil, sözmərkəzli, görüntümərkəzlidir. Biz dünyanı eynən uşaqların şəkilli kitabları qavradığı kimi qavrayırıq. “Şair xalq” adlandırılmağımızın da gizli səbəblərindən biri budur. Mənanı söz, şəkil səviyyəsində çək-çevir etməyi sevirik. Çünki bizə ağıl öyrədənlər anlayışlarla düşünən yox, sözlərlə düşündürməyə çalışanlardır. Məsələn, siz tarixin heç bir dövründə müharibədə məğlub olmuş ölkələrdə kosmopolitizm ideyalarının dilə gətirildiyini görə bilməzsiniz. Amma Azərbaycanda hər gün sosial şəbəkələrdə düşmənə rəhm aşılayan gənc fikirlərə rast gəlmək olar. Bu başqa məsələ ki, kimsə təslimçiliyinə kosmopalitizm donu geyindirmək istəyir. Belə adamlar öz kosmopolit “ağciyərliklərinə” tarixi kosmopolit ədəbiyyatdan sitat gətirməyə ürək eləmirlər, çünki bu ədəbiyyatın müəllifləri imperialist xalqların nümayəndələridir və onlar öz ölkələrinin təcavüzkar siyasətlərini pisləmək üçün kosmopolit ədəbiyyata müraciət ediblər. Məsələn, faşizm dövründə yaranan alman ədəbiyyatı buna ən sadə nümunədir. Adamlar dünyanı öz yetirmələri Hitlerdən qorumaq istəyirdilər. Amma siz eyni xalqın Birinci Dünya Müharibəsindən sonrakı şairlərini oxuyun. Orada müharubəni uduzmuş alman xalqının dağıdıcı ruhunu oyadan belə misralar görəcəksiniz: “Cavanlığımdan dəmiri qanla qızartmağı öyrəndim”.

Anlayış səviyyəsində baxsaq görərik ki, kosmopolitizm, əslində, məzlumları, zəifləri yox etmək üçün ortaya atılmış bir ideyadır, bir növ, xalqlara öz milli kimliyini unutmaq hesabına başa gələcək indiki qlobalizmin keçən əsrdə dünyasını dəyişən atasıdır. Pula və işə ehtiyacı olanlara bütün dünyanı vəd edən bir imperializm dinidir. İnsanı vətən (burjua) mücahidi olmaqdan çıxarıb dünya (imperializm) mücahidi etmək məqsədi güdən utopiyadır. Burjuanın çörəyi millətçilikdən çıxdığı kimi, imperializmin çörəyi də kosmopolitzmdən, qlobalizmdən çıxır. İnsan ikisindən birini seçmək zorundadır, çünki rahat yaşamaq üçün üçüncüsü yoxdur. Amma biz komopolitizmi anlayış kimi deyil, gəlişigözəl söz kimi çək-çevir etdiyimizdən, ölkə olaraq gölməçə kimi quruyuruq, üç əsrdir. Üstəgəl, kommunizmin tərbiyəsində böyümüş bir kütləyə millətçiliyi də şeir dilində izah etməyə cəhd edirik. İdeologiyanın qarşısına poeziya ilə çıxırıq. Kommunizm ideologiyası da millətçiliyi qəbul etmir, çünki kommunizmin düşməni olan burjuanın təməl duyğusu millətçilikdir.

Prosesin idrak səviyyəsində deyil, söz və görüntü səviyyəsində qəbul və müzakirə olunmasının nə qədər gülünc mənzərə yaratdığına dair hamının bildiyi iki misal çəkib yazının son nöqtəsini qoyacağam. O gün bir ilahiyyat professoru qalxdı dedi ki, bəs Nuh peyğəmbərin mobil telefonu olub, aləm dəydi bir-birinə. “Ola bilməz!”, “Yox, bir “notbook”u olub”, “bu nə danışır, ala” etirazları ağzını açıb gözünü yumdu. Halbuki etiraz edənlər o adamlar idilər ki, 3700 ildən çoxdur Nuhun gəmi düzəldib dünyanın bütün canlılarını cütlər şəklində o gəmiyə yığaraq Böyük Tufandan xilas etdiyinə inanırlar. Nuhun bu xilaskarlağını gəmiçiliyin inkişaf etdiyi bu günümüzdə belə etmək mümkün deyil. Əgər Nuh o fövqələməli həyata keçirə bilirsə, cib telefonu niyə olmasın? Ona inanıb, buna inanmamaq nə deməkdir?

"Tövrat"ı, "İncil"i, "Quran"ı Tanrının kitabı kimi qəbul etmək. Bir soruşan yoxdur ki, bu hansı tanrının kitabıdır? Məsələn, qədim şumerlərdə tanrının əkib-doğan ər-arvad obrazları var idi, qədim misirlilərdə o tanrılar Nil vadisində əkib-biçən idilər. Yunanlarda həmin tanrılar Olimp dağında yeyib-içir, müharibə aparırdılar, Hindistanda rəqs edirdilər. Bizim sivilizasiyaya isə tanrının bütün bu həngamələrdən sonra depressiyaya düşmüş, tükənmiş, bütün enerjisini tarlada, müharibə meydanlarında xərcləmiş, oynamaqdan sümükləri zoqquldayan, bir küncə çəkilib özünə qapanmış halda başına gələnlərdən kitab yazan tənha obrazı urcah oldu. Yəni bu qədər insani bir bioqrafiyaya sahib ilahi qüvvənin kitabı nə üçün onun qədər keşməkeşli həyatı olan, məsələn, Cek Londonun kitabından ucada durmalıdır? Söz, obraz şəklində inandığımız tanrının insandan nə fərqi var? Amma biz ona anlayış kimi inanmağa cəhd etsək, ilk növbədə onun kitablarını inkar etməli olacağıq. Bu barədə növbəti yazımızda.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar