Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əkrəm Həsənov: “Belə getsə, banklarda əmanətlərin həcmi kəskin azalacaq” - Müsahibə


Bank üzrə ekspert: “Əmanətlərin Sığortalanması Fondu sığortalanmış əmanətləri belə qaytarmaqdan yayınır. Özü də cəfəng arqumentlərlə”


“Əmanətin sığortalanması belə şübhə altına alınırsa, bank sisteminə necə etimad etmək olar axı?!”.

Bu fikirləri bank üzrə ekspert Əkrəm Həsənov Azərbaycanın bank sektorunda depozit sahəsindəki olan vəziyyəti PİA.AZ-a şərh edərkən qeyd edib.

Azərbaycanda bank sistemində vəziyyət qeyri-müəyyəndir, dövlətin isə ağır maliyyə durumu ilə üzləşən banklara yardım etmək imkanları inandırıcı görünmür. Onsuz da problemlər içərisində olan bank sektoru manatın iki dəfə devalvasiyalarından sonra daha da ağır vəziyyətə düşüb. Geri dönüşü olmayan kreditlərin həcminin artması, faiz dərəcələrinin çox yüksək olması bir kənara, hazırda vətəndaşlar kommersiya banklarına qoyduqları depozitləri geri çəkə bilmirlər. 

Mövzu ilə bağlı PİA.Az bank üzrə ekspert Əkrəm Həsənovla qısa müsahibəni oxucularının diqqətinə çatdırır:

Əkrəm Həsənov: “Maliyyə sistemimizi idarə edənlər dövlət başçısının bu sahədəki siyasətinin tam əksinə gedir və etimadı artırmaq əvəzinə, azaldırlar”.


- Əkrəm bəy, bank sektorunda adətən kredit sahəsində olan problemlərdən danışılır. Bəs depozit sahəsində vəziyyət necədir? Əhalinin banklara olan inamını  yetərli hesab etmək olar və müflis olmayan banklarda depozitlərin istənilən anda qaytarılması ilə bağlı problemlər yaşanırmı?

- “Ötən ilin mart ayında "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun qüvvəyə minməsi ilə əmanətlərin banklardan çıxarılmasının sürəti azaldı. O vaxta qədər əhali əmanətlərini banklardan kütləvi çıxarırdı. Çünki bank sisteminə etimad tam sarsılmışdı. Bundan sonra bağlanan banklarda sığortalanmış əmanətlər də Əmanətlərin Sığortalanması Fondu tərəfindən pis-yaxşı kompensasiya edildi və bu da etimadı daha da artırdı. İnsanlar da əminlik yarandı ki, bank bağlansa belə, Fond pulu qaytaracaq. Lakin son zamanlar vəziyyət pisləşib. Fond sığortalanmış əmanətləri belə qaytarmaqdan yayınır. Özü də cəfəng arqumentlərlə. Məsələn, deyir ki, onda olan məlumata görə vətəndaşın əmanəti sığortalı deyil. Halbuki, vətəndaşın əlində rəsmi müqavilə və digər təsdiqedici sənədlər var. Yaxud da deyir ki, müqavilənin müddət bitib. Bu da tam cəfəng əsasdır, çünki müddət bitibsə belə, əmanət tələbli əmanət kimi sığortalı hesab edilir. 

Təəssüf ki, Fond bu zaman məhkəmələrə də təzyiq edir və öz xeyrinə qərarların qəbuluna nail olur. Bu da əmanətçiləri qorxuda bilər. Əmanətin sığortalanması belə şübhə altına alınırsa, bank sisteminə necə etimad etmək olar axı?! Digər tərəfdən, bəzi banklar müştəriləri qarşısındakı öhdəliklərini icra etməkdən yayınır, amma müflis elan olunmur. Bu da təbii sistemə etimadı azaldır. Ümumiyyətlə, görünən odur ki, maliyyə sistemimizi idarə edənlər dövlət başçısının bu sahədəki siyasətinin tam əksinə gedir və etimadı artırmaq əvəzinə, azaldırlar. Bunu ya savadsızlıqdan, ya xəyanətkar olduqları üçün, yaxud da korrupsiya maraqları naminə edirlər. Belə getsə, banklarda əmanətlərin həcmi kəskin azala bilər.

Əkrəm Həsənov: “Əmanətlərin Sığortalanması Fondu sığortaladığı əmanəti danırsa, məhkəmə də vətəndaşı bu zaman qorumursa, mən vəkil ola-ola insanlarımıza necə deyim ki, gedin pulunuzu banklara qoyun?!”.


- Məlumdur ki, Azərbaycanda əhalinin böyük hissəsi, xüsusən də orta təbəqə hələ sovet dönəmindən pullarını “yastıq altında” saxlamağa üstünlük verirlər və bəzi ehtimallara görə banklardan kənar, əllərdə saxlanılan pul kütləsi milyardlarla dollardır. İndiki zamanda bu pulların “yastıq altında” qalmasını doğru və daha etibarlı hesab edirsiniz və yaxud da bu pullar banklarda saxlanılsaydı, ölkənin iqtisadi vəziyyətinin stabilləşməsi üçün yetərli sərmayə ola bilərdimi?

- Ümumən əlbəttə, pulun “yastıq altında” saxlanılması yaxşı hal deyil. Pul dövr etməli, həm sahibinə gəlir gətirməli, həm də iqtisadiyyatın inkişafına xidmət etməlidir. Lakin indiki durumda pulun banklara etibar edilməsi də təhlükəlidir. Bayaq dediyim kimi, Əmanətlərin Sığortalanması Fondu sığortaladığı əmanəti danırsa, məhkəmə də vətəndaşı bu zaman qorumursa, mən vəkil ola-ola insanlarımıza necə deyim ki, gedin pulunuzu banklara qoyun?! Amma “yastıq altında” saxlamaq da variant deyil. Həmçinin ona görə ki, oğurlana bilər. Hansısa biznesə yatırılması daha məqsədəuyğundur. Məsələn, kənd təsərrüfatına, çünki dövlətimiz hazırda bu sahəyə önəm verir, güzəştlər tətbiq edir, yoxlamalar da yoxdur. Amma burada da təbii hər şeyi ölçüb-biçmək lazımdır.

- Azərbaycan yenə də kölgə iqtisadiyyatın inkişafına görə dünya lideri olub. Sizin fikrinizcə kölgə iqtisadiyyatın inkişafında bank sektorunu rolu və payı nə qədərdir?

- Kölgə iqtisadiyyatı ölkəmizin inkişafının qarşısını alan əsas amillərdən biridir. Birbaşa korrupsiya ilə bağlıdır. Amma bankların burada təqsiri azdır. Onlar da əsasən bunun qurbanıdır və sadəcə hamı kimi sistemə uyğunlaşmağa çalışırlar. Kölgə iqtisadiyyatının əsas səbəbi dövlət aparatındakı korrupsiyadır.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Ən çox oxunanalar