Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya paytaxtları Qarabağ üçün hərəkətə keçdi


Nizamlama prosesində ümidverici gəlişmə; Çərçivə sazişi ilə bağlı telefon diplomatiyası da fəallaşıb; ABŞ-ın dövlət katibi Azərbaycan və Ermənistan prezidentlərinə zəng vurdu, sülh çağırışı etdi; Putin və Olland isə telefonda Dağlıq Qarabağdan danışdılar; prezidentlərin görüşləri permanent şəkil ala bilər...


Aprelin əvvəlində çoxsaylı itkilərlə nəticələnən lokal döyüşlərdən sonra Qarabağ danışıqlarında yeni mərhələnin başlayacağı barədə ehtimallar özünü doğruldub. 

Bunu uzun müddətdir görüşləri baş tutmayan AzərbaycanErmənistan prezidentlərinin son üç ay ərzində iki dəfə - Vyana və Sankt-Peterburqda - bir araya gəlməsi, bölgəyə çoxsaylı səfərlərin edilməsi, status-kvonun saxlanmasının olduqca təhlükəli olması barədə formalaşmış ümumi rəy də sübut edir. 

Qarabağdakı son hərbi toqquşmalaradək Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etməyə qadir olduğu barədə bəyanatlarına bir o qədər ciddi yanaşmayan qüvvələr də anladılar ki, ölkə prezidentinin “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək” bəyanatının arxasında xalqın iradəsi, ordunun qüvvəsi dayanır və danışıqlar müsbət nəticə verməsə, alternativ variant qaçılmaz olacaq. Artıq Ermənistanda da, həmçinin işğalçı ölkəyə havadarlıq edən çevrələrdə də anlayırlar ki, Bakı mənasız danışıqların daha 20 il davam etdirilməsi, nəticədə separatçı rejimin torpaqlarımızda möhkəmlənməsi ilə razı olmayacaq, odur ki, nə yolla olursa-olsun tərəfləri masa arxasında əyləşdirib kompromislər yolu ilə sülhə nail olmağa çalışırlar. 
Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın Qarabağ münaqişəsinə dair diplomatik səyləri intensivləşib. İyunun 30-da Rusiya prezidenti Vladimir Putinin Fransa dövlət başçısı Fransua Ollandla telefon danışığı zamanı digər aktual məsələlərlə yanaşı, Qarabağa da geniş vaxt ayırması bundan xəbər verir.
 
*** 

“Bütün bunlar göstərir ki, ”dördgünlük" aprel döyüşləri Qarabağ münaqişəsinin həllinə keyfiyyət baxımından yeni məzmun verib. Ona görə də istisna deyil ki, növbəti görüşlərdə Qarabağ münaqişəsinin həlli ilə bağlı çərçivə sənədi üzərində işlərin başlanması üçün ciddi addımlar atılsın. Yəni biz Qarabağ münaqişəsi ilə bağlı son 20 ildə görmədiyimiz proseslərin şahidi olaq. Artıq bunun işartıları da göz önündədir". Bu fikirləri isə politoloq Elman Nəsirov gununsesi.info-ya açıqlamasında deyib. Onun sözlərinə görə, Putin və Olland ATƏT Minsk Qrupu çərçivəsində aktiv əməkdaşlığın  davam etdirilməsinə dair razılığa gəliblər. Politoloq onu da deyib ki, burada erməni cəmiyyətində də ajiotaj yaratmamaq üçün danışıqlar prosesinin detalları barədə açıqlama verilmir.

Bunun ardınca ABŞ Dövlət Departamenti dövlət katibi Con Kerrinin AzərbaycanErmənistan prezidentləri ilə telefon danışıqlarına dair rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, Con Kerri İlham Əliyev və Serj Sərkisyanı son həftələrdə atəşkəsin əsasən təmin olunduğu Dağlıq Qarabağda “gərginlikdən qaçmağa” çağırıb. Dövlət katibi habelə ABŞ-ın münaqişənin “hərtərəfli nizamlanmasına kömək göstərməyə” hazır olduğunu ifadə edib və liderləri Minsk Qrupu çərçivəsində dialoqu davam etdirməyə çağırıb.

Telefon diplomatiyasının AzərbaycanErmənistan prezidentlərinin Fransada baş tutacağı gözlənilən növbəti görüşü ərəfəsində baş verməsi də diqqət çəkir. Məlumata görə, AzərbaycanErmənistan prezidentləri avqustda və sentyabrda görüşə bilər. Rusiyanın Sankt-Peterburq şəhərindəki axırıncı görüşdən sonra hər iki tərəfin nəticələrlə bağlı məmnunluğunu ifadə etməsi, atəşkəs xəttində gərginliyin minimuma enməsi və digər amillər proseslərin müsbət axara düşə biləcəyi inamını yaradır. 

Üstəlik, Ermənistanda vəziyyətin gündən-günə gərginləşməsi, hakimiyyətin dayaqlarının zəifləməsi, əhalinin ölkəni sürətlə tərk etməsi işğalçı ölkədə Qarabağla bağlı anlaşmanın labüdlüyü barədə fikirlərin formalaşmasına rəvac verən amillərdən sayılır. Hətta iddialar var ki, Sərkisyan Qarabağa sonuncu dəfə hərbi geyimdə deyil, mülki formada gəlməklə sülhə hazır olduğunu nümayiş etdirməyə çalışıb. 

Ancaq müşahidəçilərin fikrincə, Sərkisyanın mərhələli yolla torpaqları azad etməyə qərar verməsi onun hakimiyyətini vaxtından tez bitirə bilər, çünki Ermənistanda hələ ki müharibə tərəfdarlarının mövqeləri güclüdür. Bu mənada bəzi erməni ekspertləri güzəştlərə razılaşacağı halda S.Sərkisyanın eks-prezident Levon Ter-Petrosyanın taleyini yaşaya biləcəyini də təxmin edirlər. Lakin reallıq ondan ibarətdir ki, Qarabağ münaqişəsi əbədi olaraq bu şəkildə qala bilməz, bu, həm də regional layihələrdən kənarda qalan Ermənistanın bir dövlət kimi məhvinə aparan durumdur, bunu düşmən ölkədə də anlayanlar az deyil. Ancaq görünür hələ ki onların mövqelərinin zəifliyi konstruktiv mövqelilərin söz sahibi olmasına imkan vermir. 

***

Sankt-Peterburq görüşündə “ofsayd”da qaldığı güman edilən ATƏT də artıq xeyli fəallaşıb. Quruma sədrliyi həyata keçirən Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ErmənistanAzərbaycan hakimiyyətləri, həmçinin erməni və Azərbaycan icmasının nümayəndələri ilə görüşüb. Aprel hadisələrindən sonra status-kvonun hər an pozula biləcəyini ATƏT sədri özü də etiraf edib və bundan sonra ənənəvi davranışların müşahidə olunmayacağı bəllidir.

Bu arada ATƏT-in Minsk Qrupunun həmsədrləri və təşkilata sədrlik edən Almaniya AzərbaycanErmənistan prezidentlərinin görüşü ilə bağlı qərar qəbul edib (ANS). Belə ki, qərara əsasən, İlham Əliyev və Serj Sərkisyanın görüşləri “non stop” (dayanmadan) davam etdiriləcək. Qəzetin məlumatına görə, prezidentlərin növbəti görüşləri Vyanada, Sankt-Peterburqda, Parisdə, həmçinin ABŞ-ın şəhərlərindən birində təşkil edilə bilər. Məqsəd danışıqlar prosesində intensivliyi təmin etmək və hərbi əməliyyatların yenidən alovlanmasına imkan verməmək, həmçinin görüşlər vasitəsilə danışıqlar prosesini sürətləndirməkdir. Qəzetin iddiasına görə, görüşlər avqustda Parisdə, daha sonra isə sentyabr-oktyabr aylarında ABŞ keçirilə bilər. 

ABŞ dövlət katibi Con Kerri isə bu həftə reallaşdırılacaq Gürcüstan səfəri öncəsi ErmənistanAzərbaycan prezidentlərinə telefon açıb. Dövlət Departamentinin məlumatına görə, telefon danışıqları zamanı ABŞ-ın baş diplomatı prezidentləri sülh prosesinin irəliləməsi üçün vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb. Dövlət katibi ABŞ-ın münaqişənin hərtərəfli həllinə dəstək verməyə hazır olduğunu təsdiqləyib və prezidentləri Minsk Qrupunun vasitəçiliyi ilə danışıqları davam etdirməyə səsləyib.

Göründüyü kimi, qısa zaman kəsiyində dünyanın aparıcı güclərinin paytaxtlarının əsas müzakirə mövzularından biri Qarabağdır və son illərdə heç vaxt belə situasiya müşahidə edilməyib. Qarabağ məsələsində nəticə əldə olunması, böyük fəlakətlərə gətirib çıxaracaq müharibə ehtimallarının birdəfəlik aradan qaldırılması üçün ciddi çalışmalar var. Aprel döyüşlərini dayandırmaqla aktivinə yeni “xallar” əlavə edən, hətta ATƏT-ə sədrlik edən ölkənin kansleri A.Merkelin sözləri ilə desək, Qarabağ məsələsinin həllində açar rolunu oynamaq imkanı qazanan Rusiya isə təşəbbüsü Qərbin ixtiyarına vermək niyyətində olmadığını nümayiş etdirir. Bunu Rusiya XİN başçısı Sergey Lavrovun son hərbi toqquşmaların ardınca münaqişə bölgəsinə ikinci dəfə səfərə hazırlaşması da təsdiqləyir. “Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana səfər etdikdən sonra Bakıya gələcək”-deyə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib. “Bakıda danışıqlar aparılacaq, sonra isə prezidentlərin görüşü keçirilə bilər. Fransa tərəfindən təklif var, biz buna etiraz etmirik. Əsas odur ki, danışıqlarda nəticə əldə olunsun. Sülh yolu irəliləyiş istəyiriksə, danışıqlar üçün danışıqlar olmamalıdır”, - deyə nazir vurğulayıb.  

Bundan əvvəlki səfəri zamanı “çantasında” xüsusi planın olduğu deyilsə də, Lavrov masaya hər hansı planı qoymağa tələsməmişdi. Ancaq Sankt-Peterburq görüşündən sonra bəlli oldu ki, artıq müzakirələr konkret sənəd ətrafında gedir. Hətta Azərbaycan Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov 5 rayonun azad olunması ətrafında müzakirələrin aparıldığını açıqlamışdı. Lavrovun Bakıda və İrəvanda prezidentlərin növbəti görüşü və razılaşma sənədi ətrafında müzakirə aparacağı ehtimalı var.  

***

Politoloq  Şahin Cəfərli “Yeni Müsavat”a təsdiqlədi ki, Lavrovun Ermənistana və Azərbaycana səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə əlaqədardır: “İki ölkə prezidentlərinin növbəti görüşünə hazırlıq gedir. Nazir Elmar Məmmədyarov ortada bir sənəd layihəsi olduğunu və müzakirələrin bu sənəd ətrafında getdiyini bildirib. Güman ki, prezidentlərin növbəti görüşü baş tutarsa, orada münaqişənin həlli prinsiplərini əks etdirən çərçivə sənədi imzalana bilər. Maraqlıdır ki, ABŞ da münaqişə tərəflərini anlaşmağa sövq edir, Kerrinin prezidentlərə mütəmadi zəngləri bunu göstərir. Suriyadan sonra Qarabağ münaqişəsinin həllində də ABŞRusiya arasında konstruktiv dialoq qurulduğu ortadadır. İki böyük dövlət arasında bu məsələdə rəqabət getmir və Vaşinqton hələlik Moskvanın nizamlanma prosesində aparıcı mövqeyindən elə də narahat görünmür”. 

Siyasi təhlilçi hesab edir ki, sülh sazişinin detallarının müzakirəsində ABŞ daha konkret mövqe ortaya qoya bilər: “Məsələn, bölgəyə yeridiləcək sülhməramlı kontingentin yalnız Rusiya hərbçilərindən ibarət təşkilinə ABŞ-ın isti baxmayacağını düşünürəm. Vaşinqton böyük ehtimalla rusların da daxil olacağı çoxmillətli kontingentin formalaşdırılmasında təkid edəcək. Bu məsələdə əlbəttə ki, Azərbaycan öz qəti sözünü deməlidir. Rəsmi Bakı, əgər sülhməramlıların bölgəyə yeridilməsinə razılıq verəcəksə, çoxmillətli kontingentin formalaşdırılmasına çalışmalıdır. Həmin kontingentin tərkibində ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyənin hərbçiləri də təmsil olunmalıdır. ABŞ-ın və Avropa Birliyinin münaqişənin həllində Rusiyanın hegemon rolunu tanımasına baxmayaraq, mən onların Rusiya ilə dünyanın müxtəlif regionlarında nüfuz dairələrini yenidən bölüşdürəcəklərinə və bizim bölgəni Rusiyaya güzəştə gedəcəklərinə inanmıram. Sadəcə olaraq, Qərb hazırkı mərhələdə Moskva ilə yeni konfrontasiya ocağının yaranmasında maraqlı deyil və Rusiyanın əsas regional güc kimi Qarabağ münaqişəsinin həllində xüsusi rolunu qəbul edir”. Ş.Cəfərlinin fikrincə, burada əsas məqsədlərdən biri də Moskvanın Gürcüstana qarşı aqressivliyini aradan qaldırmaqdan və onu Gürcüstanın, eləcə də Ukraynanın itirilməsi ilə barışmağa vadar etməkdən ibarətdir: “Hazırkı mərhələdə Gürcüstan və Ukraynanı ”ayı"nın pəncəsindən qoparmağa üstünlük verən Qərb, Azərbaycanın balans siyasətini davam etdirərək heç bir tərəfə aid olmayan “boz zona” kimi qalmasına etiraz etmir".

***

Qeyd edək ki, ötən həftə hərbçilər qarşısında çıxış edən prezident İlham Əliyev Bakının prinsipial mövqeyini bir daha bəyan edib. Bildirib ki, Bakının mövqesində heç bir dəyişiklik olmayıb və olmayacaq. “Bir daha qeyd etmək istəyirəm ki, məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaranmayacaq. Bu, əsas məsələdir. O ki qaldı Dağlıq Qarabağın statusuna, bu, sonranın işidir. Əlbəttə ki, müəyyən status ola bilər. Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası mövcuddur. Bunun muxtariyyət statusu var. Avropada, digər ölkələrdə mütərəqqi təcrübə və müxtəlif statuslar var. Ancaq bu status ölkəmizin ərazi bütövlüyünü pozmamalıdır” - prezident deyib. Şübhə yox ki, danışıqlarda da bu mövqe hakimdir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar