Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya birliyinin var-yoxluğu



Çingiz Özgür yazır


Orta məktəbin neçənci sinfində oxuduğum tam yadımda deyil, amma yadımdadır ki, “Kimya” dərsindəydik. Uşaqlar şuluq elədi, sinif bir-birinə qarışdı. Di gəl, həmişəkindən fərqli olaraq, müəllimimiz nəinki əsəbiləşdi, əksinə, yüksək əhval-ruhiyyəylə elan elədi ki, nə qədər istəyirsiz, dağıdın, bu gün kefim o qədər kökdü, heç nə məni hirsləndirə bilməz.
    
Uşaqlar məsələni şəxsiləşdirib, yerbəyerdən replika atmağa başladılar. Müəllimimiz yenə də təmkinini pozmadan izah elədi: “Sizin elə ağlınız o qədərdi. Toydan-nişandan başqa bir şey düşünməyin. Heç bilirsiniz nə olub? BMT qətnamə qəbul edib ki, ermənilər dərhal bizim torpaqlardan çıxmalıdır!”
   
İyirmi ildən artığın söhbətin edirəm. Yuxu kimi xatırlayıram. Sonralar o qətnamələri o qədər eşitdik ki, hətta nömrələrin də əzbərlədik. Bu illər ərzində dövlət başçılarımız daxil, bütün hakimiyyət nümayəndələri çıxışlarında erməniləri bu qətnamələri yerinə yetirməyə çağırdı. İllər keçdi, İctimai Televiziya adlı qurum yarandı, hər dəfə xəbərlərdən öncə o qətnamələri Azərbaycan və ingilis dillərində xatırlatdılar televiziyanın efirində. Sonda…   İTV-nin efirindən gündə bir neçə dəfə deyilən “Dünya birliyi bu haqsızlığa hələ də dözür” cümləsini lağlağıya çevirdik. Ən yaxşı bacardığımız işi elədik. Faciəmizi mırta döndərib, indiki gənclər demiş “temanı öldürdük”.
    
Yenə o illər idi. Portuqaliyanın Lissabon şəhərində sammit keçirildi. Düşmənlərimiz diplomatik yollarla darmadağın edildi. Bir neçə il “Lissabon uğurlarından” danışıldı. Hətta bir icra başçımız vardı, Lissabonu ölkə, sammiti isə şəhər adı bilirdi. Çıxışında demişdi ki, “Lissabonun Sammit şəhərində böyük uğur qazandıq”. O mövzu da getdi, di gəl, bircə qarış torpaq gəlmədi.
  
Sonra bizim taleyimizi, yekə-yekə ölkələrin, hələ yetmişinci illərdə xarici işlər nazirləri səviyyəsində yığışıb yaratdığı ATƏM adlı təşkilata tapşırdılar. İndi gənclər oxuyanda elə biləcək ki, hərf səhvi var. Amma yox, o vaxtlar bu təşkilatın son hərfi hələ ki, “M” idi - “Müşavirə” sözünün baş hərfi. Sonra gördülər bizim işimiz uzundu, üstəgəl yemək-içməklərini, əmək haqlarını da veririk, müşavirəni çevirib təşkilat elədilər. ATƏM döndü oldu ATƏT. Onun da Minsk qrupunu yaratdılar. Üç dənə super dövləti bu qrupa həmsədr edib, hərəsindən bir adam seçdilər, dedilər gedin Azərbaycanın torpaqların qaytarın.
 
Neçə illərdi gəlirlər, monitorinqdən-zaddan edib, kürüdən yeyib, tut arağından içib, nəsə bəyanat verib gedirlər. Di gəl, verdikləri bəyanatlardan bircə kəlmə də kimsənin nə yadındadı, nə də bir qəpiklik xeyri var. Əvəzində, o həmsədrlərlə bağlı yadda qalan ən böyük hadisə, həmsədrlərdən birinin tut arağından o ki var vurduqdan sonra, camaatın gözü qarşısında, çölün ortasında “kiçik ehtiyacını” ödəməyi oldu. Sağ olsun, televiziyalarımızdan hansısa bu kadrları xəbər kimi çəkib efirə də verdi.
 
Bu siyahını nəinki mən, hər birimiz istəsək uzada bilərik. Hər birimizin heç nə olmasa da, 25 illik təcrübəmiz, müşahidələrimiz var. Üstəgəl, tək bizdə yox. Dünyanın harasında mübahisəli, münaqişəli məsələlər varsa, “dünya birliyi” sağ olsun, bu üsullarla həll etməyə çalışır. Hələlik bir şey alınmayıb, amma deyirlər yaxşı olacaq. Sadəcə, bir az vaxt tələb olunur. Bir-iki əsr…
     
İndi gəlin, bir anlığa gözlərimizi yumaq və mövcud “status kvo”nu , heç olmasa öz xəyalımızda dəyişək. Düşünək ki, bütün torpaqlarımız özümüzdədi, üstəlik, tarixi Azərbaycan torpaqlarını da bərpa edə bilmişik. Qoy Kasprşik saqqalından tər axana qədər danışsın. Pan Gi Mun danlasın bizi. BMT qətnamə qəbul eləsin, Amerika 907-ci düzəlişi yenidən bərpa eləsin. Həəə, sonra?
   
Qalib tərəf kimdirsə, şərtləri o diktə edir. Əsrin əvvəlində Türkiyədə baş vermiş hadisələrlə bağlı, yüzlərlə qərar, qətnamə qəbul edilib. Hər ilin elə bu günlərində, aləm bir-birinə qarışır.
 
Amerikanın bir neçə ştatı daxil, onlarla ölkə, hadisəni “soyqırım” olaraq tanıyıb. Ermənilərin Papasından (I Fransiskus), Mama(roza)sına (Kim Kardaşyan) qədər hamısı şivən qaldırıb. Nə dəyişib? Uzağı ildə bir dəfə, qarşılıqlı ittihamlar, hay-küy, vəssalam.
     
Dediyim odur ki, vallah bu beynəlxalq aləmdən-zaddan bir şey çıxmayacaq. Onlar bizə torpaq alıb qaytaran deyil. Təpər özümüzdən olmadıqca, bircə qarış torpaq da geri qayıdan deyil. Dünya birliyindən isə kömək ummağa dəyməz. Əksinə, bizim haqq və ədalət mübarizəmizdə, bu beynəlxalq aləm bizim qarşımızda olmasa, onda mənə nə deyirsiz deyin. Amma eybi yox. İnşallah, biz torpaqlarımızı azad edək, beynəlxalq aləmin məsələsi asandı. Lap istəsən, “Dünya birliyi nazirliyi” yaradıb, Mirşahinlə Aşıq Ədaləti o nazirliyə “həmnazir” təyin etmək olar. Ya da eləcə, Mirşahin Aşıq Ədaləti qonaq çağırar, özünün müəllif verilişinə, ikisi birləşib beynəlxalq aləmin “var və yox” məsələlərini təhlil edərlər.
    
Təki bizdə cəsarət və təpər olsun! (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar