Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Duma şəhərinə kimyəvi silahla hücum Suriyada nələri dəyişəcək?


Suriyada hibrid müharibənin ən kəskin dönəminə girilib...


Şahin Cəfərli: “Obrazlı şəkildə belə deyə bilərik ki, kimyəvi silah hadisəsi Suriyadan çıxmaq istəyən Trampı yenidən Suriyaya qaytardı”.

İlqar Vəlizadə: “Belə qarışıq vəziyyətdə də birmənalı olaraq demək olmaz ki, Şərqi Qutada kim kimyəvi silahlardan istifadə edib”.

Xəbər verdiyimiz kimi aprelin 7-də Şərqi Qutanın Duma şəhərinə kimyəvi silahla hücum olunub. Duma ərazisinə kimyəvi silahla edilən hücum zamanı 80 nəfərin öldüyü, minlərlə insanın isə zəhərli qazın təsirindən xəstəxanalara çatdırıldığı bildirilib. ABŞ administrasiyası Şərqi Qutaya kimyəvi silah hücumuna görə məsuliyyəti Bəşər Əsəd rejiminin, həmçinin bu rejimi müdafiə edən Rusiyanın və İranın üzərinə qoyub. Həmçinin ABŞ prezidenti Donald Tramp kimyəvi silah tətbiq edilməsi ilə bağlı yayılan xəbərlərə kəskin reaksiya verib. ABŞ prezidenti özünün “Twitter” səhifəsində yazıb ki, “heyvan” Əsəd kimyəvi silahla təşkil edilən hücuma görə böyük bədəl ödəyəcək. Eyni zamanda Tramp sosial şəbəkədə paylaşdığı postunda Putini, Rusiyanı və İranı Bəşər Əsədin havadarları adlandıraraq kimyəvi silah hücumuna görə Putinin də məsuliyyət daşıdığını qeyd edib. Məsələ ilə bağlı Bəşər Əsəd bildirib ki, Suriya aviasiyasının Duma ərazisinə kimyəvi silah olan bombalar atması həqiqətdən uzaqdır. Rusiya isə öz növbəsində ABŞ-ın Suriyanın hökümət güclərini vuracağı təqdirdə həmin ərazilərdə rus hərbiçiləri olduğu halda  ABŞ raketlərini vuracaqlarını bəyan edib.

Bu gün səhərə yaxın isə Suriya rejiminin Homs əyalətində yerləşən T-4 aviabazasına raket hücumu həyata keçirilib. Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, ötən gecə saat 03.25 və 03.53-də İsrail Hərbi Hava Qüvvələrinin iki F-15 təyyarəsi Suriyanın hava məkanına daxil olmadan Livan üzərindən Homs yaxınlığındakı T-4 aviabazasına raket zərbələri endirib. Suriya Hava Hücumundan Müdafiə qüvvələri idarəolunan “hava-yer” tipli raketlərlə endirilən beş zərbənin qarşısını alıb, lakin raketlərdən üçün hədəfə dəyib. Raketlər aviabazanın qərb hissəsini hədəf alıb.

Rəsmi Moskva İsraildən bu raket zərbələrinin məqsədi barədə izahat istəyir. Lakin İsrailin Moskvadakı səfirliyi şərh verməyib. Bununla belə İsrailin strateji məsələlər və ictimai təhlükəsizlik naziri Gilad Erdan daha əvvəl bildirmişdi ki, ABŞ Suriyaya hücum etməlidir. İsrail və ərəb qaynaqları raket zərbələrinə tuş gələn bazada İran hərbçilərinin də həlak olduğunu bildirir. Habelə bazada Rusiya hərbçilərinin də olduğu haqda məlumatlar var, lakin onların itki verib-vermədiyi bilinmir. Suriya rəsmi KİV-ləri bazaya raket zərbələri nəticəsində 14 hərbçinin həlak olduğunu, onlarla hərbçinin yaralandığını bildirir. Lakin ehtimal olunur ki, itkilər daha çoxdur.

Xəbərlərə görə, BMT Təhlükəsizlik Şurasının 9 üzvü, o cümlədən daimi üzvlərdən ABŞ, Böyük Britaniya və Fransa şərqi Qutaya kimyəvi silah hücumuna görə Şuranın təcili iclasını çağırıblar. Rusiya isə ümumiyyətlə Qutaya kimyəvi silah hücumunun baş verdiyini inkar edir. Hərçənd humanitar yardım könüllüləri zarin qazından boğulan çoxsaylı qadın və uşaqların dəhşətli görüntülərini yaymaqdadır.

Suriyada kimyəvi silahdan istifadə edilməsi bölgədə hansı dəyişikliklərə yol aça bilər və ABŞ başda olmaqla müttəfiqlərin Suriyada Rusiyaİranla üz-üzə gəlməsi nə qədər realdır və dünya böyük müharibənin başlamasına yaxındır? Həmçinin Britaniyada Skripal qalmaqalından sonra Suriyada hökümətin kimyəvi silahdan istifadə etməsi Bəşər Əsədin hakimiyyəti üçün də ciddi təhlükə yaradır. Bu həssas dönəmdə Əsəd qüvvələrinin kimyəvi silahdan istifadə etmələri sizcə nə qədər məntiqlidir və hesab etmək olarmı ki, hazırda Suriyada hibrid müharibəsinin ən kəskin dönəminə girilib?   

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloqlar Şahin Cəfərliyə İlqar Vəlizadəyə müraciət edib.



Şahin Cəfərli: “Suriyanın gələcəyi ilə bağlı həlledici mərhələ yaxınlaşır, bu səbəblə gərginlik də kulminasiya nöqtəsinə çatmaqdadır”.


Politoloq Şahin Cəfərli PİA.AZ-a açıqlamasında qeyd edib ki, Suriyada indiyədək daha çox vəkalət savaşları gedirdi. Yəni dövlətlər dəstəklədikləri silahlı qruplar vasitəsilə öz maraqlarını təmin etməyə çalışırdılar. Son aylarda isə vəkalət savaşlarının yerini tədricən dövlətlərin açıq qarşıdurması alır. Artıq açıq şəkildə dövlətlərin maraqlarının toqquşmasını izləyirik:

Suriya ordusunun kimyəvi silahdan istifadə etdiyi haqda xəbərlər və iddiaların ilk nəticəsi bu oldu ki, son günlər “Suriyadan tezliklə çəkiləcəyik” fikrini təkrarlayan ABŞ prezidenti Donald Tramp məsələyə çox sərt reaksiya verdi. Suriya rəhbərini heyvan adlandıran Tramp bildirdi ki, Bəşər Əsəd böyük bədəl ödəyəcək. ABŞ-dan sonra Avropa Birliyi də hadisəyə görə məsuliyyəti Əsədin boynuna qoydu. ABŞ və son həftələrdə Suriya məsələsində fəallaşmış Fransanın prezidentləri arasında məsləhətləşmə də keçirildi. Qərb öz müttəfiqləri ilə bərabər BMT Təhlükəsizlik Şurasını toplantıya çağırdı, amma aydındır ki, bu toplantıda hər hansı qərarın qəbulu mümkün deyil, çünki Rusiyanın veto hüququ var. BMT toplantısından sonra ABŞ və müttəfiqləri tərəfindən Suriya ordusunun mövqelərinə raket zərbələrinin endirilməsi istisna deyil. Trampın “Əsəd böyük bədəl ödəyəcək” bəyanatının yəqin ki, hansısa praktik nəticəsi olacaq. Söhbət hərbi cavabdan gedir. Obrazlı şəkildə belə deyə bilərik ki, kimyəvi silah hadisəsi Suriyadan çıxmaq istəyən Trampı yenidən Suriyaya qaytardı. 

ABŞ və müttəfiqlərinin Rusiya ilə üz-üzə gəlməsinin mümkün olub-olmaması ilə bağlı onu demək olar ki, ABŞ-ın müttəfiqi İsrail indiyədək Suriyada dəfələrlə İranla üz-üzə gəlib. Elə bu gün (9 aprel) səhərə yaxın bilirsiniz ki, İsrail hərbi təyyarələri Suriyanın Homs əyalətindəki hərbi aviabazanı bombalayıb. Səbəb həmin aviabazadan İranın və onun vuran qolu “Hizbullah”ın istifadə etməsidir. İsrail əvvəllər də bu tip hücumlar həyata keçirib. Rusiya İsrailin bu addımlarına reaksiyasız qalır, çünki iki ölkə arasında bu barədə şifahi razılaşma var. İsrail Rusiyaya açıq bildirib ki, Suriyadan qaynaqlanan təhlükələrə hövsələ ilə yanaşmayacaq, Moskva da bu mövqeni anlayışla qarşılayıb. ABŞRusiyanın Suriyada toqquşması ehtimalına gəldikdə isə, əlbəttə, nəzəri baxımdan heç nəyi istisna etmək olmaz, amma mən bu ehtimalın çox zəif olduğunu düşünürəm. ABŞRusiya arasında Suriyada müəyyən koordinasiya var, tərəflər çalışırlar ki, onların hərbçiləri istər havada, istərsə də yerdə üz-üzə gəlməsinlər. Bir il əvvəl – 2017-ci il aprelin 7-də ABŞ Suriya ordusunun Şayrat aviabazasına raket zərbələri endirərkən bu barədə Rusiyaya əməliyyatdan az öncə məlumat verilmişdi və Suriyadakı Rusiya qruplaşması səssiz qalmışdı. Əgər ABŞ yenidən Suriyaya zərbə endirməyə qərar verərsə, bu dəfə də eyni halın təkrarlanması ehtimalı yüksəkdir. Rusiya şübhəsiz ki, bu addıma siyasi-diplomatik müstəvidə sərt reaksiya verəcək, hərbi müstəvidə cavab isə böyük sensasiya olardı. 

Şahin Cəfərli: “ABŞRusiya arasında Suriyada müəyyən koordinasiya var, tərəflər çalışırlar ki, onların hərbçiləri istər havada, istərsə də yerdə üz-üzə gəlməsinlər”.


Mən Duma şəhərindəki kimyəvi hücumun Əsədin ordusu tərəfindən həyata keçirildiyini birmənalı şəkildə söyləyə bilmərəm. Suriya qaynar qazandır, orada çoxlu sayda silahlı qrup var və ölkənin ərazisində xeyli dövlətin kəşfiyyat xidmətləri at oynadır. Ona görə də qəti şəkildə bunu yüzdə yüz Əsədin etdiyini demək, doğru olmaz. Eyni zamanda, “Əsəd belə şey eləməz” demək də mümkün deyil. Suriya müharibəsinin keçmişinə nəzər salanda görmək olur ki, indiyədək Əsəd rejimi tərəfindən bir neçə dəfə kimyəvi silahdan istifadə olunub. Yəni Əsədin bu baxımdan keçmişi təmiz deyil. Suriya ordusu 2013-cü ilin avqustunda elə son hadisənin baş verdiyi zonada – Şərqi Qutada kimyəvi silahdan istifadə etmiş, nəticədə yüzlərlə adam ölmüş və yaralanmışdı. ABŞ prezidenti Barak Obama kimyəvi silahdan istifadəni “qırmızı xətt” elan etməsinə baxmayaraq, bu olaydan sonra Suriyaya qarşı hər hansı hərbi addım atmamışdı. 

Suriyada indiyədək daha çox vəkalət savaşları gedirdi. Yəni dövlətlər dəstəklədikləri silahlı qruplar vasitəsilə öz maraqlarını təmin etməyə çalışırdılar. Son aylarda isə vəkalət savaşlarının yerini tədricən dövlətlərin açıq qarşıdurması alır. Artıq açıq şəkildə dövlətlərin maraqlarının toqquşmasını izləyirik. Silahlı mərhələnin sona yaxınlaşması ərəfəsində hər kəs masaya güclü şəkildə oturmaq üçün əlindəki bütün kartları oyuna daxil etməkdədir. Suriyanın gələcəyi ilə bağlı həlledici mərhələ yaxınlaşır, bu səbəblə gərginlik də kulminasiya nöqtəsinə çatmaqdadır.”



İlqar Vəlizadə: “Nə qədər ki, Qərb Rusiya qarşıdurması mövcuddur bu məsələdə əsl səbəbkarı tapmaq çox çətin olacaq”.


Suriyada hərbi baxımdan kimyəvi silahdan istifadə olunmasının heç bir əsası olmadığını vurğulayan politoloq İlqar Vəlizədə görə onsuz da Şərqi Qutada üstünlük Əsəd ordusu tərəfindədir və Əsəd ordusuna ruslar da, iranlılar da kömək edirlər. Buna görə də Əsəd ordusuna müqavimət göstərən qüvvələr acizdir:

“Ümumiyyətlə son illərdə kimyəvi silah mövzusu Suriyada, Suriya ətrafında olan proseslərə mənfi təsir edir. Belə ki, hələ 2011-2013-cü illərdə qərar qəbul olunub ki, Suriyadakı kimyəvi silah ehtiyatları ləğv olunsun. Bu məsələyə zəmanətçi də Rusiya durmuşdu. 2013-cü ildə xəbər yayıldı ki, artıq Suriyada kimyəvi silah yoxdur. Amma onu da qeyd edim ki, çox güman ki, kimyəvi silah hansısa bir qrupların əlinə keçib və onlar həmin silahdan ara-sıra istifadə etməyə cəhd edirlər. 

Suriyada kimyəvi silahlardan istifadə olunması birinci hal deyil. Bir neçə il bundan əvvəl kimyəvi silahlar İbliddə istifadə olunmuşdu. İndi də Duma şəhərinə kimyəvi silahla hücum olunub. Bu məsələdə də tərəflər bir-birlərini günahlandırırlar. ABŞ Şərqi Qutaya kimyəvi silah hücumuna görə məsuliyyəti Suriya hökümətinin boynuna atır. Suriya hökuməti isə deyir ki, əgər belə hadisə baş veribsə, demək ki, həmin hadisəni Suriya hökumətinə qarşı çıxan qüvvələr törədib. Belə qarışıq vəziyyətdə də birmənalı olaraq demək olmaz ki, Şərqi Qutada kim kimyəvi silahlardan istifadə edib. 

Onu da qeyd etmək lazımdır ki, əslində Suriya tərəfi çalışır elə bir mənzərə yaratsın ki, guya Suriyada kütləvi ölümlərə səbəb olan silahlar yoxdur. Amma əslində real olaraq Suriya kimyəvi silahların istifadəsindən boyun qaçırmalıdır. Çünki kimyəvi silahların istifadəsi Suriyanın xeyrinə deyil. Həmçinin qeyd edilməlidir ki, indi Suriyada vəziyyət dəyişilib. Yəni hərbi uğur müxailif silahlılar tərəfində deyil, Suriya ordusu və Əsəd tərəfindədir. Buna görə də nə dərəcədə lazımıydı kimyəvi silahdan Şərqi Qutada bu vəziyyətdən istifadə etməyə? Bu sual hələ ki, cavbsızdır. Belə vəziyyətdə də hər kəs, yəni ABŞ, Suriya ordusu, Bəsər Əsəd kimyəvi silahdan istifadəni bir-birinin üstünə yıxacaqlar. Düşünürəm ki, bütün hallarda bu cür müəmmalı vəziyyət davam edəcək. Yəni nə qədər ki, əməliyyatlar aparılır o qədər də müəmmalı vəziyyət davam edəcək. 

İlqar Vəlizadə: “Siyasi məqsədlərə görə kimyəvi silahdan istfadə etmək təhlükəli tendensiyadır”.


Hesab edirəm ki, bu məsələdə çoxlu təxribatlar var. Bu təxribatların arxasında kimin dayandığın indiki şəraitdə dəqiq müəyyənləşdirmək olmaz. Skripal qalmaqalı ilə bağlı da onu demək lazımdır ki, əslində bu məsələdə ancaq kimyəvi zəhərlənmə faktı var. Baxmayaraq ki, İngiltərə tərəfi deyir ki, bunu Rusiya edib, amma Rusiya tərəfi də təklif edib ki, birgə araşdırmalar aparılsın. Əslində bu məsələnin aydınlaşması üçün müştərək komissiya olmalıdır və bu komissiya BMT nəznində yaradılmalı idi. Necə ki, Malaziya təyyarəsinin qəzasından sonra komissiya yaradıldı, Skripal qalmaqalında da bu cür komissiya yaradılmalıdır. Amma belə bir komissiya yoxdur və hər tərəf öz xeyrinə faktlar gətirir. Bu faktlar da kifayət etmir bilinsin ki, hansı tərəf bu hadisəni törədib. 

Burada müəmmalı hadisələr çoxdur. Amma siyasi məqsədlərə görə kimyəvi silahdan istfadə etmək təhlükəli tendensiyadır. Bir daha qeyd edim ki, Suriyada hərbi baxımdan bu silahdan istifadə olunmasının heç bir əsası yoxdur. Çünki üstünlük Əsəd ordusu tərəfindədir və Əsəd ordusuna ruslar da, iranlılar da kömək edirlər. Buna görə də Əsəd ordusuna müqavimət göstərən qüvvələr acizdir. Bütün bunlara görə də əgər kimyəvi silah Bəşər Əsəddə varsa belə, rüzum yoxdur ki, həmin silahı işə salsın. Son olaraq qeyd edim ki, nə qədər ki, Qərb Rusiya qarşıdurması mövcuddur bu məsələdə əsl səbəbkarı tapmaq çox çətin olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar