Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət büdcəsinə yenidən baxılacaq


Layihənin iyunun 30-da Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir


Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinə yenidən baxılacaq. 

Bununla bağlı “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi təklif edilir. Layihənin iyunun 30-da Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir. Əlavə və dəyişikliklərin məzmunu yaxın günlərdə açıqlanacaq.

Bəs görəsən, bu ilin büdcəsində hansı dəyişikliklərin edilməsinə ehtiyac var?

Bu sualı cavablandıran iqtisadçı ekspert Əkrəm Həsənov büdcədə hər hansı prinsipial dəyişikliklərin olması ehtimalının az olduğunu bildirdi: “Düşünmürəm ki, prinsipial dəyişikliklər olacaq. Prinsipcə cari ilin büdcəsi əvvəlki illərin büdcələri ilə müqayisədə xərclərin kəskin azaldılması ilə xarakterizə olunur. Ehtimal edirəm ki, dəyişikliklər də məhz xərclərlə bağlı olacaq. Nəyi isə azaldacaqlar, nəyi isə artıracaqlar. Bunlara dəqiq qiymət vermək üçün tam məlumatlı olmaq lazımdır. Amma bizdə şəffaflıq az olduğundan məlumat da çox azdır deyə dəyişikliklərə qiymət vermək çətin olacaq. Eyni zamanda mən düşünürəm ki, xərclərin artırılması üçün ən prioritetli sahələr məhkəmə sistemi və kənd təsərrüfatıdır. Kənd təsərrüfatı ona görə ki, ölkənin ərzaq təhlükəsizliyi digər iqtisadi sahələrdən daha vacibdir. Bu sahənin xərclərinin artırılması ilə ölkənin valyuta gəlirlərinin ərzağın idxalına sərf edilən hissəsi də azalacaq. Heç olmasa özümüzü ərzaqla təmin edə bilərik”.

İqtisadçı məhkəmə sisteminə ayrılan xərclərin artırılmasının da vacib olduğunu qeyd etdi: “İqtisadi inkişaf məhkəmələrin müstəqil və obyektiv olması ilə də sıx bağlıdır.

Əks halda, heç kəs ölkəyə sərmayə qoymayacaq. Buna görə də məhkəmə sisteminə xərc kəskin artırılmalıdır. Bəs hansı xərcləri azaltmaq olar? Sənaye, tikinti və faydalı qazıntılar, habelə nəqliyyat və rabitə bölmələri, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət üzrə xərclərin nisbətən daha çox azaldılması mümkündür. Çünki indiki şəraitdə bu sahələrin effekti olmayacaq. Sahibkarlıq üçün lazımi şərait olmadan onsuz da onları real və səmərəli inkişaf etdirmək mümkün olmayacaq. Ümumiyyətlə, biz kiçik ölkəyik, hər bir sahəni inkişaf etdirə bilmərik. Prioritetlər olmalıdır”.

İqtisadçı ekspert Natiq Cəfərıli isə “Yeni Müsavat”a danışarkən büdcədə xarici borcların ödənilməsi ilə bağlı nəzərdə tutulan xərclərin artırılacağını bildirdi: “Çox güman ki, dövlət borcunun qaytarılması üçün nəzərdə tutulmuş hissəsinə artım olacaq. Çünki bu məsələdə, eləcə də Beynəlxalq Bankla bağlı problemlərin həlli üçün əlavə vəsait tələb olunacaq. Çox güman ki, əlavə xərclərin və büdcə kəsirinin artırılması yönündə addım atılacaq. Çünki büdcə xərclərinin azalması iqtisadi durğunluğu daha da dərinləşdirir. Büdcə xərclərinin artırılması ilə bağlı qərarların veriləcəyi gözlənilir. Bu qərarlar da təmir-tikinti işlərinə yönəldiləcək. Birinci mikrorayonun yenidənqurulması ilə bağlı qərar var və onun icrası üçün vəsaitin ayrılması məsələsi gündəmə gələ bilər”.

İqtisadçı ekspertin sözlərinə görə, 40 dollardan əlavə büdcəyə daxil olan neftin gəlirlərinin iqtisadiyyatın müxtəlif sahələrinə yatırılacağı gözlənilir: “İlin ilk yarısında neft gəlirləri nəzərdə tutulduğundan artıq olub. Neft bu ilin büdcəsində 40 dollardan nəzərdə tutulmuşdu. Lakin ilin ilk 5 ayı ərzində orta qiymət 55 dollar oldu. İndi isə neftin qiymətinin enməsi tendensiyası müşahidə olunur. Ancaq hələ ki 40 dollar səviyyəsinə çatmayıb. Həmin məbləğdən artıq qalan vəsaitin bir hissəsinin büdcə xərcləmələrinin artırılmasına, bununla da iqtisadi aktivliyin canlanmasına sərf olunması gündəmə gələ bilər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə qəzetimizə açıqlamasında bildirdi ki, sənədlər hələ Milli Məclisə daxil olmayıb: “Dəyişikliklərin ediləcəyi ilə bağlı bizdə də məlumat var. Ancaq hələ ki konkret müddəalar bilinmir. Neftin qiymətini biz büdcədə 40 dollardan götürmüşdük. Ancaq ötən 5 ayda neftin qiyməti 55 dollar ətrafında oldu. Həmin müddətdə müəyyən qədər əlavə vəsait daxil olub. Ola bilər ki, həmin vəsaitlərin bölüşdürülməsi ilə bağlı dövlət büdcəsinin həm gəlir, həm də xərc hissəsində müəyyən dəyişikliklər edilsin. Ancaq indi konkret heç nə demək mümkün deyil”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar