Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dilimiz rus sözlərindən xilas ola biləcəkmi?


PİA.AZ axar.az-a istinadən  Bakı Slavyan Universitetinin (BSU) dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Əhmədovanın Azərbaycan lüğətçiliyinin hazırkı vəziyyəti ilə bağlı müsahibəsini təqdim edir:

- Şəhla xanım, Azərbaycan lüğətçiliyinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz və sizcə bu sahədə daha çox hansı problemlər mövcuddur?

- Lüğətçilik tətbiqi dilçilik sahəsi olduğu üçün dil daşıyıcılarının ən çox qarşılaşdığı bir sahədir. Dilçiliyin bu bölməsinin məhsulu, nəticəsi ilə hər kəs az və ya çox dərəcədə ünsiyyətdə olur, başqa sözlə desək, lüğətlər həmişə tələb olunan kitablardır. Dilçilərin çox zəhmətkeş təbəqəsi olan lüğətçilər nə qədər çox işləsələr də, yenə də leksikoqrafiya tənqid olunan, bəzi oxucuları qane etməyən bir sahə hesab olunmaqdadır. Məlumdur ki, AMEA Dilçilik İnstitutu Azərbaycanda lüğətçiliyin mərkəzidir. Uzun illər Bakı Slavyan Universiteti, ondan da əvvəl M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu da lüğət mərkəzlərindən biri kimi tanınmışdır. Təkcə M.Tağıyevin redaktəsi ilə 4-cildlik “Azərbaycanca-rusca lüğət” xatırlamaq kifayətdir. Bu universitetdə lüğətçilik hər zaman prioritet sahə olmuşdur. Düşünürəm ki, lüğətçilik işinin təşkilinə yenidən baxılmalıdır. Lüğət tərtibini ayrı-ayrı fədakarların çiyinlərinə qoymaq düzgün deyil, yalnız onlardan tələb etmək doğru deyildir. Ən doğrusu keçən əsrdə mövcud olmuş Lüğətlər İnstitutu kimi bir qurumun yaradılmasıdır.

Hazırkı vəziyyətdən danışarkən ilk növbədə çoxcildlik izahlı lüğət ağıla gəlir. Belə bir lüğətə böyük ehtiyac var. Neçə illərdir 4-cildlik izahlı lüğətdən o yana gedə bilmirik. Bu yaxınlarda universitetimizin qonağı litvalı alim öz dillərində 300 min söz topladıqlarından fəxrlə danışırdı. Bu rəqəmin 500 minə çatmaq ehtimalı olduğunu söylədi. Biz isə 110 minlik orfoqrafiya lüğətimizə “sözlər süni şəkildə artırılmışdır” deyib yaxın durmuruq. Əlbəttə, bəzi sözlər artıq ola bilər, süni sözlər də ola bilər, amma əvvəlcə bunu sübuta yetirmək üçün dilin mənzərəsini əks etdirən dil bankı yaradılmalıdır, ancaq onun əsasında fikir söyləmək olar. Bizdə belə ənənə olmuşdur. AMEA Dilçilik İnstitutunda Ə.Orucovun, daha sonra BSU-da M.Tağıyevin rəhbərliyi ilə təşkil olunmuş kartotekaları öz dövrü üçün dil bankı hesab etmək olar. 

Təəssüf ki, hər iki kartotekanın aqibəti eyni oldu. Köhnəni yıxmaqdan əvvəl onun elektron variantını hazırlamaq, nədənsə, yada düşmədi. Yalnız belə dil bankı (Avropa ölkələrində buna dilin korpusu deyirlər) hər hansı söz haqqında təsəvvür yarada bilər. Məsələn, Tərcümə mərkəzində “artıq” hesab olunan sözlər sırasında axtarma` (pendir növü kimi) sözü də var. Əlimizdə olan dil materialları əsasında deyə bilərik ki, bu söz Aşıq Ələsgərin “Dağlar” qoşması ilə hətta məktəblinin leksikonuna daxil olub. “Koroğlu” dastanında da bu sözün başqa mənada işlənməsi faktı var. Axtarma hətta vurğu baxımından da problem yaradır və bunun cavabı lüğətdə deyil, harada olmalıdır? Deyirlər, bayqu sözü artıqdır, bayquş var, kifayətdir. BSU da tərtib olunmuş Azərbaycan dastanlarının elektron kartotekasına əsasən məlum olur ki, bayqu “bayquş” sözünün variantı olmaqla yanaşı, həm də tərlan, şahin kimi alıcı quş mənasını da verir. Dildə olan sözləri və onların mənalarını mümkün qədər əhatəli vermək lazımdır. Bu söz hətta bir neçə adama lazım olsa belə. Əlbəttə, lüğətlərə işlək sözlərə görə deyil, az işlənən sözlərə görə daha çox müraciət edirlər. Məncə, dilin bankının yaradılması, müxtəlif həcmli izahlı lüğətlərin, aspektoloji lüğətlərinin tərtibi, şou-biznes əhlinin nitqinə nəzarət etməkdən daha vacibdir. Bundan başqa orfoqrafiya lüğətinin bir deyil, bir neçə variantda (böyük, orta, kiçik lüğət olmaqla) tərtibi vacibdir. Bu lüğətlərdə sözlərin yeri leksikoqrafik metoldla müəyyən edilməli, şəxsi intuisiyaya əsaslanmamalıdır.

– Şəhla xanım, orfoqrafiya lüğətində və qaydalarda nəzərdə tutulan dəyişikliklərlə bağlı ictimaiyyətdə müxtəlif fikirlər hələ də səslənməkdədir. Hazırda təklif olunan dəyişikliklərə və müzakirə olunan yeni qaydalara sizin münasibətiniz necədir?

- Orfoqrafiya qaydalarının müzakirəsi göstərdi ki, ictimaiyyət sanki hər hansı sözün bir və ya iki “y” ilə yazılmasına, iskənə yoxsa isgənə yazılmasına ayrılan vaxtı, diqqəti qısqandı. Düşünürəm ki, əgər bizim çeşid-çeşid lüğətlərimiz olsaydı, bu sözlərin müzakirəsi ictimaiyyəti heç də belə qıcıqlandırmazdı.

Artıq elan olunduğu kimi, komissiya və işçi qrup işini yekunlaşdırmaq üzrədir, yəni qərar hələ qəbul olunmayıb. Mən öz qeydlərimi Dilçilik İnstitutuna təqdim etmişəm. Əvvəla onu deyim ki, orfoqrafiya dilçilik məsələsi olmaqla yanaşı, həm də cəmiyyətin bütün təbəqələrini əhatə edən ümumxalq hadisə hesab oluna bilər. Odur ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə orfoqrafiya qaydalarının layihəsi ictimaiyyətin geniş müzakirəsinə verilmişdir və bunu alqışlamaq lazımdır. 69 bənddən ibarət olan qaydaların böyük bir qismi əvvəlki illərdə sınaqdan keçmiş, cəmiyyət tərəfindən qəbul olunmuş, mənimsənilmiş qaydalardır. Mübahisələr yalnız bir neçə bəndin, bir neçə sözün ətrafındadır. Ən çox mübahisə doğuran məsələ qoşa “y”nın birinin ixtisarı ilə bağlıdır. Dəyişiklik qoşa “y” ilə yazılıb, bir “y” ilə tələffüz olunan ədəbiyyat, cərrahiyyə tipli sözlər üçün nəzərdə tutulur. Bu zaman orfoqrafiyamızın fonetik prinsipə əsaslanması səbəb gətirilir. Tutaq ki, razılaşırıq, ədəbiyyat ədəbiyat yazıldı və bunun adını fonetik prinsipə əsaslanmaq qoyduq. Bəs əsgər sözünü fonetik prinsipə əsasən, elə əsgər deyib, əsgər yazılmasının qarşısı niyə alınır? Demək, linqvistik əsas o qədər də möhkəm deyil. Dilin orfoqrafiyası yalnız bir prinsipə əsaslanmır. Bu, mümkün deyil. Qoşa “y” ilə yazılan sözlərə morfoloji prinsip daha uyğun gəlir. O sözlərdə 1 kök morfem, 1 şəkilçi morfem var. Şəkilçi morfemi dəyişmək nə dərəcədə məqsədəuyğundur? Şəkilçinin dəyişilməsi tədris baxımından da özünü doğrultmur. Layihə qəbul olunarsa, səhvlərlə dolu olan lüğətlər, ensiklopediya, dərsliklər və s. miras alırıq. Onları yeniləmək, düzəltmək üçün illər və məsrəflər lazım olacaq. Ciddi elmi səbəb olmadan bu dəyişikliyi həyata keçirməyə dəyərmi? Həmin vəsaiti yeni lüğətlərin tərtibinə, nəşrinə, vaxtilə Dilçilik İnstitutunda mövcud olmuş və vaxtilə mənim də tədqiqat apardığım kartotekanın elektron formada bərpasına sərf etmək daha faydalı olmazmı? Birməmalı qəbul olunmayan bəndlərdən biri 37-ci bənd, daha doğrusu, burada yer alan əsgər/əskər sözüdür. Bu sözü dəyişmək üçün məxəz dildə belədir fikri də əsaslı görünmür. Fayda, qayda kimi sözlər də məxəz dildə fərqlidir. Amma biz onları öz dilimizə uyğun tələffüz edirik. Maşın, mağaza sözləri də məxəzə uyğun deyil, onları dəyişmirik, yaxşı ki, dəyişmirik. Demək, dəyişməmək olar. Ruslar sandıq sözünü alıb sunduk şəklində işlədirlər. Dəyişmək heç ağıllarından da keçmir.

Daha çox mübahisə yaradan sözlərdən biri də alğı-satqı/ alqı-satqıdır. Sözün alğı-satqı kimi olmasının linqvistik əsası var. -qı,-ki-qu,-kü; -ğı, -gi, -ğu -gü şəkilçilərinin hansı mövqedə hansının qoşulması qrammatika kitablarında, dərsliklərdə təsbit olunub. Bu söz 2013-cü ilə qədər elə alğı-satqı kimi də yazılırdı. 2013-cü il lüğətində dəyişildi və dəyişikliyin məntiqini dilçilər və müəllimlər başa düşdülər və anlayışla qarşıladılar. Tək işlənəndə alğı, satqı olsa da, bu sözlər, bir qayda olaraq, birlikdə işlənir, bir mürəkkəb söz kimi çıxış edir, bir sözün digərinə uyğunlaşması təbiidir. Narahatlıq yaradan dəyişiklikdən çox, bu dəyişikliyin tez-tez baş verməsidir. Düşünürəm ki, bu söz alğı-satqı şəklində bərpa olunsa, yenə də dilin daşıyıcılarının böyük qismi alqı-satqı yazacaq, çünki dildə təbii olaraq rahat variantın seçilməsi prosesi gedir. Ümid edirəm ki, qaydalarda olan yalnız bir neçə bənd dil daşıyıcılarının maraqları nəzərə alınmaqla həll olunarsa, yeni orfoqrafiya qaydaları razılıqla qarşılanacaq. Əks halda, həmin 2-3 bənd görülən böyük işə kölgə sala bilər.

– Hazırda dilimizdə rus dilinə məxsus bir çox sözlər işlənir. Məsələn, az qala hər birimiz danışanda “uje”, “resqi”, “koneşna” və digər bu kimi sözlər işlədirik. Necə düşünürsüz gələcəkdə bu sözlərdən imtina edib, fikrimizi öz sözlərimizlə daha səlist və sərbəst ifadə edə biləcəyikmi?

– İnanmıram ki, bunu zamanın axarına buraxsaq, düzəlsin. Mən bu məsələyə həm də dilxarici amil kimi baxıram. Bir misal çəkim. Hələ sovetlərin tərkibində Estoniya parlamentinə ixtiyar verəndə onların ilk qərarlarından biri paytaxtın Tallin deyil, Tallinn kimi işlənməsi haqqında oldu. O vaxt Moskva televiziyası bu xəbəri ironiya ilə təqdim etdi. Amma estonların bir hərflə bağlı mücadiləsi az sonra müstəqilliklərini elan etməklə bitdi. Hər bir hərfə, hər bir sözə vətəndaş mövqeyi ilə yanaşmaq lazımdır. Biz də “mən niyə artıq sözü yerinə uje işlətdim? Nəyə görə dayanacaq əvəzinə astanovka işlətdim?” kimi bir hiss olmalıdır. Dilimizə məhəbbət, təəssübkeşlik hissləri aşılanmalıdır. Burada müəllimlərin, eləcə də jurnalistlərin rolu böyükdür. Bu sahədə iş görmək imkanları jurnalistika sahəsində genişdir. İnsanlarda milli dəyərlərimizə, mədəniyyətimizə rəğbət oyatdığımız kimi, öz milli sözlərimizə də rəğbət oyatmalıyıq. Dilçilərin boynuna düşən vəzifə isə hər bir sözün müvafiq qarşılığını tapmaqdır. Amma bu iş öz vaxtında görülməlidir. Dildə oturuşmuş sözlər haqqında gecikmiş qərarlar (məsələn, adapter – yükləyici, maus – bələdçi kimi) lazımı nəticə vermir.

– Çox sağolun Şəhla xanım. Maraqlı müsahibəyə görə sizə təşəkkür edirik. Biz ümid edirik ki, sizinlə yenə görüşəcəyik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar