Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deyirdin ki, qırx il yaşayacam...













Rekviyem; Sonunu düşünməyən adam

«MİLLİ YOL» QƏZETİNİN VƏ POLIQON İNFORMASIYA AGENTLIYININ QURUCUSU VƏ BAŞ REDAKTORU ŞAHIN AĞABƏYLININ ANISINA



Bu gцn «Milli Yol» qəzetinin və Poliqon İnformasiya Agentliyinin qurucusu və Baş redaktoru Şahin Ağabəylinin faciəli ölümünün iki ili tamam olur. Heç bir zaman yaşamaq istəmədiyimiz bir həqiqət iki yaşını doldurur, bu gün. Düşünülməsi nə qədər çətin olsa da bu həqiqət bizə bir şeyi deyir. Şahin yoxdur. Artıq iki ildir.
 
Həqiqət romantik olmur. O, hər zaman tünd rəngi və acı dadı ilə yalandan, riyakarlıqdan, rəzillikdən və vicdansızlıqdan seçilir. Və həqiqət hər zaman cəlbedici olur... Nə qədər acı olsa, bir o qədər cəlbedici olur…
 


Çox zaman isə həqiqət qorxunc olur. İnanılmaz dərəcədə qorxunc və dəhşətli. Həyat kimi. Bir insan yaşamı kimi…
 
Bəzən isə həqiqət o qədər dəhşətli olur ki, onu dilə gətirmək deyil, ağıla gətirmək belə, tükürpədici olur. Ölüm kimi… Göz bəbəyini itirmək kimi… Və Şahin itkisi kimi…
 
Amma həqiqət ona görə həqiqətdir ki, o, həqiqətdir. Allah kimi yəni...                                              
 
                                                                * * * 
Həyat, yəni hər kəsin yaşamı, həmin kəsin xəyallarının gerçəkləşə bilməsi üçün ona ayrılan zaman kəsiyidir. Şahin xəyalları üçün mübarizəyə qatılan, hər zaman döyülən, ancaq heç zaman məğlub olmayan və xəyallarını gerçəkləşdirə bilməsi üçün doğrudan zamana ehtiyacı olan bir ideya və qəzet ADAMI idi. Amma imansız və insafsız zaman onunçün bitdi. Tanrı 27 oktyabr 2010-cu ildə səhər tezdən onun zamanının dolduğunu bəyan elədi…

 

Demək ki, Şahin artıq xəyallarını gerçəkləşdirə bilməyəcəkdi… Nə qəribə ki, Şahin 27 yanvar 1976-cı ildə səhər tezdən gözlərini dünyaya açmışdı. Tanrı onu bütün aspektlərdə bütöv İNSAN yaratdığı üçün buna görə də zamanının bütöv olaraq dolmasını istəmişdi. Bu, Tanrının yazısıydı, şəksiz.
 
* *
 
Şahinin gerçəkləşdirmək istədiyi xəyallarında subyektiv heç nə yoxdu. Olsaydı, əlində imkanlarla evi, maşını və s. şeyləri olardı. Amma heç bir şeyi yoxdu. Tək mübarizəsi vardı. O, hər şeyi millət üçün, millət adına edərdi.



Bu, onun içində boy atmış bir sevgiydi. Həmin o sevgi ki, onunla yola çıxmışdı və o böyük sevginin toxumlarını yaşamı qədər sevdiyi Azərbaycanda əkməyə cəhd edirdi. Şahin sevgisini cücərtmək üçün özünü Günəş tək yandırırdı. Nə yazıq ki, enerjisi Günəş tək mütləq olmadı…
 
* * *
 
Şahinin zehniyyəti Milli İnqilabdan yoğrulmuşdu. 1993-cü ildə Türkiyəyə, Kara Harp Okuluna təhsil almağa yollanarkən, artıq yetkin Milli şüura sahibdi. Çünki onun zehniyyəti 1988-1993-cü illərdə baş verən Milli Dirçəliş İnqilabında formalaşmışdı. Hələ 1993-cü ildə Elçibəyin süqutunu Milli fəlakət olaraq dəyərləndirirdi və kosmopolit şüurlu neokommunistlərin yenidən hakimiyyətə qayıdışını Azərbaycan türkünün gələcəyinin qəbrə qoyulması kimi qiymətləndirirdi. Və o, haqqlıydı…
 
O illərdə 16-17 yaşı vardı Şahinin. Hər kəslə yaşına-başına baxmayaraq mübahisə edərdi. Sonralar mübahisə eləməyi xoşlamadı…
 
O, kosmopolit düşüncəli adamları heç zaman anlaya bilmədi. «Bir insanın öz ata-anasını seçmək imkanı olmadığı kimi, öz millətini də seçmək imkanı yoxdur. O zaman bir insan öz millətindən və millətçilikdən necə imtina edə bilər?» deyərdi.
 
Şahin üçün Milli kimlik hər zaman hər şeyin önündə durardı. «Hər bir fransız, hər bir alman, hər bir ingilis, hər bir rus, fars, ya da hər bir yapon hər zaman öz Milli kimliyini dərk edir və bu Milli kimliyi hər şeyin önündə tutur. Biz isə Milli kimliyimizi dərk etmirik və onu öldürməklə məşğuluq.» deyərdi.



«Bizə müasirlik, mədəni zehniyyət adı altında kosmopolitizm sırıyırlar. Sırıyırlar ki, onların qulu olaq. Amma özləri təpədən dırnağa kimi millətçi və irqçidirlər. Ona görə də bizi qul olaraq görürlər,» deyərdi. 
 
                                                      * * *
 
Şahinin milliyyətçi zehniyyəti irqçiliyi, zorakılığı, xor baxmağı rədd edərdi. Onun milliyyətçi zehniyyəti milləti üçün ədalət, inkişaf və Milli iradənin öz təsdiqini tapmasını istəyirdi. Şahinin milliyyətçi zehniyyəti demokratiyanı rədd etmirdi. O, liberalizmə qarşı da çıxmırdı. «Milliyyətçi düşüncələrim» adlı məqalələrində «Millətini sevən və onun üçün çalışan bir kəs demokratiyadan və liberalizmdən imtina edə bilməz,» deyərdi. Amma hesab edirdi ki, demokratiya və liberalizm bir millət üçün o zaman doğru və gerçək inkişaf ola bilər ki, Milli iradə Milli ənənə və Milli kimlik üzərində təşəkkül tapsın. «Milli kimlik şüurunu tam olaraq mənimsəməyən bir xalq demokratik dəyərlərə, vətəndaş cəmiyyətinə və liberal inkişafa sahib çıxa bilməz. Bu vəziyyətdə o millət milli kimliyini itirər və həm zehniyyətcə, həm də sosial mədəni yaşamında başqa xalqların müstəmləkəsi olar,» deyə yazardı. Və o haqqlıydı…
 


Onun irəli sürdüyü siyasi kursda millətçiliyin hədəfi demokratiya və liberalizmdir. Amma əsl demokratiya Avropa ənənələrinin təqlidi deyil. Ona görə kosmopolit şüurla qurulan demokratiya Azərbaycan türkünün millət olaraq bütünləşməsini və formalaşmasını ortadan qaldırır və öldürür. O, hesab edirdi ki, Azərbaycan xalqının Milli şüurunda formalaşan, Milli mədəniyyətindən doğan və ən əsası xalqın sosial yaşamıyla iç-içə olan demokratiya Azərbaycanın gələcəyini, doğru istiqamətə inkişafını və bütövlüyünü təmin edə bilər. Bu tezis Şahin Ağabəyli mübarizəsinin, Şahin Ağabəyli ideologiyasının ana xətti idi.
 
                                                                   * * *
 
Şahinin milliyətçi zehniyyəti Əli bəy Hüseynzadə, Ziya Göyalp, Məmmədəmin Rəsulzadə, Atatürk və Elçibəyin milliyyətçi zehniyətindən qaynaqlanmışdı. O, Elçibəy ideologiyasını və Elçibəy mübarizəsini millətin gələcəyinin təməl tikintisi hesab edirdi. «Elçibəy xalqın ruhani atasıydı, xalqın xəyalındakı insandı. Xalq onu o, doğulmamışdan öncə xəyalında və istəklərində daşıyırdı. Xalqın Milli mədəniyyətinin, əxlaqının, tarixinin, Milli dəyər və ənənələrinin, ən əsası xalqın saflığının ümumiləşdirilmiş obrazı idi.» Bu sətirlər də Şahinin kitab halına salmaq istədiyi və son zamanlar üzərində işlədiyi «Milliyyətçi düşüncələrim» adlı silsilə məqalələrindən götürülüb. Nə yazıq ki, Şahinin Milliyyətçi düşüncələri yarımçıq qaldı...
                                                                  * * *
 
Şahin Elmar Hüseynovu kosmopolit düşərgənin nümayəndəsi hesab edirdi. Amma onun intellektini və fəaliyyətini yüksək qiymətlədirirdi. Elmarın rus dilində yazmasını türk dilli mətbuat üçün itki hesab edirdi. Və Elmar öldürülürkən, o, sarsılmışdı…



Dünyagörüşlərində yerdən göyə qədər fərq olmasına baxmayaraq Seymur Baycanla əməkdaşlıq edərdi. Qəzetində bütün baxışlara, bütün ideologiyalara yer ayırardı. Heç zaman başqalarının ağzını yummazdı və hər kəsə düşüncələrini ictimaiyyətlə paylaşmağa imkan yaradardı. Şahin baş redaktor olaraq, heç kimə necə yazması barədə direktiv verməzdi. O, mətbuatda bütün fəaliyyəti boyunca gənclərlə işlədi. Onlarla gənc jurnalist yetişdirdi, arxa oldu və öz ayaqları üstündə durduqlarını gördüyü an onlardan ayrıldı.
 
 
                                                                * * *
 
Şahin müstəqil mətbuatın yaşaması, təzyiqlərə davam gətirə bilməsi üçün hər şeyi edərdi. İqtidarın müstəqil mətbuata hücumlarını şəxsi məsələ olaraq görürdü. Eyni zamanda, bir sıra müxalifət nümayəndələrinin də mətbuatı öz iradələrindən asılı vəziyyətə gətirmək istəklərinə dözə bilmirdi. Və üsyan edirdi belələrinə qarşı. Son zamanlar isə iqtidardan da, müxalifətdən də bir qədər məsafədə durmağa cəhd edirdi. Mübarizəni tək aparırdı. «Müstəqil mətbuat tamamilə ölərsə, Azərbaycanda rejimə qarşı mübarizə aparacaq qüvvə qalmayacaq,» deyərdi.
Elmar Hüseynova atılan güllələri müstəqil mətbuata atılmış güllələr olaraq dəyərləndirirdi. Və o, haqqlıydı…



Doğurdanda zamanla müstəqil mətbuat öləzidi.. öləzidi.. və qejimin yaratdığı qorxunc sükunətli qatı dumanı andıran naməlum xof qarşısında əriyərək qeybə çəkildi. İndi müstəqil mətbuat nümayəndələrini barmaqla saymaq olar, bəlkə də olmaz. Və Şahin bəlkə də sonuncu müstəqil mətbuat nümayəndələrindən biri olaraq qeybə çəkildi…     
 
                                                        * * *
 
Onu həmişə başqalarından fəqləndirən iki cəhəti vardı: cəsarəti və enerjisi. Şahin inanılmaz cəsarət sahibi idi. Onun qorxusuzluğu heyrət yaradırdı və qibtə oyadırdı. O, doğrudan sonunu heç düşünməzdi. O, təhlükənin harda olduğunu bildiyi an özünü təhlükənin içinə atardı. Hər cür avantüraların içində yer alardı. Amma avantürist deyildi. Sadəcə safdı və cəsarətini xərcləməyə yer arayardı.



Şahin eyni zamanda heyratamiz enerji sahibi idi. O, özünü hər gün on yerə parçalayırdı hər şeyi zamanında çatdırırdı. Gündə 4-5 saat yatardı. Maddi imkansızlıq ucbatından həmişə bir, ya iki adamla çalışardı. Gündə 10-12 saat kompüterin arxasında vaxt keçirərdi. İstirahət günləri olmazdı və 34 illik yaşamının bir həftəsini də, tam olaraq istirahət üçün ayırmadı. Bayram günlərində bir-iki günlüyə ata ocağına getdiyi zaman daha çox yatardı. Danışmazdı və suallara zorla cavab verərdi.
 
Şahin içki məclislərini sevərdi. Amma özü çox az içərdi. Əlindəki badədən bir qurtum alar, yerə qoyardı. Amma son bir ayda bir az çox içməyə başlamışdı. Elə ona görə ölümündən bir həftə əvvəl oğlu Salama söz vermişdi: «35 yaşımdan sonra içkini atacam,» demişdi…



Şahin oğluna verdiyi sözü tuta bilmədi. 27 oktyabrda zamanı dolmuşdu, çünki…Tanrı belə buyurmuşdu, çünki…
 
                                                                   * * *
 
Bütün yolların başlanğıcı olur. Şahin getdiyi yolu özü başlatmamışdı. Sonu görünməyən və bilinməyən bir yolun yolçusuydu çünki. Ondan öncə o yolu gedən pir dədələr çoxlu sayda fikir adamları və millət sevdalıları vardı. Şahin də bu yolun davam etməsi üçün yaşadı və mücadilə verdi. Sonunda onlara qoşuldu… Özündən öncəkilərə qoşuldu… yüz ilin, min ilin, milyon ilin fikir adamlarına qovuşdu. Ölümün yaşı olmur çünki. Çünki ölüm başladığı anda zaman bitir və zamansızlıq hakim olur hər hər şeyə.
 
Tanrı sənə rəhmətindən pay ayırsın, Şahin. Və həmd olsun Tanrıya ki, səni şərəfli bir yolun yolçusu olaraq gördü. Ölümün mübarək qardaş!
 
Sənin MİLLİ YOLUN davam edəcək. Tanrının izniylə, şübhəsiz!
 
Azər QARAMANLI



Durmaq yox, yola davam

İtkimiz çox böyükdü. Böyüklüyü qədər ağırdı da. Necə danışaq, necə yazaq, necə oturaq, necə duraq...? Redaksiyada başını itirməyən bir adam qalmayıb. Ən ciddisi mən olmalıyam guya. Hər şey mənə əmanətdi, axı. İlahi, belə də şey olar?



Hər şey mənə əmanətdi...
 
 
 
Qəbul etmək istəmirik. Qəbul etmirik. Qəbul etməyəcəyik. Yox, Şahin ölə bilməz. Şahin bu qədər işi atıb gedə bilməz.

Gələcək. Mütləq gələcək.



Hamı ağıllı olsun, hamı ayağını dəng alsın. Heç kim səhv buraxmasın. Heç kim düşünməsin ki, Şahin ölüb. Dedim ölməyib, qutardı getdi.

Əziz oxucular!



Baş redaktorumuz, başımız, başçımız, dostumuz, qardaşımız, əmimiz, dayımız, ağsaqqalımız Şahin Ağabəyli bir müddət olmayacaq.

Bir müddət?!...
 
 
 
Yaxşı, uzun bir müddət...

Yox, məndən onun bir daha olmayacağını deməyi gözləməyin. Deməyəcəm. “Şahin bir daha olmayacaq” deməyəcəm.
 
 
Demərəm.
 
 
Deyə bilmərəm.

Dilim quruyar. Şahinlə kəsdiyim çörək burnumdan gələr.

Deməyəcəm, vallah demərəm.

Əziz oxucular!

Şahin bir müddət olmayacaq.



Ancaq biz varıq. Biz Şahinin yoxluğunu hiss etdirməməyə çalışacağıq. Hiss etdirməyəcəyik demirəm. Deyə bilmərəm. Çünki Şahin əjdahadı. Biz Şahin ola bilmərik. Biz ancaq Şahin balası ola bilərik. O isə əsl ŞAHİNDİ!

Əziz oxucular!

Bundan sonra Şahin gələnə qədər biz varıq.

Şahin gələcək. 
 
 
 
Ancaq O gələnə qədər, biz onu layiqincə, ləyaqətlə əvəzləməyə çalışacağıq.

“Durmaq yox, yola davam!” demişdi Şahin.

Durmuruq. Yola davam!
 
 
 
Hər şey öz axarıyla davam edəcək.

Ta ki Şahin gələnədək.

Dostlar sevinsin, fərəhlənsin!

Düşmənlər qara bağlasın!

Biz durmuruq. Biz Şahinin yoxluğunda onun adını, mirasını iş yerini, Poliqon İnformasiya Agentliyini tam sürətlə növbəti mərhələlərə daşımaqda qərarlıyıq.

Bizi izləməyə davam edin.
 
 
 
Şahin kimi.

Şahin bizi izləyir. Onu utandırmayaq. İşimizi onun təhvil verib getdiyi kimi ləyaqətlə davam etdirək.
 


İzlə bizi, Şahin!

Rəyini həsrətlə gözləyəcəm.
  
Anar GƏRAYLI



Qəbir Daşıyam - Şahinə



Qapıda oturmuşam,
 Yolunu gözləyirəm...
 


Sus, danışma.



Mən qəbir daşıyam.
 Toxunma, dindirmə.
 


Mən qəbir daşıyam.
 


Sinələri parçalayıb, göynədirəm.
 Tarixlərə həkk edirəm
 Olanları, bitənləri.
 


Gəlmə üstümə,
 Sıxılma yoxluğumla.
 Üşümürəm, danışmıram, dinmirəm...
 Yandırıram.
 


Sükutumla səs salıram, sızıltılar duyuram.
 Mən qəbir daşıyam.
 Axtarma.
 


Mən artıq o mən deyiləm.
 Bir qəbir daşıyam.
 


Elmin BƏDƏLOV



Yarimçıq qırılan ömürlərə..Şahin kədəri



İki gün əvvəl Mirmehdi abzas.net-dəki köşəsini belə başlamışdı: “İndicə oxudum dünən Masallıda 12 yaşlı uşaq intihar edib. Dəhşətdir. Səhər-səhər bu cür bəd xəbəri eşitmək adamın bütün gününü məhv edir”.

 

Yazını oxuyub sayta yerləşdirdim.

Amma bilmirdim ki, cəmi iki gün sonra Elminin telefon zənginə oyanacaq, o qara xəbəri alacaq və Mirmehdiyə bu xəbəri ilk mən verəcəkdim.
 
Şahin Mirmehdinin yaxın qohumlarından idi.
 


Qısa təəssürat

Şahini 5 il əvvəldən tanıyırdım.
 
Düzənli qəzet oxumağa onun buraxdığı “Milli Yol”la başlamışdım.
 
O qəzetdə kimlər yox idi: Murad Köhnəqala, Aqşin, Seymur Baycan, Elnur Astanbəyli…
 
Günortadan sonra o qəzeti tapmaq müşkül məsələ idi.

O qəzet “ayoçuların” ilk nəfəsliyi oldu.



Amma o qəzetdən sonra heç bir qəzetdə ayoçular bu qədər azadlıq qazana və orkestr təsiri bağışlaya bilməmişdilər.

Bütün gözəl şeylər kimi “Milli Yol” da çox yaşamadı.

Qısa bir müddətdə, 2006-cı ildə mən də “Milli Yol”da çalışmışdım.

Şahini tanıdığım müddət ərzində onu hər zaman sempatik, gülərüz bir adam kimi tanıdım.



Ən son isə bir neçə gün əvvəl görüşmüşdük, aclıq aksiyasında bizi ziyarətə gəlmişdi.

Yanımda oturmuşdu, söhbət elədik.

Abzas.net açılanda çox sevinmişdi, deyirdi ki, elə bilirəm öz saytımdır, nə kömək lazımdırsa edərəm.

Mənə qəlyan bağışlamışdı, indi də qalır.

Amma indi belə onun haqqında keçmiş zamanda danışa bilmirəm, bu sadəcə olaraq mümkün deyil, buna inanmıram…



Yolda pendir, kolbasa aldıq, bir azdan zəhərə döndü əlimdəki pendir.
 
Çünki onunla redaksiyada yediyimiz pendir-çörək yadıma düşdü.
 
Özü olmasa da xatirələri bizə əzab verir.
 
Nazım Hikmət yazırdı: “hatıralarımdan şikayetçi değilim”.
 
Amma bizim xatirələr pendirə zəhər qatır, zəhər.
 
Səhərə qayıdaq
 
Səhər Respublika Xəstəxanasının morquna yollandım.
 
Medianın bütün üzdə olan adamları orda idi.
 
Və hamının sifətində heyrət, təəccüb, təəssüf…
 
Sonra da Əvəz Zeynallının maşınında Neftçalaya.
 
Nə Mirmehdiyə, nə də başqalarına deməyə söz tapmırdım.



Elə Mirmehdi də dayısı olduğu 4 yaşlı Salama, Şahinin oğlu üçün təsəlli axtarırdı.

Neftçalanın Qaramanlı kəndində gördüyüm mənzərə isə əsl apokolipsis mənzərəsi idi.
 
Adətən yasda təmkinli görünən kişilər özlərini qoymağa yer tapmırdılar.

Ucadan hıçqırtılar, ağlaşma, göz yaşı…



Adamın ağlı başından çıxırdı.

Bir azdan Salam gəldi…

Heç nə anlamamışdı, sakitcə gülürdü… 
 
Atasını hələ çox gözləyəcəkdi.
 
Şəkillərə ata deyəcəkdi”.

Hətta indi də dedi, fotonu göstərdi, “Ata, ata” dedi.

Şahin həbsxanada olanda doğulmuşdu Salam.
 
Və atası onu Azərbaycan boyda türmədə qoyub getdi.


 
Dekadens mənzərə

Məscidə getdik, uzun zamandır Quran dinləmirdim.
 
Bircə sözünü də anlamasam kədərli dolu idi və axşamın alatoranında intihar qoxusu əsdirirdi.
 
Çinar ağaclarının mehi… 
 
Dost cənazəsi…

Dostların üzündəki təəssüf…
 
İki minarəli köhnə kənd məscidi..



Minarədən asılan qara bayraq…

İmam Hüseynin dəstəmazxanaya vurulmuş “Sözlərin sərkərdəsi La ilahə illəllahdır” cümləsi…
 
Dalbadal yerə atılan kötüklər…
 
Ölüm haqqında paylaşılmayan düşüncələr.
Yoldaş Ara Güler, bundan da dekadens bir foto çəkə bilməzsən heç zaman…

***
 
Şahini Kürə yaxın bir yerdə torpağa tapşırdıq.
 
Havada insanı başdan çıxaran yovşan qoxusu vardı.
 
Bir də tək-tük ağaclar…
 
Onu orda qoyub şəhərə qayıtdıq.

Daha nə yazım?

Əzablı xatirələr sözə çevrilmək istəmirlər daha…
 
Qan TURALI



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar