Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokratiyanın ixracı və “Manderley”...

Müasir dünyada anlayışların özündən çox, onların interpretasiyası əhəmiyyət kəsb edir


Bu səbəbdəndir ki, praktika ilə nəzəriyyə arasında həlli görünməyən ziddiyyətlər yaranır. Demokratiya anlayışı da bu qəbildəndir.

İxracat maddəsinə çevrilmiş demokratiya Qərbin əlində qeyri-kapitalist anklavları və ya sadəcə narazıları ram etməyin çox sərfəli alətinə dönüb. Və hər bu cür cəhd heç də demokratiyanın təntənəsinə yox, böyük qan və fəlakətə səbəb olur. Yaxın Şərq və Şimali Afrikadakı son vəziyyət buna bariz sübutdur.

Problemin kökü ondadır ki, “Soyuq müharibə”nin bitməsi ilə liberal demokratiya rəqabəti uddu və ictimai inkişafın alternativsiz, optimal forması kimi təbliğ olunmağa başladı (Fukuyamanın “Tarixin sonu”nu xatırlayaq). Bu, qaliblərə həmin ideologiyanı ən geniş miqyasda və operativ şəkildə digər ərazilərə ixrac etmək üçün sanki mənəvi hüquq qazandırdı. Yeni işğalların ideoloji əsaslandırılması üçün ortaya modernləşdirmə nəzəriyyəsi atıldı - yəni, inkişaf etmiş cəmiyyətlərdə sosial tərəqqi inkişaf etməkdə olan ölkələrə nisbətən çox irəli gedib və bu təcrübəni geridə qalanlarla bölüşməyə Qərb həm qadirdir, həm də borcludur. Bunu reallaşdıırmaq üçün beynəlxalq maliyyə təşkilatlarından, hərbi müdaxilə və işğallardan yararlanmağa başladılar.  Bir sözlə, “demokratiya dərsləri” strategiyası həyata vəsiqə aldı. Onun effekt vermədiyi bir yana, inkişaf etməkdə olan və ənənəvi cəmiyyətlərin bu cür müdaxilələrdən sonra hansı xarabazara çevrildiyi də göz qabağındadır. Sonunda isə bəlli oldu ki, nəzəri cəhətdən üstünlüyü təbliğat sayəsində heç kəsdə illər boyu şübhə doğurmamış liberal demokratiyanın tam iflası baş verib. Fukuyamanın yazdıqlarının öz başına uçması üçün vur-tut 20 ilə yaxın vaxt yetərli oldu.

Bununla da digər sual aktuallaşdı: “Demokratiyanın ixracı” planını tamamilə yığışdırmaq bəşəriyyət üçün daha faydalı olmazmı? Artıq cavab heç də əvvəlki dövrlərdəki kimi tərəddüdsüz deyil. Bəli, kənardan və zorən demkratiya yalnız yeni tiraniyyalara yol açır. Həm də ona görə ki, demokratiyanın zor yolu ilə ixracı da təbiətinə görə tiraniyanın formasıdır.

Bu mövzunu məşhur rejissor, antikapitalist Lars fon Triyer özünün “Manderley” filmində mükəmməl təsvir edib. “Manderley” filmi Amerika trilogiyasının ikinci hissəsidir (Birincisi - “Doqvil” filmidir, üçüncüsü isə hələ çəkilməyib).

«Manderley»də fon Triyer Amerikanın haradan bu günə gəldiyini izləyir. Hadisələr 1930-cu illərdə cənub ştatlarından birində vaqe olur. Artıq 70 ildir ki, ABŞ-da quldarlıq ləğv olunub, ancaq bu cənub məkanında zənci qullar bundan xəbərsizdir. Quldar qarı vəfat edir, onun vərəsəsi - demokratiya dəyərlərinə inanan gənc qadın (qanqsterin sevimli qızı) isə zəncilərə azadlıq verir. Zəncilər istəmirlər - onlar azadlıq nədir bilmirlər. Qoca zənci «Biz gündə bir dəfə axşam 7-də yeyirik. Azad olanda nə vaxt yeməli olduğumuzu bilməyəcəyik» deyir. Ağ qadın «Siz də nə vaxt ac olsaz, onda da yeyin» deyir və qanqster atasının başkəsənlərinin köməyi ilə qulları azad olmağa məcbur etməyə başlayır.

Zənci qullar o qədər «azad» olurlar ki, iş-güclərini atıb bütün günlərini qərarlar çıxarmağa və disputlara sərf edirlər (“Yeni demokratiya” dövlətlərindəki parlamentlər kimi). Məsələn, saatlarca onlar «İndi saat neçədir?» sualını müzakirə edirlər.

Hər şey necə bitməlidirsə, o cür də bitir - zorakılıq, qan, qurbanlar. Və sonda ağ qız zənciləri öz azadlıqları ilə baş-başa buraxıb oradan qaçır. Zorən azadlıq alınmır. Qul olmaqdan başqa vəziyyət tanımayan insanlar tərəfindən demokratiya - özbaşınalıq və xaos, sivil davranış isə özlərinə parodiya kimi qavranılır. Son titrdə Martin Lüter Kinqin məzarı göstərilir.

Triyer göstərir ki, Amerika azad olmağa qadir və layiq deyildi və deyil. Halbuki, bu ölkə Əfqanıstana, İraqa, dünyanın 4 yanına demokratiya və azadlığı zor gücünə ixrac edir.

Özünün vəziyyətini görməyən xalq başqa xalqlar üstündə eksperimentlərini qoyur. «Manderley»dəki kimi. Və məntiqi sonluqla…

***

Ancaq hadisələrə daha geniş aspektdən də baxmaq olar.”Manderley”də fon Triyer demokratiyanın kənardan, zor metodları ilə yayılması situasiyasını modelləşdirir. Yəni, burada ünvan irqçi ABŞ yox, bizim dövrümüzün İraq, Liviya, Kolumbiya, Mali kimi çoxlu saylı ölkəsi də ola bilər.

Elə görünə bilər ki, fon Triyer öz filmi ilə ümumiyyətlə demokratiya ideyasını tənqid edir və onun həyata qabil olmadığını göstərmək istəyir. Yəni, sanki rejissor iri dövlətləri çoxüzlülkdə, yeni müstəmləkəçilikdə, periferiya xalqlarının taleyinə biganəlikdə ittiham edənlərin xoruna öz səsini də qatır. Bununla da indi dəbdə olan tiradanı təkrarlayır: “Siz heç anlayırmısızmı ki, nələr törətmisiz?”

Xeyr, məsələ bu dərəcədə bəsit deyil. Diqqətlə baxdıqda aydın görünür ki, rejissorun zərbəsinin ünvanı özlərini demokratikləşdirməyə çalışdığı cəmiyyətdən yuxarıda qoyan kənar qüvvələr, uzaqdan gələn qanunvericilik ideyasıdır. Bir sırınan kodeksin digəri ilə əvəzlənməsini təsvir edən fon Triyer əslində tiraniya idarəçilik formasının daxili problemlərini açır. İstənilən tiraniya məcburetmə üzərində bərqərardır və bu məcburetmədən kənarda o, öz qüvvəsini itirir. Əgər bu nöqteyi-nəzərdən yanaşsaq, kənardan zorla demokratikləşdirmə də tiraniyanın bir formasıdır. Formaların dəyişilməsindən isə məzmun dəyişmir.

Kənar “demokratizator”un mövqeyi elə bir illüziya yaradır ki, guya o, demokratikləşdirmək istədiyi cəmiyyətdən yuxarıda dayanıb, hər şeyi bilir və ona qeyd-şərtsiz qulaq asmalı, reseptlərini yerinə yetirib sağalmalıdırlar. Bu kənar qüvvə özünü düzgün cəmiyyət barədə obyektiv biliklərin sahibi sayır, qeyd-şərtsiz itaət tələb edir və ənənəvi cəmiyyətlərə sadəcə seyrçi gözü ilə baxır.

“Manderley” filmi kənardan təsirlə, “demokratik məcburetmələr”lə demokratiyanı bərqərar etməyin mümkünlüyünə inananları və bu yolda alət olanları ayıltmaq, silkələmək üçün çağırışdır. Bu cəhətdən film radikal demokratik mövqe sərgiləyir. Eyni zamanda da, indiki dünyamızda demokratiyanın nəzəriyyəsi ilə praktikası arasında mövcud olan prinsipial ziddiyyəti qabardır.

Əlbəttə, demokratiya yayılmaya bilməz, eyni zamanda isə heç kəs başqasına demokratiya dərsi keçə də bilməz...

Məmməd Süleymanov(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Bir fotonun tarixçəsi - Nəsillərin mübarizəsi...

Bakı yanğını və “azyaşlılar”ın idarəçiliyi...

Ən çox oxunanalar