Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dekabr – şanssız neftçilər ayı və qara dəniz


Güman ki, dünənə qədər onlara həsəd dolu baxışlarla baxa-baxa çox deyiblər: “Siz şanslısınız”


Deyiblər, siz şanslısınız, baxın, yüzlərlə, minlərlə iş yoldaşınız ixtisara düşdü, amma siz işinizi itirmədiniz.

Ötən il dekabrın əvvəlində 64 neftçi dənizə düşəndə, çoxu boğulanda, itkin düşəndə (bu ifadəyə bir-iki abzas sonra qayıdarıq) yenə də kimlərsə onlara “sizin bəxtiniz gətirib, onların yerində ola bilərdiniz” deyib.

Bəlkə də onlar özlərini şanslı yox, sadəcə, daha peşəkar hesab edirdilər, işlərində qalmağı da, fırtınalı dənizdə başlarına pis iş gəlməməyi də buna bağlayırdılar.

Ancaq il dolandı, ötən il həlak olmuş (itkin düşmüş) neftçilərin ili çıxandan 10 gün sonra onların da şansı yavər getmədi. Heç uzun illər əxz etdikləri peşə vərdişləri də kara gəlmədi.

İndi bütün ölkə estakadadakı köşkün dənizə düşməsi nəticəsində itkin düşmüş neftçilərin acı taleyindan danışır, ailələri intizar dolu gözlərini Xəzərə dikib. Hamı xəbər gözləyir. 

İtkin düşənləri gözləmək ölümdən betər situasiyadır, bilənlər bilir, bilməyənlərə də Allah göstərməsin.

Əslində itkin düşənlərlə bağlı ümid ilk saatlarda güclü olur, sonra get-gedə öləziyir. Hər ötən dəqiqə ümidi öldürür.

Bir yerdən sonra öləzik ümidin yerini böyük nigarançılıq, kədər, intizar, əndişə alır. Ancaq itkinlərin ya ölüsü, ya dirisi tapılmadıqca gözləyənlərin gözündəki ümid işartısı qalır.

Ən dəhşətlisi də budur. Onlar əzizlərinin meyidini görməyiblər deyə onun ölümü ilə barışmaq istəmirlər. Çoxlarının ağlına mistik versiyalar gəlir: “Bəlkə kimsə onları oğurlayıb, gizlədir”;  “Bəlkə hardasa, kimsəsiz bir yerdə hələ də sağdırlar” və s.

Ötən ilin dekabrında dənizə düşən 64 nəfərdən 34 –ü xilas edilmiş, 30-u itkin düşmüşdü. Sonradan itkinlərdən 8-nin meyidi bir neçə aylıq aralarla tapıldı. Bəzilərini Türkmənistan sahillərindən tapıb ölkəyə gətirdilər. 22-si isə bu günə qədər tapılmayıb.

O 22 nəfərin əzizləri bu ölkənin ən böyük iztirab çəkən adamlarının başında gəlir. 

Söz yox, 25 il əvvəl müharibədə oğlunun “itkin düşdü” xəbərini alan ananın da gözləri yoldadır, o da gözləyir, ürəyinin dərinliyində bir ümid qığılcımı saxlayır. 

Ancaq dənizə düşənlərin acısı başqadır. Fırtınalı, soyuq sulu dəniz ən qəddar düşməndən də amansızdır. O, əsir aldığını əfv etmir, bəzən heç meyidini də qaytarmır. 

Yeni itkinlər bu qara dənizin qoynuna nə əyləncəyə getmişdilər, nə də onunla döyüşməyə. Onların məqsədi işləmək, ailələrini dolandırmaq idi.

Bu iş dünyanın hər tərəfində riskli iş sayılır, təhlükəsiz peşə hesab edilmir. Ona görə də dənizdən neft çıxaran bütün ölkələrdə bu peşənin insan həyatı almaması üçün təhlükəsizlik texnikasına riayət qaydaları müəyyənləşdirilib. 

Amma bu təhlükəsizlik qaydalarına hərfbəhərf riayət edən ölkələr var , etməyənlər var.

Məsələn, yerin təkindəki mədənlərdən kömür çıxaran ölkələrdən bəzilərində qəzalar nadir hallarda olduğu halda Çində və Türkiyədə  vaxtaşırı olur. Ona görə ki, adı çəkilən ölkələrdə sahibkarlar və şaxtaçılar çox vaxt səhlənkarlıq edirlər.  

Bizdən başqa da dənizdən neft çıxaran ölkələr var. Baxaq, görək, keçən ilin dekabrından bəri hansında bu cür hadisə olub? 

Əldə müvafiq informasiya yoxdur. Amma 15 dekabrda baş verən qəza 1 il 10 gün ərzində neftçilərin başına gələn ikinci faciəvi vaqiədir. 

Bu, neçə-neçə ailənin gözüyaşlı qalması deməkdir. Neçə gənc qadının dul qalması... neçə övladın atasız qalması... Məhv olan planlar... qaralan həyatlar... dəyişən, ağırlaşan güzəran... daşa çırpılan arzular... işıqlı gələcəyə dair xəyalların keçmişə dair həzin xatirələrlə əvəzlənməsi... Faciə deməkdir bu. 

Nə yazıq ki, biz çox vaxt bu cür faciələrdən - təbii fəlakətlərin rəvac verdiyi texnogen qəzalardan yan keçə, sığortalana bilmirik. Alınmır. Nəsə bir çatışmazlığımız var və o, bizə faciələr olmadan yaşamağa imkan vermir.

Keşkə, itkin düşənlər əsl adı Xəzər yox, “qara dəniz” olmalı olan bu dəryadan tez tapılsın. Hansı tez tapılsa, demək, ailələri şanslıymış.

Xalid KAZIMLI(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar