İsveçrənin məşhur dağ xizəyi kurortu olan Davosa yağan son 20 ilin ən güclü qarı hərəkəti iflic edib
Xatırladaq ki, bu gün burada Dünya İqtisadi Forumu başlamalıdır.
Virtualaz.org “The Guardian” nəşrinə istinadən xəbər verir ki, küçələri və şose yollarını bağlamış qar dünya liderlərinin və məşhur iş adamlarının tədbirə planlaşdırılmış gəlişini ləngidə bilər.
Dünən İsveçrə Qar və Uçqunların Tədqiqatı İnstitutu bildirib ki, son 6 gün ərzində Davosa 159 santimetr qar yağıb. Regionda bu cür mənzərəni yalnız 20 ildə bir dəfə müşahidə etmək mümkündür. Dünəndən bu günə qədər daha 20-40 sm qarın yağması proqnozlaşdırılırdı. İnstitut həmçinin ən yüksək – beşinci uçqun təhlükəsinin mövcudluğu barədə məlumat verib.
Forumda qeydiyyatdan keçmiş forum iştirakçısı “Frans-Press” agentliyinə deyib ki, kurorta qədər son 12 km yolu qət etmək üçün ona 2 saat vaxt lazım olub. Şahidlərin sözlərinə görə, Davosa gələn qatarlar forumda iştirak edəcək nümayəndələrlə doludur. Onlar tədbirə qatılmaq üçün adətən avtomobil nəqliyyatından istifadə edirlər. Davosun mərkəzində isə qonaqlar piyada gəzməyə daha çox üstünlük verirlər, çünki qar və buzla örtülmüş yollarda avtomobillə hərəkət mümkün deyil.
RİA “Novosti” Davosdan xəbər verir ki, bazar ertəsi günü qar ucbatından foruma hazırlıq işləri faktiki olaraq iflic vəziyyətinə düşüb. Qatarlar böyük ləngimələrlə hərəkət edir, günorta saatlarında isə dəmir yolunda hərəkət, ümumiyyətlə, dayandırılıb.
Bütün bunlara baxmayaraq, forumun təşkilatçıları ümid edirlər ki, VİP-qonaqların gələcəyi vaxta qədər vəziyyət düzələcək.
Xatırladaq ki, 48-ci ənənəvi Davod Dünya İqtisadi Forumu yanvarın 23-dən 26-na qədər keçiriləcək. Tədbirdə 70-dən çox ölkənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
pia.az