Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dahi hekayə ustasının “cismani” romanları


Anton Pavloviç Çexov qadınlara qarşı çox iltifatlı, bəzən qəribə və haradasa qəddar münasibət bəsləyirdi


O, evlənməkdən həddindən artıq qorxur, könlü üçün seçdiyi qadınlarla cismani ehtiyaclarını ödəmək üçün seçdiyi qadınları qarışdırmamağa çalışırdı.

O, məhəbbət arzusunda idi, lakin sevgidən qorxurdu, qeyri-adi bir qadının yanında olmağa çalışırdı, ancaq ona evlilik təklifi etmək istəmirdi. 
 
Əbədidən qorxan
 
“... mənə aya bənzər elə bir həyat yoldaşı verin ki, mavi kəhkəşanımda hər gün çıxmasın. Səhərdən-səhərədək davam edən xoşbəxtliyə tab gətirə bilmərəm”.
 
Etiraf edirdi ki, onu hər şeydən çox “əbədi” sözü qorxudur. Çexov bu “əbədiyyəti” bir -  lap sevimli olsa belə – qadınla təsəvvüründə canlandırmağa çalışırdı və... onun təxəyyülündə bu, əsl mənada köləliyə bənzəyirdi. Axı Anton Pavloviç əbəs yerə deməmişidi ki, “bütün ömrüm boyu özümü sıxıb damcılarla qul çıxarmıxam”.
 
Vurulmuş xanımların siyahısı  
 
 
Çexov çox maraqlı kişi idi, qadınların diqqəti onun başını gicəlləndirmirdi. Hündür, qədd-qamətli, gülməli boz gözləri, xoşagəlimli səsi var idi. Zərif və incə yumor hissinə malik olan yazıçıya vurulmuş xanımların bütöv bir dəstəsinin siyahısı məlumdur. Çexovun tədqiqatçıları onları bəzən “antonovkalar” adlandırırlar: müəllimələr, feldşerlər, yazıçılar, aktrisalar. Yazıçı onlarla nikah bağlayacağına heç bir ümid verməyərək isterik hislərinə gülürdü. Bəzən uzunmüddətli münasibətlər də olurdu. Belə romanlardan biri düz 10 il davam edərək, bu yaşananları gələcək nəsillərə söyləyəcək bir xeyli epistolyar şahidlər qoyub gedib.    
 
Lidiya Mizinova
 
1889-cu ildə Çexovların evində 19 yaşlı qız peyda olur, Anton Pavloviçin bacısının rəfiqəsi Lidiya Mizinova... Onu əzizləyərək Lika deyə çağırırdılar. Bir neçə aydan sonra Çexov Saxalinə yollanır. Deyirdilər ki, yazıçı yaradıcılıq böhranı yaşayırdı. Ancaq vağzalda onu yola salan Likaya bağışladığı şəklin arxasına yazmışdı: “Əlindən Saxalinə qaçdığım burnumu cırmaqlayan çox mehriban məxluqa. P.S. Bu yazı boynuma heç bir öhdəçilik qoymur”. Lika artıq Çexova vurulmuşdu və yeddi aylıq səyahəti boyunca ona məktublar yazır, yolunu gözləyirdi.    
 
Səyahətdən qayıdan Çexov hansısa tamamilə fərqli bir cazibə qüvvəsinin onu bu kül rəngli gözləri olan qıza doğru çəkdiyini gizlətmirdi. Onlar insanların əhatəsində olanda gözləri ilə bir-birilərini axtarırdılar, sanki deməyə çoxlu sözləri var idi. Parkda ikilikdə gəzəndə isə utanaraq susurdular. Lika Moskvaya qayıdanda Çexov ona məktublar yazırdı. O, söhbətlərinə nisbətən məktublarında daha cəsarətli idi.   
 
Yeri gəlmişkən, məktublar həmişə zarafat əhvali-ruhiyyəsində yazılırdı. Misalçün, Anton Pavloviç Likadan xahiş edirdi öz pərəstişkarına çatdırsın ki, ......., əgər Likanın yan-yörəsindən əl çəkməsən, tıxac açanı sən yaramazın Avropa ilə həmqafiyə olan yerinə sancaram. Məgər bilmirsən ki, Lika mənə məxsusdur və bizim artıq iki uşağımız var? Aydındır ki, bunlar bir zarafat, lakin aşiq olmuş qız üçün başgicəlləndirici sözlər idi.   
 
Hərdən Çexov Mizinovaya sözün əsl mənasında çox soyuq təsir bağışlayırdı: qaşqabaqlı olur, onun çılğın məktublarına cavab vermir, görüşərkən quru səslə danışırdı. Bütün bunlardan sonra isə belə bir məktub yazır: “Lika, sizin daxilinizdə böyük bir timsah var və əslində mən Sizin dişlədiyiniz qəlbimə deyil, sağlam düşüncəyə qulaq asmaqda çox yaxşı iş görürəm. Məndən uzaq, uzaq dayanın! Ya da, yox, Lika, nə olursa olsun, qoyun Sizin ətrinizdən başım gicəllənsin və artıq boğazıma keçirdiyiniz kəməndi tarım çəkməkdə mənə kömək edin”.    
 
Çox nahaq yerə Lika Mizinova Çexovdan evlilik təklifi gözləyirdi. O, kəməndi böyük sevinclə dartmağa hazır idi, ancaq yazıçı buna imkan vermirdi. Və nəhayət, qız özü də başa düşdü ki, Anton Pavloviç onunla sadəcə oynamaqdan zövq alır və bundan artığı haqda heç düşünmür də. Onda xanım qız yazıçıda qısqanclıq hislərini oyatmaq qərarına gəlir və Çexovu atıb onun rəssam dostu Levitanın yanına “qaçır”.    
 
Əxlaqsız rəssam
 
O vaxtlar Levitan ərli qadın – polis həkiminin arvadı Sofya Petrovna Kuvşinnikova ilə aləmə səs salmış bir roman yaşayırdı. Kuvşinnikov sakit, xeyirxah, yumşaq qəlbli bir insan idi və qırx iki yaşlı arvadının gənc rəssamla bütün Moskvanı başına götürmüş münasibətlərinə göz yumurdu. 
 
İndi məhəbbət üçbucağına bir də Lika qoşulur. O, Volqaya, Kuvşinnikov və Levitanın yanına hazırlaşır. Levitan da hər şeyi Çexovun “ovcuna qoyurdu”: “Sənə havadan tutmuş yer üzündəki ən sonuncu cücüyədək (İlahi, sən özün keç günahımdan!)” hər şeyin onunla, onunla – ilahə Lika ilə dolduğu əsrarəngiz guşədən yazıram! O, hələ burada deyil, ancaq gələcək, çünki o, sən sarışını deyil, mən qarabuğdayını sevir”. Anton küsüb-incidiyini büruzə verməməyə çalışırdı. Ancaq çox tezliklə “Sever” jurnalında “Qərarsız qız” hekayəsi çıxır. Qəhrəman zahirən Likaya bənzəyirdi, taleyi isə Sofya Petrovnanın həyatı ilə eyni idi. Onu başdan çıxaran əxlaqsız rəssam gülünc şəkildə təsvir olunsa da, Levitanı çox asanlıqla tanımaq olurdu.
 
“Bu, həcvdir!” – Levitan hiddətlənmişdi. Kuvşinnikova hönkürürdü. Hətta onun heç vaxt heç bir şeyə qarışmayan əri də narazı idi: tanışları arxalarınca baxıb gülürdülər. Çexov isə hələ bir özünü bilməməzliyə vuraraq təmizə çıxmağa çalışırdı: “Təsəvvür edə bilirsinizmi, mənim bir tanışım, 42 yaşlı xanım “Qərarsız qız”ın iyirmi yaşlı qəhrəmanının timsalında özünü görüb. Əsas dəlil – xanımın əri həkimdir, özü isə rəssamla yaşayır”. Kuvşinnikovlar Anton Pavloviçlə münasibətlərini kəsirlər, Levitan isə hiyləgər dostunu duelə çağırmaq istəyirdi. Bircə Lika xoşbəxt idi: deməli, Çexov ona qarşı laqeyd deyildi və o, Likanı Levitana vermək istəmir! Çexov özü də anlayırdı ki, bir qərara gəlməlidir.
 
Çexov boyun əyməyə gedir
 
Və budur neçə illik inam və şübhələrdən sonra Anton Pavloviç Moskvaya, Likanın yanına “boyun əyməyə” gedir. Amma yenə də qətiyyəti çatmır. Çexov dəhşətli elçilik anını mümkün qədər uzada-uzada iki qadının – şairə Tatyana Şepkina-Kupernikə və aktrisa Lidiya Yavorskaya - onu şəhvani əyləncələr burulğanında ovundurmasına imkan verir. Bir-biriləri ilə o qədər də kəskin fərqlənməyən bu iki afət məşhur ədibin sevgilisi olmağa can atırdılar. Hamı Çexovun zəif damarını bilirdi, məzlum, alçaldılmış və təhqir edilmiş Likanın isə etiraz etməyə heç haqqı da yox idi. O, kim idi ki? Arvadı deyil, nişanlısı deyil, heç sevgilisi də deyil. Lika Çexova dürüst və emosional bir məktub yazır: “İnsana bilə-bilə belə əzab vermək nəyə lazımdır? Doğrudanmı bu sizə ləzzət verir? Ən qızğın arzum düşdüyüm bu dəhşətli durumdan müalicə olunmaqdır, ancaq bu çox çətindir. Yalvarıram, məni yanınıza çağırmayın, mənimlə görüşməyin”. Çexov ona zarafatla cavab verir: “Siz lüğətdən “eqoizm” sözünü çıxarmısınız və hər məktubda məni ona qonaq edirsiniz. Bu sözlə itinizi adlandırın”.
 
 
“Cismani” romanlar
 
 
Çexov heç utanmadan (kimdən utanacaqdı ki) ötəri “cismani” romanlar yaşayır, Likanı isə daimi, lakin platonik sevgili, əbədi nişanlı mövqeyində saxlayırdı. Hələ aradabir ona istehza ilə başqasıyla evlənə biləcəyini deyərək qızı hiddətləndirirdi. Bəzən də Likaya olan məhəbbəti yenidən ehtirasla alovlanırdı. Ancaq elə həmin andaca soyuyur və onu qoyub harayasa, misalçün, Avropaya gedir, ona heç məktub da yazmır, doğmalarına yazdığı məktublarda isə onun haqqında heç xəbər də almırdı.   
 
Nəhayət, Lika ümidsizlik və sıxıntıdan Çexovun ən dəyərsiz dostlarından birinin, hamının təlxək kimi oynatdığı İqnatiya Potapenkonun ağuşuna atılır. Bütün bunlarla bərabər o, həm də evli idi. Həmin vaxtlar Lika Çexova yazırdı: “Mən ömrümü puç edirəm, gəlin, onu tezliklə məhv etməkdə mənə kömək edin, çünki nə qədər tez olsa, o qədər yaxşıdır. Nə vaxtsa demişdiniz ki, əxlaqsız qadınları sevirsiniz, - deməli, mənimlə də darıxmazsınız. Mən məhv oluram, günbəgün məhv oluram”. Tezliklə Potapenko Likanı xaricə aparır, sən demə, sonradan aydın olduğu kimi, orada onun ikinci arvadı da var imiş! Bu ikiarvadlı bədbəxt Likanı İsveçrədə tək-tənha buraxır. Doğulmuş uşaq tezliklə ölür, qızın bütün qəlbi alt-üst olur. Hətta Çexovun köhnə oyunu yeniləmək cəhdi də ona təsir etmir. Halbuki bu dəfə Anton Pavloviç bir qədər də uzağa gedərək “onların gələcək səadət” anının tarixini də müəyyənləşdirir – düz bir ildən sonra. Lika bu təklifi o, soyuq qarşılayır. Ona görə də Çexov elə səhərisi gün məktub yazıb təyin edilmiş tarixi iki il, ən yaxşısı isə üç il geriyə atmağı xahiş edəndə çox az kədərlənir. Görünür, Lika Mizinova Çexovu daha sevmirdi. İnsan qəlbinin mahir bilicisi olan Anton Pavloviç Çexov yazıq qadına düz 10 il işgəncə verir. Ancaq tale ona elə bir nikah hazırlamışdı ki, yazıçı sevimli insanın laqeydliyindən əzab çəkməyin və iztirab içində yaşamanın nə olduğunu öyrəndi.   
 
Yeni tamaşa
 
Çexov Olqa Leonardovna Knipper ilə MBT-də (Moskva Bədii Teatrı) tanış olur. O, “Çayka” əsərində oynayırdı. Aktrisanın 29, Çexovun isə 37 yaşı var idi. Knipper MBT-nin direktorlarından biri Nemiroviç-Dançenkonun, Andreyevna isə digər direktorun, Sabba Morozovun sevgilisi idi. Əgər baş rol Knipperə təqdim olunardısa, Savva Timofeyeviç teatrı pulla cərimələyirdi. Stanislavski münsiflər məhkəməsində çıxış etməyə çalışır və Nemiroviçə yazırdı: “Andreyeva yaxşı aktrisadır. Knipper isə son dərəcə lazımlıdır”. Tezliklə iş o yerə çatdı ki, həmdirektorlar bir-birilərinə heç salam da vermirdilər. Rəqiblər isə özlərini elə göstərirdilər ki, guya rəfiqədirlər. Bir dəfə zarafatla püşk də atmışdılar: məşhur yazıçılardan kim onların hansının payına düşəcək? Andreyeva Qorkinin (bir neçə ildən sonra Mariya Fyodorovna həqiqətən də Qorkinin sevgilisi olur), Knipper isə Çexovun adı yazılmış kağızı götürür. Həmin vaxt Knipper Çexovu heç tanımırdı da. Ancaq hər şey gerçək oldu! 
 
Anton Pavloviç əvvəllər Lika Mizinova ilə oynadığı oyunu Olqa ilə də davam etdirmək fikrindəydi. Onu Melixova, sonra isə Yaltaya (xəstəliyi şiddətləndiyindən Çexov ora köçmüşdü) yanına dəvət edir. Eynilə Lika ilə olduğu kimi ikilikdə gəzir, zarafat edir, yeni tanışına yarımsevgi məktubları yazırdı. Və əvvəlki kimi məhəbbətlə cismani tələbatları qarışdırmamağa üstünlük verir, Olqanı özündən mümkün qədər kənarda, yalnız və yalnız platonuk sevgili mərtəbəsində saxlayırdı. Ancaq belə zarafatlar Knipperlə keçərli deyildi.   
 
Müasirləri Olqa Leonardovnanın hiyləgər və tutduğunu buraxmayan bir qadın olduğunu qeyd edirlər. O, Likadan böyük və təcrübəli idi, məhəbbət onun ağlını başından almırdı, həm də böyük yazıçı-dramaturqun arvadı olmaq statusu onun teatrdakı mövqeyini xeyli dəyişərdi. Deyirlər ki, sevgilisi Nemiroviç də Knipperin taleyinin yoluna qoyulması, yəni Çexovla evlənməsi üçün çox çalışırdı, onlara teatra bağlı bir dramaturq lazım idi.
 
Qürubun astanasında
 
Çexovun evində Olqa lap başdan özünü gələcək sahibə kimi aparırdı: bacısı və anası ilə birlikdə naharın, qonaqların yerləşdirilməsinin qayğısına qalırdı. Çexov onun əlindən Avropanı tənha gəzməyə çıxanda narazılıq və incikliyini büruzə verməkdən utanmırdı. Lika üçünsə bu, ağlasığmaz ədəbsizlik demək idi. Olqa Çexova yazırdı: “Bir halda ki, mənim yanımda olmalısan, nə üçün getmisən?” Ən əsası isə odur ki, o, romantik tanışlıqlarından iki il sonra yarı yalanlar, yarı doğrularla onun sevgilisi, sonra isə arvadı olmağı bacardı. Olqa Leonardovna yazıçını qətiyyətsizlikdə qınayırdı, Çexov isə, görünür, artıq “əbədi” sözündən qorxmurdu. O, ölümcül xəstə idi və bilirdi ki, ömrünə az qalıb.   
  
Həm də Olqa teatrı tərk edib Yaltaya onun yanına yığılmaq fikrində deyildi. Çox güman ki, o, Çexovun bir zamanlar arzusunda olduğu kimi arvad olacağına – ay tək onun səmasında hər gün doğmayacağına söz vermişdi. 
 
Hər gün doğmayan ay ilə nikah
 
Onlar Moskvadakı kiçik kilsələrdən birində evlənirlər. Yalnız mərasim üçün vacib şəxləri dəvət edirlər: gəlin tərəfdən qardaşı və dayısı, bəy tərəfdən isə hansısa təsadüfi iki tələbə. Vərəmli xəstələrin qımızla (at südündən hazırlanan içki – tərc.) müalicə aldığı Kamada keçirdiklləri bal ayından sonra Olqa Moskvaya yollanır. Orada isə artıq Knipper-Çexov familiyası ilə axır ki, Andreyevaya qalib gəlir, MBT-nin aparıcı aktrisası olur. Çexov isə Yaltada anası və bacısı ilə birlikdə yaşayır, onların yorulmaq bilməyən, fədaakar qayğısı ilə əhatə ounur. Əlbəttə, arvadı ona baş çəkirdi, lakin teatrdan başı açılanda, məşqlər imkan verəndə. Teatr isə Stanislavski və Nemiroviç-Dançenkonun göstərişi ilə ildə təxminən 2-3 dəfə icazə verirdi. Çexov özü Moskvaya, arvadının yanına getməli olurdu.   
 
Taleyin qisası
 
 
Olqanın mənzili üçüncü mərtəbədə idi və dik pillələrlə hər dəfə qalxmaq Çexovun ən azı yarım saatını, son gücünü və sağlamlığını alırdı: ürəyi çırpınır, boğazından fitəbənzər səs çıxırdı. Tanış-bilişlər təəccüblənirdilər: mənzili dəyişmək olmazdımı? Olqa isə hər dəfə cavab verirdi ki, bura mənə rahatdır.   
 
Çexov yenidən Yaltaya qayıdır və oradan yazır: “Mənə elə gəlir ki, mən heç olmasa gecənin yarısınacan burnumu sənin çiyninə söykəyib yatsam yüngülləşərəm, kefim açılar. Mən sənsiz istədiyim kimi ola bilmirəm. Əziz Olqa, nədən mən səninlə deyiləm?”
 
Görünür, xəstəlik və zəiflik onu əvvəllər çox böyük dəyər verdiyi tənhalıq və sərbəstliyə başqa cür yanaşmağa vadar etmişdi. İndi istəyirdi ki, arvadı hər gün yanında olsun. Arvadı isə heç də buna can atmırdı. Olqa etiraf edirdi: “Sənin qarşında günahkaram. Məndən sənə nə arvad? Bir halda ki səhnədəyəm, tək qalmalı və heç kimi incitməməliyəm”. Elə buradaca mövzunu dəyişir və Çexovu MBT üçün yazdığı növbəti pyesi – “Albalı bağı” pyesini tamamlamağa tələsdirirdi. Bəli, Çexov sevimli arvadı üçün yazdığı pyesi tamamladı, yarım ildən sonra isə Almaniyada vəfat etdi. Xəstəliyi kəskinləşəndə, demək olar ki, son anda, heç bir ümid yeri qalmadıqda yazıçını oraya, vərəm üzrə ən yaxşı mütəxəssislərin yanına göndərmişdilər. Çexovun dəfnində bütün Moskva iştirak edirdi. İnsan axını o qədər çox idi ki, anası ilə bacısı cənazəyə çətinliklə yaxınlaşa bildilər. Mizinovaya isə heç bu da qismət olmadı.     
 
O vaxt Lika MBT-nin rejissoru Aleksandr Saninlə evli idi. Onun toyu, demək olar ki, Çexovun toyu ilə eyni vaxtda olmuşdu. Ancaq bu evlilik, görünür, Likanı da xoşbəxt etməmişdi. Deyirlər ki, o, içkiyə qurşanmışdı. 
 
Ərinin ölümündən sonra özünü tez ələ alan Olqa Knipper-Çexova isə ondan sonra 55 il xoşbəxt yaşadı: uzun illər uğurla səhnədə oynadı, təbii ki, buna səbəb təkcə gözəl istedadı deyil, həm də dul Çexova statusu idi. O, uzunmüddətli sevgi macəraları yaşasa da, bir daha ərə getmir. 
 
“Kişi və qadın bir-birilərini sevdilər, evləndilər və bədbəxt oldular...”
 
Deyirlər ki, Çexovun “Məhəbbət haqqında” romanı belə başlamalı idi. Bu sözləri çox vaxt Çexov və Knipperin nikahından danışanda da misal çəkirlər.    
 
A.P.Çexovun rəsmi varisi yoxdur – ancaq o, hər halda özündən sonra bir övlad qoyub. Yazıçı Olqa Leonardovna ilə macəra yaşadığı zamanlarda ilk şəxsi teatrın direktoru Fyodor Korşun qızı Nina 1900-cu ildə Çexovdan bir qız dünyaya gətirir və o da atası kimi həkim olur.(axar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar