Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çıldırdığım Qadınım


Yenə səhər açıldı-sənsiz, səssiz, rəngsiz


Yenə sağ tərəfim boşdur. Yenə otaq qaranlıq və dağınıqdır. Səni sağ tərəfimdə əlimlə axtardım, sanki gözüm mənə yalan deyirmiş kimi.. Sən deyil, əlimə oxuduğun kitabın gəldi. Bu gün səni səninlə etdiklərimdə axtaracam. Bəlkə tapdım deyə! 

Dadlı Qadınım

Yatağımızdan qalxdım, sənin bəyəndiyin, göy göynəyi və cins şalvarı geyindim. Doğum günümdə hədiyyə etdiyin saatı taxıb, sevdiyin ətri vurub, qara gödəkcəmi geyindim. Səninlə görüşəcəkmiş kimi hazırlaşıb, çıxdım. İlk dəfə oturduğumuz, daha sonra tez-tez getdiyimiz restorana üz tutdum. Sonuncu dəfə orada, səninlə birlikdə oturmuşdum. Düşündüm ki, uzun müddətdən sonra səni elə orda axtarmağa dəyər. İçəri daxil oldum, masada almaniyalı bir bəy oturub, pivə içirdi. Həmişə sən deyirdin axı, gözlə yerimiz boşalsın, orda oturaq. Bütün masalar demək olar boş idi, amma mən sənin qaydandan kənara çıxmadım. Gözlədim! O müddət ərzində bizi tanıyan işçilər də cavabsız sualı verirdilər-hamısı səni soruşurdu. Kənardan masamıza baxırdım, dəyişən yalnız güllər idi. Süni gülləri təbii ilə əvəz etmişdilər, sevgilim. Hansıki, sən həmişə “bircə bu gül təbii olsa, daha gözəl olardı” deyirdin.

İnsanlara təbəssüm etməməkdə qınayırdın məni, qərara almışdım, bu gün bütün steriotipləri qıracaqdım. Yalandan da olsa insanlara təbəssüm edirdim. Çox sevdiyimiz, birlikdə yediyimiz yeməyi sifariş etdim. Sənin qadağan etdiyin qazlı içkini sənsizliyə inad olsun deyə içmək istədim. Heç sevmədiyin şərəbları masaya gətizdirdim. Sənsizliyin şərəfinə içmək üçün. Şərab da gəldi, yemək də.. Nə sənin inadına içə bilmədim, nə o sevimli yeməkdən dad almadım. Hesabı istədim, hər zamankı kimi yenə gec gətirdilər. Gec gələndə sən əsəbləşirdin axı, amma mən səbrlə gözlədim. Hesabı yox, səni! Sanki ayaqyoluna getdiyini düşünüb, səbrlə gözlədim. Hesab da gəldi, ödəniş də etdim, ama sən gəlmədin. 

Xoşbəxt Qadınım

Bu gün hava necə soyuqdur, bir bilsən?! Sən bu cür havalarda xoşbəxt hiss edirdin özünü. Belə havalarda necə xoşbəxt olduğunu başa düşmək üçün yağışın altında gəzdim. Çox da qalın geyinməmişdim. Günəşin altında gəzirmiş kimi gəzirdim yağışın altında. Havanın xoşbəxtliyini yox, səni düşünməyin xoşbəxtliyini yaşadım.

Sahildəki Qadınım

Çoxdandır dənizə tərəf üz tutmuram. Sonuncu dəfə səni dəli kimi şəhərdə axtaranda, dəniz kənarında tapanda yollanmışdım. O gündən sonra ilk dəfə bu gün yolumu sahildən saldım. Hava soyuq olduğu üçün dənizin kənarı boş idi. Gəzə-gəzə sulu oturacaqlardan birinə əyləşdim. Necə islandığımın belə fərqinə varmırdım. Eyni sənin etdiyin kimi. Hər şeydən doya-doya zövq almaq gözəldir deyirdin, mən də bu cür etdim. Sənin etdiklərindən zövq almağa çalışdım. Oturub sənin çılğınlığını, yağışın altında dəliliklər etməyini gözümün önünə gətirdim. Sənsiz necə yaşayıram deyə, öz-özümə sual etdim. Cavab tapa bilmədim. Sevgilim, yoxluğunu bu gün daha çox hiss etdim. Çünki hava soyuq idi, üşüyürdüm, bu gün şəhərim ağ qara rəngə bürünmüşdü və bu gün mənim sənə daha çox ehtiyacım var idi. Əllərini axtarirdim. Səndən sonra əllərini ciblərim əvəzləyir.

Zövqlü Qadınım

Bu gün sənin getdiyin mağazaları gəzdim. Yeni kolleksiyalar gəlib. Bu il rənglər, trendlər, hamısı sən istədiyin kimidir. Daxil olduğum mağazalarda, geyinmə otaqlarının qarşısında səni gözlədim, sanki içəridən çıxacaqmışsan kimi. Hər pərdənin arxasından müxtəlif qadınlar çıxırdı, yenə hər bölümün qarşısında uzun uzadı növbələr yaranmışdı. Bilirsən, hər pərdə tərpənəndə bunun sən olduğunu, yeni bir geyimlə, gözəl gülüşünlə çıxacağını gözləmək ağır hissdir.

Ətirli Qadınım

Kişilər sevdiyi qadının qoxusunu əsla unutmazlar deyirdin. Elədir, sənin qoxun burnumdan getmir. Qoxunu almaq üçün ətir mağazasına üz tutdum. Bu gün mağazada heç bir aksiya olmadığı və hava da soyuq olduğu üçün buralar da sənin istədiyin kimi boş idi. Satıcı xanım “necə kömək edə bilərəm”  sualı, məni bir anlıq xəyalından uzaqlaşdırdı. Az qalırdı ondan səni istəyim, yalnız səni mənə qaytarmaqla kömək edə biləcəyini deyəcəkdim. Amma tez özümə-sənə, sənin xəyalına gəldim. Sənin sevdiyin ətri götürüb saatıma vurdum. Hər zaman sən belə edirdin- gün ərzində, səndən ayrı qaldığım vaxtda səni tez-tez xatırlamağım üçün belə edirdin. Ətrini vurdum, saata, qoluma, havaya vurub içimə çəkdim, amma eyni qoxunu ala bilmədim. Əslində anlamalı idim ki, gözəl olan ətir deyil, sənin qoxundur. Qoxusuna həsrət qaldığım, bütün qoxular artıq məni boğur.

Ehtiraslı Qadınım

Səni sevdiyin heç bir yerdə tapa bilmədim bu gün. Səfil kimi evə gəldim. Ev buz kimidir yenə. Işığı yanmır, törtüküntüdür otaq. Oxduğun kitabın səhifəsinə belə toxunmuram. Çarpayının yanında necə qoymusan elə də qalıb. Hər şey qoyub getdiyin kimidir. Bədəninin qoxusunu, hərarətimi yatağına qarışdıraraq alıram. Havanın soyuqluğu yox, sənsizlikdir məni donduran. Sənsizliklə vuruşmaqdan halsızlaşmışam. Sevgilim, bomboşdur sənsiz hər yerim. Çılğınlığını, dəliliyini, öpüşlərini, sevişmələrini, isti nəfəsini, toxunuşunu, özləyirəm, ürəyimin dərin yarası. Dəli gözlərin gözümün önündən getmir. Səndən sonra heç bir qadını yerinə qoya bilmədim. Çünki mənim qadınımı kimsə əvəz edə bilməzdi. Yadındadır sənə deyirdim bütün qadınlar qoxuludur, heç bir qadına toxuna bilmərəm. Bax səninlə də, sənsiz də gözümdə heç nə dəyişmədi. Ehtirasımı səninlə bədənimin ən dərin yerində basdırdım. Bir kişinin ağlamağı sənin üçün dəhşətli hadisə idi. Amma mən hər gün eyni dəhşəti yaşayıram. Sənsizlik ağırdır. Həzm edə bilmirəm. Bu evdə sənsiz gecələrin, gündüzlərin necə keçdiyini bilmirəm. Günlərlə özümü qara pərdələri olan bu qaranlıq otaqda itirirəm. Yenə gecə olacaq, yenə səhər açılacaq, yenə sən olmayacaqsan.

Çıldırdığım Qadınım

“Ölsəm cəsədim burda, ruhum İstanbulda olsun” deyirdin. İndi bir əlimdə bilet, bir əlimdə açar var. Qəbrinə gəlib cəsədinə qovuşum, yoxsa şəhərinə gəlib ruhuna?!

Türkan TURAN
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar