Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu qadınları heç nə sındırmır

Yadınıza gələr, 9-cu sinfin axırında Azərbaycan dilindən inşa yazaraq imtahan verməliydik


52 mövzu verilmişdi və onlardan sadəcə birini seçib yazacaqdıq. Mənsə 52 adda inşanı dəftərə yazmışdım ki, imtahan vaxtı sinif yoldaşlarım köçürə bilsin. Hamı imtahanını verdi, o dəftər isə ordaca param-parça edildi. Hərdən o əhvalat düşür yadıma: "Yenə ürək qoyum, vaxt sərf edim, əziyyət çəkim, "dəftərimi cırsınlarmı" deyə düşünürəm". Və bunu tək mən düşünmürəm, yəqin ki...

Mən bu günə kimi gül əkməmişəm, çiçək yetişdirməmişəm, ümumiyyətlə, torpağa bir toxum belə basdırmamışam. İçimdən gəlməyib, həvəsində olmamışam, özümdə belə bir ehtiyac hiss etməmişəm. Çiçəkləri, gülləri sevmişəm, dərmişəm, qoxlamışam, o qədər. Əkdiyin gülün, yetişdirdiyin çiçəyin məhv edilməsi necə olur, bilmirdim. Həbsxana həyatı yaşayan türkiyəli yazar Aslı Erdoğanın müsahibəsini oxuyana qədər.

136 gün azadlıqdan məhrum edilən Aslı Erdoğan deyir ki, həbsxana yoldaşları illərlə əlləşib-vuruşub həyətdə çiçək yetişdiriblərmiş. Ancaq ölkədə fövqəladə hal elan olunandan sonra bu da qadağan edilib. Qəfildən otaqlara hücum edilib və nəzarətçilər illərlə əmək qoyulan, sevgiylə yetişdirilən o çiçəkləri torpağından çıxarıb, həbsxanadan çölə atıblar. Bu, o qadınlar üçün çiçəyin öldürülməsi olub, həbsxanaya bir matəm havası çöküb. Qızlardan biri çiçəyini tualetdə gizlədib, öz aləmində onu xilas edib. Amma növbəti axtarış zamanı onu da məhv ediblər. Sonra qadınlardan biri toxum tapıb, amma torpaq ki yox imiş. Və bu qadınlar o toxumu əkmək üçün torpaq belə düzəldiblər. Bunun üçün həftələrlə vaxt sərf ediblər. Hər gün içilən çayın xəkəsini qəzetin üstünə sərib qurudublar. Xəkənin içinə yumurta qabığı əzib qatıblar ki, azot torpağı bəsləsin, o da bitkini. Sonra toxumu əkiblər. Toxum cücərib, çiçək açıb. Deyir, bir az çirkin bitkiydi, amma ona gözümüz kimi baxırdıq. Hər dəfə həbsxana kameralarında axtarış olanda gülü gizlədir, beləcə qoruyub-saxlayırdıq. 20 qadının əməyi sayəsində boy atmışdı o çiçək, balaca şahzadənin gülü kimi...

Günəş görsün deyə çölə çıxarırlarmış, yağış suyu "içsin" deyirmişlər. Amma nəhayətində nəzarətçilər o çiçəyi də tapır və qadınların əlindən alırlar. Bu şəraitdə gizlincə, heç nədən onu necə yetişdirdiklərinə görə onları lağa belə qoyurmuşlar. Amma onları bu belə sındırmırmış... Çünki çiçək yetişdirən - yaradan, həyat verən qadınlar idi onlar.

Aslı Erdoğan danışır ki, həbsxanaya salındığım ilk gün əhvalım çox pisiydi. Hətta intihar etməyi belə düşünürdüm və bunu bir qanun kimi müdafiə edirdim, deyir. Ordakı qadınlar heyrətlənirmiş, necə yəni qanun? O da fəlsəfi baxımdan izah edirmiş, bu, mənim təbii haqqımdır deyə. Bu, aralarında müzakirələrə, mübahisələrə səbəb olurmuş. Amma yazar xanım həbsxanadan çıxmazdan bir neçə gün əvvəl onlardan üzr istəyir: "Mən sizdən çox vacib şeylər öyrəndim. Sizin bir çiçəyi yetişdirmək üçün 4 ay necə əziyyət çəkdiyinizi gördüm. Və mən intiharı düşünərkən necə ərköyünlük etdiyimi indi daha yaxşı başa düşürəm. Sayənizdə..."

Siz də bir anlıq düşündünüz ki, mavi səmanın, günəşin, yağmurun altında olan biz nə üçün, nələr üçün çabalayırıq, vuruşuruq, mübarizə aparırıq? Varmı bizim uğrunda savaşacaq, yaşayacaq dəyərlərimiz? Məsələn, həbsxanadakı qadınların nəzarətçilərdən gizlətdiyi, gözləri kimi qoruyub-saxladıqları çiçəkləri var, bizim nəyimiz var? Onlar çay xəkəsindən torpaq hazırlayırlar, bəs biz?

Hərdən avtobusda, metroda, keçiddə bir addım, bir saniyə qabağa düşmək üçün ətrafındakı, qarşısındakı adamları əzib-keçən qadınlar, adamlar görürəm. Kənara çəkilirəm, nəfəsimi dərirəm, düşünürəm: Niyə axı, nə üçün, dəyərmi? Ətrafımız hər fürsətdə başqalarının əməyi, əziyyəti, eşqi, arsuzu, duası hesabına qabağa düşməyə çalışan insanlarla doludur. Hətta 1saniyə qabağa düşməyə belə çalışan insanlarla... Soruşuram: 1 saniyə, 1 dəqiqə, 1 saat qabağa düşüb nə edirsiniz ki? Məsələn, bir gül əkirsinizmi, düşünürsünüzmü, gülümsəyirsinizmi, azadlığınızın, insan olduğunuzun, əlinizdə olanların fərqinə varırsınızmı, aldığınız nəfəsi bir bayram kimi qeyd edirsinizmi, ürəyiniz xoş bir xatirəylə, arzuyla, sevgiylə döyünürmü, siz gün ərzində bir dəqiqə də olsun özünüz üçün yaşayırsnızmı? Bunun üçün həbsxanaya düşmək, azadlıqdan məhrum edilmək, torpağa, mavi səmaya, günəşə həsrət qalmaq lazım deyil. Sadəcə, azadlığınızın, köksünüzdə çarpan ürəyinizin, sizi var edən ruhunuzun, günəşi, insanları görən gözlərinizin, çiçək əkə bilən əllərinizin fərqinə varın. Bir çiçək, bir gül yetişdirin. Bir toxum basdırın torpağa, sevin onu, çiçək açmasını gözləyin, qoruyun gözünüz kimi. Elə bu gün, elə indi, azad ikən...

Deyirlər, qızlarınıza birinci təhsil verin, yox, onlara birinci özlərinə dəyər verməyi öyrədin. Hisslərinə, beyinlərinə, düşüncələrinə, zəhmətlərinə dəyər verməyi, dəyər verəcək, qoruyacaq, sığınacaq nələrsə yaratmağı  öyrədin. Yoxsa elə hey "dəftərlərini cıracaqlar". Və onların ömrü bu dəftərin vərəqlərini yapışdırmaqla keçəcək, yorulacaqlar, çox yorulacaqlar...

Sevinc Fədai(milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar