Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brend malları saxtalaşdırıb satan çetenin qara əməlləri - Şok faktlar


Əhalinin cibinə və sağlamlığına böyük təhdid var; “Yeni Müsavat” milyonların dövr etdiyi gizli sistemin fəaliyyətini araşdırır


Son 2 ildə əhalinin gəlirlərinin artmaması, bir çox hallarda isə azalması nəticəsində alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. 

Bu şəraitdə istehlak bazarında qiymətlərin bahalaşması insanların vərdiş etdikləri bir çox mal və məhsulları daha ucuzları ilə əvəzləməsinə gətirib çıxarıb. Bu sırada ilk yeri yuyucu və gigiyenik vasitələr tutur desək, qətiyyən yanılmarıq. Ətrafda kimdən soruşsaq, əvvəllər istifadə etdiyi brend və bahalı yuyucu və gigiyenik vasitələrin daha ucuz markalarına keçdiyini deyir.

Naməlum və qaranlıq “zavod”

Maraqlıdır ki, son 2 ildə insanların illərdən bəri istifadə etdikləri keyfiyyətli və bahalı markalara olan inamından külli miqdarda qazanc əldə edən böyük bir qrup, bəlkə də mütəşəkkil dəstə meydana çıxıb. Bu dəstənin üzvləri brend yuyucu və gigiyenik vasitələrin adı altında, yaxud həmin adla demək olar ki, eynilik təşkil edən saxta və keyfiyyətcə on dəfələrlə geri qalan, qiymətcə əsl maldan 2-3 dəfə ucuz məhsul buraxaraq əhalini aldatmaqla məşğuldur. “Calgon”, “Ariel”, “Fairy”, “Pantene”, “Vanish” və digər brend firma məhsulları ilə eyni adda, yaxud onlara çox bənzəyən adlar altında istehsal olunan bu məhsullar məhəllə marketlərlərinə, bazar və yarmarkalara, metro çıxışlarına, həyətlərə daşınaraq çox rahatlıqla satılır. Hətta son zamanlar həmin məhsullardan iri supermarket şəbəkələrinə ayaq açanları da var. Belə ki, “Yeni Müsavat”ın əməkdaşının tanınmış supermarketdən aldığı “Fairy”nin içindən tamam fərqli qatılıqda və qoxuda, çox keyfiyyətsiz məhsul çıxıb. Bu sətirlərin müəllifinin başqa bir supermarketdən aldığı “Pantene” balzam qutusunun içərisindəki illərdən bəri istifadə etdiyi eyni markadan çox fərqli və keyfiyyətsiz, tamam fərqli qoxusu olan məhsul idi.

Bu keyfiyyətsiz və saxta məhsullar Bakıətrafı ərazilərdə qanunsuz olaraq istehsal edilir. Bu günlərdə “Koroğlu” metrostansiyasının çıxışında 2-si 3 manata 400 qramlıq “Calgon” satan kişidən satdığı malın harada istehsal olunduğunu soruşduqda çox hirsli şəkildə “nəyinə lazımdır” deyib malı əlimizdən çəkib aldı. Daha sonra “hamı bilir ki, harda istehsal olunur da” söylənə-söylənə tələsik mallarını yığışdırıb, ərazidən uzaqlaşdı. Eyni sözləri Buzovna qəsəbəsində məhəlləyə həmin maldan gətirən qadın da söylədi. Dediyindən məlum oldu ki, həm “Calqon”u, həm də “Vanish”i onun bacısına işlədiyi zavodda (?!) maaş əvəzinə veriblər. Qadın zavodun adını xatırlaya bilməsə də, orada çox sayda belə keyfiyyətli (?!) məhsullar istehsal olunduğunu dedi.

Düzünü deyək ki, bu maaş əvəzinə verilmə söhbəti ənənəvi bəhanə olduğu üçün onu reallıq hesab etmirik: bir zamanlar xlor satanların hamısı eyni arqumenti səsləndirirdi. Amma reallıq budur ki, ortalıqda çox böyük bir saxtakar çete var və bu çete sahəyə məsul olan bütün qurumların gözləri qarşısında at oynatmaqdadır. Bundan isə əsas zərər əhaliyə dəyir: həm maddi, həm də səhhəti baxımdan. Heç bir nəzarət, yoxlama olmadan, hər hansı standartın tələbi gözlənmədən necə gəldi istehsal edilən yuyucu və gigiyenik vasitələrdən istifadə insan sağlamlığı üçün çox böyük təhlükədir.

Böyük bazarlardakı “istehsalçı” kimdir?

Image result for saxta brendlər
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, belə hallarla bağlı çoxsaylı müraciətlər alırlar: “Burada ən yaxşı mübarizə o zaman baş tutar ki, o məhsulların buradakı distribüterləri də maraqlı olsunlar. Biz təcrübədə çox rastlaşmışıq ki, yerli distribüterlər də saxta malların satışında maraqlı olurlar - bəzən əsl malla saxta mal yanaşı satılır, distribüter buna göz yumur. Burada da məqsəd daha çox gəlir əldə etməkdir”.

Birlik rəhbərinin sözlərinə görə, bu vəziyyətin yaranmasına ikinci məsul qurum İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidmətidir: “Bu xidmət yoxlamaların dayandırıldığını bəhanə edərək bu kimi hallarla bağlı heç bir tədbir görmür. Bizdə olan məlumata görə, bəzi iri bazarlarda açıq yuyucu tozlar satılır. Onları alıb içərisinə 50 faiz duz qarışdırılır. Gürcüstandan gətirilən qutulara qablaşdırıb xüsusilə Qərb bölgəsində əhaliyə satılır. Bunun əhalinin sağlamlığına böyük zərəri var, dəridə müxtəlif yaralara səbəb ola bilər. Bu kimi faktlarla bağlı xidmətə müraciət edirik, deyirlər, yoxlamalar dayandırılıb”.

İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidmətinə göndərdiyimiz sorğuya cavab olaraq bildirilib ki, bazar iqtisadiyyatı şəraitində eyni mal ayrı-ayrı satıcılar tərəfindən müxtəlif qiymətlərə satıla bilər: “Bu qiymətlər satıcının məhsulla bağlı xərclərindən, malın üzərinə qoyduğu ticarət əlavəsinin səviyyəsindən, satışın həyata keçirildiyi ərazidən və s. asılı olaraq dəyişir. Ona görə də hər hansı bir malın bir yerdə digər yerlərə nisbətən ucuz satılması onun saxta olmasını deməyə əsas vermir”.

Sorğumuza cavabdan həmçinin belə aydın olur ki, istehlakçının seçim hüququ var: “O, müxtəlif təsərrüfat subyektlərinin istehsal etdikləri eyni təyinatlı mallardan (işlərdən, xidmətlərdən) tələbatına daha uyğun olanını özünə sərfəli qiymətə, münasib bildiyi yerdən seçib ala bilər.

Mal satarkən satıcı istehlakçıya malla birlikdə qəbz, kassa çeki və ya digər yazılı sənəd verməlidir. İstehlakçının şikayətinə qəbz, kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.  Ona görə də istehlakçılar mal alarkən diqqətli olmalı, bu cür sənədləri təqdim etməyən satıcılardan mal almaqdan çəkinməlidirlər".

Distribüterlər niyə susurlar?

Cavaba görə, əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan mal kontrafakt məhsul hesab edilir: “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, digər bazar subyektinin əmtəə nişanından, coğrafi göstəricilərindən, firma adından, əmtəə markasından, həmçinin adından qanunsuz istifadə edilməklə rəqibin təsərrüfat fəaliyyətinin təqlidi haqsız rəqabət hesab olunmaqla antiinhisar qanunvericiliyinin pozulmasına səbəb olur. Mövcud qanunvericiliyə əsasən, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının, habelə publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxılır".

Nazirlikdən bildirildiyinə əsasən, antiinhisar qanunvericiliyinin pozulması haqqında müraciətlər yazılı şəkildə ərizə verməklə, antiinhisar qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli və ya həmin sənədlərin müvafiq  qaydada təsdiq olunmuş  surətləri əlavə olunmaqla antiinhisar orqanına təqdim edilir. Antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizədə müraciət edən və şikayət olunan şəxs barədə məlumatlar və antiinhisar qanunvericiliyinin pozulması faktının izahı verilməli, müraciət edənin tələblərinin mahiyyəti göstərilməlidir: “Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət qeydiyyatına alınmış əmtəə nişanları üzrə saxta məhsulların satışı ilə əlaqədar həmin nişanların sahibləri tərəfindən yuxarıda qeyd olunan qaydada İqtisadiyyat Nazirliyinə müraciətləri daxil olduqda həmin müraciətlərə qanunvericiliyin tələblərinə uyğun baxılaraq zəruri tədbirlər görülür”. 

Bəs ölkə qanunvericiliyində müxtəlif məhsulların saxtalaşdırılmasına qarşı hansı tələblər, cəzalar nəzərdə tutulur? Nazirlikdən verilən cavaba görə, bu məsələ “Haqsız rəqabət haqqında” qanunla tənzimlənir: “Qanunda digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə edildikdə, haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə iki misli həcmində maliyyə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda antiinhisar qanunvericiliyinin pozulmasına yol vermiş şəxs qanun pozuntusunu könüllü surətdə aradan qaldırdıqda işin icraatına onun mahiyyəti üzrə qərar çıxarılmadan xitam verilə bilər”.

Göründüyü kimi, İqtisadiyyat Nazirliyinin verdiyi cavab faktiki olaraq onu göstərir ki, hər hansı tədbir görülməsi üçün onlara məhsulları təqlid olunan, yaxud saxtalaşdırılan firmalardan, onların distribüterlərindən rəsmi müraciət olunmalıdır. Firmalar, distribüterlər belə müraciətlər edirlərmi?

Bir çox saxtalaşdırılan brend məhsulların Azərbaycandakı rəsmi distribüteri olan Engin LTD şirkətindən məsələ ilə bağlı mövqe almağa çalışdıq. Şirkətdə telefonu qaldıran xanım müraciətimizin məqsədini dediyimiz an “Sumqayıtda istehsal olunan malları deyirsiniz?” soruşdu. Bu isə şirkətdəkilərin vəziyyətdən xəbərdar olduqlarını göstərir. Xanım “biz yalnız o məhsulları satan şirkətik” deyərək, istehsalçı Procter&Gamble şirkətindən cavab almaq üçün suallarımızı götürdü. Lakin bir həftədən çox müddət ərzində suallarımız cavablandırılmadı.

Digər məhsulların distribüterlərindən məsələ barədə hər hansı münasibət almaq cəhdlərimiz gözləmədiyimiz halda açıq aqressiya ilə qarşılandı. Bu isə məsələnin təsəvvür etdiyimizdən daha qaranlıq məqamlarının olmasından xəbər verir.

P.S. Mövzunu diqqətdə saxlayacağıq.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar