Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boyun əyməyən iradə

   
2003-cü il idi...

Onda 35 yaşı vardı. 

Düz, 10 il ötür üstündən...

Onda da əsassız ittihamlarla unversitetdən uzaqlaşdırılmışdı. İşə ABŞ səfirliyi və bir sıra beynəlxalq təşkilatlar qarışmışdı. 

Tələbələr isə işə bərpa olunması ilə bağlı 500-dən çox imza toplayaraq universitet rəhbərliyinə təqdim etmişdilər. Amma qərar "yuxarı"dan verilmişdi... 

İlk dəfə yağışlı bir gündə görüşdük, Lənkərana yağışın gərəksiz yağdığı bir gündə... Həmin gün nəyəsə görə universitetə gəlmişdi. Tələbələr öz sevimli müəllimlərini dövrəyə almış, hərə bir sual verir, hamının onun qayıdacağına böyük ümidi vardı. 

Yadımdadır, fəlsəfə müəllimimiz mərhum Ağayar Şükürov da (Ruhu şad olsun!) "patok"da "Yadigar Sadıqov qayıdacaq, narahat olmayın", - dedi. Və uzun məhkəmə çəkişmələrindən sonra qayıtdı, həm də ona verilən vədlərdən, təkliflərdən, vəzifədən imtina edərək...  

***

Yadigar Sadıqov universitetimizin ən gənc müəllimlərindən idi. "Türk xalqları tarixi"ni tədris edirdi. Univesitetdə bu fənnin ən yaxşı bilicilərindən sayılırdı. Amma sonralar onu universitetdən uzaqlaşdıranda bu fənni "Fars dili" müəlliminə həvalə etdilər. 

"Türk xalqaları tarixi" və fars dili müəllimi... Qəribə təzaddır, deyilmi? 

2005-ci ildə də eyni situasiya ilə üzləşdi. Amma onda artıq onun arxasında böyük tələbə kontingenti vardı. Bunu nəzərə alıb çəkindilər, geri addım atdılar. Həm də o, tələbələrin yanında idi. Tələbələri isə onu çox istəyirdilər, ona görə ki rüşvət almırdı, problemləri yarananda onların yanında olurdu. O, tələbələrin son ümid yeri, nəfəslik idi. Onsuz universitetin havası çatmırdı.

2010-cu ildə isə artıq biz yox idik. Universitet isə təmirə dayanmış, tələbələr ayrı-ayrı yerlərdə, binalarda dərs keçmək məcburiyyətində qalmışdılar. Ona görə də məqsədlərinə asanlıqla nail oldular. Bir sözlə, nəfəsliyi bağladılar... 

***

Yadigar Sadıqov Lənkəran ziyalılarının ümimiləşmiş obrazı, Lənkəran ictimaiyyətinin əxlaq etalonudur. Ona atılan hər hansı böhtan və şər suya yazıla bilməyəcək yazıya bənzəyir. 

Nehru yazırdı: "Tarixi oxumaq yaxşıdırsa, tarix yaratmağa kömək etmək ondan qat-qat maraqlıdır". 

Lənkəranın Yadigarı tarixdir. Tarixi isə ancaq tarixi, keçmişi olanlar yarada bilər. Bəli, doğru deyiblər ki, azadlıq onun uğrunda mübarizə aparanlara layiqdir...

***

Bu gün Yadigar müəllimin 45 yaşı tamam olur. O, bunu həbsxanada qarşılayacaq. Müəllimi amalı uğrunda həbsxanada olan tələbələrin isə bu gün kədərlənməyə haqqı yoxdur. Əksinə, azadlığın yolu zindanlardan, məşəqqətlərdən keçdiyi üçün bir az da sevinmək lazım. Çünki zindan azadlığa layiq olanların imtahan verəcəyi lövhədir, baxır kim o lövhəyə adını necə yazır. 

...onu şərləyib tutdular. Ötən gün isə məlum oldu ki, üzünə duran Rəşid adlı şəxs heç Qarabağ əlili-zad deyilmiş. Buna da sevinmək lazım ki, heç olmasa Qarabağın adını daha bir bədnamlıqdan qoruya bildik. 

Bu yerdə Qandinin fikirləri yada düşür: "Güc fiziki vəziyyətdən yox, boyun əyməyən iradədən gəlir. Yalançılar isə lap axırda özlərini aldadırlar". Bu, doğrudan da, belədir... 

Doğum günün qutlu olsun, Hocam!  

Şəmşad AĞA


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Zahid Oruc, “düşməni“ harada gizlətmişdiniz?

Ən çox oxunanalar