Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biz hələ də nəyin dərdindəyik?


Tural İsmayılov yazır


Mentalitet mövzusu toplumda diskussiyalara müzakirələrə kültürəl debatlara səbəb olaraq zamanın hər kəsiyində öz aktuallığını qoruyur. İstər ədəbi, istər fəlsəfi, istərsə də siyasi müzakirələr zamanı mentalitet sözcüyünü tez-tez eşidir və qeyri-ixtiyari olaraq biz də sadə vətəndaş prizmasından mövzunu ələməyə çalışırıq.. 

Əslində mentalitet insanların tarixi formalaşma dövrü nəticəsində ortaya qoyduqları yaşam biçimi, həyat tərzi, yanaşma meyarıdır. Maraqlı olan isə odurki insanların fərdlər olaraq özünəməxsus həyat tərzləri və öz həyat tərzlərinə uyğun bitkin fikirləri olur. Və bu da heç də o demək deyilki, fərdi mental şüur bir toplumun siması deməkdir.. İnsanlar tək olaraq çox az dəyişikliyə və yeniliklərə yön verdiyi üçün mentalitet məfhumu da dəyərləndirilərkən fərdi deyil, toplmusal olaraq nəzərdən keçirilir. 

Təbii ki analaogiya və müqayisələr nəticəyə gəlmək üçün mühüm vasitə hesab oluna bilər. Lakin istənilən halda Azərbaycanda nəyə isə öz fərdi baxışını ortaya qoymaq üçün başqasından, digərindən çox örnəklər gətirmək, sitatlara meyillilik və sonucda qarmaqarışıq bir fikir menyusunu müəllif yazısı kimi qələmə vermək dəbinə pozitiv yanaşmadığımdan mentalitet kimi sadə göründüyü qədər, əslində məğzində qəlizlik olan mövzuda başqa toplumlarin, insan birliklərinin, xalqların mentalitetiylə uğursuz müqayisələr aparmağı doğru hesab etmirəm. Bu hardasa hansısa bir elmi kitab yazdığını iddia edən alimi xatırladır. Əgər kitabın içərisi sadəcə məsələyə müxtəlif dövrlərdə necə yanaşmadan və sadəcə fikir tarixindən ibarətdirsə və kitabın sonunda kiçik bir kitab üçün çox saysız hesabsız ədəbiyyat siyahısı varsa, bu sadəcə alimin özünü və cəmiyyəti aldatma taktikasından başqa bir şey deyil. 

Alman mentaliteti, ya da deyəkki hind mentaliteti necə müqayisə oluna bilərki? Müqayisələr mentalitet mövzusunda lazımsızdır məncə. Mentalitet Azərbaycanda qəribə və əcaib formada müdafiə olunur, Anlamıramkı “bizim mentalitetimiz tolerantlığa səsləyir” deyən bəzi ziyalılar niyə onları qəbul etmək istəməyənlərə, tənqidçi gənclərə tolerantlıq göstərə bilmir? Hanı tolerantlıq? Bulvarda qaçan əcnəbiyə gülən insanlar demirmi “biz tolerantıq ?” Bizə mentalitet moizələri oxuyanlar bəzən elə ən birinci mental barikadları pozanlar deyilmi? 

Xatırlayıram liberal demokratik fikir axımın banilərindən sayılan Con Lokkun tələbələriylə mühazirəsində mental dəyərlərlə ilgili kəskin çıxışları haqqında yazı oxumuşdum. Yadımda qalan bir cümləni bu mövzuda hər zaman işlədirəm:" Mənəvi dəyərlər də hadisələrə baxış da ortaya qoyulan ideyalar da sosiumun mentalitetinə xidmət edir. Mentalitet ya yenini qucaqlayır, ya da onu boğur". 

Mentalitetimizin reformasını istəyənlərdən sayıram özümü. Lakin düşünürəmki, "qurtulaq, yıxaq, məhv edək " deyil, "dəyişək, yeniləşdirək, modernizasiya edək" təklifini daha məqbul hesab edirəm. Biz hələ də kişilərin şortik geyinməsinin ictimai mentalitetə zidd olduğu kimi anlamsız, primitiv məsələləri nəinki məişət səviyyəsində qoca-qoca ziyalıların, özlərini intellektual kontingent sayan ədəbiyyat adamlarının dilində eşidirik. Hər kəsin istədiyi kimi geyinmə haqqı var və mental dözüm məhz bunu tələb etməlidir. Qadına geyimi və vücudu ilə deyil, ağlı və dünyagörüşüylə qiymət verməyi tələb etməlidir mentalitet. 

Öz  fikir azadlığını büruzə verən övladın valideynə fikir bildirmək, onunla razılaşmamaq haqqları, seçim özgürlükləri bəzi valideynlərə görə mentalitetə ziddir. Lakin bundan qat-qat əxlaqsız və ayıb hesab edilməli olan dedi-qodu, qonşunu müzakirəyə çıxarıb, onun özəl həyatına çirkin iftiralar atmaq, ya da məhlə "konseyində" qeybətlər etmək təbii bir şey hesab edilir.. Mentalitetdə bir-birindən qorxu, çəkingənlik maksimum həddədir. Bəzi insanlar özü öz qohum-əqrəbasının və qonşusunun qeybətini etdiyindən, özünün də qeybətinin edildiyini yaxşı bilir. Və maraqlıdırki, bunları vecinə almamaq əvəzinə, o bunlardan çəkinir. Və beləliklə total olaraq "öz həyatını özün üçün, öz bildiyin kimi yaşa" devizi deyil də, "həyatını başqaları üçün nizamla, onların qəbul edəcəyi kimi qur" prizması qalib gəlir. 

Hələ uşaq yaşlarımdan mentalitetimizn basqıcı, əzici, dominantlığından əziyyət çəlmişəm. Xatırlayıram , anam məktəbdə yaxşı riyazi biliyi olan uşaqları hər zaman mənə örnək gətirirdi. Riyazi fənnləri yaxşı oxusam da, fənn olimpiadalarında onlar kimi nəticə göstərə bilmirdim deyə, o qədər qıcıqlanırdımki. Mənim roman oxumağım, ədəbiyyatı məktəbdə ən yaxşı bilməyim valideynlərim üçün ilgi çəkici deyildi. Onları mənim hansısa öz bacardığım bir sahədə cövhərim yox, çoxluqda simpatiyaya səbəb olan toplumda prestijli hesab edilən, gələcəyin "bankiri, iqtisadçısı " üçün lazım olan sahələr maraqlandırırdı. Və bəlkə də sonradan fizikaya, riyaziyyata yaranacaq marağımı bir dəfəlik məhv etdilər. Hələ uşaq ikən imkan verilmirki, yeniyetmə öz maraqlarını göstərsin, qorusun meyiiləndiyi sahəyə yönləndirilsin. Məktəbə gedən uşaqdan gələcək üçün potensial kadrlar düzəldirlər öz aləmlərində və beləliklə tərbiyə sistemi başdan despotik formada təzahür edir... Bu daha sonralar ali məktəbə ixtisas seçimində idman sahəsinə olan maraqda böyük təlatümlərə səbəb olur. Necə ki, zorla məndən neft mühəndisi "düzəltmək" istəyən valideynlərim tarixçi, ya jurnalist olmaq istəməmə 3-cü ixtisas qrupuna sənədlərimi verdiyimə görə məndən küsmüşdü. Ümumiyyətlə, Azərbaycanda təbəqəni birləşdirən tək şey elə məhz bu mental dəyərlərdir. . Bəlkə də  neçə yük insanın övladı öz arzularını içində boğaraq, sevmədən, hansısa bir işlə məşğul olur. 

Mentalitetimiz insanlarımız tərəfindən qanunlardan daha üstün sayılır bir növ. . Ya da təsəvvür edək ki, mülki həyatda səni təhqir edən, ana söyüşü söyən bir insandan şikayət edirsən, təzminat tələb edirsən və beləliklə həmin insanı etdiyi hərəkətə görə min dəfə peşman etdirirsən. Bu zaman cəmiyyətdə, mühitdə sənin siman olur sıfır. 

“YAXŞI OĞLAN OLMAQ İSTƏMİRƏM, YAXŞI İNSAN OLMAQ İSTƏYİRƏM” deyə bilməkdir önəmli olan.. 

Mental dəyərlərin nəzəri müddəaları ilə praktiki tətbiqi tam ziddiyət təşkil edir. Can Yücelin bir maraqlı fikri var. Deyirki, şərq xalqlarının mentaliteti özgürlükləri rahatlıqla dəfn edə bildiyi üçün özgürlük şərq toplumunda əlilcəsinə özünü göstərir.. 

Niyə özlərinə və yaxınlarına rəva bilmədikləri şeyləri adamlar başqalarına rahatlıqla məsləhət bilirlər? Niyə fərqli musiqi dinləyənlər zövqsüzlükdə suçlanır? Vaxtaşırı durub da gördüyümüz şeylərin hər birisi mentalitetimizin sistematik ünsürləridir. Və kitab oxumaq, araşdırmaq məsələləri beyində "belə olmaya bilər" deməklə təhlil etmək, bir çox şeyə “dur” və “yox” demək üçün mühüm səbəb ola bilər. Önəmli olan öz düşüncəni belə tənqid etmək, özünü tənqid etməklə doğruya tərəf bir addım atmaq, fərdi qənaətlərini obyektiv bir şeymiş kimi qələmə verməməkdir.Uğur da, nailiyyət də, tərəqqi də özünü tənqiddə, ictimai maarifcilikdə, ideya-fikir mübadiləsindədir. 

Mentalitetimizdə pozitiv məqamlarda kifayət qədərdir və bu mental şüurumuzun lehinə çıxış etmək üçün yön ola bilər. Lakin o qədər tənqidə qapalılıq, xof, cəsur fikir ifadə etməyə mental basqılar varki, artıq tərifdən bir növ diksinirik bəzən. Azərbaycanlı zəhmətkeşin əməyə sayqısı, qazandığı çörəyə olan eşqi və bunun poetik mənzərəsi o qədər xoş təsir bağışlayır ki! Azərbaycanlının nə olsa da öz övladına bütün ömür boyu neçə yaşında olmasından asılı olmayaraq bağlılığı və qoruma instinktinə ən çətin alarımızda belə ehtiyac duyuruq. Ya da ictimai qınaq mexanizminin əxlaqsız bir çox olaylara adekvat reaksiyasını necə vurğulamamaq olarkı? 

Vətənə laqeyd olmama meyarları, hadisələrə yerində cavab vermək də məhz bizim toplumun daha spesifik üstünlüyüdür. Mənim üçünsə daha xoş və diqqət çəkici nüans odurki liberali, millətcisi, solcusu, fəhləsi, dülgəri hər kəsin Qarabağ həssaslığı və işğala olan mənfi münasibətidir. Bu gələcəkdə mental yapımızın təkamülü üçün bir çox irəliləyişin olması üçün bir işıqdır. Beyinləırin işğalına və toplumsal basqılara son vermək üçün potensialın hər zaman olmasının göstəricisidir. Və bəlkə də mentalitet bizi cəmiyyətdən təcrid olunmadan əngəlləyir. 

Yazılacaq və deyiləcək çox şey var . Önəmli olan bizim sükutsuzluğumuzdur. Avropanı kopyalamaq üçün mədəni inqilab ideyalarına sığınmaq da despotikdir. 

Dəyişim üçün danışmaq, yazmaq, demək və mücadilə etmək lazımdır. Mentailitetin toxunulmaz olmadığını dəlillər və sübutlarla, insanların anlayacağı dildə onlara izah etmək lazımdır. “Postmodern yazaram” eqosu ilə təhqir edib, ondan uzaqlaşmaq və qıcıq yaratmaqdansa, Bodriyar, Liotar, Mişel Fuko, Derrida və Eko kimi postmodernizmin yaradıcılarının işləmə mexanizmlərindən təsirlənib, “məhv etmək” kimi anarxist sloqanlar yerinə, humanist dəyişim ideyaları aşılamaq gərəklidir. (qaynar.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar