Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir çox nazirlər vəzifələrini itirə bilərlər - Azər Rəşidoğlu

"Kim klanlararası savaşda iştirak edəcəksə, ölkənin birinci şəxsi tərəfindən dərhal cəzalandırıla bilər”


Prezident seçkilərindən sonra ənənəvi olaraq və qaydalara uyğun olaraq dövlət başçısı öz yeni komandasını formalaşdırılmalıdır

Bunun üçün hökumət istefaya gedir və prezidentin fərmanı ilə yenidən hökumət formalaşdırılır. 

Bu dəfə hökumətdə yeni adlara rast gələcəyikmi? Yoxsa hökumətin tərkibində heç bir dəyişiklik gözlənilmir? 

Bütün bunlar barədə siyasi şərhçi Azər Rəşidoğlunun proqnozlarını Turan agentliyi öyrənməyə çalışıb.

- Azər bəy, seçkidən sonra ənənəvi olaraq hökumətin istefa verəcəyi gözlənilir. Sizcə, hökumətin tərkibində hansısa dəyişiklik ola bilərmi?

Azər Rəşidoğlu- Əslində Azərbaycanda sistem böhranı o qədər dərindir ki, hətta nazirlərin hamısının dəyişilməsi belə sistem böhranını aradan qaldıra bilməz. Buna baxmayaraq, mən güman etmirəm ki, köklü dəyişikliklər olacaq. Bir neçə nazirin və bir neçə köhnə qvardiyanın üzvü olan məmurun vəzifəsindən getməsi, onların yenisi ilə əvəz olunması mümkündür. Amma bu, sistem böhranının aradan qalxması ilə sonuclana bilməz. Biz artıq yeni və daha gənc nazirlərin hakimiyyət pilləsinə çəkilməsini görmüşük. Rabitə naziri, sonradan Vergilər naziri olan Təhsil naziri. Ancaq bütün bunlar islahatların başlamasına səbəb ola bilməyib. Böhranı aradan qaldıra bilməyib. Sadəcə olaraq hakimiyyətdaxili, klanlararası savaşın təzahürü kimi qiymətləndirilib. Yəni biri o birisini sıradan çıxarıb. Bütün bunlar sadə insanların yaşayışına təsir etməyib. Düşünürəm ki, Azərbaycanda ciddi böhran yetişib. Çox ciddi iqtisadi və siyasi islahatlar aparılmasa kimin hakimiyyətdə təmsil olunmasının, hansı nazirin istefaya göndərilməsinin heç bir önəmi olmayacaq.

- İctimaiyyətdə bu dəfə hökumətdə təmsil olunmayacaq bir neçə şəxsin adı hallandırılır. Misal üçün, konkret olaraq baş nazir Artur Rasizədənin adı hallandırılır. Siz konkret adlar çəkə bilərsinizmi ki, kimlər vəzifələrindən vidalaşa bilər?

- Artur Rasizadə yaşına və səhhətinə görə vəzifəsindən gedə bilər. Amma düşünürəm ki, Artur Rasizadə vəzifəsindən getsə belə, onu cavan bir Artur Rasizadə əvəzləyəcək. Məsələn bu, Mikayıl Cabbarov ola bilər. Mahiyyət etibarı ilə özünün təşəbbüsü olmayan, yuxarıdan verilən direktivlə hərəkət edən ki, qarşısına qoyulan bütün maneələri aradan götürən biri olacaq. Bu baxımdan güman etmirəm ki, onun və yaxud başqa bir nazirin vəzifəsindən gedəcəyini böyük bir şou kimi cəmiyyətə təqdim etmək mümkün olacaq. Yaşına və səhhərinə görə Artur Rasizadənin vəzifəsindən gedəcəyini mən də proqnozlaşdırıram. Eyni zamanda Hacıbala Abutalıbovun seçkidən sonra vəzifəsindən gedəcəyini ehtimal etmək olar. Elmar Məmmədyarov prezident seçkiləri öncəsi debatlarda açıq hədəf seçildi. Həmin o təklifləri səsləndirənlərin müstəqil olmadığını nəzərə alsaq Məmmədyarovun da vəzifəsindən gedəcəyini deyə bilərəm. Uzun müddətdir öz postunda oturan Ramil Usubovun da vəzifədən gedəcəyini ehtimal etmək olar. Iqtisadi sferada nazirlərin çoxu onsuz da əvvəldən əvəzlənmişdi. Hələ ki bu nazirlərin gedəcəyi söhbət mövzusu ola bilər. Bəzi ehtimallar var ki, Kəmaləddin Heydərov da vəzifədən gedəcək. Düşünürəm ki, seçkidən sonra bir çox iqtisadi strukturların islahatı başlanacaq. Yəni bəzi nazirliklərin birləşdiriləcəyi mövzusu var. Bu baxımdan Kəmaləddin Heydərovun vəzifəsindən getməsi bu rakursda da baxıla bilər. Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev vəzifəsini itirə bilər. Ümumiyyətlə, Vergilər nazirliyi ilə Gömrük Komitəsi birləşdirilə bilər. Bir çox nazirlər də məhz həmin birləşdirilmələrin nəticəsində öz vəzifəsini itirəcək. Hələlik bunları istefaya göndərilə biləcək adamlar hesab edirəm.

- Daxili prosesləri qiymətləndirən ekspertlər yaxın keçmişdə öz qiymətləndirmələrində belə deyirdilər ki, hakimiyyətdaxili savaş göz qarşısındadır. Amma seçkiöncəsi və indiki zamanda bir susqunluq müşahidə olunur. Sizcə, hakimiyyətdaxili savaş doğurdan səngiyib yoxsa nisbi sakitlikdir?

- Mən güman etmirəm ki, klanlararası savaş səngiyib və biz prezident seçkiləri ərəfəsində də bunun şahidi olduq. Qeydə alınmış prezidentliyə namizədləri fikir versək, görərik ki, bu məsələdə də ikinci hakim ailəyə yaxın siyasi fiqurlar kənarda qaldı. Mən indi ad çəkmək istəməzdim. Amma onların kimliyini əksəriyyət bilir. Burda daha çox köhnə qvardiyaya yaxınlığı ilə seçilən namizədlər idi və hakimiyyət demək olar ki, dəyişiklik etmək istəmədi. Istər Fərəc Quliyev, istər Qüdrət Həsənquliyev, istər Hafiz Hacıyev, istər Zahid Oruc köhnə qvardiyanın təmsilçiləri kimi seçkilərə qatılmışdılar. Orada yeganə istisna Razi Nurullayev idi ki, onun da seçkidə iştirakı məhz köhnə qvardiyanın razılığı ilə həyata keçirilib. Baxmayaraq ki, qarşı tərəfin nümayəndəsi kimi xarakterizə olunur. Bu baxımdan seçkidəki prezidentliyə namizədlərin çıxışları da onu göstərdi ki, bu savaş səngiməyib. Sadəcə olaraq, prezident seçkisi ərəfəsində məsuliyyətdən qaçma tendensiyaları yolverilməzdir. Kim klanlararası savaşda iştirak edəcəksə, ölkənin birinci şəxsi tərəfindən dərhal cəzalandırıla bilər. bu baxımdan bir qədər kənar dayanıblar. Yoxsa, klanlararası savaşın başa çatdığına inanmıram. Mənim ehtimallarıma görə çox yaxınlarda bu savaşlar irimiqyaslı vüsət alacaq və ikinci hakim ailənin tamamilə revanş götürməsi üçün hər şərait yaradılıb. Naxçıvan klanının bu seçkidən sonra daha ağır məğlubiyyətə uğrayacağını indidən ehtimal etmək mümkündür.

- Bəzi fikirlərə görə 2, bəzi fikirlərə görə 3, bəzi fikirlərə görə isə daha çox hakimiyyətdaxili qruplar var. Yəqin ki, hökumətin tərkibinin formalaşmasında hansı qrupun daha güclü olduğu üzə çıxacaq. Nə düşünürsünüz?

- Mən güman edirəm ki, artıq Paşayevlər klanı qalib gəlib. Mən bunu müsahibələrimin birində də demişdim. Artıq qatar gedib və Paşayevlər qalib gəliblər. Və hökumətin formalaşmasında birmənalı şəkildə Paşayevlərə yaxın insanlar təmsil olunacaqlar. Köhnə qvardiyanın bu tortun bölünməsindəki payı olduqca minimal olacaq. Əsas pay məhz Paşayevlərə düşəcək.

- Seçkidən sonra köhnə və yeni prezidentdən eyni zamanda onun komandasından siyasi və digər sahələrdə islahatlar gözləyənlər var. Sizcə, bu dəfə hakimiyyət islahatlara gedəcəkmi?

- Ölkədə vəziyyət elədir ki, hakimiyyətin iradəsi, istəyi olsa belə, olmasa belə islahatlar qaçılmazdır. Güman edirəm ki, seçkidən sonra siyasi məhbus probleminin böyük qismi həll olunacaq. Hüquq müdafiəçilərinin, beynəlxalq təşkilatların siyasi və vicdan məhbusu xarakterizə etdiyi şəxslərin böyük bir qismi azadlığa buraxılacaq. Əlbəttə ki, bu siyasi məhbus probleminin tam həlli olmayacaq. İstənilən halda həmin adamların azadlığa buraxılması təqdirəlayiq hal kimi dəyərləndiriləcək. Əminəm ki, çox yaxın keçmişdə bu baş verəcək. Digər tərəfdən hakimiyyət gözəl anlayır ki, bu cür idarəçilik fiaskoya səbəb olar. Bu baxımdan istər-istəməz islahatların aparılması və sərt idarəçiliyin daha yumşaq idarəçiliklə əvəz olunması qaçılmazdır. Güman edirəm ki, müəyyən islahatlar aparılacaq. Əlbəttə ki, bu sistem böhranının aradan qaldırılmasına səbəb olmayacaq. Çünki bunun üçün daha geniş, daha irimiqyaslı islahatların aparılması lazımdır. Mövcud hakimiyyətin bunu edəcəyinə o qədər də ehtimal etmirəm. Ancaq istənilən halda islahatlar aparılacaq. Bu cəmiyyəti qane edəcək, ya etməyəcək, əlbəttə ki bu başqa bir mövzudur. Güman edirəm ki, bu cəmiyyəti qane etməyəcək. Cüzi də olsa islahatların aparılması qaçılmazdır, əks halda cəmiyyət çox ağır sınaqlarla üz-üzə qalacaq. Hakimiyyət buna məcbur qalacaq. Cüzi də olsa, imitasiya da olsa istənilən formada islahatların həyata keçirilməsi qaçılmazdır. Yəni bu, hakimiyyətin istəyindən asılı deyil. Hakimiyyət sadəcə buna vadar olacaq.

-Deyirsiz ki, sərt siyasət yumşaq siyasətlə əvəz olunacaq. Bu yumşalma hansı sahələrdə ola bilər? Cəmiyyət, QHT, media, yoxsa digər sahələrdə?

- Vicdan məhbusu kimi həbs olunan jurnalistlərin azad olunmasını, internet mediaya maliyyə yardımının ayrılmasını, QHT-lərlə dialoqun başlamasını, olduqca sıxılıb, küncə qoyulmuş vətəndaş cəmiyyəti ilə barışığın ilkin addımlarının atılmasını biz yaxın gələcəkdə müşahidə edə biləcəyik. Sadəcə olaraq siyasi müxalifətlə münasibətlər hansı yerdə qalacaq, bunu söyləmək bir qədər çətindir. Mən bir məsələyə xüsusi diqqət çəkmək istərdim. Bu məsələdə tək hakimiyyəti günahlandırmaq düzgün olmaz. Güman edirəm ki, istər iqtidar, istər müxalifət məqsədə doğru hər biri bir addım atmalıdır. Hər biri öz iddialarından birqədər geri durmalıdırlar. Məsuliyyət hakimiyyətin boynundadır. Çünki situasiyaya hakimiyyət nəzarət edir. Bu baxımdan o müxalifəti dialoqa çağırmalıdır. Müxalifət də öz iddialarından birqədər geri durmalıdır. Barışığa doğru hər iki tərəf bir addım atmalıdır. Iki tərəf də bu addımı atmayacaqsa, ölkədə çox ağır vəziyyət yaranacaq. Azərbaycanın gələcəyini düşünən istər iqtidarda təmsil olunan insanlar, istər müxalifətdə təmsil olunan insanlar, istər media və ya vətəndaş cəmiyyəti institutlarında təmsil olunan insanlar başa düşürlər ki, Azərbaycanı çətin bir durumdadır. Bu baxımdan hər iki tərəf öz ambisiyalarından geri çəkilməlidir və bir daha vurğulayıram ki, hər iki tərəf vəhdətə doğru bir addım atmalıdır, dialoqa başlamalıdırlar. Azərbaycanın gələcəyi ilə bağlı, siyasi və iqtisadi islahatların aparılması üçün tərəflər arasında dialoqu qaçılmaz hesab edirəm. Biz Avropadakı o söyüş müxalifəti kimi xarakterizə edilən insanlanların da timsalında da görürük ki, müqəddəs yer heç zaman boş qalmır. Həmin yeri marginal qruplar doldururlar. Əgər söyüş müxalifəti doldurubsa həmin o boş qalmış yeri, sabah dini radikalizm doldura bilər. Etnik separatizm doldura bilər. Biz ölkədə dini zəmində, etnik zəmində savaş istəmiriksə milli demokratik müxalifətlə iqtidarın dialoquna nail olmalıyıq. Hakimiyyətlə vətəndaş cəmiyyətinin dialoquna nail olmalıyıq. Demokratik platforması olan, liberal düşüncəli, sosial demokratik düşüncəli insanlar danışıqlara başlamalıdır. Əks təqdirdə marginalların savaşı bu ölkəni diz çökdürə bilər. Əlbəttə ki, bu arzuolunmaz bir haldır.

- Azər bəy, belnəlxalq münasibətlər barədə. Son prosesləri Qərb bir qədər susqunluqla qarşıladı. Növbədənkənar seçkinin təyin olunmasını, İlham Əliyevin 4-cü dövr üçün və 7 illiyinə prezidentliyə namizədliyini irəli sürməsini. Bəzi analitiklər deyirlər ki, ola bilsin Qərb hakimiyyətlə Avropa Birliyi, Şərq tərəfdaşlığı kontekstində hansıa razılaşmalara, anlaşmaya gedə bilər. Yəni onların fikrincə, bu susqunluğun bədəli olaraq Qərb hakimiyyətdən müsbət addımlar gözləyir. O biri tərəfdə isə dəyişməyən Rusiya hakimiyyəti və Rusiya siyasəti var. indi Azərbaycan hansı addımı atacaq? Qərbə doğru addım atacaq yoxsa, Rusiyaya tərəf meyllənəcək?

- Əlbəttə ki, Qərbin razılığı olmasaydı, Azərbaycanda bu seçkilərin keçirilməsi imkansız olardı. Sadəcə olaraq bu gün dünyanın başı Suriyadakı proseslərə qarışıb. O cümlədən Rusiyada da prezident seçkiləri baş verdi. Hazırda Rusiya-Qərb qarşıdurması baş verir. Azərbaycan bu məsələdə görünmür. Azərbaycan hakimiyyətinin strateqləri də bunu bilirlər ki, Rusiyadakı seçkidən sonra bütün fokuslar Rusiyaya yönələcək. Belə vəziyyətdən istifadə edərək seçki vaxtından əvvəl keçirildi. Payızda Rusiyanı daha çox sıxacaqlar. Rusiyada iqtisadi böhran olacaq. Bu birmənalı olaraq Azərbaycana da təsir edəcək. Və həmin vaxt Qərb, eləcə də Rusiya Azərbaycandan mövqe tələb edəcək. Bu baxımdan seçkilərin daha tez keçirilməsi hakimiyyətin strateji planlarına və maraqlarına uyğun idi. Azərbaycan bütün bu illər ərzində Qərbin susqunluğu ilə demokratiyanı məhv edib. Mən güman etmirəm ki, 7 ildə və yaxud yaxın 10 ildə nələrsə dəyişəcək. Bütün bu illər ərzində Azərbaycanda vətəndaş cəmiyyətinin, medianın, demokratiyanın məhv olunması həmin o Qərbin susqun razılığı ilə həyata keçirilib. Son vaxtların açıqlamalarına baxsaq, Kiselyovun, Solovyovun açıqlamaları faktiki olaraq Putinin mövqeyini çatdırırdı ki, nə qədər ki, Putin hakimiyyətdədir İlham Əliyevə dəstək olacaq. Bu baxımdan Rusiya ilə də Azərbaycan hakimiyyətinin ciddi problemi olduğunu düşünmürəm. Ancaq hiss olunan odur ki, Rusiya Azərbaycanı son vaxtlar Gömrük ittifaqı, Avrasiya Birliyi ilə bağlı məsələlərdə çox sıxıb. Bu baxımdan Azərbaycandan konkret mövqe tələb olunur. Mən güman edirəm ki, payıza doğru istər Qərbin, istər Rusiyanın Azərbaycana təzyiqləri xeyli dərəcədə artacaq. Və Azərbaycan artıq mövqe nümayiş etdirməli olacaq. Avroatlantik məkana inteqrasiya edir yoxsa Rusiyaya? Güman edirəm ki, Azərbaycanın maraqları Avroatlantik məkana inteqrasiya ilə bağlıdır. Bu baxımdan uzun müddət Rusiya ilə oynamaq Azərbaycana baha başa gələ bilər. İstənilən halda nə qədər ki, Suriya problemi həll olunmayıb, nə qədər ki, Rusiya-Qərb qarşıdurması var, Azərbaycan coğrafi şəraitindən istifadə edərək bəhrələnə biləcək. Ancaq gec-tez Azərbaycan bu seçimini etməlidir. Seçim Rusiya olacaq yoxsa Qərbə tərəf olacaq- bundan Azərbaycanın taleyi çox asılı olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar