Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...


Təbii qanunauyğunluq elə tərtib olunub ki, dəvəni toya ancaq duz daşımaq üçün çağırırlar


Gülşən ŞƏRİF "Sınıq abzas"da yazır

17 min tələbə, tam 17 min tələbə 3 il müddətində universitetlərdən qovulub. Ona görə ki, təhsil pulunu vaxtında ödə bilməyiblər. Bəzi irəli gedən mütəxəssislərimiz hesab edirlər ki, bu 17 min tələbənin hələ tikilməyən evlərini devalvasiya yıxıb. Devalvasiya yıxıb, ya yıxmayıb, bunu tam təsbit etmək bir az çətindir. Amma mənim şəxsi qənaətimə görə, bu 17 min tələbənin gələcəkdə tikməyi düşündükləri evlərini universitet rektorlarının Allahsızlığı yıxıb. O məşhur filmin məşhur səhnəsində deyildiyi kimi, “Allahsızsan, burda məni öldürsən də, deyəcəm, Allahsızsan”. Niyə rektorlar Allahsızdır? Çünki bizim ödənişli universitetlərimizdə rektorlar həm təhsil pulu toplayırlar, həm də rüşvət toplayırlar. Valideynlər də qalırlar girinc giriftar... Bilmirlər övladlarının təhsil pulunu ödəsinlər, yoxsa rüşvət pulunu. Məncə Milli Məclis yığılıb bu barədə bir qanun verməlidir. Və aydın şəkildə o qanunda yazmalıdır ki, valideynlər rektorlara rüşvət versinlər, yoxsa təhsil pulu…

***

Azərbaycanın himni Azərbaycanın Sosial Demokrat Partiyasının sədri, bundan əvvəl zorla İqbal Ağazədinin əlindən seçicilərini alıb deputat olan Araz Əlizadənin qətiyyən xoşuna gəlmir. Həm sözləri, həm də musiqisi... Araz müəllim belə düşünür ki, o vaxtı rəhmətlik Üzeyir Hacıbəyov Azərbaycanın himnini mərsiyə janrında yazıb. Mənim bu məsələdə anlamadığım odur ki, bu Araz yoldaş bu himni mərsiyəyə oxşatdığı üçün kimə yarınmağa çalışıb. İrandakı ağalarına, yoxsa ki, Rusiyadakı yoldaşlarına?! Azərbaycan xalqı da yaxşı bilir ki, Araz yoldaş elə əvvəldən, ta 90-cı ildən Rusiya ilə İran arasında girinc qalıb. Belə görünür ki, hələ də girinclikdən çıxa bilməyib. Amma bir şey artıq dəqiqdir. Araz yoldaş Azərbaycan xalqına patoloji nifrətini yüzdə-yüz artırıb. Çünki əvvələr Araz yoldaşın Azərbaycan xalqından ilanın yarpızdan zəhləsi  getdiyi kimi zəhləsi getsəydi də və bunu gizlətməsəydi də, palaza bürünüb elnən sürünürdü. İndi day palaza bürünüb elnən də sürünmək istəmir. Bu yerdə avtomatik sual çıxır qarşıya. Azərbaycan xalqına nifrət edən və Azərbaycanın himnini bəyənməyən Araz yoldaş kimin palazında sürünmək istəyir?  Araz yoldaş bu sualın cavabını müəyyənləşdiribmi?

***

 Son zamanlar icra başçıları arasında "aftoş"luq mod olub. Daha əvvəl Mingəçevirin icra başçısı maşını 200-lə sürmüşdü. Görünür, bir neçə gün əvvəl Zərdabın icra başçısı Lütvəli müəllim maşınını ona görə 190 sürüb ki, ictimai qınaqdan çəkinib. Sonra da bəziləri deyir ki, bizim məmurlar ictimai qınağı eynlərinə almırlar. Amma gördüyünüz kimi alırlar... 

***

Mətbuatın nəql elədiyinə görə,  Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyimiz (ABOEM) Alternativ və Bərpa Olunan Enerji Mənbələri tapa bilmək üçün dövlətin külli miqdarda dövlət vəsaitini mənimsəyib. Söhbət nə az, nə çox, cəmisi 2 milyard manata yaxın büdcə pulundan gedir. Akim müəllimin həmin vəsaiti mənimsəyib hansı istiqamətə xərclədiyi sənədlərdə bəlli olsa da, reallıqda bəlli deyil. Təbii olaraq heç kim Akim müəllimin 2 milyard manata yeni günəş yaradağacını gözləmirdi. Amma etiraf edək ki, Akim müəllimin Bərpa Olunan Enerji Mənbələri tapa bilmək üçün dövlətdən mənimsədiyi 2 milyard manata xaricdə villar tikəcəyini də heç kim gözləmirdi. Əslində Azərbaycan xalqı hansısa 2 milyard manata görə qanını qaraltmamalıdır. Elə Bərpa Olunan Enerji Mənbələri tapa bilmədiyinə görə Azərbaycan xalqı kefini pozmamalıdır. Çünki xalqımız əvvəldən deyib ki, “harda qırılar, qırılar…”

***

Bakımızın icra hakimiyyətinin başçısı, çox hörmətli Hacıbala Abutalıbov müəllimimiz əməkdar incəsənət xadimimiz Şeyx Əbdül Mahmudovun evini başına uçurub. Niyə? Şeyx Əbdülün özünün dediyinə görə, Hacıbala Abutalıbov müəllimimiz şeyximizin evinin altında qaraj tikmək üçün başlayıb qazıntı işləri aparmağa. Şeyximizdə evində oturub ayaqlarını rahatca uzadıbmış ki, birdə görüb ki, ev çartlayıb, sonra partlayıb. İndi Şeyx Əbdül Mahmudov qalıb çöllərdə. Gündüzlər məhkəmə qapılarını açıb örtür, axşamlar isə… Açığı Şeyx Əbdül Mahmudovun axşamlar nə etdiyini bilmirəm. Çünki bu barədə özü heç bir məlumat verməyib. Əsas məsələ odur ki, Şeyx Əbdül Mahmudov neçə məhkəmədən kağız parçası alsa da, Hacıbala Abutalıbov müəllimimiz həmin kağız parçalarını vecinə belə almır. Və məncə çox haqlıdır. Çünki Allah eləməmiş, Hacıbala Abutalıbov müəllimimiz boyda bir icra başçısı da məhkəməni və məhkəmənin verdiyi hansısa kağız parçalarını vecinə alsa, onda dağıl, a Azərbaycan. Onda Azərbaycanda Azərbaycanlıq qalmaz...

***

AST Telmanın cəmi 30 dolları qalıb. Cəmi 30 dollar. Bunu rus mətbuatı deyib. Bir il əvvəl isə 600 milyonu vardı. Bir neçə il əvvəl isə bir neçə milyardı. Bu xəbəri necə şərh edim bilmirəm. Amma bir şeyi deyəcəm. Allah böyükdür. Vəssalam. Bu arada bizim məmurlar bir şeydən arxayındılar. Onların iflas etmələri imkansızdır. Korrupsiyanın bu özəlliyi də var, heç vaxt iflas etmək barədə düşünmürsən. Hə, əmlakları müsadirə oluna bilər. Amma bizim məmurlar rəsmi sənədlərə görə dilənçi kökündə yaşayırlar. Hətta özlərinin, övladlarının sürdükləri lüks avtomobillər elə onların deyil. Villaları heç demirəm. Elə indicə beynimə bir qurd girdi. Bu AST Telman da azərbaycanlıdı ya. Həm də yəhudi əsilli. Bu da yəqin ki, bizim məmurlar kimi özünü dilənçi kökünə salıb...

***

Əvvəllər Vergilər Nazirliyimizdə, daha sonradan isə Gömrük Komitəmizdə işləyən maliyyə ekspertimiz Qulu İbrahimli müəllimimiz deyib ki, manatın kəskin devalvasiyası qətiyyən neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar deyil. Qulu müəllimimizin fikrincə, Mərkəzi Bank havadan Beynəlxalq Banka 3 milyard verdiyinə görə qəflətən devalvasiya baş verib. Yəni, faktiki olaraq, əgər məşhur qudalar Eldar Mahmudov və Cahangir Hacıyev başda olmaqla bəzi məmur oliqarxlarımıza aid olan iş adamları Beynəlxalq Bankı soğan qabığı kimi soymasaydılar, manatımız və manatımızla birlikdə xalqımız da yüz faiz soyulmuş soğana dönməyəcəkdi.  Həmişə belə olub. Təbii qanunauyğunluq elə tərtib olunub ki, dəvəni toya ancaq duz daşımaq üçün çağırırlar. Beynəlxalq Bankı soğan qabığı kimi soyanların yükünü və cəzasını da Azərbaycan xalqı daşımağa və çəkməyə məhkumdur...

***

İlhamə Quliyevin mirası uğrunda üçüncü dünya savaşına bənzər bir savaş başlayıb. Mən hətta təəccüb elədim ki, niyə bu məsələ Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi sammitində müzakirəyə çıxarılmadı?...

***

Bu arada bir az bundan əvvəl ATV-də aparıcı öz qonağını studiyaya dəvət edərkən deyir ki, filankəs çox tərbiyəli adamdı. Siz bu təqdimatdan nəsə anladınız? Mənim anladığım odur ki, bizim telekanallar efirə hər gün o qədər tərbiyəsiz adam çıxarırlar ki, hətta indi tərbiyəli adam çıxaranda bunu anons da edirlər...

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar