Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyin üçün tələ...



Məmməd Süleymanov yazır


Faktlarsız və arqumentlərsiz mübahisələr dövrünü yaşayırıq. Sosial şəbəkələrdəki müzakirələrə qısa müddətli nəzər salsanız, görərsiniz. Paradoksal məntiq başa keçib, nəticədə başı ilə düşünmək ehtiyacı yoxa çıxıb.

Məsələn, ciddi-cəhdlə (ancaq heç bir sübut gətirmədən) iddia edirlər: Azərbaycandakı quruluş kapitalizm deyil, çünki kapitalizm yaxşıdır, bizdə isə pisdir.

Əziyyət çəkib heç olmasa kapitalizmin tərifinə də nəzər salmırlar. Hələ Marksdan məlumdur ki: “Kapitalizm - istehsal vasitələri üzərində şəxsi mülkiyyətə və muzdlu əməyin kapital tərəfindən istismarına əsaslanan ictimai-iqtisadi formasiyadır”.

İndi də çevrilib ətrafınıza baxın: bizdə də o cür deyilmi? Fərq ondadır ki, nümunə kimi öyülən və tənqidi münasibətsiz vəsf edilən o uzaqlarda mərkəzi kapitalizmdir, bizdə isə periferiya kapitalizmi.

Birinci öz nisbi firavanlığını ikincinin xalqlarını istismar və qarət etmək, özündə olan problemləri periferiyaya ötürmək sayəsində təmin edir. Mərkəz üçün periferiya sadəcə xammal bazarıdır. Periferik kapitalizmdə siyasi hakimiyyət həm də iqtisadi hakimiyyət deməkdir. Odur ki, istismarçı sinif də bürokrat-burjuaziyadır.

Yaxud neoimperialistlərin başqa xalqları əzmək siyasətinə çevrilmiş neoliberalizmi məzmununa varmadan vəsf edənlər Azərbaycandakı hakimiyyəti məhz neoliberal kursu tutmamaqda suçlayırlar...

Ay-hay... Neoliberalizmi ən yığcam formada bu triada ilə xarakterizə etmək olar: bazar fundamentalizmi, total özəlləşdirmə və sosial siyasətin məhvi.

Bizdə üçü də varmı? Əlbəttə, var. Onda sağçı hakimiyyəti sağçı mövqedən tənqid etməyin məntiqsizliyi üzə çıxmırmı? Çıxır. Kart dəsti eynidir, oyunçular fərqlidir. Anlayışın vur-tut tərifi ilə tanış olmaq yetərlidir ki, mübahisəyə nöqtə qoyulsun.

Ancaq yox -  idrak üçün tələ rolu oynayan postmodernist “əsaslandırma”nın arsenalında bundan da absurd taktikalar var: konkret mövzuda müzakirə başlayır, haqsız tərəf dərhal mövzunu şaxələndirir, dəxilsiz qollara ayırır və hər dəfə bir şaxəni kəsib atanda yeni şaxə yaradılır. Nəticədə müzakirə predmeti unudulur.

Yaxud “Rassel çaydanı” taktikası işə salınır - absurdu söyləyən öz fikirlərinin absurd olmadığını sübut etmək əvəzinə opponentindən absurdun absurd olduğunu sübut etməyi tələb edir. Yəni “sübut et ki, iki dəfə iki doğrudan da iyirmi deyil”.

Onlar kommunizmlə nasizm eyniləşdirirlər, yaxud Hitlerlə əməkdaşlığa getmiş azərbaycanlıları tərifləyirlər - əks tərəfdən vaxt və enerji tələb edirlər ki, bu cür absurdları təkzib etsin. Əlbəttə, burada əngəl təkcə savadsızlıq deyil (bəzən isə əksinə, savadlı şəxsin qəsdən seçilmiş taktikasıdır).

Auditoriya kimi seçilən obıvatelin hər şeyi həzm edəcəyinə ümid edirlər, çox vaxt ümidləri doğrulur da. Və sonra da absurdlar və miflər obıvatellər tərəfindən tirajlanaraq son instansiyada həqiqətə çevrildilir.



Oldos Xakslinin bədbin proqnozu doğrulur: həqiqəti bizdən gizlətmək üçün çoxlu “həqiqətlər” yaradılacaq...

***

Bir dəfə BBC-nin sorğusunda sual bu cür qoyulmuşdu: “Darvinin təkamül təlimi ilə razısınızmı?”

Bəxtsiz alim azlıqda qaldı...

Üstünlüyü narazılar və “öz nəzəriyyəsi olanlar” qazandı. Əsl demokratiya! Bulqakovdakı epizod yada düşür - Şarikov Engelsin məktubunu oxuyub deyir: “Mən onunla razı deyiləm”.

Belə-belə işlər... Ümumiyyətlə, elm, bilik, düşünmək, məntiq, təcrübə nəyə gərəkdir? Əvəzində sadəcə səsvermə yolu ilə həqiqəti formalaşdırmaq olar. Məsələn, 2 dəfə 2-nin 4 olmasına razısız? Variantlar: “Hə”, “Yox” və “Müəyyən şərtlərlə razıyam”.

Məni gülməyə vadar edən isə rəyi soruşulanların 8,45 faizinin öz nəzəriyyələrinin olması oldu. Bedlam, bir sözlə. 6 nömrəli palata...

Nə vaxtsa tarixçi Ernest Renan “İnsan Darvindən əmələ gəlib” yazmışdı. Bu, onun necə deyərlər, subyektiv fikridir və razılaşıb-razılaşmamaqda hər kəs sərbəstdir. Çünki Darvin təliminin özəyi heç də insanın meymundan əmələ gəlməsi fikri deyil (bu, Darvin üçün də ehkam yox, hipotez idi). Nəzəriyyənin əsası - təkamüldür. BBC də məhz təkamül barədə soruşmuşdu.

***

Aksiomaya skepsisi olanların sayı ildən-ilə artmaqdadır. Bu, “qaranlıq illər”in bir simptomudur. Və skeptiklər heç də şübhələnmə mərhələsində qalmayacaq. Hər kəsin bütün məsələlərə aid öz təlimi, öz modeli olacaq. Yəni “hər qafadan bir səs gələcək”. Demokratiya və plüralizmdir, başa düşürsünüzmü?

Və fərd nə qədər savadsızdırsa, modeli bir o qədər əcaib olacaq. Nə qədər əcaibdirsə, qəlbləri bir o qədər tez fəth edəcək. Göbbels haqlı çıxdı: “Yalan nə qədər böyükdürsə, ona bir o qədər tez inanırlar”.

Başqa bir nasist isə “Mədəniyyət sözünü eşidəndə əlimi tapançama atmaq istəyirəm” demişdi.



Həmin dövrlər gəldi. Rasionallıq arxa plana keçib, şarlatanlar, fırıldaqçılar, xurafatçılar, hər cür maqlar, cadugərlər, şamanlar, falçılar... sürətlə “milli sərvət”ə çevrilir.

Onlar hakimiyyətlərin də dostudurlar. Çünki onların köməyi ilə savadsız kütlələri təhsildən uzaqlaşdırmaq, elmi və mədəniyyəti gözdən salmaq, maarifçilik anlayışını lazımsız etmək, kütlələri cahil saxlamaq, sonunda isə idarə etmək asandır. Kütlələri inandırmaq ki, insan təsadüflərin və kənar qüvvələrin oyuncağıdır, ondan heç nə asılı deyil, susub dayanmalıdır və heç nəyə cəhd etməməlidir - məmləkətdə ölü sükutunu saxlamağın və zombi-nəsil yetişdirməyin ən rahat başa gələn yoludur. Bunun üçün də cinahından asılı olmayaraq “intellektual”ların üzərinə böyük vəzifə düşür - obıvatelləri absurd və miflərlə yemləmək.

Bundan sonra təsadüfidirmi ki, televiziya adlanan zombi-yeşik hər cür zir-zibillə doldurulub? Bu, dövlət siyasətidir.

***

Başqa əyyamlar da olub. İnsanlar təhsilə, savada, elmə can atıblar. “Qaranlıq orta əsrlər”dən bəşər məhz onun sayəsində qurtulub. İndisə yenə o əsrlərə qayıdırıq. Həm də könüllü.

Tarixdən bir misal: Leyden Universiteti Niderlandda ilk universitet idi. O, 1575-ci ildə keçmiş müqəddəs Barbara monastırının binasında (bu da simvolikdir) yaradılıb. O vaxtlar Bataviya Universiteti adlandırılan ali məktəbin ibrətamiz tarixçəsi var (o vaxtlar Niderlandı Bataviya da adlandırırdılar).

Holland lideri Oranlı Vilhelm leydenlilərə İspaniyaya qarşı savaşdakı cəsurluğuna görə təşəkkür etmək qərarına gəlir. Və seçim təklif edir: ya uzun illər şəhər vergidən azad edilir, ya da sakinlərə universitet açmağa icazə verilir. Leydenlilər ikincini seçir.

Leydenlilər ağır vergilərdən azad olmağı yox, elmi seçir.

Bizim illərimiz üçün bu, dəlilik kimi görünmür ki?! (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Bir fotonun tarixçəsi - Nəsillərin mübarizəsi...

Bakı yanğını və “azyaşlılar”ın idarəçiliyi...

Ən çox oxunanalar