Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş alıb gedən “qara yumor”un, plagiatlığın qarşısını necə almalı...

Sabir Rüstəmxanlı: “Hazırkı komediyalara baxanda gülməkdən daha çox kədərlənirəm”; Naibə Allahverdiyeva: “Yalnız dövlət nəzarət edərək, bu cür bayağı yumorların qarşısını ala bilər”


Son illərdə mənalı yumor və düşündürücü komediyalar sanki ərşə çəkilib. Sovet dövründə yumorlu tamaşalar, komediyalar insanların üzündə təbəssüm yarada, düşündürə bilirdisə, bu gün komediya adı altında təqdim edilənlər haqqında bunları demək çətindir. Halbuki Azərbaycanın çox dəyərli komediya ustaları olub. Onlardan Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Siyavuş Aslan, Eldəniz Zeynalov, Yaşar Nuri və digərlərinin adını qeyd etmək olar. Eyni zamanda həmin dövrlərdə komediyanı yazan yazıçılar, ssenaristlər olurdu. Hansı ki, yazılan mətnlər komediya janrına, tələblərinə cavab verirdi. Bu gün isə adi bir lətifədən komediyalar yarandığının şahidi oluruq və peşəkarlar haqlı olaraq bu məsələdən gileylənirlər.

Hazırda ölkəmizdə bir neçə yumor komandaları var ki, onlardan ən məşhur olanları “Planet Parni iz Baku” KVN teatrı, “Bu şəhərdə”, “Bozbaş Pictures”dir. Komediya janrında oynayan aktyorlar da kifayət qədərdir. Lakin zaman-zaman həm yumor komandaları, həm də aktyorları tənqidlərə tuş gəlir, müəyyən qalmaqallar yaşanır. Əsas tənqidlərdən biri budur ki, aktyorlar savadsız, mütaliəsizdir, ən azı bu sənətlə bağlı bilgiləri yoxdur.

Bu faktdır ki, “Planet Parni iz Baku” KVN teatrı hər bir konsertlərində, filmlərində düşündürən yumor təqdim edir. Komandanın repertuarında adətən telekanallarda mənasız verilişlər, peşəkarlıqdan uzaq aparıcılar, məmur özbaşınalığı, ictimaiyyətdə baş verən problemlər, acı həqiqətlər hədəfdə olur. Həm konsertlərdə, həm də filmlərində acı bir gülüş, düşündürən yumor olur.

“Bu şəhərdə” komandasına gəldikdə isə komandanın üzvləri əməkdar artistlər Rafael İskəndərov, Coşğun Rəhimov bir neçə dəfə qadın paltarı geyindikləri, həmçinin daim intellekt səviyyəsi aşağı olan təbəqəyə hesablanmış yumor təqdim etdikləri üçün tənqidlərə tuş gəliblər. Buna baxmayaraq, qeyd etmək lazımdır ki, hər iki aktyor öz sənətinin peşəkarıdır. Belə ki, aktyorlar Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirib, Gülşad Baxşıyeva, Şəfiqə Məmmədova, Şahmar Ələkbərov, Fuad Poladov kimi görkəmli aktyorlardan dərs alıblar, Hüseynağa Atakişiyevin yaratdığı Gənclər Teatrında çalışıblar.

Digər komanda və aktyorlar da kifayət qədər sevilir, tirajlansalar da, qeyd olunduğu kimi, daha çox aşağı təbəqəyə hesablanmış yumorlarla çıxış edir, ondan daha dərinə gedə bilmir, işinin peşəkarı deyilər. Bu səbəbdən vaxtaşırı peşəkarların tənqidləri ilə üzləşirlər.

Məsələn, bu günlərdə tanınmış rejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudov aktyor Elməddin Cəfərovu sərt tənqid etmişdi: “Mən həmişə demişəm ki, Elməddindən Azərbaycan kinosunu, teatrını xilas etmək lazımdır. Elməddin xeyirxah oğlandır, getsin menecerlik eləsin. Tamaşaçını o günə biz gətirmişik ki, onlara baxır. Tamaşaçıya alternativ sənət əsəri göstərsək ona baxmaz. Cavanlara həmişə yaşıl işıq yandırmalıyıq. Şərait olmasa içindən yaxşısını, pisini seçə bilməyəcəyik. Amma 2 şərt olmalıdır. Birincisi, yüksək səviyyədə peşəkarlıq formalaşmalıdır, ikincisi də ciddi nəzarət ortaya qoyulmalıdır”. Rejissor Elməddin Cəfərovun həm aktyorluq, həm də kino sənəti üçün yararsız olduğunu bildirmişdi: “Bu adama bu istedad verilməyib. Onun çox yaxşı təşkilatçılıq qabiliyyəti var. O sahədə onun gördüyü işlər əvəzsizdi. Bu işlə də davam etsin”.

Qeyd edək ki, Elməddin Cəfərov universitetin tarix-filologiya fakültəsinin məzunudur.

Bütün bunlarla yanaşı, aktyorları plagiatlıqda da günahlandırırlar. Qeyd olunur ki, aktyorlar daha çox təkrarçılığa meyllidirlər. Məsələn, aktyor Fərda Amin tez-tez Cem Yılmazı təqlid etməkdə ittiham olunub. Bildirilir ki, o, “monoloq-standap”larında nəinki hərəkətlərində, hətta səhnəsinin dekorasiyalarında da türk aktyorunu təqlid edir. Bundan əvvəl isə Fərda Amin “Tək səbir” verilişində rusiyalı aktyor Mixail Zadornovu təqlid etməkdə suçlanırdı. Bu heç də əsassız deyildi. Çünki həmin zamanlarda rusiyalı aktyor öz soydaşlarını çox tənqid edirdi, Fərda Amin isə azərbaycanlıları. 

Son vaxtlar isə yumor aktyorları daha çox obrazlarını qadın geyimlərində təqdim etdikləri üçün tənqid olunmaqdadır.

Mövzu ilə bağlı xalq şairi Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışıb. O deyib ki, hazırkı komediyalara, yumorlara baxanda gülməkdən daha çox kədərlənir: “Vaxt ikən Rusiyada iki kişi var idi, qadın geyimində çıxış edirdilər. İndi səhnədə dəb olub. Bu, plagiatlıq, təkrarçılıqdır. İndi istedadlı gənclər yaranıb. Lakin onlar öz istedadlarını nümayiş etdirmək üçün niyə məhz arvad paltarı geyinməlidir? Yəni komediyanı başqa şəkildə, başqa səhnələrlə düşünmək olmur?”

Əməkdar artist, sevimli aktrisa Naibə Allahverdiyeva da yeni yaradılan komediyaları və yumor aktyorlarını tənqid edib:

“Hazırda vəziyyət elədir ki, bu məsələnin qarşısını almaq mümkün deyil. Yalnız dövlət nəzarət edərək, bu cür bayağı yumorların qarşısını ala bilər. Çünki bu  məsələlərin hamısı işbazların əlinə keçib, peşəkarlar isə demək olar ki, kənarda qalıb. Halbuki komediyalar cəmiyyətdə olan çatışmamazlıqları, problemləri özündə əks etdirməlidir. Əvvəllər rejissorlar bu cür əyrilikləri komediyalar vasitəsilə insanlara çatdırır, insanlar da baxıb özlərindəki çatışmamazlıqları görür və onu düzəldirdilər. Komediya güldürməkdən başqa, həm də düşündürməlidir. Lakin indi insanlar komediyalara baxmağa gedir, sadəcə, gülürlər. Bu isə bizim gənclərimizin tərbiyəsinə, mənəviyyatına, əxlaqına çox pis təsir edib. Həqiqətə varanda müşahidə edirik ki, cəmiyyət əslində çox pis duruma gəlib çıxıb. Bu gün mütaliənin, poeziyaların, yaxşı  musiqilərin, düşündürən komediyaların təbliği getməlidir”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar