Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda sahibi hələ sağ olan VİP-qəbirlər var


Bir neçə gün əvvəl “Gonbul” ləqəbli mafiya lideri Endi Kanorsun ölüm xəbəri yayıldı. Bu xəbər daha çox dəfn mərasimi ilə gündəmə gəldi


İrlandiyalı mafiya babasının ölüm xəbərini gündəmə gətirən səbəb onun qızıl tabutda basdırılması oldu. Belə ki, 45 yaşlı mafiya lideri son mənzilə 25 min funt- sterlinq, yəni təxminən 32 min manat dəyəri olan tabutda yola salındı.

Britaniyada 25 min funt-sterlinq tabut xəbərini eşidəndə çoxları bəlkə də təəccüblənib. Ancaq bu, Azərbaycanda elə də təəccüblü deyil. Çünki bizim qəbiristanlıqlarda elə qəbirlər var ki, mafiya babasının qızıl tabutu onun yanında heç nədir.

Düzdür, bizdə tabutlar qızıldan və ya hansısa bir bahalı materialdan hazırlanmır. Amma elə qəbir daşları var ki, sadəcə oturub tamaşa etmək istəyirsən və fikirləşirsən ki, bu cür qəbir daşı qoyduran insanın məqsədi nədir...

Təntənəli, şan-şöhrətli dəfn mərasimi hər kəsə qismət olmur. Düzdür, yazıq ölünün özü bu dəbdəbəli yas mərasimini, qoyulan bahalı başdaşını, heykəli görə bilmir. Mərhum heç onu da görə bilmir ki, bəs, qoyub gəldiyi o biri dünyada oğlu, qızı, dostu və ya yaxın adamı onun üçün filan-filan işlər görüb, ehsanında bircə quş südü olmayıb, məzardaşın qara mərmərdəndir, daşın üstünə ürək sözləri də yazdırıblar. Məsələn: “Dünya bir pəncərədir, hər gələn baxar, gedər...”

Bu dediklərimiz ölənlərə aiddir... Bir də var ölməyənlər. Hə, heykəli olub, amma özü ölməyənlər. Bəlkə də biz yanlış düşünürük. Ölmədən öncə özünə heykəl qoyduranlar bu dünyanın fani olduğunu bizdən yaxşı başa düşürlər?!

Özünə hələ sağlığında məzar yeri alanları, başdaşı üçün pul yığanları başa düşmək olur. Bu şəxslər öləndən sonra cansız bədənlərinin kiməsə, məsələn, övladlarına yük olmasını istəmirlər. Kimsəsiz olanları isə daha yaxşı başa düşmək olur. Özünə məzar qazdırır və kiməsə vəsiyyət edir ki, “mən öləndə, sən Allah, apar məni orada basdır ki, meyitim ortalıqda qalmasın”.

Qəbiristanlıqdakı yerlərin, başdaşlarının qiymətini, cənazə mərasimi üçün lazım olan minimum və maksimum xərclərin nə qədər olduğunu hər kəs yaxşı bilir. Çünki bu haqda çox yazılıb, ən azı bir yaxınının dəfnində, yasında iştirak edən şəxs bu qiymətlərlə tanışdır...

Yasamal qəbiristanlığı Azərbaycanın ən adlı-sanlı, bahalı məzarlıqlarından biridir. Onun yanında həm rus qəbiristanlığı, həm də II Fəxri Xiyaban var. Fəxri Xiyabanın yanında şəhidlərimiz də dəfn olunub. Eyni başdaşları ilə eyni sırada... Onları fərqləndirən daşların üzərindəki ad-soyad və şəkildir...

Rus qəbirləri də bizimkilər kimi göz oxşamır. Dəmir hasarlı, sadə başdaşları var. Ancaq ruslar qəbirlərin yanında stol-stul düzəldiblər. Ziyarətə gələndə oturub məzardakı ilə “söhbət edirlər”. Pasxa bayramında isə yeyib-içirlər... Ruslar bizimkilər kimi ifrata qaçmayıblar. Bu, o vaxt da elə idi, indi də. Digər ölkələrlə bizim yas mərasimlərini müqayisə etmək də mümkün deyil.

Elə bu məsələdə deputat Hadı Rəcəblinin virtualaz.org saytına bu günlərdə dediyi sözləri xatırlayaq: “Bizim toy və yas mərasimləri heç bir ölkə ilə müqayisə oluna bilməz. Biz axı niyə bu qədər ağını çıxarmışıq?”.

Deputat düz deyir: biz niyə bu qədər ağını çıxarmışıq? İlk və əsas səbəb bəhsdir. Biz bir-birimizlə bəhs etmək xüsusiyyətinə görə dünyanın bütün ölkələrini qabaqlamaq özəlliyinə malikik. Yəni “görək kim ölüsünü o dünyaya daha yaxşı yola salacaq”.

Bəhs məsələsi daha çox kasıblar arasında geniş yayılıb. Çünki imkanlı şəxs ölüsünü dəbdəbə ilə basdıranda, camaatın bayramda görmədiyi yeməkləri ehsanda verəndə heç kim ona irad tuta bilmir. Çünki adamın pulu var - edir...

Bəs borca girib, bankdan kredit götürüb başdaşı düzəltdirənə nə deyəsən? Deyə də bilməzsən axı, bu da onun şəxsi işidir...

“Məzarlıqlarımız sistemli şəkildə tərtib olunmalı, orada başdaşları, qəbirüstü nişanələr tam olaraq dinimizin tələblərinə uyğunlaşdırılmalıdır. Qəbiristanlıq muzeyə çevrilə bilməz. Qəbirlər bir-birindən kəskin şəkildə fərqlənə bilməz. Kəskin fərqlər həmin qəbiristanlığa girəndə də o qədər xoş əhval-ruhiyyə yaratmır. Bu məsələlər əlbəttə ki, qanunla tənzimlənməlidir” - bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya məxsusdur.

Bəli, qəbiristanlıqlar haqqında qanunlar var və bu qanunlara əsasən qəbirlərin necə olmasını tənzimləmək olar. Amma nə vaxt? Bu, hələlik bəlli deyil. Ola bilsin yaxın zamanlarda bunun şahidi olarıq. Çünki sentyabrın 1-dən yas mərasimlərində ehsan verilməsinin qarşısı alınıb. Azərbaycanın bütün bölgələrində ciddi tədbirlər həyata keçirilir, inzibati tədbirlər görülür. Qəbiristanlıqdakı vəziyyət də elə ehsan məsələsi ilə eynidir. Bu iki məsələ ilə bağlı hələlik paralel işlər görülməsə də problem yəqin ki, diqqət mərkəzində saxlanılacaq. Və yaxın zamanlarda hansısa yeniliyin şahidi olacağıq, qanunların icrasına şahidlik edəcəyik...

Yasamal qəbiristanlığında olarkən 1994-cü ildən bəri burada mollalıq edən və çörəyi “Yasin” oxumaqdan çıxan Hacı Akif Cəfərovla da bu mövzu ilə bağlı söhbətləşdik.

Hacı Akif də bu cür məzar daşlarının, heykəllərin şəriət qaydalarına görə düzgün olmadığını dedi. Ancaq nə faydası? Bunu heç kimə izah edə, başa sala bilməməsindən şikayətləndi. O, bəzi yas sahiblərinə bu məsələ ilə xəbərdarlıq etdiyini desə də eşitdiyi cavab bu olub ki, “yas bizimdir, özümüz bilərik”.

Hacı Akif qəbiristanlıqdakı vəziyyətlə bağlı bir neçə maraqlı məqamı da bizimlə bölüşdü. Onun sözlərinə görə, Bakıda sahibi hələ sağ olan VİP-qəbirlər var: “Yəqin görmüsünüz burada nə qədər ölüsüz qəbirlər var. Özlərinə hələ sağ ikən heykəl qoyduranlar da çoxdur. Amma o adamlar simiclik edəndə təəccüblənirsən. Ölüsünə 20 minlik başdaşı qoydurub, özünə heykəl qoydurub, amma “Yasin” oxuyan mollaya 1 manat verir.

Qəbiristanlıqda özbaşınalıqlar çox olur. Bəzən baxırsan ki, qəbir daşlarını oğurlayırlar. Qəbir üstünə gətirilən qızılgülləri də gecə ilə aparırlar. Bir neçə dəfə polisə şikayət edilib. Burada molla var ki, “Yasin” oxuması üçün 1 manat versən, az qala səni döyər. Bura çox qəribədir. Hər cür hadisə ilə qarşılaşırsan”.

Yasamal qəbiristanlığında diqqətçəkən başqa bir məqam yaşıllıqların məhv edilməsidir. Burada ağaclar kəsilir, yamaclar doldurulur və ərazi satılır. Artıq onlarla məzar yeri satılıb.

Bakının ən qədim qəbiristanlıqlarından biri də Keşlə məzarlığıdır. Burada da vəziyyət Yasamal qəbiristanlığından fərqli deyil. Burada da muzey eksponatlarını xatırladan dəbdəbəli qəbir daşları həddən artıq çoxdur.

Qəbiristanlıqlar əməlli-başlı gəlir mənbəyidir. Buradan o qədər insan pul qazanır ki... Fəhlə, başdaşı düzəldən, molla, qəbirlərə nəzarət edən şəxs, polis, icra hakimiyyəti, bələdiyyə və s. Hərə də öz üsulu ilə pul qazanır...

Keşlə qəbiristanlığına girəndə də diqqətimizi ən başda cəlb edən məzarlar təbii ki, qara mərmərlə hasara alınmış, üstündə böyük başdaşı olan qaəbirlər oldu. Heykəllər də ki, öz yerində...

Qara mərmərlə hasara alınmış, üstündə nəhəng, qara başdaşı ucaldılan bir məzara yaxınlaşdıq. Uzunluğu 10 metr, eni də 4 metr olan bu kiçik məzarlıq balaca parkı xatırladır. Yan-yörəsində xeyli ağac və gül əkilib. Küknar ağacları, qızılgüllər hər gün sulanır. Buna nəzarət edən şəxs də elə məzarlıqda qəbirqazan, başdaşı düzəldən fəhlələrdən biridir. O, bunun üçün əlavə pul alır.

Suallarımızı cavablandırsa da adını açıqlamamağımızı və məzarın şəklini çəkməməyimizi istədi. Yalnız başdaşının yanına qoyulan güldanın şəklini çəkməyimizə icazə verdi. Deyir ki, 500 manat dəyəri olan bu güldanlar qara mərmərdən hazırlanır və Bakıya yalnız Ukraynadan gətirilir. Həmin güldana da əksər hallarda bu qəbrin yanında əkilən qızılgülləri dərib qoyurlar.



Qəbiristanlıqdan çörəyi çıxan bu gənc indiyə qədər düzəltdiyi bahalı məzarlar və qəbirüstü abidələr haqda məlumat verir: “Qəbirlərin ən ucuzu 400-500 manata başa gəlir. Bu qiymətə isə ancaq ağ daşdan qəbir götürtdürmək olar. Qara mərmərin ən ucuzu 3000-4000 manata başa gəlir. Qara mərmərin kvadratı 200 manatdır. Ancaq qalınlığına görə qiymətlər fərqlənir. Qara mərmərdən hazırlanan elə başdaşları var ki, qiyməti 15-20 min manatdır. Məbləğ daşın qalınlığına və hündürlüyünə görə dəyişir. Elə adam var ki, ad-soyadı qızıl hərflərlə yazıdırır. Bunun da qiyməti 300-400 manatdır. Ən bahalı qəbirdaşı parfildən hazırlanır. Bu daşın üzərində rəngli şəkillərin qoyulması da mümkündür. Son zamanlar imkanlı şəxslər bu daşlara üstünlük verir. İndi güldan qoyulması da dəbdədir. Ən bahalısı 500 manatdır. Ən ucuzu isə 100 manat. Güldanlar Ukraynadan gətizdirilir”.

Keşlə qəbiristanlığında artıq yer satılmır. Ancaq bu, “boş yer yoxdur” demək deyil. Bu qəbiristanlıqda yüzlərlə insan illər əvvəl yer alıb, hasar çəkdirib. Qəbiristanlıq bir çox imkanlı şəxslər, biznesmenlər, deputatlar tərəfindən zəbt edilib. Heç kim öləninə bir məzarlıq yer almır. İmkanı olanlar ölüsünü qəbiristanlıqda da tək qoymaq istəmir.

Məzarlıq üçün əlavə yerlər alanlar bir tərəfə, qəbirin yanına stol-stul qoyduranlar da var. Qəbiristanlıqdakı mollalar deyir ki, stol-stul qoyduranlar bunu ziyarətə gələndə “Yasin” oxutdurmaq, dua etmək üçün qoyublar. Yəni ziyarətə gələndə burada otururlar...

Bir sözlə, Bakı qəbiristanlıqlarındakı vəziyyət həqiqətən də ürəkaçan deyil. Onsuz da cəmiyyətdə varlı-kasıb fərqi kifayət qədər qabarıqdır, ilk baxışda gözə girir. İstər yaşayış səviyyəsində, istərsə də təşkil edilən toy məclislərində bunu açıq şəkildə görmək olar. Varlı-kasıb fərqinin ciddi şəkildə sezildiyi cəmiyyətimizdə ən azından qəbiristanlıqlarda bərabərliyin olması yaxşı olardı. Düzdür, imkanlı şəxslər bunu istəməsə də normal cəmiyyətdə belə olmalıdır. Qonşu ölkələrdə - Türkiyədə, Rusiyada, İranda, Gürcüstanda qəbiristanlıqlardakı vəziyyət bizə nümunə ola bilər. Elə çox vaxt ayaqlaşmağa çalışdığımız Avropada da bu cür təntənə, bahalı dəfn adət-ənənəsi yoxdur. Geyimi, yaşam tərzini uyğunlaşdırmağı düşündüyümüz Avropada qəbiristanlıqlarda qoyulan başdaşları sadə və standartdır.

Görəsən, zaman nələri dəyişəcək? Biz bu adət-ənənəni, bəhsəbəhsi unuda biləcəyikmi? Bu, uzun zaman ala bilər. Amma sentyabrın 1-dən yasda ehsan verilməsinin qadağan edilməsi, inzibati metodlarla müdaxilələrin edilməsi çox müsbət nəticələri ortaya qoydu. Artıq dəbdəbəli yas mərasimləri, israfçılığa aparan ehsan süfrələri yoxdur. Bəs qəbiristanlıqlara da inzibati metodlarla müdaxilə olacaqmı? Bunu zaman göstərəcək. Lakin bir məsələni xatırladaq ki, qəbiristanlıqlarla bağlı qanun və bu qanunla başdaşlarının necə olmasını tənzimləmək olar...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar