Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı yalnız bakılılar üçün?


Rayon avtomobillərinin paytaxta buraxılmaması konkret hüquq pozuntusudur


Bir vaxtlar belə olacağını heç təxmin etməzdik. Bunu kimsə iddia etsəydi də “heç vaxt belə şey ola bilməz” deyərək üstündən keçərdik. Amma oldu, bunu da gördük. İndi Bakı yalnız bakılılar üçündür, yad şəhər və rayonların maşınları sentyabrın 15-dən etibarən Azərbaycan paytaxtına buraxılmır. Bakının bütün girişləri polis nəzarətinə alınıb, bu isə vətəndaşlarda haqlı narazılıq və qıcıq yaradır. Bəs, belə bir qərarın verilməsi nə dərəcədə qanunidir, dünyanın harasındasa Bakıda tətbiq olunan bu qəribə qadağanın analoqu varmı? Bu və digər suallarla bağlı “Unikal” qəzeti olaraq kiçik araşdırma apardıq.

Öncə xatırladaq ki, müəyyən edilmiş qaydalara uyğun olaraq rayon qeydiyyatında olan avtomobillərin səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta girişinə qadağa qoyulub. Bununla əlaqədar olaraq Bakı şəhərinin şimal və cənub girişlərində rayon qeydiyyatı olan avtomobillər üçün pulsuz dayanacaqlar yaradılıb. Dayanacaqlardan ən yaxın metro stansiyalarına gələn avtobuslar fəaliyyət göstərir ki, həmin ictimai nəqliyyat vasitələri şəhərə qədər sərnişin daşımasını həyata keçirirlər. Lakin məsələ orasındadır ki, tətbiq edilən yeni qaydalar şəhərə girəcəklərdə uzun tıxacların yaranması ilə müşayiət olunur. 

Tıxacı aradan qaldırmaq istəyirdilər, daha böyük tıxac yaratdılar...

Buna səbəb müəyyən olunmuş ərazilərdə DYP əməkdaşlarının maşınları yoxlayaraq rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə məhdudiyyət qoymasıdır. Artıq paytaxtın həm şimal, həm də cənub girişlərində saatlarla davam edən tıxacların yaranması şəhər qeydiyyatında olan vətəndaşların bütün iş qrafiklərinin pozulması ilə nəticələnib. Belə ki, hər iki tərəfdən paytaxta giriş şəhər və rayon qeydiyyatında olanlar üçün eyni “qapıdan” olduğundan yeni qaydanın tətbiqinin mənfi təsiri şəhər qeydiyyatında olan vətəndaşlara dəymiş olur. Belə ki, növbəli yoxlamalar, sürücülərin etirazı, onlara yeni qaydaların izahı xeyli vaxt apardığından şəhər qeydiyyatında olan avtomobillər saatlarla tıxacda qalmalı olur. Halbuki, tətbiq olunan yeni qaydalar əlavə problem yaratmaq yox, mövcud tıxacların aradan qaldırılması məqsədi daşıyırdı.

Vətəndaşların konstitutsion hüquqları pozulur...

Apardığımız müşahidələr belə deməyə əsas verir ki, paytaxtın mərkəzi küçələrində müşahidə olunan uzun-uzadı tıxac indi şəhərin giriş qapılarına daşınıb. Heç şübhəsiz ki, belə vəziyyətin davam etməsi əhalinin ciddi narahatçılığına səbəb olur. Bəs vəziyyətdən çıxış yolu necədir? Tətbiq edilən yeniliyin əhalinin rahatlığına xidmət etməsini təmin etməkdən ötrü hansı tədbirlərin həyata keçirilməsi mümkündür? Qeyd edək ki, dünyanın heç bir ölkəsində paytaxta qeyri-paytaxt maşınlarının buraxılmaması praktikası yoxdur. Dünya ölkələrinin meqapolis şəhərlərində tıxac problemini hərəkətə məhdudiyyət qoyulması ilə deyil, alternativ yolların çəkilməsi ilə aradan qaldırmağa çalışılır. Hüquqi baxımdan da rayon qeydiyyatında olan maşınların şəhərə girişinə qadağa qoyulması düzgün deyil. Bir az da dəqiqləşdirsək, belə bir qaydanın tətbiqi ölkə Konstitusiyası ilə ziddiyyət təşkil edir. Konstitusiya mənşəyindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq bərabərliyinə təminat verir: “İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. 

Məsuliyyətsiz addım: 
İndi nə etməli?

Görünən odur ki, rayon maşınlarının şəhərə buraxılmaması düzgün yanaşma deyil. Digər formalar tapmaq lazımdır. Məsələn, yük maşınlarının şəhərdə hərəkəti üçün lazımi vaxt və xətlər müəyyən edilməlidir. Bir sıra ekspertlər isə vəziyyətdən çıxış yolu kimi şəhər qeydiyyatında olan maşınların yoxlamaya ehtiyacı olmadığından onların alternativ yolla hərəkət etməsində görür. Hansı ki, bunun üçün müəyyən olunmuş dayanacaqların ətrafında alternativ yollar mövcuddur. Sadəcə, həmin yolların istismara verilməsi şəhərə giriş zamanı tıxac probleminin aradan qaldırılmasına səbəb ola bilər. Xatırladaq ki, yollarda hərəkətin nə vaxt və necə məhdudlaşdırılması “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunun 12-ci maddəsində göstərilir ki, yol hərəkəti yalnız yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə, təbii fəlakət, qəza və ya digər fövqəladə hadisə baş verdikdə, yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün təhlükə yarandıqda, hava-iqlim şəraiti xeyli pisləşdikdə, nəhayət, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda kütləvi tədbirlər həyata keçirildikdə müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər. Yəni məhdudiyyət yalnız bu hallarda və müvəqqəti ola bilər. Qanunda götərilmiş bu əsaslar olmadan heç bir qurum yol hərəkətini nəqliyyat vasitələrinin qruplarına görə, əhalinin yaşayış yerinə görə, avtomobillərin mənsubluğuna və s. görə məhdudlaşdıra bilməz. Belə vəziyyət ayrı-seçkilik məzmunlu elementlər ortaya çıxarır. 

Yol çəkmək əvəzinə yol bağlamaq?

Əslində Bakıda yaranmış tıxacların və sıxlığın əsl səbəbi qeyri-Bakı qeydiyyatlı avtomobillər deyil. Əvvəla, Bakıda yol çatışmazlığı var. Dünyada Bakı kimi şəhərlərin normativi var. Normativə əsasən, şəhərin ərazisinin 30 faizi yollardan ibarət olmalıdır. Bakıda isə bu göstərici heç 10 faiz də deyil. Bunu şəhərsalmada nəzərə almaq lazımdır. Bundan başqa, yollara bitişik qanunsuz tikililərin inşa edilməsi, bəzi yolların özünün bərbad olması və dalana dirənməsi də ciddi problemlər yaradır. Nəhayət, avtomobillərin qanunsuz parklanması və yol polisinin bu məsələdə passivliyi də tıxacların yaranmasına səbəb olur. Ona görə də tıxac problemini aradan qaldırmaq üçün yollar genişləndirilməli, müvəqqəti parklanma yerlərinin sayı artırılmalı, ictimai nəqliyyat sistemi inkişaf etdirilməli və Bakı ətrafındakı yaşayış məntəqələrində infrastruktur yaxşılaşdırılmalıdır. 

Digər tərəfdən isə nəzərə alınmalıdır ki, şəhərə giriş qapılarında tıxacların yaranmasının psixoloji tərəfləri də var. Bir müddətdən sonra rayondan gələnlər görsələr ki, artıq onların avtomobillərini şəhərə buraxmırlar, heç özləri buna cəhd etməyəcəklər. Bununla da şəhərə girişlərdə tıxac problemi həll olunacaq. Əsas problem isə Bakı şəhərinin özündədir ki, onu da rayon qeydiyyatında olan abtomobillərə məhdudiyyət qoymaqla həll etmək mümkün deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar