Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bacısıyla sevgi yaşayan qəhrəman


Kulis.az Dalğa Xatınoğlunun “Kamyunun Kaliqulası; üst insanın əxlaqi səhvi” essesini təqdim edir:


Fransız yazarı Alber Kamyu ilə alman filosofu Fredrix Nitsşeni iki məqam birləşdirir: Puçluğa qarşı üsyan və əxlaq məsələsini diqqət mərkəzinə almaq. Hər ikisi də eyni qənaətdədir: Üst insan puçluğa yox deyib, öz dəyərləri və əməlləri ilə seçilir.

Kamyunun əxlaqi öhdəliyi ilə bağlı “Optimist və əxlaq yüklü Kamyu” adlı bir məqalə yazıb, orada daha çox “Yad” romanı üzərində fikirlərimi bildirmişdim, ancaq Kamyunun ən önəmli əsərlərindən biri də “Kaliqula” dramıdır, hansı ki birinci dəfə 25 yaşı varkən yayımlayır, ancaq ömür boyu onun üzərində işləyib, dəfələrlə dəyişir. Demək, bu əsərin, Kamyunun özü üçün də böyük önəmi var idi. Maraqlısı budur ki, teatr səhnəsində Kaliqula rolunu özü oynamaq istəyirmiş.

Bu əsərin özəti nədir? Gənc kral Kaliqula (Qay Yuli Sezar) sevgi münasibətində olduğu bacısı Druzillanın meyitinə iki barmağı ilə toxunub, baş götürüb, çöllərə düşür.

Neçə gündən sonra saraya qayıtdıqda, dostuna deyir ki, insan öldüyü üçün xoşbəxt deyil. Dostu deyir, ölüm bir gerçəkdir. “Bax, çevrəndəki insanlara, bu gerçək, onların çörək yeməyinə belə mane olmur, heç nəyi düşünmədən yeyirlər”.

Kaliqula deyir, o zaman çevrəmdəki bütün insanlar aldanış içində yaşayır. “Mən onlara yaşamağın nə olduğunu öyrədəcəyəm, onlarda çatışmayan şey qanacaqdır, onlara bir müəllim gərək”.

Beləliklə, vəhşət və qorxu rejimi başlayır. Bütün vəhşət rejimləri bu məqamdan başlayır. Bir insan düşünür ki, heç kim qanmır və o, hamının yerinə qərar verməli, hamının taleyini həll etməlidir.

Sevgili bacının ölümü Kaliqulaya həyatın puçluğunu bütün çılpaqlığı ilə göstərir. Əslində, bacının ölümü deyil, ölümün özü Kaliqulanı düşündürür. Kaliqula bu puçluğa qarşı üsyan etmək qərarına gəlir. Nitsşenin resepti ilə: “Üst insan puçluqdan qurtulmaq üçün, öz taleyini özü həll etməlidir, özü qərar vermək iqtidarında olmalıdır”.

Kaliqula qəddar bir hökmdara çevrilir. Çevrəsində senatorların, əyanların çoxunu öldürür, onların sərvətini büdcəyə köçürür, qadınlarını hökumətin fahişəxanasında işləmək zorunda qoyur, şəhərə çıxanda, arabasının ardınca əyanları qaçırır, ərzaq anbarlarının qapısını bağlayıb, deyir, xalqa bildirin ki, bu dəfə tanrılar deyil, Kaliqulanın özü qıtlıq və quraqlıq ili yaradıb. Tanrıları lağa qoyur və şairlərə yazdıqları əsərlərini yalatdırır. Özünə bəraət qazandırmaq üçün deyir ki, mən üç müharibəyə yox demişəm. Hə desəydim, min dəfə çox adam öləcəkdi. Döyüşlərə getmədiyim üçün Roma mənə şükür etməlidir. Tarix kitablarında da yazılıb ki, o, tam təcrübəli, təlimlər keçmiş ordusunu müharibəyə deyil, sahildə balıq qulağı yığmağa göndərirmiş.

Dramı oxuyub, Kaliqulanın arqumentlərini dinlərkən, ona qarşı irad tutmaq olmur, hətta əsəri oxuduqca ona haqq veririk. Kaliqula güc, azadlıq və estetika üzərində yeni bir dünya qurmağa çalışır. Bu üç xarakter, dəqiq üst insanın xarakteridir.

Kaliqula deyir, Roma xalqına müjdə verin ki, birinci azad romalı doğuldu. Deyir, mən yaradıcılıqla məşğulam, həyatımın özü incəsənətdir. Dəqiq buna görə, onu yarğılamaq olmur. Nitsşe deyirdi, həyata yalnız estetik bir olay kimi bəraət qazandırmaq olar. Oskar Uayld isə incəsənətdə həqiqətin əksi də həqiqətdir, deyə düşündürdü.

Dramın ortasında, Kaliqulanın dostu ona deyir: “Sənin arqumentlərin tamamilə tutarlı görünsə də, hamısı, başqa insanları rədd etmək üzərində qurulub”. Kamyunun bütün sözü dəqiq bu məqamdır: Üst insan olsan da əxlaqi baxımdan, çevrəndəki insanları rədd etməyə haqqın çatmır.

İncəsənət məsələsinə gəldikdə, Kamyu düşünür ki, böyük təcrübələr böyük sənətkarları yetirir. Gənc Kaliqulanın həyat tərzi, sənət əsəri ola bilmədi. Çünki arxasında böyük təcrübə və dünyagörüşü yox idi, sadəcə böyük bir üsyan, qorxmazlıq, estetika və güc var idi.

İnsanları rədd edib, saymamağın sonu ölümdür. Kaliqulanın dostu da onun üzünə deyir: “Sənə qarşı üsyan var, mən də bu xəyanətə qatılacağam, çünki artıq sənin vücudun ziyandır.”

Eləcə də, axırda Kaliqulanı çevrəsindəki yaltaq və qorxaq əyanlar bıçaqlayıb, öldürürlər.

Dramdakı dialoqlar çox dərin və maraqlıdır. Kaliqula aya yiyələnmək istəyir. Ona görə bacardıqca ayıq qalır. “Mən yatsam, kim mənə ayı pay verəcək?”, - deyə düşünür. Ay məsələsi Misir miflərindən gəlir. Ay tanrısı Xonsu yenidən can vermək gücündədir. Ancaq aya yiyələnmək, misirlilər arasında bir zarafat kimi işlənirdi, çünki olası iş deyil. Kaliqulanın ən böyük səhvi, mümkün olmayan bir arzudur.

Kaliqula düşünür ki, ölüm varkən, insan xoşbəxt ola bilməz və həyat puçdur, beləliklə buna qarşı üsyan etmək gərəkdir. Ancaq bu üsyanda özündən başqa bütün insanları görməzdən gəlir. Səhvi də burda edir.

Puçluqla necə qarşılaşmaq baxımından Kamyunun əsərlərində bir neçə önəmli tip var - ümumiyyətlə həyata reaksiya verməyən “Yad” əsərindəki Merso. Təqdirə qatlanıb, ancaq həyatına zövq qatmağa çalışan Sizif. Özünü aldadaraq xoşbəxt olmağa çalışan “Süqut” romanındakı Jan Batist Klamens, özünü insanlara həsr edən “Taun” romanındakı Dr. Ryö və puçluğa qarşı üsyan edən, ancaq yalnız özünü düşünən Kaliqula.

Beləliklə, məqalənin başlanğıcına qayıdaq. Üst insan puçluğa mütləq yox deməlidir. Həyatın özlüyündə mənası yoxdur. Ölümü də gəlsək bu faktın üstünə, həyat puçdur. Üst insanın işi, bu puçluğa necə yanaşmaq, bundan necə qurtulmaqdır. Bunun üçün hər bir insanın öz dəyərləri və həyata öhdəlik olaraq əməlləri olmalıdır. Bu tip insan indiki zamanda bir az qəribə gəlir. Niyə?

İndiki zamanda ölümü önəmsəyən insanlar az tapılır, hamı ölümə mənasız bir şey kimi baxır. Məncə, buna görə ki, yaşayışın özü mənasızlaşıb. İnsanlar həyatlarına önəm vermədikləri üçün, ölümü də önəmsəmirlər. Ona görə həyatımız təxminən bundan ibarətdir: Səhər işə çıxırıq, axşam iş bitir, yolda bir fastfudla kola alıb, qarnımızı doyurub, ümumiyyətlə yalnız gecələmək məqsədi ilə tikilmiş bina evlərinə qayıdıb, futbolumuza baxıb, tələsik mexaniki seksimizi edib, başımızı atıb yatırıq ki, sabah eyni işləri təkrar edək. Əlbəttə, belə bir həyat tərzi ilə ölüm öz önəmini itirir. Sizifdə necədir? “Erkən yuxudan qalxmaq, travma, dörd saat iş, günorta yeməyi, bir daha dörd saat iş, travma, istirahət, yatmaq, erkən yuxudan qalxmaq, travma…” və s.

Kamyu deyir, Kaliqulanın həyat sevgisi və yaşama bağlılıq hissi o qədər güclü idi ki, onu dəlilik, cünuna qədər çəkib apardı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar