Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı qadınlar anti-Tramp aksiyalarına dəstək olacaqmı?

Mehriban Zeynalova: “Böyük bir dövlətin rəhbərinin bu cür verdiyi mesajlar çox narahatedicidir”


Mirvari Qəhrəmanlı: “Ölkəmizdə bu cür aksiyaların keçirilməsinə heç vaxt imkan verilməyəcək”.

Mehriban Vəzir: “Azərbaycan qadınının Trampa deməyə heç bir sözü yoxdur”

Milyarder Donald Tramp ABŞ prezidenti kimi fəaliyyətə başladıqdan sonra dünyanın bir çox ölkələrində qadınlar ona qarşı etiraz aksiyaları keçirməyə başlayıb. Təkcə andiçmə mərasimi günü, yanvarın 20-də Vaşinqtonda zərif cinsin onminlərlə nümayəndəsi Trampın prezidentliyinə etirazlarını bildirmək üçün yürüşə çıxdı. Onların arasında məşhur müğənni Madonna da olub. Hətta müğənni CNN telekanalının canlı yayımında prezidentin ünvanına iki dəfə ağır söyüş söyüb. Telekanal bu səbəbdən canlı yayımı dayandırmalı olub. Qeyd edək ki, yürüş iştirakçıları qadınlar, homoseksualların hüquqları, immiqrantlar, qadınların abort hüququ, irqçilik barədə, habelə iqlim dəyişməsi məsələsində Donald Trampın mövqeyinə etiraz ediblər. Belə ki, “Access Hollywood” proqramının yazısı üzə çıxandan sonra qadınların Donald Trampa pis münasibəti pik həddə çatıb. Donald Tramp seçki kampaniyası dövründə qadınlara münasibətinə, o cümlədən “FoxNews” telekanalının aparıcısı Meqin Kelli haqqında nalayiq fikirlərinə görə kəskin tənqid edilib.

Analoji olaraq bu cür yürüşlər təkcə Vaşinqtonda deyil, ABŞ-ın digər şəhərlərində də keçirilib. Və hətta dünyanın bir çox ölkələri, o cümlədən Avropa və Afrika ölkələrində də qadınların hüquqlarına dəstək olaraq yürüşlər təşkil olunmağa, qadınlar öz həmcinslərinə həmrəylik nümayiş etdirməyə başlayıblar. Təkcə Londonda keçirilən anti-Tramp aksiyasında 100 mindən çox, Vyanada 2 min, Cenevrədə keçirilən etiraz aksiyasına əksəriyyətinin uşaqlı qadın olduğu minədək şəxsin iştirak etdiyi bildirilir. Finlandiyanın paytaxtı Helsinkidə, Keniyanın paytaxtı Nayrobidə də anti-Tramp aksiyaları keçirilib.

Bəs Azərbaycanın ictimai fəal qadınları anti-Tramp aksiyası keçirərək həmcinslərinə dəstə olmağı düşünürmü? Bu sualla bir neçə ictimai fəal qadınlara müraciət etdik. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova keçirilən aksiyalara dəstək verdiyini bildirdi:
“Məsələ burasındadır ki, Trampın mesajları çox narahatçılıq doğurur. Bu yaxınlarda “Qadın insandırmı?” deyə fikir səsləndirmişdi. Hətta qızı ilə də bağlı xoşagəlməz fikirlər demişdi “Əgər o mənim qızım olmasaydı, mən onu saxlayardım” kimi ifadələr və sairə. Yəni qadına daha çox əşya, qeyri-insani münasibət bəslədiyini, alət kimi baxdığını bəyan edir. Böyük bir dövlətin rəhbərinin verdiyi bu cür mesajlar çox narahatedicidir. Təbii ki, mən Amerikanın daxili işinə qarışa bilmərəm. Amma Amerika bütün ölkələrin daxili işlərinə qarışdığına görə biz bu narahatlığı bəyan edirik. Mən qadınların o aksiyalarına dəstək verirəm. Çünki orda baş verəcək hadisələrin nəticəsindən narahatam. Trampın qadınlar haqqında səsləndirdiyi deyimlər bir növ İŞİD-in deyimləri ilə oxşardır. Yəni qadınlar haqqında səsləndirdiyi ifadələr “qadın insan, yoxsa heyvandırmı?” kimi ifadələrinə bənzəyir”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə qeyd etdi ki, ölkəmizdə etiraz keçirmək imkanı məhduddur:
“Trampın təkcə qadınlarla bağlı deyil, həm də jurnalistlərə qarşı aqressiv çıxışları oldu. Mən məmnuniyyətlə dəstək verərdim. Amma bizim ölkə elədir ki, burada sərbəst toplaşma azadlığı pozulur. Dünyanın bir çox ölkələrində Amerika insanlarına böyük dəstək aksiyaları keçirildi, həmrəy olduqlarını nümayiş etdilər. Böyük məmnuniyyətlə o cür aksiyalara qoşulub həmrəyliyimi bildirərdim. Lakin ölkəmiz başqa ölkələrlə nisbətdə çox ehtiyatlı mövqe tutur. Ona görə də belə aksiyaların keçirilməsinə heç vaxt imkan verilməyəcək”.

Yazıçı-publisist Mehriban Vəzir isə məsələyə bu cür münasibət bildirdi: 
“Mətbuatda yayılan məlumata görə, dünya miqyasında 5 milyon qadın Trampın fikirlərinə görə etiraz qalxıb. Düşünürəm ki, Azərbaycan qadınının o qədər problemi var ki, onun Trampa deməyə heç bir sözü yoxdur. Azərbaycan qadını əgər ictimai fəallıq göstərirsə, öz dərdinə ağlamalı, öz hökumətindən nəsə istəməlidir. Tramp hər halda öz qadınlarına yüz dəfə artıq imtiyaz, hüquq verib. Biz heç o imtiyazlara malik deyilik. Ona görə də düşünürəm ki, bizim o aksiyalara qoşulmağımız bir qədər komik olar”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar