Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı mafiozlar arasında Türkiyədəki atışmaya görə ömürlük həbs


Türkiyənin Ədirnə prokurorluğu bu ilin iyun ayında bu şəhərdə azərbaycanlı kriminal qruplaşmalar arasında baş vermiş və bir türk polisinin öldürülməsi ilə nəticələnmiş atışmaya görə ittiham edilən 7 şəxs barəsində istintaqı tamamlayıb


Virtualaz.org saytı Türkiyə mənbələrinə istinadən xəbər verir ki, prokurorluq bu atışmada ürəyindən vurularaq öldürülən polis zabiti Hüseyn İmrağa atəş açmış Azərbaycan vətəndaşı, 36 yaşlı Mahir Şükürov barəsində ömürlük  həbs cəzası tələb edir. 

Digər şübhəliləri isə 3 ilə qədər həbs və 5 min türk lirəsi cərimə cəzaları gözləyir.

Bu səs-küylü atışma iyunun 9-da hazırda həbsdə olan məşhur “vor zakon”, “Lotu Quli” ləqəbli Nadir Səlifovun qardaşı və Sankt-Peterburqda “mənzillənən” digər azərbaycanlı avtoritet - “Albert Gəncinski”, “Albert Rıjiy” ləqəbli Əli Heydərovun qruplaşmaları arasında baş verib.

Ədirnə cümhuriyyət prokuroru Cengiz Özüklü bildirib ki, iş üzrə 15 şübhəli şəxs saxlanılıb, onların 7-si barədə cinayət işi qaldırılıb. Prokuror deyib ki, istintaq zamanı şübhəlilərdən heç biri digərinin əleyhinə ifadə verməyib və onlar ümumiyyətlə bir-birlərini tanımadıqlarını israr ediblər. Baxmayaraq ki, hadisə zamanı onların hamısı bir restoranda yemək yeyirmiş.

Prokurorun bildirdiyinə görə, istintaq şübhəlilərin Ədirnəyə hansı səbəbdən gəldiklərini və restoranda toplaşaraq hansı problemi həll etməyə çalışdıqlarını üzə çıxara bilməyib.

Şübhəlilərdən Şaban Ərdoğan, Namiq Umudov, Qara Əliyev, Ceyhun Əsgərov icazəsiz silah gəzdirməkdə ittiham olunurlar.

Virtualaz.org saytı xəbər vermişdi ki, əslində Ədirnədəki atışma azərbaycanlı qanqsterlərin Rusiyadan kənarda bir-birlərini uzun müddətdir təqib etməsinin nəticəsi idi. Bu atışma əhvalatı haqda fontanka.ru saytı yazırdı ki, “Albert Rıjiy” qardaşı və bir nəfər yerli biznesmenlə şəhərdəki otellərdən birinin restoranında nahar edərkən içəri 15-ə yaxın şəxs daxil olub. Onların arasında rusiyalı “vor zakonlar”dan Aleksey Qudina (“Lex İrkutski”), Namiq Səlifov (“Lotu Quli”nin qardaşı) və Beso Rustavski də olub.

İçəri daxil olan qrupu çöldə onlarla idmançı görkəmli şəxs gözləyib. “Lotu Quli”nin qardaşı və digərləri içəri girərək təbii ki, “Albert Rıjiy” ilə və yanındakılarla salamlaşmayıblar. Bir saniyə belə keçməmiş qarşılıqlı təhqirlər başlayıb. “Albert Rıjiy” içəri daxil olanların köynəklərinin altındakı tapançaları görəndə başa düşüb ki, söhbət qısa olacaq. Həmin an avtoritet bir neçə gün əvvəl düşdüyü avtomobil qəzasının da mənasını anlayıb.

Məsələ ondadır ki, “Albert Rıjiy” iyunun 1-də öz “Porsche Cayanne” avtomobilində Türkiyə-Bolqarıstan sərhədini keçib. İstanbula istiqamət alan avtoritet yanacaqdoldurma məntəqəsinə daxil olub və çıxanda görüb ki, maşınının təkərlərini deşiblər. İki kilometr gedəndən sonra o, təkərləri dəyişmək üçün dayanıb. Bu məqamda naməlum avtomobil onun maşınını vuraraq güclü zərbə ilə yolun kənarına aşırıb. Albert yüngül xəsarət alıb, ancaq onun maşındakı 15 yaşlı oğlunun hər iki ayağı bir neçə yerindən sınıb.

Hadisə yerinə gələn polis zərərçəkənin bioqrafiyası ilə maraqlananda məlum olub ki, qəzaya düşən şəxs zəngin kriminal keçmişə malikdir.

Avtomobili yolun kənarında atan “Albert Rıjiy” oğlunu götürərək tələsik xəstəxanaya gedib. Xəstəxanada ona bildiriblər ki, xəsarətlər ağır olduğundan yeniyetmənin ayaqları kəsilə bilər. “Albert Rıjiy” bütün resurslarını işə salıb və oğlunu təcili olaraq xüsusi təyyarə ilə Rusiyaya yola salıb.

Özü isə Türkiyəni tərk edə bilməyib. Çünki Türkiyə qanunlarına görə, bu ölkəyə öz avtomobili ilə daxil olan xarici ölkə vətəndaşları ölkəni də avtomobilində tərk etməlidir.

Başı bu cür işlərə qarışan “Albert Rıjiy” Yunanıstan sərhədindən bir neçə mil məsafədə yerləşən Ədirnə restoranında tanışı ilə görüşüb. Onun görüşdüyü şəxsin kriminal avtoritetin qaçaq yollarla Türkiyədən Avropaya keçməsini təmin etməyə söz verən qaçaqmalçı olduğu təxmin edilir.

Lakin Türkiyə polisi hələ aydınlaşdıra bilməyib ki, restorandakı “razborka”nın başlanğıcında mütəşəkkil cinayətkarlıqla mübarizə departamentinin 33 yaşlı zabiti Hüseyn İmraq necə ortaya çıxıb. O, “Kilinc 2000 Mega” markalı tabel silahını çəkərək restorana basqın edənlərə atəş açmağa cəhd edib. Lakin “Lex İrkutski”nin dəstəsindən kimsə kovboy filmlərində olduğu kimi silahını daha cəld çəkib və polis zabitini düz ürəyindən vurub.

Polis zabitinin dəfnində Ədirnənin polis rəisi Bastuq Rahmi deyib: “Gəlin dua edək ki, Allah bizim dostumuzun günahından keçsin”.

Görünür, bu, həm də öldürülən polis zabitinin mafiozlarla əməkdaşlığına işarə idi.

İlk atəşdən sonra restoranda dava başlayıb, kimi qab-qacaqla, kimi yumruqla döyüşüb. “Albert Rıjiy” sıçrayaraq küçəyə çıxıb və dava orada da davam edib. Hadisə yerinə gələn polis “Albert Rıjiy” də daxil olmaqla 15-ə yaxın adamı saxlayıb.

Məlum olub ki, “razborka”da biri bu yaxınlarda işdən çıxarılmış iki türk polisi də yer alır. “Lex İrkutski” isə aradan çıxa bilib.

Peterburq polisinin cinayət-axtarış idarəsində isə deyiblər ki, Türkiyədə baş verənlər Rusiyada mənzillənmiş mafiozlar arasında gedən müharibənin bir hissəsidir. Mənbə deyib ki, “Ded Xasan”ın öldürülməsindən sonra azərbaycanlıların klanı kriminal müharibədə qalib gəlməyə başladı və slavyan mənşəyinə baxmayaraq “Lex İrkutski” də onlara qoşuldu.

“Ded Xasan”ın qətlində “Rövşən Lənkəranski” kimi tanınan kriminal avtoritet Rövşən Canıyevin adı çəkilir. “Lotu Quli”nin qruplaşması isə uzun müddətdir Canıyevin qruplaşması ilə müharibədədir.

“Albert Rıjiy”ə gəldikdə isə son vaxtlara qədər onun barəsində geniş məlumat yox idi. Ancaq bir neçə ay əvvəl Sankt-Peterburqda ona sui-qəsd cəhdi oldu və bu cəhdə görə iki killer həbs edildi. Sifarişin izləri isə Moskvaya gedib çıxdı.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar