Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandakı əmlak talanının astar üzü


Özəlləşdirmə fırıldaqları ilə bağlı şok sirlər – I yazı


Uzun illər boyu milyonlarla insanın zəhməti hesabına yaradılan Xalqın əmlakı necə və kimlərin vaistəsilə mənimsənildi?

Azərbaycanda dövlət əmlakının özəlləşdirmə adı altında bir qrup tərəfindən mənimsənildiyi barədə çox yazılıb. Ancaq uzun illər boyu milyonlarla insanın zəhməti hesabına yaradılan Xalq əmlakının necə mənimsənilməsinin mexanizmi hələ də tam şəkildə açıqlanmayıb. Hansı ki, bu mexanizm sayəsində indi kiçik bir qrup Azərbaycanın faktiki cahibinə, milyonlarla insan isə alacağı əməkhaqqından başqa gəliri olmayan muzdlu işçiyə çevrilib. Hazırda isə bu kiçik qrup kənd yerlərində insanlara əmlak payı kimi verilən torpaqları da ələ keçirərək, böyük fermer təsərrüffatları yaratmaqla məşğuldur. Bu da yaxın vaxtlarda kəndlərdə yaşayanların da əlavə gəlirlərdən məhrum olan muzdlu işçilərə çevriləcəyini söyləməyə əsas verir. Mətləbdən uzaqlamamaq üçün qayıdaq ölkənin milyardlarla manatlıq əmlakının özəlləşdirildyi halda əhalinin 99 faizinin nə bir əmlak, nə də bir səhm sahibi ola bilməməsinin səbəbinə. Bu talan necə və hansı yollarla həyata keçirildi?

Ölkəyə 32 milyon özəlləşdirmə çeki və 19 210 570 ədəd opsion gətirilmişdi
1cek-300x2311
İlk növbədə qeyd edək ki, ölkə vətəndaşlarının onilliklər boyu milyonların zəhməti hesabına yaradılan dövlət əmlakından pay alması üçün özəlləşdirmənin əhəmiyyətli hissəsini çeklərlə aparmaq qərara alınmışdı. Xarici ölkə vətəndaşlarının Azərbaycanda özəlləşdirmədə iştirak etmələri üçün isə opsionlardan istifadə məqbul sayıldı. Beləliklə, dövlətin sifarişlə xaricdə hazırlanaraq ölkəyə 32 milyon özəlləşdirmə çeki (8 milyon özəlləşdirmə payı) və 19 210 570 ədəd opsion gətirildi.Hansı ki, ölkə vətəndaşları bu çeklər hesabına qısa müddətdə varlanacağına ümid edirdi. Elə buna görə də, özəlləşdirmə çekləri əhaliyə paylanarkən, gecə saat 2-3-dən növbə tutanların, bir parça çörək xatirinə getdiyi Rusiyadan 300-400 ABŞ dolları xərc çəkərək vətənə dönənlərin, bu çekləri satmaqla mənzil, avtomobil almağı, övladına toy tədarükü görəcəyini düşünənlərin sayı-hesabı yox idi. Bir sözlə, özəlləşdirmə paylarına xalq arasında böyük ümid var idi. Ancaq…

Azərbaycanda dövlət əmlakının özəlləşdirmə çekləri ilə vətəndaşlara satılması prosesinə 01.08.1996-cı ildə başlandı. Bu proses bir neçə dəfə uzadıldıqdan sonra 01.01.2011-ci ildə başa çatdı. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bununla bağlı KİV-lərə verdiyi müsahibədə dövriyyəyə buraxılmış özəlləşdirmə çeklərinin 80 %-nin prosesdə iştirak etdiyini və ləğv olunduğunu rəsmən elan edib.

Maraqlıdır, bəs dövlət sifarişilə xaricdə hazırlanan və qiymətli kağız kimi qeydiyyatdan keçən 32 milyon çekdən və 19 210 570 ədəd opsiondan özəlləşdirmədə hansı şəkildə istifadə olundu? Azərbaycan əhalisi özəlləşdirmə payından niyə yararlana bilmədi?

Külli miqdarda dövlət vəsaiti xərclənərək hazırlanan bu qiymətli kağızlar – çeklərin və opsionların necə faizi və necə dövriyyədən çıxarıldı?

Çeklə özəlləşdirmə 3 ildir başa çatsa da, hələ də “qara bazarda” ceklərin alınıb-satılmasının arxasındakı sirr nədir? Bu çeklərdən indi də kimlər, nə üçün istifadə edirlər?

Özəlləşdirmə ilə bağlı bu və digər suallara dəqiq cavab vermək, əlbəttə, asan deyil. Özəlləşdirmə adı altında dövlət əmlakının kiçik bir qrup tərəfindən talandığını hökumət təmsilçiləri təbii ki, inkar edir. Hətta bu sahədə ciddi qanunsuzluqların olması ilə də razılaşmır və bu istiqamətdə ortaya çıxan məlumatların qeyri-rəsmi olduğunu iddia edərək, qəbul etmirlər. Ona görə də, biz bu araşdırmada rəsmi məlumatlara əsaslanıb dövlət əmlakının necə talandığı, özəlləşdirmə çeklərindən necə istifadə olunduğu haqqında məlumat verməyə çalışağıq.

Dövlət əmlakının dəyəri 10 milyard 800 milyon AZN müəyyən edildi
1emlakkkk1
İqtisadçılar Azərbaycan Respublikasında çeklərlə özəlləşdirməni rəmzi olaraq iki mərhələyə bölürlər:

1.Özəlləşdirmənin “qızıl dövrü”- çeklər dövriyyəyə buraxıldıqdan, yəni 1996-cı ildən 2000-ci ilə qədər olan dövr.

2.Özəlləşdirmənin “zorən və kütləvi saxtakarlıqla müşayiət olunan dövrü”, yəni 2000-ci ildən 2011-ci ilə qədər olan dövr.

Özəlləşdirmənin bu dövrlərinin hər birinin yaddan çıxmayan, tarixdən silinməyən özünəməxsus “gözəllikləri” var.

Dövlət Əmlak Komitəsinə Qüdrət Əbdülsəlimzadənin rəhbərlik etdiyi 1993-1994-cü illərdə, (çeklə özəlləşdirmədən xeyli əvvəl) Azərbaycanda özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakı komitə əməkdaşlarının gərgin fəaliyyəti, nazirlik, komitə, dövlət konserni və şirkətlərinin, həmçinin Dövlət Statistika Komitəsinin verdiyi rəsmi məlumatlara əsasən, qeydə alınmış, dəyəri 10 milyard 800 milyon AZN ( 54 trilyon AZM ) məbləğində müəyyənləşdirilmişdi.

Əgər bu məbləği dövriyyəyə buraxılmış 32 milyon özəlləşdirmə çekinə bölsək, görəcəyik ki, bir çekin dəyəri 337.5 AZN, bir özəlləşdirmə payı isə 1350 AZN dövlət əmlakının ekvivalenti dəyərində olmalı idi.

Özəlləşdiriləcək dövlət əmlakının dəyərinin həm I, həm də II Dövlət Proqramında göstərildiyi kimi, 30 % -nin nağd şəkildə dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulduğundan, özəlləşdirmədən dövlət büdcəsinə 3 milyard 240 milyon manat vəsait daxil olmalı idi. Lakin özəlləşdirmənin ən qızğın dövrlərini əhatə edən 1996-2006-cı illərdə dövlət əmlakının özəlləşdirilməsindən cəmi 447 milyon manat vəsait daxil olub (bax “Azərbaycanda Özəlləşdirmənin 10 ili” jurnalına). Fərq – 2 milyard 793 milyon AZN təşkil edib?! Sonrakı illərdə büdcəyə nə qədər vəsait ödəndiyi haqda dəqiq rəqəmlər olmasa da, bu rəqəmdən xeyli aşağı olduğu şübhə doğurmur.

122 322 ədəd özəlləşdirmə payı yoxa çıxarıldı, 10 min ədədi oğurlandı …
1-herrac1
Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli 450 №- li Fərmanına əsasən, özəlləşdirmə paylarının (çeklərin) verilməsi həmin ilin avqust ayının 1-də başlayıb oktyabrın 1-də başa çatdırılmalı idi.

Dövlət özəlləşdirmə paylarının (çeklərin) əhaliyə verilməsinin təşkili üzrə Mərkəzi Komissiyanın 17.06.1999-cu il tarixli 15 saylı protokolunda öz əksini tapmış hesabata əsasən, respublikaya 8 milyon özəlləşdirmə payı və ya 32 milyon özəlləşdirmə çeki gətirilmiş, birinci mərhələdə 7 538 278 ədəd pay və ya 30 153 112 ədəd özəlləşdirmə çeki paylanmışdır.

Dövlət özəlləşdirmə paylarının qalıq hissəsi, yəni 461 722 ədəd pay və ya 1 846 888 ədəd çek keçmiş Əmanət Bankın rayon şöbələrinin xəzinədarlığında saxlanılmış, özəlləşdirmə paylarının verilməsinin qeydiyyat kitabı isə ƏMDK-nin (keçmiş DƏK-in ) arxivinə təhvil verilmişdir (bu rəqəmi yadda saxlayin-müəl ).
загруженное
Nazirlər Kabinetinin 15 iyul 2004-cü il tarixli, 95 saylı Qərarına əsasən yaradılan dövlət özəlləşdirmə paylarının verilməsi işinin təşkili komissiyasının verdiyi məlumatdan (04.12.2004-cü il tarixli 49 №-li Mülkiyyət qəzeti) belə aydın olur ki, bu çeklərin bir hissəsi də sonradan paylanıb. Belə ki, 2-ci dəfə 2004-cü ildə özəlləşdirmə payları almamış şəxslərə və Nazirlər Kabinetinin 12 dekabr 1996-cı il tarixli, 174 №-li Qərarına əsasən ünvanlı maddi kömək məqsədi ilə bəzi şəxslərə əlavə olaraq bir özəlləşdirmə payı verilməklə, 439 min 400 ədəd özəlləşdirmə payı paylanmışdır.

Komissiyanın məlumatında paylanmamış 20 089 ədəd özəlləşdirmə payının fiziki ləğv olunacağı qeyd olunur. Ancaq 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) saxlanılan, əhaliyə paylanmamış özəlləşdirmə paylarından 10 min ədədinin Komitənin şöbə müdiri tərəfindən oğurlandığı haqqında məlumat verildi. Lakin nə QKDK-nin rəsmiləri, nə də hüquq mühafizə orqanları tərəfindən özəlləşdirmə paylarının hansı şəraitdə yoxa çıxması, sonradan yerinə bərpa olunub-olunmaması, günahkara hansı cəzanın verilməsi haqqında mətbuata heç bir məlumat verilmədi.
Eyni zamanda bir sual da açıq qaldi: QKDK-də nə qədər özəlləşdirmə payı qalıbmış ki, 10 min ədəd “qeybə çəkilsə” də bundan bu qurum rəhbərliyinin xəbəri olmayıb?
1rufet
Ancaq açıq qalan yalnız bu sual deyil… 02.01.2011-ci il tarixdə QKDK-nin sədri Rüfət Aslanlı modern.az saytına verdiyi məlumatda bildirirdi ki, Azərbaycan Milli Depozit Mərkəzində saxlanılan özəlləşdirmə paylarının sayı əhəmiyyətli dərəcədə azalıb və orada hazırda 600 min özəlləşdirmə payı saxlanılır. Yəni, Aslanlı 600 min özəlləşdirmə payını və 2 milyon 400 min ceki əminliklə az hesab edir. Hansı ki, bu, buraxılmış payların 7,5 %-i deməkdir. Nəzərə alsaq ki, əllərdə də kifayət qədər özəlləşdirmə payı qalıb, onda bəzi suallar ortaya çıxır…

Belə ki, komissiyanın verdiyi arayışda, mətbuata verilən məlumatda birinci mərhələdə 30 153 112 ədəd çek və ya 7 538 278 ədəd özəlləşdirmə payının paylandığı bildirilir. Buna görə də, ikinci mərhələdə 1 846 888 ədəd çek və ya 461 722 özəlləşdirmə payı paylanmalı idi. Ancaq sonradan rəsmilərin məlumatlarında ikinci mərhələ üçün 439 min 400 ədəd özəlləşdirmə payının qaldığı bildirirlir. Bu isə 22 322 ədəd özəlləşdirmə payının hara yoxa çıxarıldığı sualını yaradır.

Eyni zamanda 600 000 ədəd özəlləşdirmə payının hansı illərdə, kim tərəfindən MDM-nə təqdim olunduğu da açıq qalır….

İri müəssisələrdə əmək kollektivi üzvlərinin payı simvolik həcmədə olub – FAİZLƏR
1iri
Dünya Bankı ilkin mərhələdə Azərbaycanda özəlləşdirmənin şəffaf keçirilməsi, vətəndaşların bu prosesdən yararlanması, təbliğat, beynəlxalq qiymətləndiricilərin təcrübəsindən istifadə edilməsi və I Dövlət Proqramı çərçivəsində özəlləşdirmənin uğurla başa çatdırılması, 10 min adda daşınmaz əmlakın dövlətsizləşdirilməsi və digər xərclər üçün 10 milyon dollar ayırmışdı. Birinci mərhələdə əsasən kiçik ticarət, xidmət və istehsal sahələrinin kütləvi özəlləşdirilməsi həyata keçirildi. Dünya Bankının layihəsi və maliyyə yardımı əsasında həyata keçirilən bu dövrdə 10 min addan çox liberallaşdırılmış dövlət əmlakı, sahibkarlığın inkişafına, iqtisadiyyatın dirçəldilməsinə güclü təkan verdi. Həmin dövrdə əhalinin maddi durumu nəzərə alındı, alqı-satqı zamanı dövlət əmlakı təyin olunmuş start qiymətinə satıldı.

Qeyri-yaşayış sahələrinin yerləşdiyi zonalara görə 1 kv.metri 5-10 dollara vətəndaşlara təklif olundu. Orta və iri müəssisələrin bazasında yaradılmış açıq tipli səhmdar cəmiyyətlərin (ATSC-nin) səhm zərfini saxtakarlıqla “ələ keçirən şəxslər”in xərci həmin müəssisələrin Nizamnamə kapitalının maksimum 20-30 %-i məbləğində oldu.

Əmək kollektivlərinin iri müəssisələrin özəlləşdirilməsində iştirakının qarşısı müxtəlif yollarla alındı. Bunun nəticəsidir ki, 01.01.2000-ci il tarixə qədər ATSC-yə çevrilmiş 1035 müəssisədən qapalı abunə yazılışı keçirilən 786-da əmək kollektivlərinin üzvlərinin payı simvolik həcmədə olub. Belə ki, əmək kollektivlərinin üzvləri 253 ATSC-də 10-15 % , 132-də 5-10 %, 277-də 1-5 %, 124 -də isə cəmi 0-1 % səhmlərin sahibi oldu.

I Dövlət Proqramı çərçivəsində təsis olunmuş ATSC-nin səhmlərinin satışı üzrə 38 ixtisaslaşdırılmış çek hərracı keçirilmiş, yekun protokollarına əsasən əhalidən 623 619 ədəd pay və ya 2 494 478 ədəd çek qəbul olunub ləğv edilmişdir.

I mərhələdə – 2000-ci ilin iyuluna qədər 1 015 420 özəlləşdirmə payı silindi
1pay
“Silinmiş dövlət özəlləşdirmə çeklərinin və opsionlarının sayının dəqiqləşdirilməsi məqsədilə yaradılmış birgə komissiyanın” rəsmi arayışında qeyd olunur ki, 11.07.2000-ci ilə qədər təsis olunmuş ATSC-dən 745-də qapalı abunə yazılışında 50 530 ədəd pay və ya 202 123 ədəd çek, investisiya müsabiqələrinin nəticələrinə əsasən isə 114 500 pay və ya 458 000 ədəd çek silinmiş və ləğv olunmuşdur. Bundan əlavə kiçik müəssisələrin və obyektlərin nizamnamə kapitalının 15 %-nin çeklərlə ödənilməsindən 6825 ədəd pay və ya 27 299 ədəd çek, kiçik dövlət müəssisələrinin nizamnamə kapitalının 15%-nin start qiyməti ilə çeklərlə satışından isə 219 946 ədəd pay və ya 879 780 çek silinərək yandırılmışdır.

Sözügedən arayışda həmçinin bildirilir ki, vətəndaşlardan qəbul edilmiş 3 836 ədəd pay və ya 15 343 ədəd çek qeyri-müəyyən şəraitdə qeybə çəkilmiş, hansı səbəbdən yoxa çıxması heç bir sənədlə təsdiq olunmamış, bu barədə heç bir dövlət orqanına məlumat verilməmişdir. Qanunla bu, cinayət məhsuliyyəti yaratsa da, DƏK-in hansısa məmurunun qanunvericiliyə uyğun cəzalandırılması haqda məlumat yoxdur.

Ümumiyyətlə, Dövlət Əmlak Komitəsinin 11.07.2000-ci il tarixli “Silinmiş dövlət özəlləşdirmə çeklərinin və opsionlarının sayının dəqiqləşdirilməsi məqsədilə yaradılmış birgə komissiyanın işinin yekunları barədə Arayış“da 19.05.2000-ci il tarixə qədər Dövlət əmlakının özəlləşdirilməsinin bütün sahələrindən (ixtisaslaşdırılmış çek hərraclarından, kiçik müəssisələrin nizamnamə kapitalının 15 %-nin dövlət özəlləşdirmə çekləri ilə ödənilməsindən, İnvestisiya Müsabiqəsi yolu ilə satılan müəssisələrdən, kiçik müəssisələrin nizamnamə kapitalının start qiymətinin 15%-nin çeklərlə satışından və qapalı abunə yazılışından) 1 015 420 ədəd pay, və ya 4 061 680 ədəd özəlləşdirmə çeki silinməsi göstərilmişdir. Həmin dövrdə silinmiş özəlləşdirmə çekləri birinci mərhələdə dövriyyəyə buraxılmış çeklərin 13.47 %-ni, təşkil edir.

Yuxarıda qeyd olunan və bizə məlum olmayan digər nöqsanlar olmasına baxmayaraq, çeklərin özəlləşdirmədə heç bir məhdudiyyət qoyulmadan istifadə olunmasına görə həmin dövr özəlləşdirmənin “qızıl dövrü” kimi xalqın yaddaşında qalmışdır.

2000-ci ildən özəlləşdirmənin “zorən və kütləvi saxtakarlıqla müşaiyət olunan dövrü” başladı
загруженное8
Çeklə özəlləşdirmənin “zorən və kütləvi saxtakarlıqla müşaiyət olunan dövrü” 2000-2010-cu illəri əhatə edir. II Dövlət Proqramı qəbul olundu. Bu dövrdə birinci mərhələdə paylanmış və hələ istifadə olunmayan 26 091432 ədəd özəlləşdirmə çeki dövriyyədən çıxarılmalı idi. Elə proqramdaca bəzi vətəndaşların əleyhinə olan yeniliklər edildi. İxtisaslaşdırılmış çek hərracının keçirilməsi müddəti 14 gündən azaldılıb 5 günə endirildi. Əmək kollektivinin hüquqlarının pozulması da yaddan çıxarılmadı. Belə ki, I Dövlət Proqramı çərçivəsində ASC-yə çevrilmiş müəssisənin əmək kollektivinin hər bir üzvü bərabər sayda özəlləşdirmə payı və ya çeki təqdim edib, qapalı abunə yazılışının 15 % -nin qalibi olurdu.

II Dövlət Proqramı qəbul olunduqdan sonra ASC-yə çevrilmiş müəssisənin əmək kollektivinin hər bir üzvü 40-50, bəzi müəssisələrdə isə 100 və daha çox özəlləşdirmə payı təqdim etməli idi ki, qapalı abunə yazılışının qalibi olsun. Əks halda əmək kollektivi müəssisənin qapalı abunə yazılışı üçün müəyyən edilmiş səhmlərinin 0, 01-0,02 % -nin sahibi olurdu.

Bərdə Yun”ASC-nin əmək kollektivinin hər bir üzvü 1805 çek və ya 451 özəlləşdirmə payı (Mülkiyyət qəzeti № 23, 2008-ci il ), “Sabirabad İnşaat Sənaye” ASC-nin əmək kollektivinin hər bir üzvü 760 çek və ya 190 özəlləşdirmə payı (Mülkiyyət qəzeti № 29, 2008-ci il), “Sabirabad Yem Zavodu”ASC-nin əmək kollektivinin hər bir üzvü 413 çek və ya 103 özəlləşdirmə payı (Mülkiyyət qəzeti № 17, 2008-ci il) təqdim etməli idilər ki, qapalı abunə yazılışının qalibi olsunlar.

Əmək kollektivinin üzvləri tələb olunan qədər özəlləşdirmə çeki təqdim edə bilmədikləri üçün qapalı abunə yazılışında 0,01 və ya 0,02 % -ə qane olurdular. Sual olunur: əgər hər vətəndaşa 1 özəlləşdirmə payı verilmişdirsə o nə üçün qara bazardan əlavə özəlləşdirmə payı alıb qapalı abunə yazılışında iştirak etməli idi?

Fərhad Əliyev və Kərəm Həsənovun “səhmdar cəmiyyət” tələsi
1ferhad
Komitənin rəsmi mətbuat orqanı olan “Mülkiyyət” qəzetində qapalı abunə yazılışı haqqında verilən elanda əmək kollektivi üzvlərinin hər birinin hansı miqdarda özəlləşdirmə çeki təqdim etməsi qeyd olunmurdu. Nəticə dərc olunanda kollektiv üzvlərinin cüzi faiz əldə etdiyi məlum olurdu. Əmək kollektivinin qapalı abunə yazılışından qalan hissəsi ixtisaslaşdırılmış çek hərracına çıxarılıb komitə rəhbərliyinin “qayğı”sı nəticəsində səhm paketini ələ keçirmiş şəxsə satılırdı.

Yüzlərlə belə faktlar var. Hər birinin əmək kollektivi 5-10 nəfərdən ibarət olan müəssisələrin bazasında ASC təsis olunması nə dərəcədə vacib idi?

Özəlləşdirilən dövlət müəssisələrinin işçilərinin sayına görə, SC və ya kiçik müəssisə formasında özəlləşdirilməsi müəssisə işçilərinin sayına görə müəyyənləşdirilir. Yuxarıda qeyd olunan müəssisələr işçilərin sayına və sahə mənsubiyyətinə görə kiçik müəssisə formasında özəlləşdirilməli idi. Bu da həmin müəssisələrin əmək kollektivlərinə satılmasını tələb edirdi. Bunun qarşısını amaq, müəssisələri istədikləri şəxlərə satmaq üçün Əmlak Komitəsinin rəhbərliyi 5-10 nəfərdən ibarət olan müəssisələrin bazasında səhmdar cəmiyyətlər yaradırdı.

Əmək kollektivləri üçün qurulan bu “tələnin” müəllifi isə o vaxt Dövlət Əmlak naziri vəzifəsində çalışan Fərhad Əliyev idi. Ancaq sonradan Kərəm Həsənov bu prosesi bir qədər də genişləndirdi.
Bu səbəbdən 2000-2010 cu illərdə yaradılmış 560 ASC-nin 29-da əmək kollektivi 10-15 %, 37-də 5-10 %, 222-də 1-5 %, 272-də isə 0-1 % qapalı abunə yazılışı səhmlərinin sahibi olmuşdur.
1kerem1
Diqqət edın: Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı təsdiq olunandan sonra 5-10 nəfərdən ibarət olan ASC-nin əmək kollektivinin qapalı abunə yazılışına Respublika Auksion Mərkəzində və onun formal olaraq fəaliyyət göstərdiyi Gəncədə, Sumqayıtda, Şirvanda, Qubada, Lənkəranda və Naxçıvanda yerləşən filiallarında cəmi 5 gün vaxt qoyuldu.

2000-ci ildə Milli Məclisdə Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun müzakirəsi zamanı deputatlar nə üçün bu müddət intervalına öz etirazlarını bildirmədilər?

Görəsən Milli Məclis üzvləri Azərbaycan Respublikasında dövlət əmlakının pay qoyuluşu ilə yaradılmış 60 birgə müəssisədə işləyən respublika vətəndaşlarının hüquqlarını qorumaq üçün həmin müəssisələrin nizamnamə kapitalının heç olmasa 5%-ni əmək kollektivinə güzəştlə verilməsi (özəlləşdirmə çekləri ilə) haqqında Qanun qəbul edə bilməzdimi ?

Nəyə görə Azərbaycan Respublikasının dövlət əmlakı hesabına nizamnamə kapitalı formalaşmış, yüzlərlə azərbaycanlı vətəndaş işləyən birgə müəssisədə onların 1 % də olsun mülkiyyət payları, hüquqları yoxdur?

Axı bu müəssisələr təsis olunduğu zaman 51 % və daha çox pay qoyuluşu Azərbaycan Respublikasının dövlət əmlakı hesabına olub. Həmin birgə müəssisələrdə işləyən əmək kollektivi üzvlərinin illərlə çalışdığı halda heç bir mülkiyyət hüququ olmamasını necə izah etmək olar?

Auksion Mərkəzində vətəndaşların hərraclarda iştirakının qarşısı necə alınırdı?
1auksion1
Keçmiş DƏN-in və 2001-ci ildə yaradılmış İqtisadi İnkişaf Nazirliyinin eyni rayondan və eyni şəxslərdən ibarət olan rəhbərliyi – Fərhad Əliyev, Kərəm Həsənov, Rüstəm Şahbazov hətta ixtisaslaşdırılmış çek hərracında iştirak etmək üçün Qanunla müəyyən olunmuş 5 günü də Azərbaycan əhalisinə çox görürdülər.
Hərracların keçirildiyi 5 gün ərzində Xətai rayonunda yerləşən Respublika Auksion Mərkəzində və onun yuxarıda qeyd olunan filiallarında əhalidən özəlləşdirmə çeklərini qəbul etməmək barədə rəhbərliyin tapşırıqlarına can–başla əməl edirdilər. Yalnız Naxçıvanda yerləşən filialda insanlara istədiyi müəssisəyə səhm yatırmaq üçün şərait yaradılırdı.

Bakıda və digər yerlərdə isə vətəndaşlar get-gələ salınır, heç bir təlimatda, əsasnamədə nəzərdə tutulmadığına baxmayaraq, onlardan şəxsiyyət vəsiqəsinin surəti tələb olunur, 1-2 ədəd özəlləşdirmə payından çox qəbul edilməyərək, süni məhdudiyyətlər qoyulurdu. Bu da içəri daxil ola bilənlərdən. Çünki əksəriyət heç hərraca yaxın buraxllmırdı.

Belə ki, hərraclar keçirilən gün Əmlak Komitəsinin rəhbərliyinin sifarişilə xüsusi pulla tutulmuş adamlar Auksion Mərkəzinin önündə süni növbə yaradırdılar. Bu növbələr isə hərrac bitənə qədər davam edir, insanların Auksion Mərkəzinə daxil olmasına imkan verilmirdi.
0ruste
Əgər vətəndaş tutaq ki, Saatlı rayonunda qeydiyyatdadırsa, ondan çek qəbul etməyib Şirvan şəhərinə göndərilirdi. Orda isə ya qapılar bağlı olur, ya da hərracın bitdiyi bildirilirdi… Bu bürokratik əngəllərə, saxtakarlıqlara dözməyən “dözümlü Azərbaycan xalqı” sonda özəlləşdirmə payını qara bazarda dəyər-dəyməzə Rüstəm Şahbazovun çek yığan dəllallarına satırdı.

Vətəndaşların “dəqiq, dürüst, qərəzsiz, obyektiv” ANS kanalının “İç Xəbər” proqramına müraciəti əsasında hazırlanmış şikayətlər, verilişlər son anda hansısa qüdrətli bir əlin göstərişi ilə efirə verilmirdi. Məqsəd çek hərracının keçirilməsi zamanı əhalinin özəlləşdirmədə iştirakının maksimum dərəcədə qarşısının alınmasından ibarət idi.

Hansı ki, dövlət əmlakının özəlləşdirilməsi prosesi keçirilən heç bir ölkədə dövlət qurumlarının öz millətinə qarşı bu cür saxtakarlıq, qanunsuzluq, haqsızlıq, ədalətsizlik, hüquqlarının pozulması hallarına rast gəlinməmişdir.

Bundan əlavə, çeklərin dövriyyədən çıxarılmasına nəzarət etmək üçün Fərhad Əliyevin əmri ilə Nəzarət Komissiyası yaradılmışdı. Komissiyanın üzvləri Mikayıl Cabbarov, Kərəm Həsənov, Rüstəm Şahbazov, Elçin Nadirov və Ağəli Əhmədov idi.

2000-2005-ci illərdə Respublika Auksion Mərkəzinin (RAM) baş direktoru işləmiş Ağəli Əhmədov yuxarıda göstərilən qanunsuzluqlarda xüsusi canfəşanlıq göstərirdi. Necə?

(ardı var)

Murad Məmmədov (AzPolitika.info)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar