Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Bolqarıstan prezidentlərindən bəyanat


Sentyabrın 19-da imzalanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev mətbuata bəyanatlarla çıxış etdilər


Prezidentlərin bəyanatını olduğu kimi təqdim edirik:


- Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə görməyə şadıq. İnanıram ki, Sizin səfəriniz ölkələrimiz arasındakı münasibətlərin inkişafına əlavə təkan verəcəkdir.

Biz Bolqarıstan ilə əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Ölkəniz bizim üçün Avropada etibarlı tərəfdaşlardandır və aramızda yüksək səviyyəli əməkdaşlıq mövcuddur.
Biz az öncə əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən birgə bəyannamə imzaladıq. Bu, ölkələrimiz arasında yüksək səviyyəli dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin sübutudur.

Burada iqtisadiyyat, enerji, mədəniyyət sahələri əks olunub. Eyni zamanda, bizim üçün çox vacibdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin nizamlanması da qeyd olunur və münaqişənin yalnız beynəlxalq hüquq, yəni dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsinin vacibliyi vurğulanır. Biz Bolqarıstana ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə görə təşəkkürümüzü bildiririk.

Biz bu gün əməkdaşlığın bütün aspektlərini müzakirə etdik. İnanıram ki, müzakirə etdiyimiz bütün məsələlər icra olunacaqdır. Artıq bir çox işlər görülüb, ancaq hələ də görüləcək işlərimiz çoxdur. Ölkələrimiz arasında əməkdaşlıq ikitərəfli əlaqələrimizin əhəmiyyətli hissəsini təşkil edir.

Sabah biz bir yerdə tarixi tədbirdə iştirak edəcəyik. “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi təşkil olunacaqdır. Bu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni səhifə olacaq və Azərbaycana öz təbii sərvətlərini Avropa bazarlarına nəql etmək imkanı verəcəkdir.

Şadam ki, Bolqarıstan “Cənub” qaz dəhlizi layihəsinin iştirakçısıdır. Bu, həm bizim üçün, həm də Avropa üçün vacib layihədir. Azərbaycan Bolqarıstana və gələcəkdə ölkənizin ərazisindən digər ölkələrə qaz nəql edə biləcəkdir. Çünki ixtiyarımızda olan böyük həcmdə qaz ehtiyatımız hesabına biz qaz təchizatının coğrafiyasını genişləndirərək Sizin qonşularınızı da əhatə edə biləcəyik.

Biz enerji təhlükəsizliyi məsələsində gələcək illərdə də fəal məsləhətləşmələr və əlaqələndirmə aparacağıq. Çünki sabahdan biz bir çox ölkələrin iştirakı ilə konkret işlərə başlayırıq. Burada əlaqələndirməyə və addımlarımızın lazımi şəkildə planlaşdırılmasına ehtiyac olacaqdır.
Biz “Cənub” qaz dəhlizi layihəsinin vaxtında və yüksək səmərəliliklə icra edilməsi məsələsinə sadiqik və şübhə etmirəm ki, bu, məhz belə də olacaqdır. Eyni zamanda, biz enerji sahəsində digər layihələri də nəzərdən keçirə bilərik və onları da məhz bu gün müzakirə etdik.

Sərmayə imkanları, tikinti sahəsində fəaliyyət və üçtərəfli formatda müxtəlif əməkdaşlıq imkanları vardır. Bir sözlə, enerji sahəsindəki əməkdaşlığımız şirkətlərimiz üçün mühüm layihələrdə əlavə imkanlar yaradacaqdır.

Biz, həmçinin qarşılıqlı sərmayə qoyuluşu məsələsini müzakirə etdik. Biz Bolqarıstandan Azərbaycana və Azərbaycandan Bolqarıstana sərmayə qoyuluşunu alqışlayırıq. Əminəm ki, bu da qarşılıqlı fəaliyyətimizə əlavə təkan verəcəkdir. Bundan əlavə, mən cənab Prezident vasitəsilə Bolqarıstan şirkətlərini Azərbaycana dəvət etdim. Burada müxtəlif infrastruktur layihələrinə də sərmayə yatırıla bilər, həm də bolqar şirkətləri ölkəmizdə podratçı kimi çalışa bilərlər.
Bir sözlə, siyasi əlaqələrimizin yüksək səviyyəsi və olduqca mehriban dostluq münasibətlərimiz işgüzar dairələr üçün əməkdaşlığın artırılmasına gözəl imkanlar yaradır.

Cənab Prezident, bu tarixi vaxtda bizimlə olduğunuza görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Sabah biz Azərbaycanın enerji sahəsinin inkişafı üçün müstəsna əhəmiyyətə malik hadisəni qeyd edəcəyik. Sizi bir daha salamlayıram və inanıram ki, əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Prezident Rosen Plevnelievin bəyanatı

- Cənab Prezident, əziz dostum.

Biz bu tarixi layihənin tərkib hissəsi olmaqdan çox şadıq. Bu, təkcə region üçün deyil, həm də Avropa və dünya üçün mühüm bir layihədir. Çünki hər bir ölkənin hüququ var ki, bir təminatçıdan asılı olmasın. Bu təminatın şaxələndirilməsi bu gün bir çox ölkələrin gündəliyində durur və imkan verir ki, ölkələr alternativ şəkildə inkişaf etsin. Alternativ qaz mənbələrinin təmin edilməsi bir çox ölkələr üçün strateji əhəmiyyət daşıyır və Sizin töhfəniz sayəsində enerji sahəsində təhlükəsizlik məsələsi də güclənmiş olacaq.

Biz “Cənub” qaz dəhlizi layihəsini ilk gündən dəstəkləmişik. İlkin mərhələlərdə bir çox işlər görülmüşdür. Sizə təşəkkür etmək istərdim ki, Siz yalnız gələcəyə baxışa malik olan dövlət başçısı deyilsiniz. Siz, eyni zamanda, layihənin üzərində şəxsən duraraq onun gündəlik icra edilməsi prosesinə nəzarət etmisiniz və artıq bu gözəl fəaliyyətin nəticəsinin şahidi olacağıq. Bu, yalnız siyasi bir tədbir olmayacaq. Biz artıq layihənin təməlini qoyuruq. Strateji əhəmiyyətə malik bu layihə Avropa üçün ən iri infrastruktur layihəsi olacaq. Bu, enerji təhlükəsizliyi baxımından da çox mühüm bir tədbir olacaq. Zənnimcə, Azərbaycanın simasında Avropa tərəfdaşları çox etibarlı dost qazanıblar.

Mən bu gün yalnız Bolqarıstan Prezidenti deyil, eyni zamanda, Avropa İttifaqına daxil olan dövlət başçısı kimi danışıram. Azərbaycan dost və tərəfdaş ölkədir və inanıram ki, biz yalnız enerji sahəsində deyil, - burada hər şey aydındır, - digər sahələrdə də birlikdə çalışacağıq. “Cənub” qaz dəhlizinə sərmayə qoyulacaq. Türkiyə Yunanıstan ərazisindən keçən birləşdirici layihələrdə iştirak edəcək. Biz Makedoniyada iş görürük, Serbiyada tikinti başlanılacaq. Bununla da biz regional qovşaq rolunu oynamağa hazırıq və Azərbaycanın sərmayəsini ölkəmizdə görməkdən çox şad olardıq. Biz cənab Prezidentlə bunu müzakirə etdik. Bir sıra memorandumlar imzalanacaq ki, bu, əziz dostlar, bizim əməkdaşlığımıza xidmət edəcəkdir.

Bizim ölkələrimiz arasında dostluq və etibarlı tərəfdaşlıq münasibətləri var. Bu, zənnimcə, digər ölkələr üçün də nümunəvi tərəfdaşlıq ola bilər. Biz sülh şəraitində inkişafın, eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsinin tərəfdarıyıq və inteqrasiyanı dəstəkləyən ölkəyik. Biz yalnız boru kəmərlərini müzakirə etmirik. Biz digər layihələri - dəmir yolu, dəniz limanları və digər strateji infrastruktur layihələrini müzakirə etdik. Hər iki ölkənin strateji-coğrafi yerləşməsi vardır. Avropanı Çinə qədər, Çini Londona və Avropanı Asiyaya birləşdirəcək yerləşməmiz vardır. Birgə əməkdaşlıq nəticəsində Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan həqiqətən də sözün əsl mənasında, dünya ticarətinin 70 faizinə xidmət edən bir qovşaq ola bilər.

Bizim bir sıra yeni layihələrimiz var. Amma bu, həqiqətən də dostlar arasında olan münasibətdir. Biz gələcək layihələri müzakirə etdik. Biz çox şadıq ki, sabah çox önəmli bir tədbirdə iştirak edəcəyik. Amma biz yalnız burada qonaqpərvərlikdən həzz almağa gəlməmişik. Bu, 20 il ərzində, cənab Prezident, Sizin gələcəyə baxışınız nəticəsində ərsəyə gəlmiş bir layihədir və digər yeni layihələr artıq masa üzərindədir. Dəmir yolu, qaz, elektrik təchizatı baxımından Bolqarıstan investorları bu layihələrdə çalışmağa hazırdırlar. Ölkənizdə münbit biznes ab-havası var, xüsusilə əczaçılıq, istehlak elektronikasının istehsalında. Digər tərəfdən də müdafiə sənayesi məsələsində bir çox layihələr ola bilər ki, biz yaxından əməkdaşlıq edə bilərik. Mən çox şadam ki, təkcə prezidentlər arasında deyil, xalqlarımız arasında dostluq mövcuddur. Çünki Azərbaycan və Bolqarıstan xalqları bir araya gəldikdə biz xalqlarımızın iradəsinə əsasən hərəkət edirik. Biz yaxınlaşmalıyıq, əməkdaşlığımızı genişləndirməliyik. Bu səbəbdən də, cənab Prezident, dəstəyinizə görə Sizə təşəkkür edirəm.(azertac)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar