Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan təmas xəttində ATƏT müşahidəçilərinin yerləşdirilməsinə razılıq verəcək?

Eldar Namazov: “Əgər sülh prosesi başlanmasa, ermənilər Azərbaycan torpaqlarının azad edilməsinə razılıq verməsə, orada çoxsaylı müşahidəçilərin yerləşdirilməsi mənasızdır və bu da Azərbaycanın maraqlarına ziddir”


İlqar Vəlizadə: “ ATƏT-in Minsk qrupu da ikinci dərəcəli məsələlərə daha çox diqqət yetirirlər və əsas məsələ kənarda qalır ”.

Yanvarın 18-də AzərbaycanErmənistan xarici işlər nazirlərlərinin görüşündən sonra Minsk Qrupunun həmsədrləri belə bir bəyanatla çıxış etdilər ki, görüşdə nazirlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi aparatının səlahiyyətinin genişləndirilməsi və atəşkəs rejimini monitorinq edən ofis əməkdaşların sayının artırılması ilə bağlı həmsədrlərin nəzərdən keçirdiyi konseptual sənəd barəsində prinsipial razılaşma əldə edib. Bu məsələyə Xarici işlər naziri Elmar Məmmədyarov “kreativ” yanaşdı. Əgər Azərbaycan bu razılaşmanı qəbul etsə, bu 25 il ərzində Azərbaycana qəbul etdirilən ilk razılıq-saziş olacaq. Həmçinin Azərbaycan  bu məsələyə  razılıq verirsə, o zaman indiki status-kvo ilə faktiki olaraq razılaşır və Ermənistana edə bildiyi minimum təsir və təzyiqləri də heçə endirir. Ermənilərin işğal etdikləri torpaqlardan dinc yolla çıxmaq fikirləri yoxdur. 

Fevralın 1-də isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan İtaliyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfano ilə görüşüb. S. Lavrov bildirib ki, görüşdə Ukraynanın cənubunda, Dnestryanı və Dağlıq Qarabağ bölgələrində münaqişələrin həlli, habelə Cənubi Qafqazda sabitliyə dair Cenevrə müzakirələrində ATƏT-in həmsədrlik məsələləri müzakirə olunub. Görüşdən sonra Rusiyanın xarici işlər naziri bildirib ki, o,  Qarabağda atəşkəsin qorunması üç1n ATƏT-in müşahidəçilərinin sayının artırılmasına ümid edir. 

Son günlərdə xarici işlər nazirləri səviyyəsində danışıqların surətlənməsi fonunda demək olarmı ki, Azərbaycan təmas xəttində ATƏT müşahidəçilərinin yerləşdirilməsinə razılıq verəcək?   

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Azərbaycan Naminə” İctimai Forumun prezidenti, politoloq Eldar Namazova və politoloq İlqar Vəlizadəyə müraciət edib.

Image result for eldar namazov


Eldar Namazov: “Təmas xəttinə əlavə müşahidəçilərin yerləşdirilməsi siyasi danışıqlarda konkret irəliləyişlərlə bağlı olmalıdır”


Azərbaycan irəli sürdüyü mövqedən geri çəkilməyəcəyini vurğulayan politoloq Eldar Namazov PİA.AZ-a açıqlamasında bildirib ki, danışıqlarda hər hansı bir irəliləyiş olmasa, müşahidəçilərin sayını artırmaq düzgün deyil:

“Təmas xəttində ATƏT müşahidəçilərinin yerləşdirilməsinə dair məsələdə Azərbaycanın mühüm bir şərti vardı. Yəni təmas xəttinə əlavə müşahidəçilərin yerləşdirilməsi siyasi danışıqlarda konkret irəliləyişlərlə bağlı olmalıdır. Əgər sülh prosesi başlanmasa, ermənilər Azərbaycan torpaqlarının azad edilməsinə razılıq verməsə, orada çoxsaylı müşahidəçilərin yerləşdirilməsi mənasızdır və bu da Azərbaycanın maraqlarına ziddir. Ona görə ki, bu məsələ yaranmış status-kvonu bu gün dondurmaq deməkdir. 

Mən düşünürəm ki, Azərbaycan irəli sürdüyü mövqedən geri çəkilməməlidir. Danışıqlarda hər hansı bir irəliləyiş olmasa, müşahidəçilərin sayını artırmaq düzgün deyil”.



Image result for ilqar vəlizadə

İlqar Vəlizadə: “Belə başa düşmək olar ki, təmas xəttində əlavə ATƏT müşahidəçilərinin yerləşdirilməsi məsələsi artıq həll olunub”.


Azərbaycanın əsas məqsədi ikinci dərəcəli məsələlərin əsas məsələyə təsir etməməsi olduğun qeyd edən politoloq İlqar Vəlizadə əlavə edib ki, təmas xəttində əlavə ATƏT müşahidəçiləri yerləşdiriləndən sonra Azərbaycan israrlı olmalıdır ki, artıq əsas məsələ haqqında danışıqlar getsin:

“Belə başa düşmək olar ki, təmas xəttində əlavə ATƏT müşahidəçilərinin yerləşdirilməsi məsələsi artıq həll olunub. Çox güman ki, Azərbaycan bu məsələ ilə bağlı razılığını verib. Bildiyimiz kimi erməni tərəfi həmişə vurğulayırdı ki, bizim təklifimiz təmas xəttində əlavə ATƏT müşahidəçilərinin yerləşdirilməsidir və Azərbaycan da bu təklifi rədd edir. Təhlükəsizlik məsələləri təmin olunmadığına görə də digər məsələləri biz müzakirə edə bilmərik. Artıq Azərbaycan tərəfi razılıq verdi və təmas xəttində əlavə ATƏT müşahidəçiləri gələcəklər. Amma maraqlı məsələ budur ki, bundan sonra Ermənistanın bəhanəsi nə olacaq? 

Azərbaycanın əsas məqsədi odur ki, ikinci dərəcəli məsələlər əsas məsələyə təsir etməsin. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu da ikinci dərəcəli məsələlərə daha çox diqqət yetirirlər və əsas məsələ kənarda qalır. İkinci məsələ olan, təmas xəttində əlavə 2-3 nəfərin ATƏT-in müşahidəçi qismində iştirakı, problemdə vəziyyəti dəyişməyəcək. Bu məsələ həll olunduqdan sonra Azərbaycan israrlı olmalıdır ki, artıq əsas məsələ haqqında danışıqlar getsin. Gündəmdə olan əsas məsələ də bunlardir: 

1. Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması. Burada müxtəlif sayda ərazilərdən söhbət gedir. Yəni kimsə 3, kimsə də 5 rayon deyir. Amma çox güman ki, 5 rayonun azad edilməsindən söhbət gedəcək.

2. Qaçqınlar öz torpaqlarına qayıtmalıdır.

3. Tərəflər arasında təhlükəsizlik təminatı verilməlidir və s.

İndi bu məsələlər əsas müzakirə mövzusu olmalıdır”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar