Çərşənbə, 20 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Azərbaycan müxalifəti yeni erməni liderindən danışdı


Sərdar Cəlaloğlu: “Paşinyan siyasi cəhətdən kor olduğunu sübuta yetirir”; Natiq Cəfərli: “Qarabağ münaqişəsi baxımından daha sərt mövqe tutacağı görünür”


Ermənistanda əhalinin etirazı nəticəsində cinayətkar Serj Sərkisyan istefa verdi və Nikol Paşinyan  baş nazir postuna gətirildi. Paşinyan hakimiyyətə gələndən sonra onunla bağlı Azərbaycan ekspertləri müxtəlif fikirlər səsləndiriblər. Bəs ölkə müxalifətinin nümayəndələri onunla bağlı nə düşünürlər?

VİP sədri Əli Əliyev bildirib ki,  Ermənistan hakimiyyətində olan dəyişikliyin Azərbaycana heç bir faydası ola bilməz: “O baxımdan ki, xüsusən demokratik yolla, xalqın səsi ilə hakimiyyətə gəlmiş erməni siyasətçiləri bütün hallarda öz xalqlarının maraqlarını qoruyacaqlar. Erməni maraqlarının qorunması o deməkdir ki, onlar işğal edilmiş torpaqlarımızı qaytarmayacaqlar.

Eyni zamanda yurd-yuvasından edilmiş vətəndaşlarımızın da öz dədə-baba torpaqlarına dönməsinə imkan verməyəcəklər. Hazırkı hakimiyyət komandası  daha çox Qərb yönümlüdür. Onların niyyəti isə Ermənistanı Qərbə doğru aparmaqdır. Əslində Sərkisyan da bu işi başlamışdı. Bunlar da davam edəcəklər. Belə olan halda Ermənistanın Rusiya ilə münasibətlərinin gərginləşməsi anından istifadə etməyə çalışmalıyıq. Bunun isə baş tutub-tutmayacağı hələ bilinmir”.

REAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli isə vurğulayıb ki, Sərkisyan rejimi Ermənistanda tarixə gömülməsi pozitiv hadisədir: “Çünki o adamın əli Xocalıda azərbaycanlıların qanına batmışdı. Terror hadisələrində birbaşa günahkar şəxslərdən biri idi. Belə bir şəxsin Ermənistan rəhbərliyindən kənarlaşmasını pozitiv hal kimi dəyərləndirmək olar. Ermənistan cəmiyyəti artıq həmin ölkədə olan korrupsiya rejimindən, yerlibazlıqdan bezmişdi. Bunun təpkisi də hakimiyyət dəyişikliyi ilə nəticələndi. Paşinyanın ilkin bəyanatlarından belə məlum olur ki, o, öz ölkəsi üçün çox şey etmək istəyir. Lakin onun Dağlıq Qarabağ münaqişəsi baxımından daha sərt mövqe tutacağı da görünür. Çünki o, xalq hərəkatı dalğasında hakimiyyətə gəlib. Hərəkat ərəfəsində hakimiyyətə gəlmiş şəxslər isə bu kimi məsələlərdə daha radikal və sərt mövqedə durmaqda israrlı olurlar. Dünyanın hər yerində belə bir proses baş verəndə bunu görmüşük. Onun son bəyanatlarından bunu da görürük ki, o, dünyaya daha çox açılmağı, Ermənistanı yeni bir mərhələyə çıxarmağı düşünür. Əgər doğrudan da bu yöndə verdiyi bəyanatlarda səmimidirsə, Ermənistanın inkişafı, onun işğalçılıq siyasətinə son qoymasından asılıdır. Yəni Azərbaycanla, Türkiyə ilə münasibətlər düzəlməsə, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmasa Ermənistana ciddi investisiyaların gələcəyini düşünmürəm. Paşinyan verdiyi vədləri yerinə yetirmək üçün Dağlıq Qarabağ münaqişəsində daha adil davranmalı və işğala son qoymalıdır. Xalq kütləsinin çiynində hakimiyyətə gələcək bir şəxsin Dağlıq Qarabağ münaqişəsində güzəştə gedəcəyini düşünmək də sadəlövhlük olar. Açığı, bizi daha çətin bir danışıqlar dövrü  gözləyir. Düşünürəm ki, Paşinyanın hakimiyyəti dövründə danışıqlar daha da sərt keçəcək”.

ADP sədri Sərdar Cəlaloğlu isə bunun əksini düşünür:

“Türkiyə bir küçəsi boyda dövlətlə əlaqə yaratmaq naminə milyardlarla xeyir götürdüyü və qan qardaşı, strateji müttəfiqi olan Azərbaycanın maraqlarını heç vaxt qurban verməz. Məhz bu faktın özü Paşinyanın siyasi cəhətdən kor olduğunu sübuta yetirir. Bu gün hətta Paşinyanın ağası, Ermənistanın hamisi olan Rusiyanın Türkiyənin dəstəyinə ehtiyacı varsa, Paşinyan Azərbaycana meydan oxuduğu halda Türkiyə ilə dost olmaq istəyirsə, bu, o deməkdir ki, bu adam normal düşüncə tərzinə malik deyil, ağılsız biridir”.

AG Partiya lideri Tural Abbaslı hesab edir ki, Paşinyanın digər erməni liderlərindən heç bir fərqi yoxdur: “Mənim üçün hamısı eyni tip xarakterli siyasətçilərdir. Çünki mənim onlara olan münasibətim, onların Azərbaycana, Qarabağ məsələsinə münasibətləri ilə ölçülür. Düşünmürəm ki, Paşinyan Sərkisyandan fərqli olaraq Azərbaycana görə hansısa dövlət marağında güzəştə getsin. Bir məsələdə fərqli ola bilər ki, Paşinyan Avropaya istiqamətlənən işlər görə bilər. Bu zaman isə ola bilər ki, Ermənistanın iqtisadiyyatı bu və ya digər formada düzələr, idarəçilikdə korrupsiya aradan qalxar. Bu isə Ermənistanın güclənməsinə səbəb olar. Burada bir məsələ də var ki, Paşinyan bu addımı atarsa, o zaman illərdir ki, Ermənistanı saxlayan Rusiya ilə arası dəyər. Hesab edirəm ki, Ermənistanın Avropadan qazanacağından daha çox Rusiyadan itirəcəkləri onu ziyana sala bilər.

Gözləntimiz odur ki, Paşinyanın Rusiya ilə arası dəyərsə və bundan da Azərbaycan hökuməti istifadə edə bilərsə, o zaman Qarabağ münaqişəsi mövzusunda bizim xeyrimizə hansısa dəyişiklik ola bilər. Başqa hallarda isə utopik fikirlərdə deyiləm ki, bu adam demokratdır və məsələyə demokratik formada yanaşacaq və sairə. Məncə hələ Paşinyan da özü üçün dəqiqləşdirməyib ki, o, nə etməlidir. Müxalifətdə olan zaman ”Rədd olsun Rusiya" demək asandır. Çünki heç bir məsuliyyətin, öhdəliyin yoxdur. Bu gün isə baş nazirsənsə, deməli, xalq qarşında öhdəliyin, məsuliyyətin var. Paşinyan artıq hiss edir ki, “Rədd olsun Rusiya” şüarını qışqırmaq o qədər də asan deyil. Güman edək ki, Paşinyan yanlış qərarlar verər və Azərbaycan da bu fonda Qarabağla bağlı hansısa irəliləyişlər əldə edə bilər".(“Yeni Müsavat”)

pia.az
Etiket:
loading...