Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan məmuru nə üçün var?


“Sınıq abzas” layihəsində Gülşən Şərif yazır


Həftənin ən böyük etirafını, həm də səmimi etirafını Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov edib. Vüsal bəy tam səmimiyyəti (hətta demək olar ki, aşırı səmimiyyəti) ilə bildirib ki, müxalifətçilərin porno videolarının yalnız mətnini o yazıb. Hər kəs etiraf etməlidir ki, Vüsal bəy doğrudan da həm çox böyük cəsarət, həm də çox böyük yeni keyfiyyətli dəyər nümayiş etdirib. Hər kəs onu da etiraf etməlidir ki, bu tip yeni keyfiyyətli dəyərə Azərbaycanda hər kəs sahib olsa, onda bizim sosioloji, patoloji və s. problemlərimiz qalmaz. Sudan duru insanlar olarıq, vallah. Vüsal bəyin başqa bir etirafını da yazmadan bu abzası sındıra bilməyəcəm. Vüsal bəy qeyd eləyib ki, 30 yaşına qədər İslam dinini namaz qıla-qıla qazıb. Apardığı faydalı qazıntıdan tapıntısı bu olub ki, ateist olmaq Allaha ən yaxşı bəndə olmaqdır....

***

Avropa parlamentində hökumət üçün xüsusi lojalar mövcuddur. Ancaq Azərbaycan parlamentində hökumət nümayəndələri üçün xüsusi loja yoxdur”. Bu sözləri də Yeni Azərbaycan Partiyasının - həmişəki kimi hakim partiyanın adı bütöv yazılarkən, mötərizə içində YAP yazılır -  sədr müavini, icra katibi, baş nazirin müavini Əli Əhmədov qəzəbini öz müavini Siyavuş Novruzovun üstünə tökərkən bildirib. Belə ki, büdcəyə düzəlişlərin edilməsi müzakirəsinə hökumət üzvlərinin qatılmamasına etiraz edən Siyavuş Novruzovun iradlarına qarşı YAP-ın sədr müavini, icra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib ki, Milli Məclisdə hökümətin oturmağa yeri yoxdur. “Siz Milli Məclisin son plenar iclasında hökumət üzvləri üçün nəzərdə tutulan boş yerlər gördünüzmü?”, deyə YAP-ın sədr müavini, icra katibi, baş nazirin müavini Əli Əhmədov sual edib. Üstəlik Milli Məclisin rəhbərliyi hökumətə dəvətnamə də  yollamayıb. Dəvətnamə yollasaydı, bəlkə də hökümət ayaq üstündə olsa da, müzakirələrə qatılardı...

***

Mətbuatın yazdığına görə, Ucar rayon Maliyyə şöbəsinin müdiri Yusif Bəkirov elə Ucar rayonunun uşaq bağçalarına çörəyin birini 0,60 manatdan satır. Və yenə də mətbuatın yazdığına görə, Yusif Bəkirov uşaqlara yedizdirdiyi vaxtı keçmiş ərzaqlar hesabına 50 hektar torpaq sahəsinə, hektarlarla nar bağına, bahalı kənd təsərrüfatı texnikalarına, 500 başdan çox mal saxlanılan fermaya, yaşadığı Qaracallı kəndinin girişində Bakı-Qazax yolunun kənarında yerləşən “Ailə Market”ə, “Nur Kafe” restoranına, çörəkbişirmə sexinə, bahalı avtomobillərə, villalara və sairə sərvətlərə sahib olub. Bu öz yerində… Hələ üstəlik mətbuat yazır ki, Yusif Bəkirov uşaqların sağlamlığına da ziyan vurub. Mənim anlamadığım odur ki, mətbuat bu tipli məlumatları yaymaqla nə demək istəyir? Burada qeyri-adi nə var ki?! Azərbaycanın bu normal halı bəzi mətbu orqanlarının niyə xoşuna gəlmir? Azərbaycan məmuru nə üçün var? Azərbaycan məmuru dövləti talan etmək və gələcəyimizi məhv etmək üçün deyilmi?!...

***

AXCP şinelindən bir parça cırıb, (bəlkə də bu AXCP-nin sonuncu parçasıdır) bürünən Razi Nurullayev iddia eləyib ki, Azərbaycanda vətəndaşlar bankların köləsi kimi yaşayırlar. Razi bəy bir az uğursuz müqayisə aparıb. Birinci ona görə ki, Razi bəy Azərbaycanı demək olar ki, quldarlıq dönəmi ilə eyniləşdirib, ki, bu Azərbaycan adına beynəlxalq miqyasda kölgə salmaq deməkdir. Təbii ki, biz Razi bəyin bunu qəsdən etdiyinə inanmırıq və belə bir iddiadan da çıxış etmirik. Amma sabah AŞ PA-da, başqa yerlərdə  Razi bəyin bu fikrinin ucundan tutub ucuzluğa getsələr nə olacaq? Razi bəy Azərbaycan vətəndaşlarını Azərbaycan banklarının təhkimli müştəriləri kimi təqdim etsəydi, daha dürüst mənzərə yaratmış olardı, məncə. İkincisi, Razi bəy böyük inamla «biz cəngəllikdə yaşamırıq» söylədiyi zamanda da hər halda səhvə yol verib. Çünki biz məhz cəngəlikdə yaşayırıq. Bunun isbatı elə Razi bəyin son çıxışında özünü təsdiq edir…

***

Həftənin ən gözlənilməz hadisəsi İlhamə Quliyevanın vaxtsız şəkildə vəfat etməsi oldu. Allah rəhmət eləsin. Başımız sağ olsun. İtkimiz böyükdür...

***

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Rusiyanın Ermənistana ağır hərbi texnika və silah satmasını şərh edərkən bildirib ki, Rusiya ikili standartlarla oynayır. Məncə, bu ikili standart məsələsinin Rusiyaya aid olunması yanlış fikirdir. Çünki "ikilistandart" standartı ABŞ-a aiddir. Rusiya kimi dövlətlərin minimum 5-6 standartı var. Bu arada Putinin Ərdoğanı diktator adlandırması da yeni standartdır. Amma Putinin Ərdoğanı diktatorların hansı standartına aid etməsi bəlli deyil. Çünki Putinin özünü  hansı diktator standartına aid etməsi də bəlli deyil. Putin öz standartını müəyyənləşdirsə, təbii olaraq, bir çox standartların standartı öz-özünə aydınlaşacaq...

*** 

Deyirlər ki, Bakı-Sumqayıt yolunda yaşıllıq təpəcikləri yığışdırılacaq. Çünki Ziya Məmmədovun başa bəla, gözlərə dağ, astarı üzündən baha “Avtovağzalı”nın çökməsinə, həmçinin Bakı-Sumqayıt yolunda çatların əmələ gəlməsinə səbəb olub. Sözü gedən təpəciklər Bakı-Sumqayıt yoluna ağırlıq verib, yolun çiyinləri ağırlığa tab gətirməyib, çatlayıb və nəticədə Ziya Məmmədovun başa bəla, gözlərə dağ, astarı üzündən baha “Avtovağzalı” sürüşərək çöküb....

***

Mədəniyyətimizin və turizmimizin naziri Əbülfəs Qarayev İlhamə Quliyevanın da adını şəhidlər siyahısına yazmağa cəhd göstərib. Yəqin ki, İlham xanım sağlığında yatıb yuxusunda da görməzdi ki, ona şəhid deyəcəklər. Amma, məncə Əbülfəs müəllimi də başa düşmək lazımdır. Çünki mərhumə son 10-15 ildə həyatını bağışlamaq istəyirdi. Yəqin elə buna görə, yəni İlhamə xanımın son 10-15 ildə göstərdiyi təmənnasız fədəkarlığı nəzərə alaraq, Əbülfəs müəllim onu şəhidlər sırasına almaq istəyib. Ona görə də hər kəsi Əbülfəs müəllimi başa düşməyə dəvət edirəm. Biz Əbülfəs müəllimi başa düşməliyik ki, milli birliyimiz olsun. Qaldı ki, İlhamə xanımın şəhidliyinə, qanuna dəyişiklik edib, şəhidlik statusuna bir neçə maddə əlavə etmək mümkündü, və məncə, bu elə də çətin bir iş deyil. Misal üçün, İlhamə xanımı fikir şəhidi elan etmək olar...

***

Bu həftənin əsas qəhrəmanlarından biri Siyavuş müəllim Novruzovdur, (İlhamə xanımdan sonra). Siyavuş bəy bu həftə öz şefi Əli Əhmədovu qəzəbləndirməklə yanaşı,  Əli Kərimlinin cinini təpəsinə çıxarıb və yəqin ki, verdiyi sözü tutsa, Əli Kərimlinin cini təpəsindən düşməyəcək. Zarafat deyil, hakim partiyamızın dili-ağzı olan Siyavuş müəllim deyib ki, onlarda “Əli Kərimli ilə iqtidar nümayəndələri arasında baş tutan danışıqları sübuta yetirəcək həm foto, həm də videogörüntülər var”. Bunun qarşısında Əli Kərimli cınqırını da çıxarmır. Yəqin ona görə ki, cinləri təpəsinədədir. Amma mənim üçün maraqlı olan Əli bəyin təpəsinə çıxan cinlər deyil. Maraqlı odur ki, Əli bəyin xəyanət filmində hakim partiyadan rol alan, həmin filmin rejissoru və operatoru kimdir? Məncə hakim partiyanın aktyoru Avropadan siyasi sığınacaq almışlardan biri, rejissoru isə həbsxanada olan generallardan biri olacaq.

***

50 ildir dünyanın hər yerini gəzən korifey sənətkarımız Zeynəb xanım Xanlarova son illər Azərbaycana yolu düşəndə əsəbiləşir və qorxur. Qorxur ki, xalq ayağa qalxar. Çünki “Nardaran camaatı sən öləsənə, mən öləsənə, baxmır”. Milli Məclisdə narahatlığını dilə gətirən Zeynəb xanım sözünü açıq deyib və bütün qəzəbini dənizi xalqın əlindən alan, başda Cahangir Əsgərov olmaqla məmurların üstünə töküb. Amma mən inanmıram ki, başda Cahangir Əsgərov olmaqla, məmurlarımız Zeynəb xanımın sözündən utanıb dənizin üzünə hicab kimi çəkdikləri hasarları sökələr. Adım kimi əminəm ki, sökməyəcəklər. Çünki dəniz naməhrəm sevmir. Dörd tərəfində müsəlman yaşayan Xəzər dənizi heç sevmir...

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar