Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan idmançıları 2016-cı ili 837 medalla başa vurublar


Yola saldığımız 2016-cı il Azərbaycanda digər istiqamətlərlə yanaşı, idman sahəsində də möhtəşəm uğurlarla tarixə yazıldı


Belə ki, təkcə bir il ərzində Azərbaycan dünyanın ən mötəbər idman yarışlarından olan Formula-1 Avropa Qran-prisinə, 42-ci Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi etməklə yanaşı, Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya və XV Paralimpiya oyunlarında böyük uğurlar qazanaraq, idman ölkəsi olduğunu bir daha dünyaya sübut etdi.

2016-cı ildə Azərbaycan idmançıları mötəbər beynəlxalq turnirlərdə ümumilikdə 837 medal qazanıblar. Bu medallardan 297-si qızıl, 250-si gümüş, 290-ı isə bürüncdür. Ötən illə müqayisədə medalların sayında artım müşahidə olunur. Belə ki, 2015-ci ildə bu rəqəm 823 olub.

Ötən il respublikamızda fəaliyyət göstərən federasiyalarla birlikdə Azərbaycanda 200-dən çox yarış təşkil olunub. Cari ildə Azərbaycan 52 beynəlxalq turnirə yüksək səviyyədə ev sahibliyi edib. İdmanın müxtəlif növləri üzrə yığma komandaların hər biri 12 gündən az olmayaraq, 100-dən çox təlim-məşq toplanışında iştirak ediblər. Bu göstərici də ötən illə müqayisədə xeyli yaxşıdır.

Cari ilin avqustunda dünyanın diqqəti Rio-de-Janeyroya – dördilliyin zirvə yarışı olan Yay Olimpiya Oyunlarına yönəldi. Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatıldı. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çox idi. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom üzrə yarışlarda ilk dəfə təmsil olundu. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı idi. Lakin buna baxmayaraq, XXXI Yay Olimpiya Oyunları Azərbaycan üçün uğurlu oldu. “Rio-2016”da Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazandı. Medalların sayına görə Azərbaycan komandası 14-15-ci yerləri bölüşür. Bu göstərici üzrə yığma komandamız Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet İttifaqı respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdədir.

Qeyd edək ki, Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışlarında 3 hakimlə də təmsil olunub.

Sentyabrda Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında Azərbaycanın 24 idmançısı mübarizəyə qoşuldu. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanmışdılar. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə apardılar. Milli komandamız uğurlu nəticə göstərərək 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla, ümumilikdə, 11 medal əldə etdi. Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.

Ötən ilin iyununda Azərbaycan növbəti mötəbər yarışa – Formula-1 Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi edərək dünyanın diqqətini yenidən özünə cəlb etdi. Dünyada Olimpiya Oyunları və futbol üzrə dünya çempionatlarından sonra ən çox tamaşaçı auditoriyasına sahib olan bu mötəbər idman yarışı Bakıda yüksək peşəkarlıqla təşkil olundu. Dünyanın ən məşhur Formula-1 pilotlarının ölkəmizdə bir araya gəlməsi Azərbaycanın idman uğurunun növbəti təntənəsi idi. Azərbaycan ilə yanaşı, dünyanın 21 ölkəsində təşkil olunan Formula-1 yarışı ölkəmizin tanıdılması, turizm potensialının inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində növbəti mühüm addım oldu. Bir saat 32 dəqiqə 52 saniyə davam edən yarışda bolidlər Bakı trassında 6 kilometr məsafədə 51 dövrə vurdular. Formula-1 Avropa Qran-prisi “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberqin qələbəsi ilə başa çatdı. İkinci yeri “Ferrari”nin pilotu Sebastian Fettel, üçüncü yeri isə “Force İndia”nın sürücüsü Serxio Peres tutdular.

Formula-1 yarışının ölkəmiz üçün əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Formula-1 yarışının keçirilməsi bir daha ölkəmizin qüdrətini göstərdi. Çünki Formula-1 yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı da uğurla keçirmişik. Formula-1 yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxmışlar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görübdür. Təsadüfi deyil ki, biz də bunu nəzərdə tuturduq, planlaşdırırdıq ki, bu yarışdan sonra ölkəmizə gələn turistlərin sayı dəfələrlə artacaq və artıb”.

Geridə qoyduğumuz ildə Azərbaycanın ev sahibliyi ən mötəbər yarışlardan biri də 42-ci Ümumdünya Şahmat Olimpiadası oldu. Sentyabrın 1-14-də “Baku Crystal Hall”da təşkil olunan olimpiada Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşüb. Bu mötəbər yarışda iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə apardı. Bu, iştirakçı ölkələrin sayına görə olimpiada tarixində rekord göstərici idi. Azərbaycan Şahmat Olimpiadasında üç qadın və üç kişi komanda ilə təmsil olunurdu.

On bir turdan ibarət yarışlarda kişilərin mübarizəsində aktivində 20 xal olan ABŞ millisi çempion adını qazandı. Eyni xala malik Ukrayna isə ikinci yeri tutdu. Rusiya millisi isə 17 xalla bürünc medal qazandı. Hesabında 15 xal olan əsas komandamız yarışı 12-ci sırada tamamladı. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb. Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazandılar. Hesabında 17 xal olan Polşa ikinci, Ukrayna isə üçüncü pillədə yer aldı. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurdu. On üç xal toplayan üçüncü komandamız 30-cu, ikinci yığmamız isə 32-ci oldu.

Azərbaycanın yüksək təşkilatçılığı bacarığı hələ 2015-cil birinci Avropa Oyunlarına ev sahibliyi etdiyi zaman dünya ictimaiyyəti tərəfindən qəbul olunmuşdu. “Bakı-2015”in Olimpiya Oyunları səviyyəsində keçirilməsi beynəlxalq qurumların da diqqətində yayınmamışdı. Avropa Oyunlarının standartlarının məhz ölkəmizdə yaradıldığı heç kimdə şübhə doğurmur. Öz işinə peşəkarlıqla yanaşan komandanın əməyi, bütün dünyanı heyrətləndirən möhtəşəm açılış və bağlanış mərasimi uzun illər boyu Azərbaycan paytaxtını yaddaşlardan silinməyə imkan yaratmayacaq. Təbii ki, ölkəmizin idman sahəsindəki uğurları davam etməkdədir. Belə ki, gələn il Bakı IV İslam Həmrəyliyi Oyunlarına, Formula-1 Azərbaycan Qran-prisinə, qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək. İslam Həmrəyliyi Oyunlarında dörd minədək atlet idmanın 21 növü üzrə yarışlarda mübarizə aparacaq.

Beləliklə, ötən il ölkəmizin idman uğurlarına nəzər salsaq, Azərbaycanın 2016-cı ili də yüksək nailiyyətlərlə başa vurduğunu tam əminliklə deyə bilərik. Bu isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsinin əyani sübutudur. Azərbaycanın ildən-ilə artan uğurları gələn ilin də ölkəmizin idman həyatı üçün uğurlu olacağını deməyə əsas verir(azərtac).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar