Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ədəbiyyatının “Səməndər quşu” – Sabir


Nərminə Umudlu “Unudulmayacaq Azərbaycan korifeyləri” layihəsini təqdim edir.


“Mirzə Əlkbər Sabir öz zəhmətinin, əməyinin mükafatını vicdanından alırdı”.
Abbas SƏHHƏT

“Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm 

Əgər ömür vəfa etsəydi sümüklərimi də xalqımın yolunda qoyardım…”

Bu sözlərin müəllifi böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirdir. O, satirik şeir məktəbi yaratmaqla çoxşaxəli yaradıcılıq yolu keçib. Sabir klassik lirika ənənələri əsasında yazdığı şeirlərlə yanaşı, mənzum hekayələr, satiralar, uşaq şeirləri, mərsiyələr, qəzəllər, felyetonlar, məqalələr də qələmə alıb. 

Ədəbiyyatımızda özünəməxsus yaradıcılıq metodu, dəst-xətti olan bənzərsiz sənətkarlardan biri olan Mirzə Ələkbər Sabir bütün ömrünü xalqın, millətin mədəni və ictimai geriliyindən doğan ciddi problemlərə, mənəvi böhranlara, əxlaqi naqisliklərə həsr edib. O, şeirlərindəki sehrin qüvvətinin köməyi ilə milləti cəhalət, qəflət yuxusundan oyatmağa, onlara öz hüquqlarını tanıtdırmağa çalışıb. Sabun bişirib satmaqla ailəsini dolandıran şair bu peşəsinə belə satirik don geyindirməyi bacaran şairlərimizdəndir.

Əzablı həyatın başlanğıcı

Sabirin atası Zeynalabdin kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə din xadimi kimi görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoyub. Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən döyülürdü. Atası isə oğlunu oruc tutmağa, namaz qılmağa məcbur edirdi. Sabiri sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı həqiqət çox təsirli ifadə olunur: “Tutdum orucu irəmazanda, Qaldı iki gözüm qazanda, Mollam da döyür yazı yazanda”.

Hacı Seyid Əzim Şirvani bir neçə ziyalı bəylərin köməkliyi ilə Şamaxıda bir məktəb açır. Bu məktəb həm zahiri görünüşü, həm də proqramı ilə qismən yeni idi. Yəni hər şeydən əvvəl bu məktəb mollaxana deyildi. Bu məktəbin şöhrəti o qədər artır ki, Məşhədi Zeynalabdin kimi mühavizəkar bir adam oğlu Sabiri mollaxanadan çıxardıb Seyid Əzimin məktəbinə qoyur. Sabir iki il bu məktəbdə təhsil alır, lakin atasının işlərinin pis getməsi onun bu məktəbə getməsini yarımçıq qoyur. Sabir məcbur olaraq böyük qardaşı ilə birlikdə dükanda çalışmağa başlayır. Buna baxmaraq Sabir dükanda işləyə-işləyə atasından gizlin şeirlər yazmağa başlayır. Amma çox keçmir ki, atası Sabirin şeir yazmağından xəbər tutur və şeir dəftərin tapıb cırır. 

1885-ci ildə atasının verdiyi əzablardan xilas olmaq üçün ziyarət adı ilə səyahətə çıxan M.Ə.Sabir Orta Asiya, daha sonra isə İrana gedir. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsul və cəhaləti şairə ağır təsir edir, digər tərəfdə isə Sabir bu şəhərdə o dövrün qabaqcıl ziyalıları və yazıçıları ilə yaxından tanış olur. 

20-ci əsrin əvvələrindən başlayaraq Sabirin şeirləri ilk dəfə mətbuat səhvələrində görünür. 1903-cü ildə “Şərqi Rus”, daha sonra isə “Həyat” qəzətlərində onun şeirləri çap olunur. 

Sabirin ailə həyatı

Sabir 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirir. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu.

1902-ci ildə baş vermiş dəhşətli zəlzələ Şamaxını tar-mar edir. Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönür, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qaldı. Zəlzələ zamanı Sabirin evi də dağılır. Şair tək başına böyük bir çətinliklə ailəsi üçün müvəqqəti bir daxma düzəldir. Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışırdı. O, arvadını və qızını savadlı görmək istəyir, onlara əlifba öyrədirdi. 

Şairin qızı Səriyyə sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü, zarafatçıl, səmimi idi. XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şerdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901- ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman onu mənəvi cəhətdən böyük köməyi dəydi. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şerlərini oxuyub təhlil və müzakirə edirdilər. 

“Molla Nəsrəddin” Sabirin ruhuna su səpir

1906-ci ildə Mirzə Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının nəşrinə başlaması Sabir üçün yeni bir yaradığılıq yolunun başlanğıcına çevrilir. Xalqın siyasi, sosial və mental problemlərini özünə məxsus şəkildə işıqlandıran “Molla Nəsrəddin” jurnalı Sabirin dünyasına açılmış bir qapı olur sanki. Sabir özünü məhz “Molla Nəsrəddin” jurnalında tapır və bu məcmuəyə yazdığı şeirlərlə özünü bütün zamanlar üçün bir mənalı olaraq təsdiq edir. Sabir hər şeydən əvvəl acımasızcasına xalqının ruhunda gördüyü naqis və zəmanəyə qarşı olan hər şeyi qamçılayır. O, xalqının içində yaşadığı hər şeyə qarşı üsyan edir və onun satirik qələmlə ifadə etdiyi bu üsyanı doğrudan zamanının ən kəskin silahına çevrilir.  

Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yaranır. Hər iki sənətkar millətini xilas etmək üçün gecə-gündüz çalı.ır və bütün varlıqlarını fəda edirdilər. Bütün bunların nəticəsi olaraq Sabir və Mizrə Cəlil özlərinə çoxlu düşmən qazanmışdılar. Şerlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda çoxları Sabiri mürtəd və kafir elan edirdilər. Xüsusən din xadimləri Sabirin yazdığı şeirləri oxuyanları da kafir elan edirdilər. Hətta bəzən ruhanilər Sabirin ölümünə fətva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər. 

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə “Zənbur” jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanıdakı “Nicat” məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları “Nur" kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" “Həqiqət" qəzetlərinin redaksiyasında işləyir. “Günəş”qəzeti hər həftənin cümə günü “Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə “Nizədar”“Çuvalduz” imzaları ilə millətini xürafatdan, geri düşüncələrdən və gərəksiz mental dəyərlərdən xilas eləməyə çalışır. Bu illərdə şair paralel “Molla Nəsrəddin”ə də yazmaqda davam edir. 

Ədəbiyyatımızın yeni mərhələsi

Sabir 20-ci əsrin başlanğıcında Azərbaycan ədəbiyyatında humanizmin, millətsevərliyin, insanca insan olmağın simvoludur. Sabir Azərbaycan ədəbiyyatının parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldən dahi şəxsiyyətlərdən biri kimi çıxış edir. Sabir xalqının avamlğını götüb bundan əzab çəkir və o, bu əzablarını yazdığı satirik şeirlərində ortaya qoyur. Əslində Sabirin yaradığılığını, yazdığı şeirləri satirik ədəbiyyata aid etsələrdə, böyük ədibin bütün yaradığılığının cəmi faciə ədəbiyyatının nümunəsidir. Sabir millətinin şüursuz, idraksız, duyğusuz bir toplum olduğunu görür və belə bir toplum içində var omaq əzabıyla yaşayırdı. 

Bu millətini, aid olduğun toplumu bəyənməmək deyildi. Bu millətini, aid oluğun toplumu xilas etmək naminə verilən bir savaşdı. Onun hər bi satirası millətinin böyük faciəsindən xəbər verirdi və nə yazıq ki, Azərbaycan xalqı, Azərbaycan türkü aradan keçən son 100 il müddətində Sabirin satirik qələmlə ortaya qoyduğu böyük faciələrdən hələ də arınmayıb. Baxmayaraq ki, Azərbaycan xalqını artıq savadsız, xürafatçı, şüursuz, duyğusuz adlandlrmaq olmaz. Bu artıq mümkün deyil. Amma Azərbaycan xalqı hələ də idraksız olaraq qalır. Çünki hələ də özünü dərk etmə prossesinin ələyindən süzülüb arınmayıb. Azərbaycan xalqı hələ də bir çox şeyləri avtomatik şüurla həyata keçirir və bu zaman fərdi analiz qabilliyəti həmişə milli analiz qabilliyətinin üstündə dayanmaqdadır. Yəni bir çox hallarda biz təqlidçi olaraq qalmaqdayıq. 

Sabirin istədiyi şey isə bizim təqlidçi olmamağımız idi. Sabirin istədiyi bizim özümüz dərk edən xarakterli bir millət, bir toplum olaraq ortaya çıxmamız idi. Nə yazıq ki, bu hələ baş verməyib və o üzdən də Sabirin yaradığılığı bu gündə aktualdır. Əslindəisə janr baxımından Sabirin günümüzdə aktual olmaması gərəkirdi. Və əgər Sabirin yaradıcılığı və millətinin sifətinə çırpdığı qamçılar bu gün aktual olaraq qalırsa, demək ki, Sabir istəklərinə çata bilməyib. Və demək ki, bizə hələ neçə Sabirlər, Mirzə Cəlillər, Üzeyir bəylər, Əli bəy Hüseynzadələr, Məmmədəminlər və sairlər lazımdır.

Sabir özü bunu arzu etməsə də, bizə hələ də lazımdı. Çünki onun hədəfləri bizim bütün həyat sahələrimizi əhatə edir. Sabir öz yaradığılığında bizim siyasi, sosial, iqtisadi, fəlsəfi, mənəvi-mental, hətta bioloji həyat dəyərlərimizi tədqiq edən və bütün bu sahələrdəki eybəcər simamızı ortaya qoyan biridir. Və o, bizi nə qədər əcaib və qorxunc şəkildə rəsmimizi çəkirdisə, biz özümüzü daha yaxından görür və özümüzlə daha yaxından tanış olurduq. Bu tanışlıq bizim üçün yeni bir mərhələnin başlanğıcı oldu. Amma yuxarıda qeyd etdiyimiz kimi, biz hələ də nə siyasi, nə sosial, nə iqtisadi, nə fəlsəfi, nə də mənəvi-mental yaşam tərzimizdə mükəmməl olmağı başarmamışıq. Bəlkə də ona görə ki, hələ də bizim cəmiyyətimizdə ziddiyyətlər beynimizi çürüdür. Çünki hələ də “Oxutmuram, əl çəkin”, deyən valideynlərimiz var. Çnki hələ də sözdə millətini sevdiyini deyən, amma əməldə “Millət necə tarac olur olsun, nə işim var”, deyə bağıran milyolarla fərdə və hətta bütöv bir cəmiyyətə sahibik.

Bu anlamda “Hophopnamə” bu gün belə Azərbaycan xalqının əlində tutduğu bir güzgüdür və hər birimiz bu kitabdan hər hansı bir misranı oxuyurkən, bu və ya digər şəkildə özünü görür...

Amma böyük şair millətini belə görmək istəmirdi. O xalqı üçün əzab çəkir və xalqı üçün özünü “Səməndər quşu” kimi yandırırdı. Sabir idealındakı Azərbaycanı və azərbaycan insanını “Ruhum” şerində dürüstcə və açıqca ifadə edib: 

“Mən gedərəm, var olsun amalım!
Yaşasın şəhriyari-hürriyyət!
Yaşasın şəhriyari-hüriyyət!
Mən gedərəm, var olsun amalım!”

Yəni Sabir milləti üçün, dövləti üçün hər zaman fədəkar insanlar önərir və bu istəyə yetmək üçün təbii ki, vətəninə səmimi və dürüst vətəndaş ola biləcək irəli görüşlü insanlar arzu edir.

“Neylərdin, İlahi”...

Bu şer Sabirin yaradıcılığında bəlkə də sonuncu ahdı. “Ümid kasıbın çörəyi”, deyən Orxan Vəlidən fərqli olaraq Sabir “Neylərdin, İlahi”, şerində Tanrıya üsyan edir. Çünki məhz Tanrı hər şeyin yaradıcısı olaraq hər şeyin məsuliyyətini daşımalydı. Hətta şeytanın belə... Və şeytandan betər insaların da etdiklərinin məsuliyyəti Tanrınındı təbii ki... 

“Daş qəlbli insanları neylərdin, ilahi?! 
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil, 
Hər zülmə dözən canları neylərdin, ilahi?!

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, --
Bilməm belə dövranları neylərdin, ilahi!

Məzlumların göz yaşı dərya olacaqmış, --
Dəryaları, ümmanları neylərdin, ilahi?

Səyyadi-cəfakardə rəhm olmayacaqmış, --
Ahuləri, ceyranları neylərdin, ilahi?!

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, --
Toxm əkməyə dehqanları neylərdin, ilahi?!

İş rəncbərin, güc öküzün, yer özününkü, --
Bəyzadələri, xanları neylərdin, ilahi?!

Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, --
Dildadeyi-irfanları neylərdin, ilahi?!

Surtuqlu müsəlmanları təkfirə qoyan bu 
Döşdüklü müsəlmanları neylərdin, ilahi?!

Yaxud buların bunca nüfuzu olacaqmış, --
Beş-üç bu süxəndanları neylərdin, ilahi?!

Qeyrətli danosbazlarımız iş bacarırkən, --
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!

Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, --
Evlərdəki nisvanları neylərdin, ilahi?!

Tacirlərimiz Sonyalara bənd olacaqmış, 
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!

Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb! 
Baxdıqca bu hikmətlərə heyran oluram həp!”

Bu şer Sabir yaraddıcılığının zirvəsidir. O artıq yorulub... Və artıq Tanrının yaratdığı zalım, avam, məzlum və eyni zamanda çarəsiz azərbaycanlılara deyil, Tanrının özünə üsyan edir... Və təbii ki, Tanrı hər zaman olduğu kimi susur...

Sabir həyatının sonu

Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu Mirzə Cəlil Məmmədquluzadənin evində qalır. “Molla Nəsrəddin”in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şer yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, “Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edir.

“Molla Nəsrəddin” jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq “Molla Nəsrəddin”in ünvanına ianə göndərirlər. Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Axır günlərindən birində şair deyir:

“İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,
Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!”

Sabir 1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında 49 yaşında vəfat edir. Şairin cənazəsi Şamaxıda “Yeddi günbəz qəbiristanı”nda dəfn olunur. 

Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şerləri "Hophopnamə" adı ilə çap olundu. Qısa müddətdə kitab çox məşhurlaşdı və iki il sonra xalqın ianəsilə "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri buraxıldı.

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il 30 may-da Şamaxıda anadan olub. Bütün ömrünü əzab içində yaşadı. Əzabı təkcə həddindən artıq kasıb olması ilə əlaqəli deyildi. Həddindən artıq nikbin və zarafatcıl olan Sabirin əzabları millətinin içində olduğu zəlalətlə əlaqəli idi. Çəkdiyi bu əzabkara görə onu Azərbaycan ədəbiyyatının “Səməndər quşu” da adlandırmaq olar. Çünki Sabir özü-özünü yandırırdı... 

Ruhun şad olsun öz külündən özünü doğuran şairimiz!

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar