"Ukraynalıların yaxşı yaddaşı var"
Virtualaz.org saytının Ukraynaya ezam edilmiş əməkdaşı Əkbər Həsənov Yanukoviç hakimiyyətinin devrilməsində əsas rol oynayanlardan biri, “Sağ sektor” hərəkatının lideri Dmitri Yaroşla görüşə bilib.
Hazırda Rusiyada barəsində cinayət işi qaldırılan və axtarışa verilən Yaroş indi hakimiyyətə iddiaçılardan biridir.
“Biz dost Azərbaycana BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü müdafiə etdiyinə görə minnətdarıq. Ermənistana gəldikdə isə “Sağ sektor” bu ölkənin Krımın ilhaqı ilə bağlı mövqeyini unutmayacaq. Ümumiyyətlə, ukraynalıların yaxşı yaddaşı var” - deyə Yaroş əməkdaşımızla söhbətində bildirib.
D.Yaroş deyib ki, hazırda Ukraynanın cənub-şərqində baş verənlərə görə birbaşa məsuliyyəti Yanukoviçin Regionlar Partiyası və Kommunist Partiyası daşıyır. Bu siyasi qüvvələr regionda separatçılığa açıq dəstək veriblər.
“Bundan əlavə, aydındır ki, separatçı qiyam Rusiyanın informasiya, hərbi, maliyyə və metodik dəstəyi ilə həyata keçirilir” - deyə Yaroş bildirib.
D.Yaroş Donetskdən olan oliqarx Rinat Axmetovun separatçılığın qızışdırılmasındakı mümkün rolu barədə danışarkən deyib ki, onun icazəsi olmadan regionda heç bir ciddi siyasi, iqtisadi proses baş verməyib və vermir: “Bununla belə biz iddia etmirik ki, separatçılığın qızışdırılması Axmetovun bilavasitə iştirakı ilə baş verir. Onun cəmi bir söz deməsi kifayətdir: “İcazə verirəm””.