Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atam əclafın biriymiş!


Nobelli yazıçının hekayəsi


PİA.AZ kulis.az-a istinadən polyak yazıçı, Nobel mükafatçısı Vladislav Reymontun “Ölüm” hekayəsini təqdim edir:
 
Polşalı yazıçı Vladislav Reymont (əsl soyadı Reymnet) 7 may 1867-ci ildə kənd kilsəsində orqan çalan Yozef Reymentin ailəsində doğulub. Vladislavdan başqa ailədə səkkiz uşaq da olub. Krakovlu anası Antonina Kupçinskaya əsilzadə nəslindən olub və qadın şeir yazmağa böyük maraq göstərib, ara-sıra şeirlər yazıb.
 
Valideynləri Vladislavın keşiş olmağını istəyirmişlər.
 
Gələcək yazıçı təhsilini tez-tez yarıda saxlamalı və peşəsini dəyişməli olub. Dəfələrlə Polşanı və Avropanı qarış-qarış gəzib. Varşavada dərzi şəyirdi işləyib.
 
Vladislav Reymontun yaradıcılığı əsasən, tənqidi realizm üzərində köklənib, naturalizmdən və simvolizmdən qaynaqlanıb. Onun yaradıcılığının müəyyən bir hissəsini poeziya təşkil edir. Yazıçının müxtəlif mövzularda qələmə aldığı hekayələr, povest və romanlar  oxucular və tənqidçilər tərəfindən birmənalı qarşılanmayıb.
 
Vladislav Reymontun qələmə aldığı “Görüş”, “Dan yeri söküləndə”, kitabları, “Ədalətli” povesti bütünlüklə kənd həyatına, kənd məişətinə həsr olunub. “Komendant qadın” və “Həyəcan” romanları isə əyalət məmurlarının aktyor davranışından, ikiüzlülüyündən bəhs edir.
 
Vladislav Reymontun yaradıcılığının zirvəsi hesab olunan “Kişilər” romanında kənd həyatı, kəndlilərin psixoloji durumu və davranışı, insan xarakterlərinin mürəkkəb simvolikası və təzadları maraq doğurur.
 
1924-cü ildə ədəbiyyat üzrə iyirmi dördüncü Nobel mükafatına layiq görülən yazıçıya mükafat “Qələmə aldığı möhtəşəm “Kişilər” romanına görə” verilib.
 
Polşalı nobelçi Vladislav Reymont Nobel mükafatı aldıqdan bir-neçə ay sonra –1925-ci ildə Varşavada vəfat edib və elə orada da dəfn olunub.
 
Əyyub Qiyas
 
– Ata! Dur, eşidirsən? Dur deyirəm sənə!
 
– Müqəddəs İsa xətrinə... Ah... Tanrım!.. Ah!... – qızın inadla silkələdiyi adam yataqda qıvrıldı. Sırıqlının altından əzgin və yanaqları dartılmış adamın sifəti güclə görünürdü. Sifətindəki dərin və torpaq rəngli boz qırışlar onun illər uzunu tarlada şumladığı torpağın payız fəslindəki son günlərini xatırladırdı. Ağır-ağır nəfəs alan, xəstəlikdən saralmış dili göyümtül dodaqlarını yalayan xəstə ağrıdan göz qapaqlarını bərk-bərk sıxmışdı.
 
- Dur ayağa! Hə! Dur da! – qız çığırdı.
 
- Baba! – əynində bircə köynək, başında ləçək olan balaca qızcığaz qocanın üzünü görmək üçün ayaq barmaqlarının üstünə qalxdı. – Babacan! – Onun mavi gözlərində yaş damlaları donub qalmışdı, kirli sifəti mərhəmət hissi ilə səyriyirdi. – Babacan! – Yastığın bir küncündən yapışan qızcığaz bir də səsləndi!
 
- Cəhənnəm ol burdan! –  Anası ona acıqlandı. Yaxasından yapışıb sobanın yanına itələdi.
 
- Bayıra! Cəhənnəm ol bayıra, dedim sənə! – bir qədər sonra qadın ayaqlarına dolaşan qoca, kor itə taxta altlıqlı başmaqları ilə birini ilişdirib çığırdı. Aldığı qəfil zərbədən yanı üstə aşan yazıq it tez dikəlib zingildəyərək bağlı qapıya tərəf cumdu. Sobaya sığınan qızcığaz əlinin üstü ilə burnunu və gözlərini silib, içini çəkərək hıçqırdı.
 
- Ata, hələ ki, xoşluqla deyirəm, dur ayağa!
 
Xəstə susurdu. Başı yana əyilmişdi, getdikcə xırıltısı daha da artırdı. Qocanın can verdiyi açıq-aydın hiss olunurdu.
 
- Dur deyirəm, sənə! Nədir, yoxsa ürəyindən mənim evimdə gəbərmək keçir? Sən öləsən! Qoca kaftar, cəhənnəm ol get Yulinanın yanına! Torpağı ona vəsiyyət eləmisən, get onun yanında öl! Hə! Sənnən xoşluqnan danışıram, deyəsən ayaqların yer alır ha. 
 
- Ah, müqəddəs İsa... Müqəddəs Məryəm!
 
Xəstənin ölüm təri basan sifəti ürpəşdi.
 
Qız kobud bir hərəkətlə xəstənin ayaqlarından yapışıb onu döşəməyə atdı, zəifləyib gücünü itirən, halsız və hərəkətsiz xəstə quru odun parçasına oxşayırdı. Qocanın başı və çiyinləri hələ ki, yastığın üstündəydi.
 
–Keşiş! – qoca boğuq və xırıltılı səslə inildədi.
 
–İndi göstərərəm sənə keşişi! Pəyədə gəbərəcəksən, pəyədə, özü də it kimi gəbərəcəksən!  – Qadın var gücü ilə qocanın qoltuğundan yapışıb onu yataqdan atmaq istəyirdi ki, elə bu vaxt pəncərədən kiminsə kölgəsi göründü. Bunu görən qadın qocanı yatağa atıb üstünü örtdü.
 
Kim idisə, artıq qapıya yaxınlaşmışdı. Qadın qocanın ayaqlarını qaldırıb çarpayıya qoymağa zorla imkan tapa bildi. Əsəbindən rəngi göyərmiş qadın hirslə yastığı silkələyib yatağı səliqəyə saldı.
 
Dzyakova içəri girdi.
 
–İsa Məsihə həmd olsun!
 
–Həmd olsun! – Ev sahibəsi cavab vermək əvəzinə evə gələn adama altdan-altdan baxıb mırıldadı.
 
–Xoş gördük! Tanrı köməyiniz olsun! Salamatlıqdır?
 
–Sağ ol... Yaxşıyıq.
 
–Qocanın halı necədir? Ağırdır, hə?
 
Sualını verib bitirən Dzyakova çəkmələrinin qarını təmizləmək üçün ayaqlarını yerə vurdu.
 
–Ağır da sözdür? Zorla nəfəs alır.
 
–Qohum, ay qohum! – Dzyakova qocaya tərəf dartındı.
 
–Keşiş! – qoca inildədi.
 
–Görürsən də, məni də tanımır! Elə hey keşiş deyib zarıyır. Öləcək, yəqin elə bu gün öləcək... Budu da insan həyatı...
 
–Adam göndərdin keşiş dalınca?
 
–Kimi göndərəcəyəm?
 
–Belə olmaz axı... Xristian ruhu duasız, ibadətsiz haqqa qovuşmaz!
 
–Onu burda tək saxlayıb bir yerə çıxa bilmirəm. Bir də, bəlkə sağalacaq...
 
–Hardan?! Görmürsən bədbəxtin sinəsi necə xışıldayır? İçi-içalatı qarışıb bir-birinə, nədir? Mənim Valekim də keçən il yaman xəstələnmişdi...
 
–Dzyakova, bəlkə keşişi çağırmağa sən gedəsən? Ancaq tez gedib gəl də, vəziyyətini görürsən.
 
–Düz deyirsən, gedib çağırmaq lazımdır. Deyəsən əcəl bədbəxtin başının üstünü kəsdirib. – Qadın sözünü bitirib şalı başına atdı. – Tanrıya əmanət olun!
 
–Tanrı köməyin olsun!
 
Dzyakova bayıra çıxandan sonra Antkova təmizlik işlərinə başladı. Palçığı yığışdırdı, döşəmənin külünü süpürdü, sonra da qab-qacağı yuyub yerbəyer etdi. Bir anlıq qəzəbli baxışlarla çarpayıda yatan qocaya baxdı, ikrahla yerə tüpürdü, yumruqlarını düyünlədi, sonra da dərindən köks ötürüb ümidsiz bir hərəkətlə başından ikiəlli yapışdı.
 
–On beş morq (yarım hektara bərabər torpaq sahəsi – tər.) torpaq sahəsi... donuzlar, üç dənə inək... üstəlik də qab-qacaq, pal-paltar... əgər vicdanla bölsəydin altı min eləyərdi, altı min! Ah, ilahi, ilahi!
 
Ona çatmayan var-dövləti düşündükcə daha da qəzəblənirdi, sanki qab-qacaq haray çəkib üstünə şığıyır, rəflərdə olan hər şey hay-küy salıb ona gülürdü.
 
– Neyləmişdim sənə?! – Uca səslə danışmağa başladı: – Toyuq-cücə, qazlar, buzovlar... o qədər var-dövlət, o qədər sərvət! Hər şeyi də götürüb verdin o qancığa! Səni görüm qurd-quş yesin, məni alçaltdığın yerdə görüm lənətə gələsən səni!
 
Qadın qəzəblə çarpayıya tərəf cumub çığırdı:
 
–Dur görüm!
 
Xəstə yerindən tərpənmədi. Qocanın başının üstünü kəsdirib yumruqlarını oynadan qadın:
 
–Görüm səni cəhənnəmdə yanasan! Niyə mənim yanıma gəldin? Bəlkə yasını da mənim pulumla keçirmək istəyirsən? Bəlkə sənə təzə sukman (köynək – tər) da alım? Allah vurmuşdu səni! Əgər sənin o gülməşəkər Yulinan belə matahdısa, cəhənnəm ol get yanına da! Borcum var səni yanımda saxlayım? Əgər o məndən yaxşıdısa, onda...
 
Qadın zınqırov səsini eşidən kimi səsini kəsdi. Gələn keşiş idi, özü ilə müqəddəs sovqatlar da gətirmişdi.
 
Acı göz yaşlarını qolunun arxası ilə silən Antkova keşişə yüngülcə təzim etdi, sonra müqəddəs su olan boşqabdan üzünə su çilədi, boşqabı bir kənara qoyub bayıra çıxdı. Bayırda keşişin arxasınca gələn bir-iki nəfər də vardı.
 
–İsa Məsihə həmd olsun!
 
–Həmd olsun!
 
–Nə olub ki?
 
–Nə olacaq ey?! Xətrimə dəydi, könlümü qırdı, indi də ölməyə gəlib mənim yanıma! Ölüb qurtarmır da! Bədbəxtəm mən, bədbəxt! – Qadın hönkürdü.
 
–Düz deyirsən! Ona nə var, yaşadığını yaşayıb, gördüyünü görüb, sizsə hələ cavansız! – Gələnlər qadının sözlərinə qüvvət verirmişlər kimi ehtiramla baş əyib, bir ağızdan dilləndilər.
 
–Harda görünüb ki, adamın doğma atası belə bir iş tuta?  – Sakitliyi ilk pozan yenə Antkova oldu.  – Məgər biz, Anteklə bir yerdə azmı əlləşdik, öküz kimi azmı işlədik onun üçün? Bircə yumurtasını dadmadım, bir qaşıq yağını görmədim, əlinə keçəni elə onun qarnına ötürdü. Bir damcı süd sağırdım, burnumdan tökürdü. Nədir, nədir, qocalıb... ataya bir bax! Nəyi vardısa hər şeyi Tomekə vəsiyyət eləyib! On beş morq torpaq sahəsi, ev, inəklər, donuzlar, buzovlar... nə deyim ey?! Hər şey!  Arabaları da, kotanı, xışı da... Zarafat deyil! Ah, yazıq canım! Bu dünyada düzgünlük deyilən bir şey yoxdur.
 
Qadın bir küncə qısılıb var səsilə bağırdı.
 
–Ay qohum, ağlayıb özünü üzmə. Düzdür, Tanrı adama əzab verir, amma o, həm də rəhmlidir, mükafatınızı verər yəqin, – gələn qadınlardan biri Antkovanı sakitləşdirdi.
 
–Boş-boş danışma, axmaq qadın! Pislik elə pislikdi də. Qoca öləcək, bunlar isə ehtiyac içində yaşayacaqlar, – qadının əri arvadına çəmkirdi.
 
 
–Əgər bir öküz xışı öz xoşuna çəkmək istəmirsə, nə qədər vursan da xeyri yoxdur! – Başqa bir kişi ağıl verirmiş kimi əlavə etdi.
 
–Hə də... Dözməkdən başqa adama nə qalır ki? – Üçüncü bir kişi donquldanaraq uzağa tüpürdü, sonra da əli ilə ağzını sildi.
 
Araya sakitlik çökdü. Külək qəzəblə bağlı qapıya çırpıldı, taxtaların arasından içəri soxulan qar dəhlizə səpələndi. Kişilərin başında papaq yox idi, qızınmaq üçün ayaqlarını tez-tez yerə döyəcləyirdilər. Qadınlar isə bir küncə qısılıb əllərini dəri qolçaqların altında isidir, səbirlə evə sarı boylanır, arabir eşidilən keşişin gümrah, xəstəninsə xırıltılı səsinə qulaqlarını şəkləyirdilər.
 
Axır ki, keşiş zınqırovu cingildətdi və həyətə toplaşanlar sıxlaşıb evə doluşdular. Qoca başını yastığa dirəyib uzanmışdı. Köynəyinin açıq yaxasından ağ tüklü sinəsi görünürdü.
 
Bu arada keşiş qocaya tərəf əyilib onun aralı qalmış ağzından görünən dilinin üstünə bir həb qoydu.
 
Evə toplaşanlar diz üstə çöküb üzlərini tavana sarı tutdular, ucadan fısıldayaraq, əlləri ilə sinələrini döyəclədilər. Qadınlar başlarını döşəməyə qədər əyib donquldandılar:
 
–Uca Tanrı, keç bizim günahımızdan...
 
Bir küncə sıxılıb qalan it zəng səsindən çaşıb qalmışdı.
 
Axır ki, keşiş ayini bitirib qocanın qızını səslədi.
 
–Sizin Antoni gözümə dəymir. Hardadı ki?
 
–Harda olacaq? İşdədi də.
 
Keşiş bir müddət dayanıb ətrafdakılara baxdı, sonra bahalı xəzdən olan kürkünü düymələməyə başladı. Yadına düşdü ki, bura toplaşan adamlara nəsə deməlidir, amma nə deyəcəyini bilmirdi, ona görə də sakitcə qapıya tərəf addımladı, ağ əlini irəli uzadaraq, başının işarəsi ilə evdəkiləri əlini öpməyə dəvət etdi.
 
Keşişin arxasınca o biri adamlar da çıxıb getdilər. Beləcə, qısa dekabr günlərindən biri başa çatdı. Külək bir qədər səngiyəndən sonra lopa-lopa qar yağdı.
 
Axşam düşdüyü üçün otaq alaqaranlıq idi. Antkova sobanın yanında oturmuşdu, qadın qeyri-ixtiyarsız sobanın yanındakı çırpıları qırıb odun üstünə atırdı. Görünür, ağlından nəsə keçirdi, ona görə də gah pəncərədən boylanıb bayıra, gah da çarpayıda yatan qocaya baxırdı. Xəstə xeyli vaxt idi ki, yatağında tərpənmədən uzanıb qalmışdı, heç səsi də çıxmırdı. Birdən qadın səbirsizliklə yerindən sıçrayıb ayağa qalxdı, dayanıb bir müddət pəncərədən boylandı, sonra yenidən oturdu.
 
Gecə tez düşdü. Demək olar ki, otaq qaranlıq idi.
 
 
 
Sobanın yanındakı qızcığaz mürgüləyirdi. Sobada yanan odunların işığı qadının dizlərini, bir də çirkli döşəmənin bir parçasını işıqlandırırdı.
 
İt zingildəyərək bağlı qapıya doğru yüyürdü, dəhlizdə büzüşüb kürt yatan toyuq tənbəl-tənbəl, amma uzun-uzadı qaqqıldadı.
 
Otaqda məzar sükutu hökm sürürdü. İslaq döşəmə nəmişliyin soyuğundan üşüyürdü. Antkova qəfildən yerindən qalxıb pəncərəyə tərəf cumdu. Yaxınlaşıb bayıra baxdı. Bayır zülmət qaranlıq və kimsəsiz idi, qar elə şiddətlə yağırdı ki, bir addım o tərəfi görmək olmurdu.
 
Qadın bir müddət çarpayının yanında dayandı, sanki nəsə fikirləşir, qəti qərara gələ bilmirdi. Amma bu, uzun sürmədi, uzağı bir dəqiqədən sonra qadın kobud bir hərəkətlə qocanın qoltuğundan yapışıb onu o biri çarpayının üstünə atdı, sonra qocanın qoluna girib onu ayağa qaldırdı.
 
–Maqda! Qapını aç!
 
Qızcığaz qapını açmağa tələsdi.
 
–Bura gəl! Yapış ayaqlarından!
 
Maqda babasının ayaqlarından yapışıb gözlədi...
 
–Gedək! Kömək elə, əsnəmə! – qadın acıqla dedi.
 
İradəsi özündə olmayan bədən çox ağır idi.
 
Qocanın huşu özündə olmadığından baş verənləri dərk edə bilmirdi.  Qızı ondan möhkəm yapışıb arxasınca sürüyürdü, kandarı keçəndə qocanın  ayaqları taxta keçidə ilişib qaldı, qadın əsəbiliklə qocanı arxasınca çəkib bayıra çıxartdı. Qarın üstündə qocanın ayaqlarının açdığı şırımların izi qalmışdı. Şaxtalı hava qocanın huşunu özünə qaytardı. Həyətdə özünə gələn qoca inildəməyə başladı və pıçıltılı, asta səslə, qırıq-qırıq sözlərlə nəsə deməyə çalışdı.
 
–Yuliya-ss... Tanrı... xətrinə... Mən...
 
–Çığır, çığır! Lap çığırıb özünü cırsan da, səsinə hay verən olmayacaq.
 
Qadın qocanı həyət boyu sürüyüb pəyəyə tərəf apardı, pəyənin qapısını ayağı ilə vurub açandan sonra qocanı içəri salıb kandarın ağzındaca divara dirədi.
 
Balaları ilə bir yerdə büzüşüb oturan donuz xırıldayıb ayağa qalxdı.
 
–Çuş! Çux, çux, çux!
 
Donuz balalarıyla birlikdə pəyədə vurnuxdu. Qadın qapını hirslə çırpıb getdi, amma nə fikirləşdisə geri qayıdıb qocanın köynəyinin yaxasını açdı, köynəyin yaxalığını cırıb cibinə qoydu.
 
–Gəbərəcəksən burda, yaramaz!
 
Qocanın onun qarşısına dikilən ayaqlarını keçə çəkmələrinin ucu ilə kənara itələyib qapıya doğru getdi.
 
Bir neçə addım atdıqdan sonra ayaq saxladı, çevrilib:
 
–Çuş! Çux, çux, çux! – deyərək, donuzları səslədi.
 
Donuz çoşqaları bir-birinə dolaşa-dolaşa onun yanına gəldi. Qadın onların qabağına kartof atdı. Donuzlar acgözlüklə yemin üstünə cumdular, balalar analarının əmcəyini dartışdırmağa başladı.
 
Daxmaya qayıdan Antkova sobanın yanında çıraq yandırdı, kürəyini pəncərəyə tərəf çevirib ovuclarını nəfəsi ilə qızdırdı. Kağız pullarla iki gümüş qriveni görəndə gözləri parladı.
 
–Elə bil dəfn üçün pul yığdığını deyirdi axı!
 
Pulları əskiyə büküb sandıqda gizlədəndən sonra pıçıltı ilə dedi:
 
–Satqının biri! Cəhənnəm ol!
 
 
Qadın sobadakı odunları qarışdırıb ocağı yandırdı, sonra şam yeməyi hazırlamağa başladı.
 
–Bura bax da! Evdə bir damcı su yoxdur.
 
Qadın bayıra çıxıb çığırdı:
 
–İqnas! İqnas!
 
Təxminən yarım saatdan sonra həyətdəki qar xışıldadı az sonra və pəncərənin qarşından bir kölgə ötüb keçdi. Antkova əlinə bir odun parçası alıb qapının ağzında dayandı. Qapı taqqıltıyla açıldı və içəri doqquz yaşında bir oğlan girdi.
 
–Küçük, kənddə veyl-veyl gəzirsən, amma evdə bir damcı su qalmayıb! – Qadın bir əli ilə onu tutub saxladı, digər əli ilə isə uşağı vurdu. Oğlan bağırdı:
 
–Anacan, vurma, bir də eləmərəm! Anacan vurma, burax... Ayy!
 
Qadın gün boyu içinə yığılan qəzəbin heyfini sanki bu balaca oğlandan çıxmaq istəyirdi.
 
–Anacan! Ay, öldüm! Noolar vurma! Kömək eləyin!
 
–Avara-avara gəzib veyllənməyinə bax bunun. Yaramaz! Su gətirməyin yox, odun doğramağın yox! Boş yerə yemək vermirəm ki, sənə!
 
Oğlan birtəhər anasının əlindən çıxıb pəncərədən bayıra atıldı, göz yaşları burnunun suyuna qarışa-qarışa:
 
–Əllərin qurusun! Öləsən səni, qancıq! Gözlə, eşşəyin quyruğu yerə dəyəndə su görərsən məndən. Gözlə! – deyən oğlan kəndə tərəf götürüldü.
 
Daxma cansıxıcı idi. Çırağın işığı arabir titrəyirdi. Balaca Maqda bir küncə çəkilib xısın-xısın ağlayırdı.
 
–Nə cırırsan özünü?
 
–Anacan... babam orda çığırır!
 
Qızcığaz ağlayaraq anasına qısıldı.
 
–Anqırma, gicbəsər.
 
Ana qızını qucağında oturdub başını bitləməyə başladı. Balaca Maqda anlaşılmaz sözlərlə nəsə kəkələyir, yuxusuz gözləri qapanırdı, yumruğunun arxası ilə gözlərini və qızarmış yanaqlarını silən qızcığaz bir qədər sonra anasının qucağındaca yuxuya getdi. Maqda arabir yuxuda da içini çəkirdi.
 
 
Az sonra qadının əri də gəldi, yekəpərin biriydi, papağının üstündən başlıq da geymişdi, əynində qısa kürk vardı. Sifəti soyuqdan göyərmiş, bığlarını qırov örtmüşdü.
 
İçəri girib çəkmələrinin qarını çırpdı, papağı və başlığı çıxartdı,  onları da çırpıb qardan təmizlədi, sonra da əllərini qızışdırmaq üçün bir-birinə sürtdü, çiyinlərini oynatdı, qızınmaq üçün sobanın yanına çökdü.
 
Antkova kələm şorbasını qazança qarışıq sobanın üstündən götürüb kişinin qarşısına qoydu, sonra da əli ilə bir parça çörək qoparıb qaşıqla birlikdə kişiyə verdi.
 
Antek şorbanı səssiz-səmirsiz yeyib qurtardı, qazançanı bir kənara itələyib kürkünün yaxasını açdı, ayaqlarını uzadıb dedi:
 
–Yeməyə başqa bir şey var?
 
Qadın günortadan qalma sıyığı da gətirib onun qarşısına qoydu. Antek sıyığı çörəyin növbəti parçası ilə yedi, sonra belini dikəltdi, cibindən maxorka çıxarıb eşmək bükdü, tələsmədən alışdırıb tüstünü ləzzətlə içinə çəkdi. Ocağa bir-iki çırpı atıb bir qədər də sobaya yaxınlaşdı, sonra evə göz gəzdirdi.
 
–Qoca necə oldu?
 
–Pəyədədir.
 
Kişi sual dolu baxışlarla ona baxdı.
 
–Nədir, yoxsa burda ona pərqu yorğan-döşək açasıydım? Onsuz da can verir, orda bir az tez ölər... Nə verib ki mənə? Ölmək vaxtı çatıb, indi mənim yanıma gəlir! Bəlkə dəfninə də biz pul xərcləyək? Əgər tez ölməsə, çünki canı it kimi möhkəmdir, gərək ona yemək də verəm, əlinə keçəni ötürəcək! Nəyi vardısa verdi Yulinaya, qoy o da qulluğunda dayansın. Ondan bizə nə?!
 
–O mənim atam deyil... Hamımızı aldatdı, qoy canı çıxsın! Əclafın biriymiş! – Antek ağzındakı tüstünü buraxıb evin ortasına tüpürdü, gözlərini süzdürüb susdu.
 
–Dediyinin üstündə dursaydı indi bizim... dayan görüm, neçə dənə olasıydı? Mənim beş morq torpağım, o da yeddi yarım... Beş, bir də yeddi yarım... eləyir...
 
–On iki yarım, çoxdan hesablamışam. Bəlkə bir at alaq, üç dənə də inək... Ehh, heyvandı o, heyvan! Əclaf köpəyoğludu! – Antek yenə əsəbiliklə tüpürdü.
 
Qadın yerindən qalxıb qızcığazı yatağına uzatdı, sonra sandıqdan əskiyə bükdüyü pulları götürüb ərinə verdi.
 
–Bu nədir belə?
 
–Bax da.
 
O əskini açıb onu acgözlüklə gözlərinə yaxınlaşdırdı. Əskini ocağın işığına tutub əvvəlcə bir gözü, sonra o biri gözü ilə baxdı.
 
–Nə qədərdi? – Antkova hesab bilmirdi.
 
–Əlli dörd rubl.
 
–Yaxşı da! – Qadının qırışığı açıldı, barmaqlarını sevgi ilə pulların üstündə gəzdirdi.
 
–Hardandı bu pullar?
 
–Hardan olacaq? Yadından çıxıb, qoca keçən il demirdi ki, özü  üçün dəfn pulu yığıb?
 
–Hə, hə... yadıma düşdü. Deyirdi, deyirdi!
 
–Köynəyinin yaxasına tikilmişdi. Köynəyi soyundurdum ki,  yuyum, o dünyaya kirli köynəkdə getməsin, birdən gümüş pullar cingildədi!  Mən də cırıb götürdüm. Bizim halal haqqımızdı bu pullar. O bizi aldatmadı?
 
–Düz deyirsən, düppədüz deyirsən. Yaxşı ki, bizim payımıza da bir şey düşdü! Bunları da o birilərin yanına qoy. İndi bu pullar bizə lap çox lazımdır... Dünən axşam Smoles məndən min qızıl borc istədi, faiz yerinə də dörd morq torpağını qoymaq istəyir. Meşədəki torpağı...
 
–Pulumuz çatar görəsən?
 
–Bunları da qoysaq çatar. 
 
–Nə deyirsən, yaz gələndə səpinə başlaya bilərik?
 
–Yəqin ki. Çatmaz, donuzları satarıq, lazım gəlsə lap donuz balalarını da satarıq. Belə fürsəti əldən vermək olmaz!.. Şəhərə gedib kağız-kuğuzu düzəldərik. Əgər beş ilə borcunu qaytara bilməsə torpaq olar mənim.
 
–Elə şey olar?
 
–Olar! Dumin Dızyukdan torpağı necə aldı? Al, götür bir yerdə gizlət. Bu gümüşlərlə də özün üçün bir şey alarsan. İqnas hardadı?
 
–Harda olacaq, veyillənir. Su yoxdur, yarma qurtarır...
 
Kişi sakitcə ayağa qalxıb otaqdan çıxdı. Bir qucaq odun gətirib sobanın yanına atdı, sonra da kətili qaldırıb yerinə qoydu.
 
Şam yeməyinin qoxusu otağa dolmuşdu. İqnas sakitcə gəlib bir küncə qısıldı, heç kəs danışmır, hamı qəribə bir narahatlıqla susurdu. Qocanı yada salan yox idi, sanki bu dünyada onun kimi bir adam heç olmamışdı da.
 
 
Antek təzə torpaq sahələrini fikirləşir, o yerlərin ona qalacağını əminliklə düşünürdü. Arabir qocanı yada salıb əsəbiləşir, bəzən də donuzları xatırlayır, çoxdan bəri onlardan birini kəsib yemək haqqında düşünürdü.
 
Kişi qocanın boş qalan çarpayısına hirslə baxıb tüpürdü, başındakı axmaq fikirləri çıxarmağa çalışdı. Necə olursa olsun qocanı fikirləşəndə əzab çəkirdi. Heç şam yeməyini də düz-əməlli yeyə bilmədi, yatağına girib yuxulamağa çalışdı. Yataqda da bir müddət qurdalandı, yediyi kələm, kartof, sıyıq, çörək bir-birinə qarışıb ona ağırlıq verirdi. Birtəhər yuxuladı.
 
Hamı yuxuya gedəndən sonra Antkova balaca anbarın qapısını açdı, oradakı yumaqların arasından pul bağlamasını götürdü, pulları açıb acgözlüklə baxdı, sonra da qocanın köynəyindən cırıb götürdüyü pulları onların üstünə qoydu. Bir müddət kağız pulları dəstələdi, səliqə ilə toparladı, gözləri doyana qədər onlara baxandan sonra çırağı üfürüb keçirdi və qayıdıb ərinin yanında yatağa uzandı.
 
Gecə pəyədəki qoca öldü. Qocanın salındığı pəyənin divarları çırpıdan hörülmüşdü, taxta qırıntıları ilə bərkidilmişdi, damı uçuq-sökük idi, külək içəridə at oynadır, qarı sovurub içəri salırdı.
 
Heç kəs qocanın çığırtısını, ümidsizlik içində son nəfəsdə çıxan xırıltısını eşitmədi. Heç kəs onun sürünərək qapıya qədər gəldiyindən, qapını açıb bu cəhənnəmdən çıxmaq istəməyindən xəbər tutmadı. Qoca ölümü hiss edirdi. Ölüm qocanın sinəsinə çökmüşdü, ağrılar nəfəsini kəsirdi, soyuq iliyinə qədər işləyir, bütün vücudu soyuqdan qıc olub qalır, damarlarındakı qan donur, bədəni dəmir kimi bərkiyir, huşu başından çıxırdı. Can verən qoca hər an bir az da gücsüzləşirdi.
 
Ağzı köpüklənən qoca qapının ağzında yıxılıb qalmışdı. Sönən gözlərinin işığına dəhşətin son işartıları hopmuşdu. Beləcə, pəyə qapısının önündə yıxılıb qaxaca dönmüşdü.
 
Antek səhərin alatoranında arvadı ilə bir yerdə oyandı.  Ağlından keçən ilk fikir gedib qocaya baxmaq oldu. Nə qədər elədisə pəyənin qapısını aça bilmədi. Cəsəd qapıya dirəndiyindən açılmırdı. Antek birtəhər qapını itələyib açdı, amma qapıdan içəri boylanan kimi dəli danalar sayağı geri atıldı. Həyətə qaçmağından, daxmaya soxulmağından özü də xəbər tutmadı. Dəhşətdən və iztirabdan bədəni qızdırmalı adamlar kimi əsirdi. Kürəyini qapıya dirəyib sakitcə dayanmışdı. Sinəsi xırıltı ilə qalxıb-enir, ağır-ağır nəfəs alırdı. 
 
O, evə girəndə arvadı dua edirdi, balaca Maqdaya da dua öyrədirdi. Qadın başını çevirib sual dolu baxışlarla Antekə baxdı.
 
–Tanrı istəsə... – qadın bu sözləri özündən asılı olmayaraq dedi, diz üstə çökmüş Maqda isə anasının dediklərini əks-səda kimi  təkrarladı:
 
–İstəsə...
 
–Sənin...
 
–Sənin...
 
–Nə oldu, gəbərdi? – Antkova hələ də susan ərindən soruşdu, sonra cavab gözləmədən davam etdi: – Göy üzündəki kimi...
 
–Göy üzündəki kimi...
 
–Gəbərdi. Pəyənin ağzında yıxılıb qalıb. – Antek sakit səslə cavab verdi.
 
–Demək yerdə qalıb.
 
–Demək yerdə qalıb.
 
–Onu orda saxlamaq olmaz, camaat elə bilər ki, biz onu dondurub öldürmək üçün qəsdən ora salmışıq...
 
–Bəs neyləyək?
 
–Bilmirəm... Nəsə eləmək lazımdır... Görəsən gətirim evə?
 
–Bura? Bircə bu çatışmırdı. Qoy donuz kimi iylənsin...
 
–Sarsaq! Basdırmaq lazımdır onu!
 
–Dəfnin pulunu biz verməliyik hə?
 
 
–...Ruhumuzu bicliklərdən hifz elə... Bizi nəfsimizə qul etmə... Nə gözlərini bərəldirsən? Təkrar elə!
 
–Bizi... bicliklərdən...  nəfsimizə...
 
–Yox, onun dəfni üçün pul verən deyiləm. Haqqına qalsa onun dəfninin pulunu Tomek verməlidir.
 
–Amin!
 
–Amin!
 
Antkova qızına xaç çəkdi, ovcunun içi ilə qızcığazın burnunu silib ərinə yaxınlaşdı.
 
–Gətirməli olacağıq, – kişi asta səslə dilləndi.
 
–Bura, evə?
 
–Bəs hara?
 
–Gəl o biri tərəfə aparaq! Buzovu çıxaraq, onu da taxtın üstünə qoyaq, qoy qalsın orda... Onun yeri elə oradır.
 
–Qadın!
 
–Hə?
 
–Gətirmək lazımdır....
 
–Gətir də...
 
–Mən axı...
 
–Nədir, yoxsa qorxursan?
 
–Axmaq qadın! Söz danışdın da!
 
–Bəs nə olub?
 
–Qaranlıqdır – bu bir. İkincisi də...
 
–Havanın işıqlanmağını gözləsək görüb eləyən olar...
 
–Gəl bir yerdə gedək.
 
–Get, get ...
 
–Ay qancıq, gələcəksən ya yox? – Antek səsini qaldırdı. – O, mənim atamdır? – Çıxarkən əlavə etdi.
 
Arvadı sakitcə onun arxasınca getdi. Pəyəyə girəndə qocanın ruhu sanki onların üzünə çırpılıb çəkildi. Meyit peyinin üstündə donub qalmışdı, ona görə də cəsədi bayıra çıxarmazdan əvvəl onu təmizləməli oldular.
 
Qadın titrəyirdi. Qocanın gözləri geniş açılmış, dili dişlərinə pərçimlənib donmuşdu. Gömgöy bədəni peyinin içində daha da qorxulu görünürdü. Paya kimi arıq ayaqları köynəyin ətəyindən uzanırdı.
 
–Yapış, – Antek pıçıltı ilə deyib, əyildi. – Soyuqdur....
 
Qəfil külək əsdi, hər səhər günəş çıxana qədər əsən küləklər kimi əsdi və ağacların üstündən bir qucaq qarı yerə çırpdı. Budaqlar vıyıltı ilə yırğalandı. Qurğuşun rəngli səmada hələ də bir iki ulduz göz vururdu... Kənd tərəfdən durna səsi, xoruzların banı eşidilirdi. Bu səslər havanın dəyişəcəyindən xəbər verirdi.
 
Qoca elə ağırlaşmışdı ki, qadın Antkelə bir yerdə onu zorla gətirə bildi. Qocanın cəsədini taxtın üstünə qoyan kimi qadın o biri tərəfə qaçdı, oradan gətirdiyi adyalı qocanın üstünə sərmək üçün Antekin üstünə atdı.
 
Uşaqlar kartof soyurdu, qadın isə qapının önündə dayanıb səbirsizliklə ərini gözləyirdi.
 
–Tanrı eşqinə, gəl çıx da! Nə eşələnirsən ey, oralarda? Bir nəfər çağıraq gəlsin, onu yuyub təmizləsin, – Antek qayıdıb səhər yeməyinə hazırlaşanda qadın dedi.
 
–Lalı çağır gəlsin.
 
–Sən bu gün işə getmə.
 
–Getmərəm.
 
Daha heç nə danışmadılar.
 
Səhər yeməyini həmişəkindən fərqli olaraq iştahsız yedilər. Hər səhər bir iri qazan sıyıq yeyən ailə bir-birinin üzünə baxıb durdu.
 
Hər dəfə anbarın yanından tələsik keçib gedirdilər, sanki qocanın cəsədi tərəfə baxmağa qorxurdular. Nə isə onlara  əzab verirdi. Amma bunun nə olduğunu özləri də anlaya bilmirdi. Bu kədər hissi deyildi, nəsə xəbərdarlıq idi, evdəki cəsədlə bir yerdə gələn ölüm xəbərdarlığı. Onların ürəyinə yurd salan qorxu, onları susmağa vadar edən hiss bu idi.
 
Hava işıqlanan kimi Antek lalı çağırdı, o da qocanı yuyub təmizlədi, geyindirdi, sonra da qocanın başının üstündə şam yandırdı. Bu arada Antek keşişi çağırmağa, qayınatasının ölümünü xəbər verməyə, dəfn üçün pulu olmadığını deməyə getdi. Getdi desin ki, qocanın bütün mirası Tomekə çatıb, qoy o da dəfnlə məşğul olsun.
 
Qocanın ölüm xəbəri kəndə ildırım sürəti ilə yayıldı. Adamlar dəstə ilə mərhumla vidalaşmağa gəlirdilər. Dayanıb dua edir, başlarını yırğalayıb gedir, xəbərsiz olanlara xəbər çatdırmağa tələsirdilər. Qocanın o biri kürəkəni Tomek axşama yaxın camaatın təkidindən sonra axır ki, dəfn işləri ilə məşğul olmağa başladı.  Üçüncü gün, dəfnə az qalanda Tomekin arvadı da gəlib çıxdı. Anbarda qəfildən inəklərə yem verən Ankova ilə qarşılaşdı.
 
–İsa Məsihə həmd olsun! – sakit səslə salamlaşan Yulina qapının dəstəyindən yapışdı.
 
–Hə, ay ilan, gəlib çıxdın demək?
 
Antkova əlindəki qabı yerə qoydu. – Nədi, iyə gəlmisən? Niyə qocanı yanında saxlamadın, hər şeyini sənə verməmişdi? Saxlayaydın da! Siz ona qarın dolusu yemək də vermirdiz, qoca acından qurumuşdu. Sənsə, ay ifritə, hələ ürək eləyib bura da gəlmisən? Bəlkə qocanın əynindəki cır-cındır üçün gəlmisən, hə?
 
–Bayramda ona aldığım təzə qaftan üçün gəlmişəm. Qoy əynində qalsın... Sırıqlını özünə saxla, onu da halal puluma almışam. – Tomekin arvadı soyuqqanlıqla cavab verdi.
 
–Görərsən, mən sənə qaftanı göstərərəm, qancıq! – Antkova gözləri ilə ora-bura baxıb əlinə götürməyə paya axtarırdı. – Yaramaz qadın... Qocanı sıxıb suyunu çıxarana qədər əl çəkmədiz, sonra da başını buraxdız getdi. Qoca mənim də ürəyimi qırdı, hər şeyini sizə verdi, indi də...
 
–Hamı bilir ki, biz torpağı ondan pulla almışıq. Bütün kağızlar şahidlərin yanında imzalanıb...
 
–Almışıq ha! Allahdan qorxmadan gözlərimin içinə baxa-baxa hələ yalan da deyirsən! Alıblar! Dələduzlar! Oğru köpək uşağı! Pullarını əlindən almısız, sonra neyləmisiz? Donuz axurundan yeyirdi sizin yanınızda qalanda! Kəndçimiz Adam öz gözləri ilə görmüşdü qocanın kartof qabığı gəmirməyini! Tövlədə yatırdırdız yazığı, ona görə də iy verib iylənirdi! Budur on beş morq torpağın mükafatı? Bəlkə deyəsən ki, heç əl də qaldırmamısan ona? Döyməmisən onu, ay qancıq! 
 
–Səsini kəs, yoxsa tikə-tikə doğrayaram səni, gün üzünə həsrət qalarsan, qancıq!
 
–Vur da, kimi gözləyirsən?! Vur da, ay dilənçi!
 
–Mənəm dilənçi?
 
–Sənsən! Hasar diblərində bitmişdin, üst-başın bitin-sirkənin içindəydi. Tomek almasaydı kim idi ey, üzünə baxan?
 
–Ay səni ifritə, belə qudurmusan?!
 
Bacılar bir-birinə əl atıb dar divar boyu süpürləşdilər. Uca səslə ağızlarına gələni deyib söyüşdülər.
 
–Ay səni fahişə, sürtük! Al, al, bu da sənə on beş morqun payı, bu da məni təhqir elədiyinə görə! İfritə!
 
–Tanrı xətrinə, bəsdirin! Ayıbdır! Bəsdirin! – qadınlar araya girib onları sakitləşdirməyə çalışdı.
 
–Burax məni, məlun, burax deyirəm!
 
–Cıraram səni!
 
Onlar quduz itlər kimi bir-birilə süpürləşir, yerlə sürünürdülər. Qəzəbdən səsləri də batmışdı, eləcə xırıldayırdılar. Kişilər onları zülümlə ayıra bildi. Hər ikisinin arvadı cır-cındır içində, üz-gözü qızarmış, cırmaq-cırmaq idi. Dəli kimi söyüşür, nəsə rabitəsiz sözlər deyirdilər.
 
Antkova əsəbdən və yorğunluqdan titrəyir, zarıyırdı, sonra əl atıb saçlarını yolmağa başladı:
 
–Müqəddəs Məryəm sənə sağalmaz bir dərd göndərsin! Ay Tanrım, aman Tanrım! Oy, oy, oy... – qadın öz-özünə donquldanıb durmuşdu.
 
Sürüyürək bayıra çıxardıqları Tomekin arvadı isə ayaqlarını yerə vurub söyür, bacısına ata-ana saxlamırdı.
 
Adamlar bir yerə toplaşmışdı. Şaxtada dayanan camaat tez-tez ayaqlarını dəyişir, küləkdən ətəklərini tutub divara qısılan qadınlar isə xısın-xısın söhbət edirdilər, küləyin yellətdiyi ağacların arasından yola baxırdılar...
 
Meyit olan yerə adamlar girib çıxırdı, açıq qapıdan yandırılan şamların parıltısı, o parıltıların şöləsi altda da qocanın üzünün silueti görünürdü. Oradan mamır qoxusu gəlir, astadan edilən duaların pıçıltısı eşidilirdi.
 
Axır ki, keşişlə orqançı da gəlib çıxdı.
 
Şam ağacından düzəldilən tabutu çıxarıb arabaya qoydular. Qadınlar adətləri üzrə ağlaşdı,  dəstə ayin nəğməsi oxuya-oxuya kənd yolu ilə qəbiristanlığa doğru hərəkətə keçdi.
 
Keşiş soyuqdan kürkünə bürünərək bir əli papağından yapışmışdı, ayin nəğməsini də dişləri bir-birinə dəyə-dəyə tez tələsik oxuyurdu. Vaxt keçdikcə soyuq iliklərinə işləyir, latın dilində deyəcəyi sözlərin ritmini unudur, gözlərini kədər və səbirsizliklə döyürdü.
 
Külək qara matəm bayrağını ölüm və cəhənnəm havası ilə dalğalandırırdı. Bayraq dörd bir tərəfə dartınırdı. Yol boyu qapılarda qırmızı yaylıqlı qadınlar, papaqlarını çıxarıb əllərində saxlayan kişilər dayanıb təzim edirdi. Həyətlərdəki itlər qəzəblə hürür, bəziləri isə az qala hasardan atılıb adamların üstünə cummaq istəyirdi. Pəncərələrdən boylanan uşaqlar, çənəsi əsən qocalar maraq dolu gözlərlə baxırdı.
 
Kətan şalvar geyən oğlanların xoru irəlidə addımlayır, taxta altlıqlı başmaq geyən keşiş papağını əlinə alıb onların arxasınca gedirdi. Hamı maraqla baş verənləri izləyir, orqançının notdan nota keçməyini gözləyirdi.
 
 
İqnas bir əli ilə matəm bayrağından yapışaraq inamla irəliləyir, hər kəsdən uca səslə oxuyurdu. O, soyuqdan qızarmışdı, çox gərgin görünürdü, amma sanki hamıya bu dəfndə iştirak etməyə hər kəsdən çox haqqı olduğunu, dəfn edilənin doğma babası olduğunu göstərməyə çalışırdı.
 
Kənddən çıxdılar. Burada külək daha bərk əsir, özünü hər kəsdən ucaboylu Antekin üstünə çırpırdı. Saçları qarışmışdı, tabutu çala-çuxura salmamaq üçün atların başını tutmağı unutmuşdu.
 
Tabutun arxası ilə bir-birinə nifrətlə baxaraq dua edən bacılar addımlayırdı.
 
–Cəhənnəm ol, evə! Sənnən deyiləm, yaramaz! – Kişilərdən biri daş götürmək üçün əyildi.
 
Evdən bura qədər qaça-qaça gələn it adamın əyildiyini görüb qaçaraq arabanın arxasında gizləndi və quyruğunu qısıb qaldı, adamlar yolu keçəndə isə qaçıb qarşı tərəfə adladı və atlarla yanaşı getməyə başladı.
 
Latın dilində olan dualar bitdi, qadınlar cır səslə bir ağızdan oxudular: – “Kim ki, sənin mərhəmətinə sığınır, Tanrı...”  Səslər ani olaraq küləkdə əriyib havaya sovruldu.
 
Hava qaralırdı. Külək ağappaq səhra kimi uzanan tarlalarda arabir gözə dəyən yoluq ağacların başı üstən içi qarla yüklənmiş buludları sürüyüb izdihama doğru gətirirdi.  
 
–“...hamı sidq ürəklə sənə sığınır” – matəm himni səsləndi, Antek atları səsləyərək “Nnno, no-no...” deyir, himnin sözlərini bir-birinə qoşub söyləyirdi. Onun bütün diqqəti atlarda idi. Onların keçdiyi yolda çılpaqlaşan sıx ağaclar, daşlar bir-birini əvəz edirdi. Ayin nəğməsi tez-tez kəsilir, adamlar narahatlıqla hər tərəfdən uzanan ağ sahələrə baxırdılar. Külək qəzəblə qarı sovurur, adamların üstünə çırpırdı. Gah dalğa kimi ətrafa səpələnir, gah da eyni vaxtda milyonlarla iynəyə dönüb camaatın üzünə sancılırdı.
 
Dəfnə gələnlərin əksəriyyəti tufana düşəcəyindən ehtiyatlanıb yolun yarısından geri döndü. Qalanlar isə az qala qaçaraq özlərini qəbiristanlığa çatdırdılar. Qəbir hazır idi, hər kəs tez-tələsik tabutu məzara qoymağa, keşişin dua deməyinə, sonra da qəbirin üstünü qarmaqarışıq torpaqla örtüb dağılışmağa tələsirdi.
 
Tomek hamını öz evinə dəvət etdi, dedi ki, “ruhani atanın fikrincə meyxanada hamıya yer olmaz, odur ki, ehsan üçün onun evi münasib görülür”. Onun dediklərini eşidən Antek söyüş söydü, Smolesi çağırdı, Antkovanı da götürüb dördlükdə – İqnası da yanlarına aldılar – meyxanaya getdilər. Beş kvart arağı sala ilə aşırdılar, üstündən üç funt kolbasa ötürdülər, sonra da Smoleslə birlikdə borc məsələsini danışıb razılığa gəldilər. Meyxanadan çıxanda arağın təsirindən Antekin ayaqları bir-birinə dolaşırdı. Arvadı onun qoluna girib möhkəm yapışdı və onlar birlikdə evə qayıtdılar. Smoles isə meyxanada qaldı, Antekdən alacağı borc hesabına bir az da içmək fikrindəydi. İqnas isə soyuqdan əsə-əsə qaçıb atasıgilə çatdı.
 
–Hə qadın, gördün də, beş morq torpaq mənimdir! Gələn il buğda səpəcəyəm, arpa səpəcəyəm, o biri qışda da kartof əkərik... Mənimdir! Kimsə üzünü tanrıya tutub nə deyirdi?  Deyirdi ki, ümid yerimiz sənsən! – qəfildən səndirlədi.
 
Çovğun ətrafda quduz canavar kimi ulayırdı.
 
–Asta ol, bir az! Yıxılsan, səni necə qaldıracağam?
 
– “Mələklərinə əmr edər qoruyarlar”, – Antek bir ağız da oxuyub susdu, əlindəki kolbasanı qaldırıb kimisə hədələyirmiş kimi  yellətdi.  
 
Küçə anbaan qaranlığa qərq olurdu, çovğun elə qalxmışdı ki, iki addım o tərəfi görmək olmurdu. Küləyin vıyıltısı, çovğunun səsi qulaq batırırdı. Hər addımda dağ kimi topa-topa qar onların üstünə çırpılırdı.
 
Tomekin evinin yanından keçəndə nəğmənin və ucadan danışan adamların səsi eşidildi. Orada da ehsan davam edirdi.
 
–Lənətə gəlmiş allahsızlar! Oğrular! Dayanın, indi sizə göstərərəm! Budey, beş morq torpağım var... sonra da on morq olacaq – onda neyləyəcəksiz mənə? Hə, oğurluq pullarla yas keçirirlər. İşləyəcəyəm, hər şeyim də olacaq... düz demirəm, qadın? – O, bulanıq gözlərini döyərək, təkəbbürlə sinəsinə vurdu.
 
Antek bir xeyli donquldandı. Evə gəlib çatandan sonra arvadı onu birtəhər yatağa saldı, adam yatağa uzanan kimi sakitləşdi. Amma onun bu sakitliyi çox çəkmədi, bir qədər sonra gözlərini açıb ətrafa baxdı və uca səslə:
 
–İqnas, – deyib, oğlunu səslədi.
 
Oğlan ehtiyatla ona yaxınlaşdı, atasının təpiyindən çəkinərək çarpayının yanına qısılıb qaldı.
 
–İqnas, it oğlu it, öz torpağının ağası olacaqsan, muzdur yox ey, ağa! – Antek yumruqlarını çarpayıya döyəclədi. – Beş morq torpaq mənimdir. Hə, mənimdir! Lənətə gəlmiş qancıq...
 
Səsini kəsən kimi onun xorultusu otaqda əks-səda verdi.
 
1897

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar